Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-301/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2913/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin edilərək dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən ödənilməsi və yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 20.1.7-ci və 20.11-ci maddələrində (2008-ci il dövrünə olan tələbi) nəzərdə tutulmuş əlavələrin və yaranmış pensiya məbləği fərqinin birdəfəyə ödənilməsi tələbini cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. 1982-ci ildə Ali məktəbin əyani şöbəsinə daxil olmuşdur. 1983-1985-ci illərdə həqiqi hərbi xidməti başa vurduqdan sonra yenidən təhsilini əyani olaraq davam etmişdir. 1988-ci ilin iyul ayında təhsilini başa vurub, həmin ildən Saatlı rayon Aqrar-Sənaye Birliyində dövlət qulluqçusu kimi işə qəbul olunmuşdur. Fevral 1993-cü ildə işdən azad olunmuşdur. May 2001-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon Sosial Müdafiə Mərkəzinə pensiya təyinatı sektorunda məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul olunmuşdur. Aprel 2004-cü ildə həmin Nazirliyin Xətai rayon şöbəsinə analoji vəzifəyə köçürülmüşdür. Fevral 2007-ci ildən həmin Nazirliyin Xəzər rayon şöbəsinə köçürülmə yolu ilə məsləhətçi vəzifəsinə keçirilmişdir. Xəstəliyi ilə əlaqədar ona 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixdə İİİ qrup əlillik təyin edildi (05 dekabr 2013-cıi ildən TSEK-in SER TSE-01 № 210277 saylı arayışı ilə İİİ qrup ümumi xəstəlik müddətsiz olaraq təyin edildi) və xx.xx.2007-ci ildə işdən azad edildi, yanvar 2008-ci ildə DSMF Xətai rayon şöbəsi tərəfindən ona müvafiq sənədləri təqdim etdiyi üçün İİİ qrup əlilliyə görə pensiya hüququ yarandığı üçün ona dövlət qulluqçusu kimi pensiya təyin edildi. Pensiya təyinatı aparılan zaman dövlət qulluqçusunun pensiyası pensiyanın baza hissəsi, sığorta hissəsi və qulluq stajına görə əlavələr olmaqla 3 hissəyə ayrılaraq müvafiq qralalarda göstərilir ki, əlil işlədikdə yalnız pensiyanın baza hissəsini, işdən azad olunduqdan sonra isə pensiya əlavələrlə birlikdə tam olaraq ödənilir. xx.xx.2011-ci ildə Ali Məhkəmənin qərarı ilə işə bərpa olunduğu tarixədək dövlət qulluqçusu kimi ona tam olaraq pensiya ödənildi. İşə bərpa olunduğu üçün xx.xx.2011-ci il tarixdən işləyən əlil pensiyaçılara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyanın ancaq baza hissəsi ödənildiyi üçün pensiyanın ona ancaq baza hissəsi ödənildi. xx.xx.2014-cü ildə işdən azad olunduğu üçün DSMF-nin Xətai rayon şöbəsi müraciəti əsasında DSMF Xəzər rayon şöbəsinə sorğu verərək əmək haqqı və dövlət qulluğuna görə iş stajı barədə müvafiq sənədləri tələb edərək yenidən ona dövlət qulluqçusu kimi pensiya təyin edərək ödədilər. Ali Məhkəmənin 03 may 2017-ci il tarixli 2- 1(102)-1043/2017 nömrəli Qərarına əsasən 20 sentyabr 2017-ci ildə yenidən işinə bərpa olunduğu üçün pensiyası da dövlət qulluğu əlavəsi dayandırılaraq ödənildi. 01 may 2020ci ildə işdən azad olunduğu üçün ƏƏSMN-nin yanında DSMF-nin Xətai rayon şöbəsinə məlumat verərək pensiyanın tam ödənilməsini bildirdi. Ona məlumat verildi ki, bu barədə ƏƏSMN-nin yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməlidir. xx.xx.2020-ci il tarixdə həmin idarəyə müraciət etdi xx.xx.2020-ci il tarixdən bugünə kimi ona heç bir pensiya ödənişi aparılmayıb. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinin 1 iyul 2017- ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyası yaşına çatmış (iddiaçının işdən azad olunduğu 1 may 2020-ci il tarixində kişilər-64,5 yaş) və ya bu yaşa çatanadək İ qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) şəxslərin əmək pensiyalarına qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilir. İddiaçıya 3 dekabr 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 12- ci maddəsinə əsasən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Hazırda pensiyanın məbləği 233,20 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, iddiaçının işdən azad olunmasıyla bağlı işəgötürənin qərarından verdiyi şikayətlər üzrə iddiaların müvafiq məhkəmə qərarlarına əsasən təmin edilməklə yenidən həmin vəzifələrə bərpa olunduğuna görə həmin dövrlər üzrə dövlət qulluqçusu kimi əmək pensiyası hüququ yaranmamışdır. Bu səbəbdən də sonuncu dəfə işdən azad olunduğu 1 may 2020-ci il tarixində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələb etdiyi pensiya yaş həddində (64,5), həmçinin İ qrup əlil olmadığına görə həmin Qanunun 20.1.7-ci və 20.11-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən olan redaksiyalarına əsasən ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının, yəni hazırki pensiya məbləğinin üzərinə qulluq stajına görə əlavənin hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarı ilə (hakim: E.Əliyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunmasına dair 5 may 2014-cü il tarixli əmrinin ləğv edilməsi və onun öz vəzifəsinə bərpa olunması, həmçinin məcburi iş buraxmaya görə əmək haqqının ona tam ödənilməsi iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmənin qərarı ilə iddiaçının işə bərpa olunması onun dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi və 5 may 2014-cü il tarixdən işdən azad olunmaması kimi qiymətləndirildiyindən, iddiaçının dövlət qulluğuna 1 may 2020-ci il tarixdə xitam verildiyindən, ona dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimləndiyindən və həmin qanunvericiliklə, iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi mümkün olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə işə bərpa olunmağı, dövlət qulluqçusu kimi əldə etdiyi pensiyaçı statusunun itirilməsi və 05 may 2014- cü il tarixdən işdən azad olunmamağı kimi qiymətləndirililməsi” ilə bağlı məhkəmənin gəldiyi nəticə tamamilə absurddur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.1.7-ci maddəsində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan əmək pensiyaçılarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi nəzərdə tutulmuşdur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər ediliməsi barədə 543-VQD №-li, 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, 20.1.7-ci maddənin əvvəlinə “əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş” sözləri əlavə edilmiş və Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. İİİ qrup əlilliyə görə pensiya hüququ 2007- ci ilin dekabr ayından yarandığından, məhkəmənin dövlət qulluğuna xx.xx.2020-ci il tarixdə xitam verildiyindən, pensiya təyin edilməsi məsələsinin həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməli olmasını göstərməsi qanunvericiliyin tələbinə ziddir. Ona görə də pensiya hüququ yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Dövlət qulluqçusu kimi pensiya təyin edilməsi məsələsi hazırda qüvvədə olan qanunvericiliklə tənzimlənməli olması qənaəti ona görə əsassızdır ki, o, 2007-ci ilin dekabr ayından fasiləsiz olaraq pensiya almış və xx.xx.2020-ci il tarixdə barəsində dövlət qulluğuna xitam verilməsi yenidən pensiya təyinatına əsas ola bilməz. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-295/2022 saylı 18 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1017/2022 saylı 07 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-295/2022 saylı 18 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq öz izahatında bildirdi ki, xx.xx.2007-ci ildə əlillik təyin edildi, dekabrın 7-də isə o əsassız yerə işdən çıxarılmışdır. xx.xx.2008-ci ildə 3cü qrup əlil kimi və dövlət qulluçusu olduğu üçün pensiya təyin edilməsi üçün müraciəti əsasında ona 3-cü qrup əlilliyə görə dövlət qulluqçusu kimi pensiya təyin olunmuşdur. Daha sonra xx.xx.2011-ci ildə işə bərpa olunmuş və bərpa edildikdən sonra qanunvericiliyə uyğun olaraq əlilliyə görə pensiya və dövlət qulluğuna görə pensiyanın baza hissəsi ödənilmişdir. 2014-cü ilin may ayında təkrar işdən çıxarılmış, xx.xx.2017-ci ildə təkrar işə bərpa olunanadək tam pensiyanı almışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq öz izahatında bildirdi ki, şəxsə halhazırda dövlət qulluğuna görə pensiya verilməsi üçün yaşı 64 yaş yarım olmalı və birinci qrup əlil olmalı idi. Vətəndaş işdən çıxanda həm əlilliyə görə həm də dövlət qulluğuna görə pensiya alırdı. İddiaçı işə bərpa edildikdən sonra ona sadəcə olaraq əlilliyə görə pensiya verilmişdir, dövlət qulluğuna görə pensiyanın verilməsi dayandırılmışdır. Belə ki, dövlət qulluğunda işləyən şəxs olduğu üçün qanunvericiliyə uyğun olaraq dövlət qulluğuna görə pensiya verilməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin göstərişləri: - iddiaçıya məxsus pensiya işi tələb edilərək ona ilk dəfə hansı əsasla pensiya təyin edildiyi, onun pensiyasına dövlət qulluqçularına şamil edilən əlavələrin hesablanıbhesablanmadığının müəyyən edilməsi. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, inzibati iş üzrə iddiaçının tələbi sabiq dövlət qulluqçusu kimi əvvəllər ona təyin olunmuş əlilliyə görə pensiyanın bərpa edilməsidir. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. - 2.2-ci maddəsinə əsasən, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. - 2.5-ci maddəsinə əsasən, bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. - 7.1-ci maddəsinə əsasən, dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. - 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 20.1.7-ci maddəsinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı işdən azad edilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin maddənin xx.xx.2017-ci il tarixindən qüvvədə olan mətninə görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 20.11-ci maddəsinə görə bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin maddənin xx.xx.2017-ci il tarixindən qüvvədə olan mətninə görə dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. - 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Apellyasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kasasiya instansiya məhkəməsinin göstərişlərinə və oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının son dövrlərdə qəbul etdiyi qərarlardakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparılmışdır (oxşar iş-2- 1(102)-280/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Belə ki, məhkəmənin müvafiq sorğusu əsasında təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmişdir) görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixindən 3-cü qrup əlillik təyin edilmişdir. DSMF Xətai rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi iddiaçıya xx.xx.2007-ci il tarixdən pensiya təyin edilmişdir. Pensiya işi materiallarından aydın olduğu kimi iddiaçının 2005 və 2006-cı illər üzrə əmək haqqının aylar üzrə məbləğlərinə dair arayışlar təqdim edilmiş və pensiya hesablanan zamanı iddiaçının aldığı mükafat, rütbəyə görə əlavə, staja görə əlavələr nəzərə alınmışdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun 103/K, 02 fevral 2011ci il tarixli əmrinə görə, Azərbaycan Respublikası DSMF-in Bakı şəhəri Xəzər rayonu şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsində işləmiş iddiaçı 03 fevral 2011-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə, həmin şöbənin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilmişdir. - Fondun 789 saylı, 10 iyun 2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası DSMF-nun Bakı şəhəri Xəzər rayonu şöbəsinin Gəlirlər sektorunda 1 ştat vahid aparıcı məsləhətçi, 1 ştat vahid məsləhətçi, pensiya təyinatı sektorunda 2 ştat vahid məsləhətçi, maliyyə uçot şöbəsinə 1 ştat vahid aparıcı məsləhətçi-mühasib və 1 ştat vahid məsləhətçimühasib ştatının ixtisar edilməsi qərara alınmışdır. - 642/K saylı, 05 may 2014-cü il tarixli əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası DSMFnun Bakı şəhəri Xəzər rayonu şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi iddiaçı 05 may 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilməklə və onunla bağlanmış 02 fevral 2011-ci il tarixli Əmək müqaviləsinə (kontraktına) xitam verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli qərarı (hakim M.Bayramov; iş № 2-1(81)-2081/2016) iddia tələbinin təmin edilməsi; Azərbaycan Respublikası DSFM-nin Bakı şəhəri Xəzər rayonu şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi, İddiaçı 05 may 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilməklə və onunla bağlanmış 02 fevral 2011-ci il tarixli Əmək müqaviləsinə (kontraktına) xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 642/k saylı, 05 may 2014-cü il tarixli əmrinin ləğv edilməsi; İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSFM-nin Bakı şəhəri Xəzər rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə görə əmək haqqının tam hesablanaraq birdəfəyə iddiaçının hesabına köçürülməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1043/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış Əmək müqaviləsinə (kontraktına) xitam verilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilmiş xüsusatları nəzərə alaraq qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, sonuncuya dövlət qulluqçusu kimi pensiya 2008-ci il tarixli qərarla təyin edildiyindən hüququ yarandığı zamanı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 20.1.7-ci maddəsi ona münasibətdə tətbiq edilməlidir. İşin araşdırılmış hallarından da yəqin olur ki, iddiaçıya dövlət qulluqçusu kimi pensiya artıq ilk dəfə DSMF Xətai rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə təyin edildiyindən, xx.xx.2020-ci il tarixdə onun barəsində dövlət qulluğuna xitam verilməsi yenidən pensiya təyinatına əsas ola bilməz. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qanunvericilikdəki dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərar ləğv edilməli, iddia təmin edilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2913/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçıya İddiaçı İİİ qrup əlilliyə görə dövlət qulluqçusu kimi almış olduğu pensiyanın dövlət qulluğuna xitam verildiyi xx.xx.2020-ci il tarixdən dövlət qulluqçusu kimi bərpa edilərək "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 20.1.7-ci və 20.11-ci maddələrində nəzərdə tutulmuş əlavələrin və yaranmış pensiya məbləği fərqinin həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-301/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-301/2023
17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver