Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3010/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-1026/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ilə iddiaçı Xidmətin 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsindən azad olunmuşdur. Buna səbəb olaraq mübahisələndirilən əmrdə onun məsuliyyətsizlik göstərərək aztəminatlı və heç bir qazancı olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verməsi göstərilmişdir. Qeyd olunan xüsusatlara əsasən bildirir ki, onun hərəkətləri ilə bağlı tam, hərtərəfli araşdırma aparılmamış və nəticədə barəsində ədalətsiz qərar qəbul olunmuşdur. Bu səbəbdən hesab edir ki, Xidmətin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri əsassızıdır və ləğv edilməlidir. Belə ki, 09.04.2020-ci il tarixdə əmisi oğlu X22, 10.04.2020-ci il tarixdə bibisi oğlu X26 və 12.04.2020-ci il tarixdə əmisi qızı X17 ona müraciət edərək xüsusi karantin rejimi dövründə aztəminatlı heç bir qazancı olmayan şəxslərə 190 manat aylıq müavinət müəyyən edildiyini, həmin müavinətin alınması üçün onlayn müraciət etməkdə onlara köməklik göstərməsini xahiş etmişlər. O isə qeydiyyat prosesini bilmədiyindən tanışı X9 müraciət etmişdir. Sonuncu qeydiyyat prosesinin həyata keçirilməsi üçün hər bir şəxsin şəxsiyyət vəsiqəsinin şəklinin, telefon nömrəsinin və emalinin tələb olunduğunu bildirmişdir. O, qohumlarına aid zəruri sənədləri İ.Məmmədova whatsapp (***-***-**-**) proqramı vasitəsilə göndərmiş və ondan qeydiyyat prosesinin həyata keçirilməsini xahiş etmişdir. Bir neçə gün sonra əmisi oğlu Z.Hacıyev onlara gələrək onlayn müraciət etmiş bir neçə nəfər tanışına artıq sms gəldiyini və ona hansı səbəbdən sms gəlmədiyini soruşmuşdur. O, bununla əlaqədar İ.Məmmədova zəng etmiş, o isə ona təqdim etdiyi 3 nəfərdən 2 nəfəri qeydiyyatdan keçirdiyini R.Hacıyevanın qeydiyyatı ilə bağlı sistemdə xəta baş verdiyindən prosesi yenidən həyata keçirməli olduğunu və R.Hacıyevanın şəxsiyyət vəsiqəsinin şəklinin telefonundan silindiyindən, yenidən göndərməsini xahiş etmişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini göndərmək üçün İsmət tərəfindən yaradılmış whatsapp qrupuna daxil olan zaman sonuncunun qrupda "xxxx"un internet adresi və həmin internet adresində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək hər kəsin öz adına poçt vasitəsilə hər hansı məktub, pul, bağlama və s. gəlib-gəlmədiyini öyrənmə imkanının olduğu barədə məlumat paylaşdığını görmüşdür. “Aliexpress” online ticarət şəbəkəsindən alış-veriş etdiyindən və Bakıda yaşayan bacısı tərəfindən onun adına pul göndərilməsi nəzərdə tutulduğundan mövcud internet adresindən istifadə edərək onun adına hər hansı göndərişin gəlib-gəlmədiyini yoxlamaq istəmiş, ancaq telefon vasitəsilə adresə daxil ola bilməmişdir. Bu səbəbdən də İ.Məmmədova R.Hacıyevanın şəxsiyyət vəsiqəsindən əlavə öz şəxsiyyət vəsiqəsini də göndərərək qeyd olunan adresdən onun adına hər hansı göndərişin gəlib-gəlmədiyini öyrənməsini xahiş etmişdir. 14.04.2020-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyi tərəfindən ona zəng edilərək nə üçün aztəminatlı və heç bir qazanc yeri olmayan şəxslərə təyin olunan 190 manat aylıq ödənişin alınması üçün müraciət etdiyi soruşulmuşdur. O, müraciətdən xəbərsiz olduğunu bildirmiş və bu məsələni aydınlaşdırmaq üçün İ.Məmmədova zəng etmişdir. İ.Məmmədovla bu barədə danışdığı zaman sonuncu ona göndərdiyi bütün şəxsiyyət vəsiqələri üzrə, o cümlədən səhvən onun adından da aztəminatlı və heç bir qazanc yeri olmayan şəxslər üçün müəyyən olunmuş pul vəsaitinin alınması ilə bağlı müraciət ünvanladığını bildirdi. Bundan sonra o, qeydiyyatın ləğv edilməsi üçün rəsmi müraciət etmişdir. Bir neçə gün sonra Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan məsələ ilə bağlı ondan izahat alınmışdır. Araşdırmaya təqdim etdiyi izahatda eynilə yuxarıda qeyd etdiyi şəkildə sualları cavablandırmışdır. X25 və digər şəxslərdən heç bir izahat alınmamışdır. Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi elan olunduğundan onlar növbə ilə idarəyə işə getmişlər. Araşdırmanın aparıldığı zaman aralığında işə cəlb olunmadığından gedişatdan xəbəri olmamış və yalnız 08.05.2020-ci il tarixdə idarəyə gedən zaman 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrlə işdən azad olunduğunu öyrənmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi xüsusi karantin dövründə aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş vəsaitdən əsassız surətdə bəhrələnmək niyyəti olmamışdır. Adından müraciətin edilməsi tanışı İsmət Məmmədovun səhvi və diqqətsizliyi ucbatından olmuşdur. Lakin işin faktiki halları nəzərə alınmamış, təsadüfi bir yanlışlıq onun xüsusi karantin dövründə aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş vəsaitdən əsassız surətdə bəhrələnmək niyyəti kimi qiymətləndirilmiş, İsmət Məmmədovun məsələ ilə bağlı fikirləri öyrənilməmiş və onun barəsində qərəzli olaraq mübahisələndirilən qərar qəbul edilmişdir. “Dövlət Vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 45-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: töhmət; sonuncu xəbərdarlıqla şiddətli töhmət; 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; xüsusi rütbəni bir pillə aşağı salma; vergi orqanlarında xidmətinə xitam verilmə. Əsasnamənin 48ci maddəsinə əsasən intizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 5.1-ci maddəsinə əsasən vergi orqanının digər əməkdaşlarına həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həyata keçirilir. Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göstərilənlərdən də məlum olduğu kimi, vergi orqanlarında xidmətə xitam verilmə vergi orqanı əməkdaşları üçün nəzərdə tutulan ən ağır intizam tənbehi tədbiridir. Həmin intizam tənbehi tədbirinin tətbiq olunması üçün şəxs daha öncə onun barəsində tətbiq edilmiş digər müqayisədə daha yüngül intizam tənbehi tədbirindən nəticə çıxarmamalı, funksional vəzifələrinin icrasını və müəyyən olunmuş davranış qaydalarını kobud surətdə davamlı şəkildə pozmalıdır. Mübahisələndirilən əmrdən göründüyü kimi onun niyyətinin xüsusi karantin dövründə aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş vəsaitdən əsassız surətdə bəhrələnmək olması sübuta yetirilməmişdir və bu halı təsdiq edən əsaslı sübutlar olmamışdır. Hətta qeyd olunan hal baş versə də belə bu hala görə qanunvericilikdə nəzərdə tutulmuş ən ağır intizam tənbehi tədbirinin müəyyən olunması yolverilməzdir. Təsadüfi deyildir ki, cavabdehin istinad etdiyi əməli törədən 14 nəfər vergi orqanı əməkdaşı olmasına baxmayaraq onlardan yalnız üçü barəsində xitam qərarı qəbul edilmişdir ki, bu da özlüyündə araşdırmanın obyektiv aparılmadığının və ədalətli qərar qəbul edilməməsinin göstəricisidir. Eyni zamanda bildirir ki, o, 23.09.2015-ci il tarixdən fond hesabı müfəttiş kimi, 15.08.2016-cı il tarixdən isə ştat işçisi kimi vergi orqanlarında xidmət etmişdir. 5 ilə yaxın Xidməti fəaliyyəti dövründə ona verilmiş tapşırıqların icrasını layiqincə yerinə yetirməyə çalışmışdır. Vergi işçisinin etik davranış qaydalarının tələblərini daim gözləmiş və barəsində bu günədək hər hansı intizam tənbehi tədbiri görülməmişdir. Bu hal onun intizamlı əməkdaş olduğunu sübut edir. Eləcə də o, ailənin yeganə oğul övladı olmaqla ailədə yeganə çalışan şəxsdir. Atası 69 yaşlı X10 ağır şəkər xəstəsidir və anası X4 isə 60 yaşı var. İşdən azad olunması ilə valideynlərinə qulluq etmək üçün maddi imkandan məhrum olmuşdur. Göründüyü kimi mübahisələndirilən qərar qərəzli olaraq qəbul edilmişdir, işin faktiki halları, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi və törədilən əməlin ağırlıq dərəcəsi nəzərə alınmamışdır. Bu səbəbdən 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ləğv edilməli, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli, 2-1(112)-1026/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.(hakim: F.Mədətli) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin mübahisələndirilən qərarında qeyd olunur ki, ... öz dəlillərini əsaslandıracaq sübut olaraq İsmət Məmmədov ilə aralarında olan “whatsapp” proqramı vasitəsilə olan yazışmanın kserosürəti məhkəməyə təqdim edilmişdir. Lakin həmin yazışmalar mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yazışmaların həqiqətə uyğun olması, həqiqətən iddiaçı ilə İsmət Məmmədov arasında aparılması sübut olunmur. Qeyd olunanlarla bağlı ilk növbədə bildirir ki, iddiaçı tərəfindən araşdırmaya təqdim olunmuş 15.04.2020-ci il tarixli izahat da Daxili Təhlükəsizlik baş İdarəsinin əməkdaşına “whatsapp” proqramı vasitəsilə göndərilmişdir. Qeyd olunan dövrdə pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər nəzərə alınmaqla Daxili Təhlükəsizlik baş İdarəsinin əməkdaşları araşdırma aparılması zərurəti ilə əlaqədar olaraq müvafiq idarələrə ezam olunmurdular. Eyni zamanda, İsmət Məmmədov məhkəmə iclasında iştirak edərək İddiaçılə aralarında baş tutmuş dialoqu (whatsapp yazışmasını) təsdiq etmişdir. Məhkəmənin mübahisələndirilən qərarında qeyd olunur ki, məhkəmə ümumiyyətlə iddiaçının iddiasının əsası kimi göstərdiyi dəlilləri inandırıcı hesab etmir. Belə ki, hazırkı dövrdə online ticarət şəbəkəsindən alış-veriş edildiyi halda digər üçüncü şəxsin köməyi olmadan bağlamaların hərəkəti barədə məlumatın birbaşa şəxsin özü tərəfindən əldə edilməsi mümkündür. Qeyd olunan mövqe ilə razılaşmayaraq bildirir ki, iş materiallarında da əlavə olunmuş iddiaçının “AliExpress” online ticarət şəbəkəsindən satın aldığı məhsulun qısa zamanda ünvan üzrə çatdırılacağına dair 29.03.2021-ci il tarixli emaildən də məlum olduğu kimi həqiqətən də qeyd olunan dövrdə İddiaçı adına bağlama gözlənilmişdir. Eləcə də, İ.Məmmədovun poçt göndərişlərinin izlənilməsi üçün təqdim etdiyi link şəxslərin adına bağlamaların gəlib-gəlmədiyini yoxlmağa imkan verir və məhkəmənin qeyd etdiyinin əksinə İddiaçı təqdim edilən linkdən istifadə qaydaları ilə tanış olmadığından və telefon vasitəsilə həmin linkə daxil ola bilmədiyindən adına hər hansı göndərişin gəlib-gəlmədiyinin yoxlanması məqsədilə İ.Məmmədova öz şəxsiyyət vəsiqəsinin şəklini ataraq ondan adına hər hansı göndərişin gəlib-gəlmədiyini yoxlamağı xahiş etmişdir. Beləliklə iddiaçı online ticarət şəbəkəsindən istifadə edə bilməməsinə görə deyil, sadəcə telefon vasitəsilə təqdim edilmiş linkə daxil ola bilmədiyindən İ.Məmmədovdan kömək istəmişdir. Məhkəmənin mübahisələndirilən qərarında qeyd olunur ki,. ... iddiaçı həmin teleqramı onun barəsində Daxili təhlükəsizlik baş idarəsi tərəfindən araşdırma aparılaraq, məsələ ilə bağlı izahat alındıqdan sonra göndərmişdir. Bununla bağlı bildirir ki, ondan Daxili təhlükəsizlik baş idarəsi tərəfindən izahat 15.04.2021-ci il tarixdə alınmış, onun barəsində intizam tənbehi tədbiri isə 24.04.2020-ci il tarixdə görülmüşdür. Pandemiya ilə əlaqədar işçilər növbəli qrafik əsasında idarənin inzibati binasına gəldiklərindən qeyd olunan əmr barədə məlumatı o yalnız 08.05.2020-ci il tarixdə idarəyə gəldiyi zaman öyrənmişdir. Eyni zamanda, o, məhz 15.04.2020-ci il tarixli izahatında da adından edilmiş müraciətin etibarsız sayılması üçün müvafiq tədbirlər görəcəyini bildirmişdir. Başqa sözlə desək o, ƏƏSMN-nə teleqram vurarkən onun barəsində intizam tənbehi tədbiri görüləcəyindən xəbərsiz olmuş bu addımı baş vermiş yanlışlığın aradan qaldırılması üçün atmışdır. Məhkəmənin mübahisələndirilən qərarında qeyd olunur ki,.... İddiaçı həmçinin barəsində araşdırma aparılarkən X6 izahatının alınmadığını göstərmişdir. Lakin göstərilən hal cavabdehin hərəkətlərində qərəz olması və araşdırmanın hərtərəfli aparılmadığına dəlalət etmir. Belə ki, intizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edildiyindən, iddiaçının özünün 15 aprel 2020-ci il tarixdə izahatı alınmışdır. Məhkəmənin qeyd olunan mövqeyi “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Onun 15.04.2020-ci il tarixli izahatında işsiz şəxslərə verilən 190 manat maddi yardımın alınması ilə əlaqədar onun adından səhvən İ.Məmmədov tərəfindən müraciət edilməsi faktı inzibati orqan tərəfindən araşdırılmalı olsa da, inzibati orqan bu xüsusatı araşdırmamış və onun izahatda qeyd etdiyi xüsusatları nəzərə almamışdır. Məhkəmənin mübahisələndirilən qərarında qeyd olunur ki,.... Məhkəmə şahid qismində dindirilmiş X6 ifadəsində göstərilənlərə münasibətdə qeyd edir ki, İ.Məmmədov iddiaçının yaxın tanışıdır. Onun ifadəsində göstərilən ziddiyyətli məqamlar məhkəmədə əsaslı şübhələr yaratmışdır. Belə ki, İ.Məmmədov verdiyi ifadəsində müraciəti etdikdən dərhal sonra onun ləğv edilməsi ilə bağlı cəhd etdiyini göstərsə də, lakin iddiaçı izahatında onun barəsində daxili araşdırma aparıldığı zaman İ.Məmmədov tərəfindən səhvən onun adından müraciət edildiyini öyrəndiyini bildirmişdir. Qeyd olunan xüsusatla bağlı bildirir ki, İ.Məmmədov məhkəməyə verdiyi ifadəsində müraciəti etdikdən dərhal sonra onun ləğvi ilə bağlı cəhd etdiyini, lakin ləğvetmənin həyata keçirə bilmədiyini, eləcə də, sonradan İddiaçı rəsmi əmək müqaviləsi olduğu müəyyən edilərək ona maddi yardımın verilməsindən imtina olunacağı qənaətinə gəldiyindən bu məsələyə ciddi önəm vermədiyini və bu barədə İ.Məmmədova heç bir məlumat vermədiyini bildirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, hətta qeyd olunan xüsusatı məhkəmə izahatlar arasındakı ziddiyyət kimi qiymətləndirsə belə, həmin ziddiyyətin mübahisə predmetinə təsiri müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, o, 15.04.2020-ci il tarixdə izahatında və məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunanlar (yəni səhvən onun adından İ.Məmmədovun müraciət etməsi faktı) məhkəmədə şahid kimi dindirilmiş İ.Məmmədov tərəfindən təsdiq edilmişdir. Digər tərəfdən “Araşdırmanın nəticəsi barədə” xidməti məruzə əsasında yalnız iddiaçının deyil, bir neçə vergi orqanı əməkdaşının dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı müraciət etdikləri və bununla bağlı cavabdeh tərəfindən iddiaçı ilə birgə həmin şəxslərlə də bağlı intizam tənbehinin tətbiq edilməsi, cavabdeh tərəfindən onun barəsində qərəzli olaraq mübahisələndirilən qərarın qəbul edilmədiyinə dəlalət edir. Qeyd olunmalıdır ki, inzibati orqanın diskresion səlahiyyətlər daxilində qəbul etdiyi qərarlar qanunvericiliyin tələbinə zidd olmamalıdır. İnzibati İcraat Haqqında Qanunun 12.4.-cü maddəsinə əsasən İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Eləcə də, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin onun barəsində mübahisələndirilən əmrdə onun məsuliyyətsizlik göstərərək, aztəminatlı və heç bir qazancı olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız sürətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verməyi göstərilmişdir. Lakin inzibati orqan onun hərəkətlərinin aztəminatlı və heç bir qazancı olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız sürətdə bəhrələnmək niyyəti ilə törədildiyini sübuta yetirə bilməmişdir və qeyd olunan hal nə aparılmış araşdırma materialları nə də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrində hansı səbəbdən barəsində məhz ən ağır intizam tənbehi tədbirinin qəbul edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İş materiallarından da məlum olduğu kimi, inzibati orqan hərəkətləri ilə bağlı obyektiv araşdırma aparmamış, formal olaraq qanunvericiliyin tələblərini yerinə yetirmiş, o cümlədən ondan 15.04.2020-ci il tarixdə izahat alsa da, izahatda qeyd olunan xüsusatları araşdırmamış, eləcə də, formal olaraq 14 saylı Ərazi Vergilər idarəsinin Həmkarlar İttifaqı təşkilatının onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılığına dair 24.04.2020-ci il tarixdə keçirilmiş iclasın nəticələrinə dair 01 nömrəli protokolu tərtib olunmuşdur. İclasın 24.04.2020-ci il tarixdə keçirilməsi və eyni gündə də 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin qəbul edilməsi özlüyündə araşdırmanın nə dərəcədə səthi aparıldığını bir daha sübut edir. Göstərilənlərdən də məlum olduğu kimi, vergi orqanlarında xidmətə xitam verilmə vergi orqanı əməkdaşları üçün nəzərdə tutulan ən ağır intizam tənbehi tədbiridir. Həmin intizam tənbehi tədbirinin tətbiq olunması üçün şəxs daha öncə onun barəsində tətbiq edilmiş digərmüqayisədə daha yüngül intizam tənbehi tədbirindən nəticə çıxarmamalı, funksional vəzifələrinin icrasını və müəyyən olunmuş davranış qaydalarını kobud sürətdə davamlı şəkildə pozmalıdır. Lakin iş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş 11 noyabr 2020-ci il tarixli **********830500 saylı məktubdan da məlum olur ki, mübahisələndirilən qərar qəbul olunanadək onun barəsində hər hansı intizam tənbehi tədbiri tətbiq olunmamışdır. Beləliklə məhkəmə tərəfindən işin faktiki halları düzgün aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən sübuta yetirilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili Vəkil apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X11 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli **********452400 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası olaraq ilk növbədə birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixdə www.e-sosial.az elektron ünvanında şəxsiyyət vəsiqəsinin rekvizitlərinin onun özü tərəfindən deyil, yanlışlıq olaraq tanışı İsmət Məmmədovun səhvi və diqqətsizliyi ucbatından daxil edildiyini, onun barəsində ən sərt intizam tənbehinin tətbiq edildiyini, lakin buna baxmayaraq daxili araşdırma zamanı İsmət Məmmədovun izahatının alınmadığını göstərmişdir. İddiaçı ona məxsus şəxsiyyət vəsiqəsi məlumatlarının İsmət Məmmədova göndərilməsinə səbəb olaraq sonuncunun "xxxx"un internet adresi və həmin internet adresində şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edərək hər kəsin öz adına poçt vasitəsilə hər hansı məktub, pul, bağlama və s. gəlib-gəlmədiyini öyrənmə imkanı olduğu, onun da “Aliexpress” onlayn ticarət şəbəkəsindən alış-veriş etdiyindən və Bakıda yaşayan bacısı tərəfindən onun adına pul göndərilməsi nəzərdə tutulduğundan mövcud internet adresindən istifadə edərək onun adına hər hansı göndərişin gəlib-gəlmədiyini yoxlamaq istəməsi, lakin telefon vasitəsilə adresə daxil ola bilmədiyindən İ.Məmmədova öz şəxsiyyət vəsiqəsini də göndərərək qeyd olunan adresdən onun adına hər hansı göndərişin gəlib-gəlmədiyini öyrənməsini xahiş etməsi əsası ilə göndərdiyini göstərmişdir. Öz dəlillərini əsaslandıracaq sübut olaraq İsmət Məmmədov ilə aralarında olan “Whatsapp” proqramı vasitəsi ilə olan yazışmanın kserosurətini məhkəməyə təqdim etmişdir. Lakin həmin yazışmaları mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yazışmaların həqiqətə uyğun olması, həqiqətən iddiaçı ilə İsmət Məmmədov arasında aparılması sübut olunmur. Həmçinin qeyd olunan yazışmalarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatın olması müəyyən edilməmişdir. Məhkəmə ümumiyyətə iddiaçının iddiasının əsası kimi göstərdiyi dəlilləri inandırıcı hesab etməmişdir. Belə ki, hazırki dövrdə onlayn ticarət şəbəkəsindən alış-veriş edildiyi halda digər üçüncü şəxsin köməyi olmadan bağlamaların hərəkəti barədə məlumatın birbaşa şəxsin özü tərəfindən əldə edilməsi mümkündür. İddiaçının 17 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 13 aprel 2020-ci il tarixdə bilməyərək dövlət tərəfindən işsiz şəxslərə (vətəndaşlara) verilən 190 manat məbləğində birdəfəlik yardımın alınması üçün müraciət ünvanladığını, onun faktiki olaraq işlədiyini nəzərə alaraq, müraciətin etibarsız sayılmasını xahiş etməsi ilə bağlı məhkəməyə təqdim etdiyi teleqrama münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin teleqramı onun barəsində Daxili təhlükəsizlik baş idarəsi tərəfindən araşdırma aparılaraq, məsələ ilə bağlı izahatı alındıqdan sonra göndərmişdir. İddiaçı həmçinin barəsində araşdırma aparılarkən X6 izahatının alınmadığını göstərmişdir. Lakin göstərilən hal cavabdehin hərəkətlərində qərəz olması və araşdırmanın hərtərəfli aparılmadığına dəlalət etmir. Belə ki, intizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edildiyindən, iddiaçının özünün 15 aprel 2020-ci il tarixdə izahatı alınmışdır. Bununla belə məhkəmə araşdırması dövründə işin obyektiv araşdırması zərurətindən X23 şahid qismində dindirilmişdir. Məhkəmə şahid qismində dindirilmiş X6 ifadəsində göstərilənlərə münasibətdə qeyd etmişdir ki, İ.Məmmədov iddiaçının yaxın tanışıdır. Onun ifadəsində göstərilən ziddiyyətli məqamlar məhkəmədə əsaslı şübhələrin yaratmışdır. Belə ki, İ.Məmmədov verdiyi ifadəsində müraciəti etdikdən dərhal sonra onun ləğv edilməsi ilə bağlı cəhd etdiyini göstərsə də, lakin iddiaçı izahatında onun barəsində daxili araşdırma aparıldığı zaman İ.Məmmədov tərəfindən səhvən onun adından müraciət edildiyini öyrəndiyini bildirmişdir. Həmçinin yalnız İ.Məmmədovun ifadəsində göstərilənlər mötəbər sübut kimi qəbul edilərək, iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. İfadədə göstərilən xüsusatlar işin müəyyən edilmiş halları və digər sübutlarla da təsdiq olunmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının vergi orqanı əməkdaşı olduğu halda, qanunvericiliyin tələblərini pozaraq, dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik yardımın alınması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatda keçməklə məsuliyyətsizlik göstərdiyi, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verdiyi müəyyən edildiyindən, onun barəsində intizam tənbeh tətbiq edilməsi əsaslı olmuşdur. Həmçinin qanunvericiliklə müəyyən edilmiş hansı intizam tənbehinin tətbiq edilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və intizam tənbehi verilərkən iddiaçının xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmışdır. Digər tərəfdən “Araşdırmanın nəticəsi barədə” xidməti məruzə əsasında yalnız iddiaçının deyil, bir neçə vergi orqanı əməkdaşının dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı müraciət etdikləri və bununla bağlı cavabdeh tərəfindən iddiaçı ilə birgə həmin şəxslərlə də bağlı intizam tənbehinin tətbiq edilməsi, cavabdeh tərəfindən onun barəsində qərəzli olaraq mübahisələndirilən qərarın qəbul edilmədiyinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsi barədə cavabdehin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri qanuni və əsaslı olmuşdur. İddia tələbi əmrinin ləğv edilməsi hissəsində əsassız olduğundan, həmin tələbdən irəli gələn iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində də rədd edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrindən görünür ki, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi (2-ci dərəcəli müfəttiş) İddiaçı vergi orqanında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 14 saylı Ərazi Vergilər İdarəsinin 24.04.2020-ci il tarixli, 01 saylı Protokolundan görünür ki, 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş İddiaçı yol verdiyi kobud nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə İdarənin inzibati binasında X8 təşkilatının keçirilən iclasında baxılmış və yekun olaraq Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının vəkilinə verilmiş 11.11.2020-ci il tarixli, **********830500 saylı məktubdan görünür ki, Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı İddiaçı xidməti fəaliyyəti dövründə barəsində heç bir həvəsləndirmə tədbiri görülməyib, intizam tənbeh tədbiri olaraq “İntizam tənbehi tədbirinin görülməsi barədə” Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli, **********452400 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən vergi orqanlarında xidmətinə xitam verilmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X16 tərəfindən verilmiş 06.10.2020-ci il tarixli, **********0 saylı məktubdan görünür ki, İddiaçı tərəfindən ona 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciət edilib-edilməməsi barədə sorğuya baxılmış və bildirilmişdir ki, İddiaçı 17.04.2020-ci il tarixində 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün müraciət etmişdir. 22.04.2020-ci il tarixində ona sözügedən ödəmənin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31.0 və 31.0.1-ci maddələrinə əsasən bu Məcəlləyə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəsidir. Əmək Məcəlləsinin 10-cu maddəsinin a) yarımbədinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) yarımbədinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinə əsasən vergi orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etməyə borcludur. Həmin Əsasnamənin 46-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Həmin Əsasnamənin 48-ci maddəsinə əsasən intizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir. Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci bəndinə əsasən vergi orqanının əməkdaşı bu Qaydaların və vergi orqanlarında xidmətlə bağlı digər hüquqi aktların tələblərinə əməl etməlidir. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən əməkdaş Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Həmin Qaydaların 3.7.1-ci bəndinə əsasən əməkdaşın qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməsi və ya qərarlar qəbul etməsi qadağandır. İşin hallarından müəyyən edilir ki, Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş İddiaçı faktiki olaraq vergi orqanında işləməsinə baxmayaraq dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən suiistifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixdə www.e-sosial.az elektron ünvanında şəxsiyyət vəsiqəsinin rekvizitlərini daxil etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdan keçmişdir. Bununla bağlı Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən araşdırma aparılmış, araşdırma zamanı onun izahatı alınmış, araşdırma nəticəsində dövlət vergi orqanının əməkdaşına yaraşmayan davranışa yol verdiyi müəyyən edilmişdir. İddiaçı yol verdiyi kobud nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə 14 saylı Ərazi Vergilər İdarəsinin Həmkarlar İttifaqı təşkilatının keçirilən 24 aprel 2020-ci il tarixli iclasında baxılmış və yekun olaraq İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə 01 saylı Protokolla razılıq verilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinə əsasən Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi (2-ci dərəcəli müfəttiş) İddiaçı vergi orqanında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. İddiaçının gətirdiyi dəlil ondan ibarətdir ki, o, “aliexpress” online ticarət şəbəkəsində alış-veriş etdiyindən və Bakıda yaşayan bacısı tərəfindən ona pul göndərilməsi nəzərdə tutulduğundan onun adına hər hansı göndərişin gəlib-gəlmədiyini yoxlamaq üçün şəxsiyyət vəsiqəsinin surətini “whatsapp” proqramı vasitəsilə tanışı İ.Məmmədova göndərsə də sonuncu səhvən onun adından 190 manat vəsaitin alınması üçün müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunanları sübuta yetirmək məqsədi ilə məhkəməyə “whatsapp” proqramı vasitəsilə İ.Məmmədovla olan yazışmalarının kserosurətini təqdim etsə də həmin yazışmalara nəzər saldıqda iddiaçının gətirdiyi dəlilləri təsdiq edən, onların həqiqətə uyğun olub-olmadığını müəyyən edən məlumata rast gəlmək mümkün deyildir. Həmçinin iddiaçı birinci instansiya məhkəməsinin qərarını mübahisələndirərkən həmin qərarda “onlayn ticarət şəbəkəsindən alış veriş edildiyi halda digər üçüncü şəxsin köməyi olmadan bağlamaların hərəkəti barədə məlumatın birbaşa şəxsin özü tərəfindən əldə edilməsinin mümkün” olduğuna dair mülahizəsi ilə razılaşmamış və apelyasiya şikayətində bildirmişdir ki, onlayn ticarət şəbəkəsindən istifadə edə bilməməsinə görə deyil, telefon vasitəsi ilə təqdim edilmiş linkə daxil ola bilmədiyindən İ.Məmmədovdan kömək istəmişdir. İddiaçının bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ümumi qaydaya əsasən istər beynəlxalq daşıma şirkətləri, istərsə də "xxxx" MMC vasitəsi ilə daşınan bağlamaların sifarişi və izlənməsi zamanı alanın şəxsiyyət vəsiqəsi məlumatları (FİN və seriya nömrəsi) tələb olunmur və həmin məlumatlar vasitəsi ilə heç bir halda identifikasiya aparılmır. O cümlədən, qanunvericilikdə bu cür identifikasiyanın aparılmalı olduğuna dair hər hansı norma nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçı apelyasiya şikayətində bildirmişdir ki, “14.04.2020-ci il tarixdə çalışdığı 14 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyi tərəfindən onunla telefon əlaqəsi saxlanılaraq 190 manat məbləğində birdəfəlik yardımın alınması üçün müraciət edibetmədiyi barədə soruşulmuş, bundan sonra İ.Məmmədovla əlaqə saxlayaraq müvafiq yardımın alınması ilə bağlı onun adından müraciət etdiyini öyrənmiş və ardınca qeydiyyatının ləğvi ilə bağlı rəsmi müraciət etmişdir.” Aralarında baş tutmuş dialoqu təsdiq etmək məqsədi ilə iddiaçının vəsatəti əsasında İ.Məmmədov məhkəmədə şahid qismində dindirilmişdir. Lakin qeyd edilməlidir ki, şahid qismində dindirilmiş İ.Məmmədovun məhkəməyə verdiyi ifadələr ziddiyyətli olmuşdur. Belə ki, İ.Məmmədov məhkəməyə verdiyi ifadəsində iddiaçının yaxın tanışı olduğunu, onun adından müraciət etdiyini və həmin müraciətdən dərhal sonra onun ləğvi üçün cəhd etdiyini bildirmişdir. Halbuki iddiaçı barəsində daxili araşdırma aparılan zaman 15.04.2020-ci il tarixdə verdiyi izahatında onun adından İ.Məmmədov tərəfindən səhvən müraciət olunduğunu öyrəndiyini və ancaq bundan sonra geri çağırma barədə ərizəni göndərəcəyini bildirmişdir. İddiaçı həmin ifadəsini məhkəmə baxışı zamanı təkrarlamış və məhkəmə qərarında öz əksini tapmışdır. Göründüyü kimi, şahid qismində dindirilmiş İ.Məmmədov iddiaçının adından yanlışlıqla müraciət etdiyini bildirsə də, o, ziddiyyətli ifadə verərək, bir tərəfdən həmin müraciəti dərhal geri çağırmağa cəhd etdiyini, digər tərəfdən isə iddiaçının onunla əlaqə saxladıqdan və həmin müraciəti geri götürməli olduğunu bildirdikdən sonra geri çağırma ərizəsini verdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şahid ifadəsini mötəbər dəlil kimi qiymətləndirməməsi tam əsaslı olmuşdur. Həmçinin iddiaçı apelyasiya şikayətində bildirmişdir ki, “cavabdeh istinad etdiyi əməli törədən 21 vergi orqanı əməkdaşı olmasına baxmayaraq onlardan yalnız üçü barəsində xitam qərarı qəbul edilmişdir ki, bununla da diskresion səlahiyyətləri fərqli üsulla və müxtəlif qaydada həyata keçirmişdir. Eyni zamanda İddiaçı və digərlərinin barəsində qəbul edilmiş əmrdə müvafiq əsaslandırma aparılmamışdır.” Məhkəmə kollegiyası qeyd olunan dəlili əsassız hesab edərək qeyd edir ki, məhkəmə araşdırması dövründə İddiaçı barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24.04.2020-ci il tarixli, **********452400 saylı “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin əsasını təşkil edən xidməti məruzənin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli, **********564400 saylı məktub əsasında sözügedən əmrin əsasını təşkil edən 22.04.2020-ci il tarixli, **********966900 saylı xidməti məruzənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş “Araşdırmanın nəticəsi barədə” xidməti məruzədən görünür ki, Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, faktiki olaraq vergi orqanlarında işləmələrinə baxmayaraq 7 (yeddi) vergi orqanı əməkdaşı (X12, X13, İddiaçı, X27, X7, X3 və X24) dövlət tərəfindən işsiz vətəndaşlar üçün yaradılmış şəraitdən sui-istifadə etməklə qeyd olunan birdəfəlik yardımın alınması ilə bağlı onların özləri və ya ailə üzvləri tərəfindən müraciətlər edilmişdir. Həmçinin əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyatda olmuş 23 (iyirmi üç) əməkdaşa avtomatik olaraq 190 manat məbləğində birdəfəlik yardım təyin edilmiş, bunlardan 7 (yeddi) əməkdaş (X14, X28, X18, X15, X19, X1 və X20) müvafiq poçt şöbələrinə gedərək qeyd olunan vəsaiti əldə etmişlər və yalnız Daxili təhlükəsizlik baş idarəsinin müdaxiləsindən sonra onu geri qaytarmışlar. Bu hərəkətləri ilə (hərəkətsizliyi) adları qeyd olunan vergi orqanı əməkdaşları tərəfindən məsuliyyətsizlik göstərilərək, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız surətdə bəhrələnmək niyyəti ilə dövlət vergi orqanlarının əməkdaşlarına yaraşmayan davranışa yol verilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “f” bəndlərinin, Vergi Məcəlləsinin 31.0.1-ci maddəsinin, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, “Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.3-cü, 4.8-ci, 4.9-cu, 4.11-ci və 4.12-ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci və 3.2.1-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, adları qeyd olunan vergi orqanı əməkdaşları barəsində intizam tənbehi tədbiri görülməsi üçün rəhbərlik qarşısında məsələ qaldırması xahiş olunmuşdur. Göründüyü kimi iddiaçı iddia ərizəsində və apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur və eyni zamanda iddiaçı göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddia tələbinin təmin olunmasına əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.08.2021-ci il tarixli 2-1(112)-1026/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3010/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3010/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver