Məhkəmə qərarları › İş №2-1(103)-301/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-301/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-301/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)- 5675/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. 07.10.1977ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. İddiaçı əmək fəaliyyətinin 15 ilə yaxın müddətində Bakı Metropolitenində işləmişdir. Belə ki, o, 02.03.2004-cü il tarixdən 10.06.2005-ci il tarixədək Bakı Metropoliteni Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). 07.10.2008-ci il tarixdən 18.07.2014-cü il tarixədək Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində çalışmışdır (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyanın İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə, zərərli əmək şəraiti ilə). İddiaçı hüquqdan istifadə edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.04.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının işlədiyi tunel fəhləsi peşəsi müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən peşələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-5675/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 60 yaşının tamam olduğu 18.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh imtinanın və iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, dəqiqləşdirilmiş iddia tələbi təmin edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 21 iyun 1978-ci il tarixdən 27 may 1980-cı il tarixədək hərbi xidmətdə olmuş, 07.10.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 02.03.2004-cü il tarixindən 10.06.2005-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə), 07.10.2008-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə) çalışmışdır. 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyasının İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). Azərbaycan Respublikası "xxxx" QSC-nin 02 iyul 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 02.03.2004-cü il tarixindən 10.06.2005-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə), 07.10.2008-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Tunel qurğuları xidmətində tunel fəhləsi peşəsində (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə) çalışmışdır. 18.07.2014-cü il tarixindən "xxxx" QSC-nin Tunel qurğuları xidmətinin 3 saylı distansiyasının İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı vəzifələr üzrə əmək stajı 15 il 02 ay (on beş il iki ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri)) bəndinə aiddir. Gecə saatlarına görə İddiaçı əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 iyul 2021-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 16919,54 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 24905,49 manat olmaqla cəmi pensiya kapitalı 41825,03 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 22 il 2 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16919,54 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 41825,03 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 18.12.2019- cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37036,00 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra isə fərdi uçot məlumatları əsasında müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.8-ci bəndinə əsasən, Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il sığorta stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. c) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə (18.12.2019-cu il) ümumi stajının 25 ildən çox olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 41825,03 manat olmaqla qanunvericiliyə uyğun olaraq ona münasibətdə hesablanmış tələb olunan həddən (37036,00 manat) çox olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, apellyasiya şikayətində yeganə mübahisə etdiyi məsələ iddiaçının "xxxx" QSC-də işlədiyi “tunel fəhləsi” peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında zərərli peşə kimi göstərilməməsi ilə bağlıdır. Apellyasiya baxışı zamanı daxil olmuş Azərbaycan Respublikası "xxxx" QSC-nin 15 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 02.03.2004-cü il tarixindən 10.06.2005-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində İİİ dərəcəli tunel fəhləsi (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə), 07.10.2008-ci il tarixindən 18.07.2014-cü il tarixinədək Tunel qurğuları xidmətində izoləedici peşəsində (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə) çalışmışdır. 18.07.2014-cü il tarixindən "xxxx" QSCnin Tunel qurğuları xidmətinin 3 saylı distansiyasının İİ sahəsində 4-cü dərəcəli tunel fəhləsi peşəsində işləyir (tuneldə yalnız gecə işi, zərərli əmək şəraiti ilə). İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı vəzifələr üzrə əmək stajı 14 il 05 ay 18 gün (14.12.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir (drenajçılar). Belə ki, İddiaçı çalışdığı tunel fəhləsi və izoləedici peşələrin iş şəraiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndind əks olunan drenajçılar peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil edir. Qeyd: Tunel fəhləsi və izoləedici peşələrin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, tunellərin və drenajların yuyulması, tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, detalları dəyişdirilməsi və s. işlərdən ibarətdir. Gecə saatlarına görə (30 saatlı 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtə 5 gecə 2300-dan 0530-dək) əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. İş yerindən verilmiş arayışda qeyd edilmişdir ki, tunel fəhləsi və izoləedici peşələrin əsas vəzifə və funksiyaları istismarda olan tunellərdə bütün növ axıntıların ləğvi, tunellərin və drenajların yuyulması, tikinti materiallarının yüklənməsi və boşaldılması, pnevmatik alət vasitəsilə tübinqlərdə tikişlərin pərçimlənməsi, perferatorların və çəkiclərin işə hazırlanması, detalları dəyişdirilməsi və s. işlərdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Metropolitenlər” adlanan 21.5-ci bəndində nəzərdə tutulmuşdur: yalnız gecə vaxtların tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr. İş materiallarından göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması barədə "xxxx" QSC tərəfindən verilmiş 15 dekabr 2021- ci il tarixli arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu göstərilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 60 yaşı 18.12.2019cu il tarixdə tamam olsa da, güzəştl iş stajını 18.01.2020-ci il tarixinə toplamışdır. Birinci instansiyası məhkəməsi 60 yaşının tamam olduğu vaxtdan -18.12.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi nəticəsinə gəlsə də, işdən görünür ki, iddiaçının qeyd olunan tarixə güzəştli iş stajı ilə bağlı tələb ödənilməmişdir. Belə ki, iddiaçının 12 il 6 aydan az (12 il 5 ay 18 gün) güzəştli stajı mövcud olmuşdur. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 18.01.2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. Beləliklə də, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 18.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir; 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir; 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-5675/2021 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı 18.01.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar