Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3010/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)- 12416/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2929-2930, ev 1K, 67 saylı mənzilin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “1/12m” nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2, 29 2930, ev 1K, mənzil 67 xx.xx.2012- ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Mənzili bağışlamaq üçün notariat orqanında müqavilə bağlanılmış və çıxarış verilməsi üçün daşınmaz əmlaka göndərildikdə cavabdeh mənzil üzərində məhdudiyyətin olması səbəbindən hüququn qeydə alınmasının mümkün olmadığını bildirmişdir. Yenidən cavabdeh quruma müraciət edərək məhdudiyyətin səbəbinin izah olunmasını və götürülməsini xahiş etsə də, cavabdehin xx.xx.2022-cı il tarixli cavab məktubunda mənzil üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/12m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulduğu, qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər-hansı bir məlumatın idarədə aşkar edilmədiyi qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizə mümkün sayılaraq icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraat : Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2- 1(103)-1219/2023 nömrəli qərardadı ilə (hakimlər: Ş.Məmmədova – sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1108/2023 nömrəli qərardadı ilə, İddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(103)- 1219/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar baxış zamanı apellyasiya instansiya məhkəməsinin mövqeyi Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Səfərov (keçmiş Sadıqcan) küçəsi, məhəllə 2, 29 2930, ev 1K, mənzil 67 xx.xx.2012- ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Daha sonra iddiaçıya mənzil üzərində məhdudiyyətin olması məlum olmuş, cavabdehə müraciət edərək məhdudiyyətin səbəbinin izah olunması və götürülməsi xahiş edilsə də, cavabdeh tərəfindən imtina verilmiş və onunla əsaslandırılmışdır ki, mənzil üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/12m nömrəli xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuş, qeyd olunan məhdudiyyətin götürülməsi ilə bağlı hər-hansı bir məlumat idarədə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının mənzili üzərinə Daxili İşlər Nazirliyinin məktubu ilə cinayət işi üzrə məhdudiyyət qoyulmuşdur ki, bu halda da cinayət işi və ya cinayət təqibi ilə bağlı təhqiqat, istintaq, prokurorluq orqanları tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Kollegiya məhkəmənin mövqeyilə razılaşmır, işin hallarını nəzərə alaraq hesab edir ki, prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İlk növbədə Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq müəyyənləşdirilməli olan hallarından biri iddiaçının mülkiyyətində olan mənzil üzərində həbs və yaxud digər məhdudiyyət tədbiri qoyulması barədə məhkəmənin və ya Daxili İşlər Nazirliyinin qərarının və ya başqa bir aktının olub-olmamasıdır. Həmçinin iş materiallarından Daxili İşlər Nazirliyində ABB-nin müraciəti əsasında istintaq edilən cinayət işi üzrə iddiaçının təqsirləndirilən (şübhəli) şəxs və yaxud da prosesin digər iştirakçısı olmasını rəsmi şəkildə təsdiq edən hər hansı bir sənəd mövcud deyildir Belə ki, daşınmaz əmlaka hər hansı bir məhdudiyyətin qoyulması ilə bağlı məhkəmənin və ya cinayət prosesini həyata keçirən orqanın qərarı və ya digər aktı olmadığı halda, yalnız həmin orqanların bu barədə məktublarına istinadən, iddiaçının xüsusi ilə də cinayət prosessual məcəllənin müddəaları üzrə, mümkün sayılmaması əsaslı deyildir. Eyni zamanda aydınlaşdırılmalı olan digər məqam isə iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlıdır. Belə ki, iddiaçı qeyd etmişdir ki, “mənzili bağışlamaq üçün notariat orqanında müqavilə bağlanılmış və çıxarış verilməsi üçün daşınmaz əmlaka göndərilmişdir. Daşınmaz əmlakdan verilən cavabla mənzil üzərində məhdudiyyət olması səbəbindən hüququn qeydə alınmasının mümkün olmadığı göstərilmişdir” . Kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində Daxili İşlər Nazirliyinin məktubu əsasında məhdudiyyət olduğu halda, notarius tərəfindən mənzil üzərində məhdudiyyətin olmaması barədə 1 saylı formanın alınması ümumiyyətlə araşdırılma predmeti olmamışdır. Kollegiya hesab edir ki, çox gümankı iddiaçının mülkiyyətində olan mənzil üzərində həbs və yaxud digər məhdudiyyət tədbiri qoyulması barədə məhkəmənin və ya Daxili İşlər Nazirliyinin qərarının və ya başqa bir aktının olmaması səbəbindən notariatda iddiaçının qeyd etdiyi əməliyyat aparılmışdır. Həmçinin işin hallarından məlum olur ki, iddiaçının məqsədi daşınmaz əmlaka mülkiyyət hüququnun təsdiq edən çıxarışın almaqdan ibarət olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsində müəyyən edilmiş məhkəmənin yardım etmək vəzifəsindən istifadə edərək, hazırkı inzibati mübahisəyə mahiyyəti üzrə baxılması üçün iddia tələbinin dəqiqləşdirilməsində yardım etməlidir. Həmçinin bu zamanda çıxarışın kimin adına alınmasının gərəkliliyi (özünün və ya mənzili bağışladığı şəxsin adına) istiqamətində də yardım edilməlidir. Əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçı Daxili İşlər Nazirliyini iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət vermiş, lakin sözügedən vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir Odur ki, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmalı, daha sonra araşdırmanın nəticəsinə uyğun qərar və ya qərardad qəbul edilməlidir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(112)-12416/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3010/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3010/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver