Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3010/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, ərizəçinin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan təyin edilməsi, pensiyanın hüququ yarandığı vaxt qüvvədə olmuş qanunvericilik normaları əsasında hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə cavabdeh (prosessual hüquq varisi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İ. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)- 6303/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2009-cu il tarixindən (50 yaşından) “X2” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə həvalə edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra, 12 yanvar 2018-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarı icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə göndərilmişdir. Həmin şöbə tərəfindən 10/129 nömrəli məktubu ilə məhkəməyə bildirilmişdir ki, İddiaçı adına çıxarılmış xx.xx.2017-ci il tarixli 2-1(81)-6303/2017 saylı qərar icra edilmişdir. İddiaçı 16 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-6303/2017 saylı qərarı əsasında iddiaçıya təyin edilmiş pensiya məbləğinin ödənilməsi 2020-ci ilin noyabr ayından əsassız olaraq dayandırıldığını bildirərək, qərarın icrasını nəzarətə görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərardadı ilə “iddiaçıya xx.xx.2009-cu il tarixindən (50 yaşından) “X2” Qanunun 10.2-ci və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixdə qüvvədə olan tələbləri əsasında, 2004-2005-ci illərin əmək haqqısı nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xx.xx.2009-cu il tarixindən iddiaçıya ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi” haqqında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)-6303/2017 saylı qərarının icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin еdilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1704/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 6303/2017 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1584/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 27 fevral 2024-cü il tarixində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1-(81)- 6303/2017 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarı nəzərə alınmaqla orta aylıq əmək haqqı əsasında Fondun keçmiş Bakı şəhəri Qaradağ rayon şöbəsinin müvafiq sərəncamları ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixinədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi, əsassız məbləğ 53 022,39 manat (69725,30 - 16702,91) təşkil etmişdir. Eyni zamanda, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-16/mat-22/2921 nömrəli məktubda sözügedən iş üzrə müraciətin müvafiq cinayət işinə əlavə edildiyi qeyd olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 saylı xx.xx.2024-cü il qərardadı ilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir (Şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apelyasiya mümkün hesab edilmişdir.) Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Birinci instansiya məhkəməsinin qərardadı əsassızır, məhkəmə işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, is üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, pensiyanın təyin edilməsi barədə məhkəmə qərarının rəsmiləşdirildiyi 2017-ci il tarixinədək İddiaçı 8 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə zidd olması kimi səciyyələndirmək olar. Məhkəmə məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi deyil, ötən dövrlərdən yüksək məbləğdə əmək pensiyası təyinatının aparılması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. İddiaçının işləmiş olduğu polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı peşəsi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının 27-ci bölməsində 2290000a-14612 kodu ilə müəyyən edilmiş, həmin kodla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 deyil, 57 yaşdan, yəni 2016-cı ildən yaranır. Həmçinin, polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı peşəsinin qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ının (Güzəştli siyahı) 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuşdur. Göstərilənlərlə yanaşı, elektrik qaynaqçısı peşəsinin Güzəştli siyahının 35-ci “Ümumi peşələr” bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olduğu, hüquqi qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, elənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına uyğun olmadığı təsdiq edilmişdir. Belə ki, elektrik qaynaqçısı peşəsi də Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahısında müvafiq olaraq 23200000-19906 kodu ilə konkret müəyyən edilmişdir. İddiaçı işlədiyi Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin tikinti quraşdırma idarələrində hazırda onunla bərabər işləyən və ya əvvəllər işləmiş digər vətəndaşlara aparılmış pensiya işləri üzrə də araşdırmalar nəticəsində analoji neqativ hərəkətlərə yol verildiyi müəyyən edilmiş, aşkar olunmuş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğunu nəzərə alaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, daxil olmuş materiallar əsasında faktlara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq istintaq aparılmışdır. Beləliklə, xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarı nəzərə alınmaqla orta aylıq əmək haqqı əsasında Fondun keçmiş Bakı şəhəri Qaradağ rayon şöbəsinin müvafiq sərəncamları ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixinədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 53 022,39 manat (69725,30 - 16702,91) təşkil etmişdir. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-16/mat- 22/2921 nömrəli məktubda sözügedən iş üzrə müraciətin müvafiq cinayət işinə əlavə edildiyi qeyd olunmuşdur, (surəti əlavə olunur). Həmçinin, qeyd edirik ki, hazırki iş üzrə ərizəçi olan Fondun Bakı şəhəri Qaradağ rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır...” Məhkəmə kollegiysının iclasında iştirak edən ərizəçinin (prosessual hüquq varisinin) nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı isə cavabdeh tərəfindən əsassız olaraq qərarın icrasının dayandırıldığını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən o halda təzələnə bilər ki, sonradan, yeni sübutların və ya halların aşkar edilsin və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilmiş olsun. Konkret halda, Məcəllənin qeyd olunan tələbləri baxımından, birincisi, ərizəçi tərəfindən ərizəsində qeyd olunan hallar yeni açılmış hallar kimi qiymətləndirilə bilməz. Çünki, cavabdeh qürumun əməkdaşlarının əməlində cinayət xarakterli əlamətlərinin mövcudluğuna istinad olunsa da, bununla bağlı, qanuni qüvvəsini almış ittiham hökmü mövcud olmadığı, həm də, iddiaçının özünün hüquqa zidd hərəkətləri və ona qarşı ittiham irəli sürülmədyi və cinayət məsuliyyətin cəlb edilmədiyi halda, həmin hallar yeni açılmış hallar kimi qiymətləndirilməsi istisna edilir. İkincisi, cavabdeh ərizəsində əsasən qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli, 2-1(81)- 6303/2017 saylı qərarda qərarın maddi hüquq normalarının pozulması ilə qəbul edilməsi və məhkəmənin gəldiyi nəticənin qanunsuz olması mübahisələndirilir. Halbuki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında Plenum tərəfindən bir sıra qərarlarına istinadən bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Üçüncüsü, İPM-in 103.1-ci maddəsinin tələbinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə 3 ay və 3 il müddətində iddia müddətləri nəzərdə tutulmuşdur ki, həmin müddətlər də ötürüldüyü halda bərpasına yol verilmir. Ərizəçi tərəfindən isə prosessual qanunvericiliklə müəyyən edilmiş həmin müddət buraxılmışdır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 12 yanvar 2018-ci ildə qanuni qüvvəyə mindiyi, hətta icra edildiyi halda, bundan 6 ildən çox müddət keçdikdən sonra, 27 fevral 2024-cü il tarixdə yalınız “yeni açılmış hallarla bağlı” adı altında, icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, İPMin 24.4-cü maddəsi nəzərdə tutur ki, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə də İPM-in 100 və 103.1-ci maddələrinin tələbləri baxımından, iddiaçının sadaladığı hallar yeni açılmış halları ehtiva etmədiyi , başqa sözlə, belə hallar mövcud olmadığı və ən əsası müddət ötürüldüyü halda, yeni açılmış hallarla bağlı ərizəçinin icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatı mümkün sayıla bilməz. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinin mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına və prosessual qanunvericilyin tələblərinə uyğundur. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, həmin qərardadın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-6303/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3010/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3010/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver