Məhkəmə qərarları › İş №2-1(103)-3012/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3012/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3012/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə , İddiaçı cavabdeh Bakı Şəhərı Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8943/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı uşaqları X7, X6, X5 və X8 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, döngə 1, ev özbaşına tikiliyə qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və azyaşlı uşaqları - X7, X6, X5, X8 ilə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanında yerləşən evdə xx.xx.2016-cı il tarixdən bir ailə olaraq birlikdə yaşayırlar. Həmin əmlaka görə vergi də ödəyir. Mərhum əri X13 2014-cü il tarixdə həmin torpaq sahəsini alıb, 2015-ci ildə həmin torpaq sahəsində ev tikib və 2016-cı il tarxdən isə həmin evə köçərək orada yaşayırlar. İndiyə kimi də Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanda yaşamalarını nəzərə alaraq hesab edir ki, o və uşaqları həmin evə pasport qeydiyyatına alınmalıdır. Bu məqsədlə o ərizə ilə Sabunçu Rayon Polis İdarəsinin pasport qeydiyyat şöbəsinə müraciət etmişdir. Sabunçu Rayon Polis İdarəsindən aldıqları xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanına qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin tərəfindən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin həmin evin sənədləri olmadığına görə həmin ünvana qeydiyyata alınmaları cavabdeh orqanın imkanı xaricindədir. O cavabdeh orqanın imtinasını əsassız hesab edir. Çünki həmin evi mərhum əri tikdirib, o və uşaqları 2016-cı il tarixdən indiyə kimi həmin evdə yaşayırlar. Bundan əlavə hal-hazırda polis idarələrinin inzibati binalarında qeydiyyatda olan şəxlər də həmin ünvandan qeydiyyatdan çıxarılır. Belə olan halda hesab edilir ki, onlar yaşadıqları yer üzrə qeydiyyata alınmalıdırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8943/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, o və azyaşlı uşaqları - X7, X6, X5, X8 ilə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanında yerləşən evdə xx.xx.2016-cı il tarixdən bir ailə olaraq birlikdə yaşayırlar. Həmin əmlaka görə vergi də ödəyirlər. Mərhum əri X13 2014-cü il tarixdə həmin torpaq sahəsini alıb, 2015-ci ildə həmin torpaq sahəsində ev tikib və 2016-cı il tarxdən isə həmin evə köçərək orada yaşayırlar. İndiyə kimi də Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanda yaşamaları nəzərə alınaraq, o və uşaqları həmin evə pasport qeydiyyatına alınmalıdır. Tərəflərin izahatları : Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iclasdan əvvəl məhkəməyə ərizə ilə müraciət edərək, onların nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı azyaşlı uşaqları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanında yerləşən evdə qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçı yaşadıqları həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan : - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2011-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2009-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 11587716 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Fizuli Həsənov, anası İddiaçı olan X5 xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 2 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AZE 09864535 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Fizuli Həsənov, anası İddiaçı olan X8 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 2 ünvanıdır. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ387981 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08 yanvar 2011-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ387980 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 07 avqust 2009-cu ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ328513 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30 iyun 2015-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. - Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ328514 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X13 19 noyabr 2013-cü ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. - Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 321 №-li arayışdan görünür ki, İddiaçı həqiqətəndə Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsində özbaşına tikilidə qeydiyyatsız olaraq yaşayır. Azyaşlı uşaqları X7, X6, X5 və X8 da həmin ünvanda yaşayır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 073-7542A №-li məktubun surətindən görünür ki, ərizəsinə baxılmışdır. Ailə üzvləri ilə birlikdə (İddiaçı, 2015-ci il təvəllüdlü X8, 2011-ci il təvəllüdlü X7, 2009-cu il təvəllüdlü X6, 2013-cü il təvəllüdlü X5) qeydiyyatsız yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi, döngə 1 ünvanına qeydiyyata alınmaqları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin tərəfindən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmaqları imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafıq hesab edilir. Kollegiya qeyd edir ki, iddiaçıların tələbi yaşayış yeri üzrə qeydiyyata alınma ilə bağlı olduğundan, hazırkı iş üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun normaları tətbiq olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun : 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, yuxarda qeyd edilən qanunun 5-ci maddəsinin dispozisiya şərtləri açıq şəkildə qeyd olunmuşdur. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Beləliklə, qeyd edilənləri nəzərə alan Kollegiya qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8943/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar