Məhkəmə qərarları › İş №2-1(103)-3011/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3011/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3011/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-10786/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.05.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N (, 877, N saylı hərbi hissələrdə) bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul edilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində qərar verilməsi, qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq 13.05.1992-ci il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N (, 877, N saylı hərbi hissələrdə) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmasının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-10786/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli 2-1(112)- 1619/2021 saylı və 02.09.2021-ci il tarixli, 2-1(112)-7233/2021 saylı qərardadları ilə iddiaları mümkün sayılmamışdır. Bundan əlavə hazırkı iş materiallarından aydın görünür ki, iddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən 11.06.2020-cu il tarixli 9/2-6468 nömrəli arxiv arayışı verilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə hazirkı iddia ilə iddiaçı cavabdeh orqan tərəfindən verilmiş arxiv arayışı ilə razı olmadığını, müvafiq araşdırmalar üzrə arxiv arayışının verilməli olduğunu iddia edir. Məhkəmə isə hesab edir ki, arxiv arayışı cavabdeh orqanın arxivində saxlanılan məlumatlar əsasında verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən də 11.06.2020-cu il tarixli 9/2- 6468 nömrəli arxiv arayışı verilmişdir. Həmçinin, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İPM 13-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya hüquqi marağı nəzərə alınmaqla iddia tələbi üzrə dəqiqləşdirilmənin zəruri olmasına dair məktub ünvanlansa da, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və tələbini dəqiqləşdirməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-10786/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar