Məhkəmə qərarları › İş №2-1(103)-3013/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3013/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3013/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi X3 və ilk iddia tələbi üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair ilk, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və pensiya ödənişinin bərpa edilməsi” barədə qarşılıqlı iddia ərizəsi üzrə inzibati işə dair Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)- 1509/2022 saylı qərarından ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 13784,73 manat pensiya məbləğinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar nəzərdə tutulmuşdur. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərsənayetikinti” 4 nömrəli Trestin 42 nömrəli Tikinti İdarəsində bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehin işlədiyi bənna peşəsi yuxarıda qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar peşəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 8 ay 29 gün) təşkil edir. Araşdırma zamanı yuxarıda göstərilənlərə əsasən ona xx.xx.2014cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13784,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Filiala tapşırılmışdır. Cavabdeh ilkin iddiaya etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, V.Əskərov xx.xx.1975-ci ildən başlayaraq Azərbaycan SSR “Sənayetikinti” Nazirliyinin 4 nömrəli trestinin 42 nömrəli Tikinti İdarəsində suvaqçı-rəngsaz, suvaqçı peşəsi üzrə əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduqdan sonra xx.xx.1980-ci ildən yenə də həmin idarədə fəaliyyətini davam etdirmiş, daha sonra 4 nömrəli trestinin 44 nömrəli Tikinti İdarəsində işləmişdir. xx.xx.1986-cı il tarixdən qısa fasilə ilə uzun müddət müxtəlif tikinti təşkilatlarında tikinti ustası və iş icraçısı vəzifələrində işləmiş, 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixədək ümumi əmək stajı 35 il 11 ay 29 gün, güzəştli iş sahəsində iş stajı isə 23 il 6 ay 5 gün təşkil etmiş, tam qanuni əsaslarla xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə pensiyaya çıxmışdır. 2020-ci ilin dekabr ayının 1-dən pensiya ödənişi dayandırılmışdır. İddia ərizəsində işin faktiki halları təhrif edilmişdir. Belə ki, Cavabdeh heç vaxt bənna işləməmiş, tikinti ustası və tikintidə iş icraçısı işlədiyi üçün güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh Filialın iddiasının əsassız və qeyri-qanuni olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 27 noyabr 2014-cü il tarixdən təyin edilmiş pensiyanın Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 01 dekabr 2020-ci il tarixdən dayandırılmasının qeyri-qanuni hesab edilməsi və pensiya ödənişinin həmin tarixdən bərpa edilərək davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Filialın xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 57 yaşının tamam olduğu 27 noyabr 2014-cü il tarixədək ümumi əmək stajı 35 il 11 ay 29 gün, güzəştli iş sahələrində əmək stajı isə 23 il 6 ay 5 gün təşkil etmişdir. Ona görə də ərizəsi və təqdim etdiyi sənədlər əsasında DSMF-nin Bakı şəhəri Nizami Rayon şöbəsi tərəfindən ona 57 yaşından, yəni 27 noyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş və ödənilmişdir. Onun işlədiyi tikinti ustası və tikintidə iş icraçısı vəzifələri bütün dövrlərdə qüvvədə olmuş pensiya qanunvericiliyi ilə güzəştli iş sahəsi və peşə hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-1509/2022 saylı qərarı ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə ilkin iddiasının təmin edilməməsi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşılıqlı iddiasının təmin edilməsi, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan ilk iddia tələbi üzrə iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-1509/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.1957-ci il tarixdə anadan olmuş, xx.xx.2014-cı il tarixdə 57 yaşı tamam olmuş, o, 1974-cü ilin sentyabr ayının 02-də Peşə təhsili mərkəzində təhsil almaqla əmək fəaliyyətinə başlamış, xx.xx.1975-ci ildən 4 nömrəli trestin 42 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli suvaqçı-rəngsaz, xx.xx.1977xx.xx.1978-ci illərdə 4-cü dərəcəli suvaqçı peşəsində işləmiş, xx.xx.1978-xx.xx.1980-ci illər hərbi xidmət keçmiş, xx.xx.1980-ci ildə 42 nömrəli Tikinti İdarəsində 4-cü dərəcəli suvaqçı, xx.xx.1983-cü il tarixdən 5-ci dərəcəli suvaqçı, xx.xx.1983-cü ildən briqadir peşəsində işləmiş, xx.xx.1984-cü ildən 4 nömrəli trestin 44 nömrəli Tikinti İdarəsinə 5-ci dərəcəli suvaqçı keçirilmişdir. İddiaçı xx.xx.1984-cü ildə suvaqçı briqadir, xx.xx.1986-19.051986-cı illərdə tikintidə ustası, xx.xx.1986-xx.xx.1986- cı illərdə mühəndis, xx.xx.1986-xx.xx.1987ci illərdə 5-ci dərəcəli suvaqçı, xx.xx.1987- xx.xx.1991-ci illərdə usta, xx.xx.1991-ci ildən xx.xx.2001-ci il tarixədək iş icraçısı peşəsində işləmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdə "xxxx" X9 Cəmiyyətində iş icraçısı peşəsinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2002–xx.xx.2005-ci il tarixlərində "xxxx" Şirkətində iş icraçısı, baş iş icraçısı, xx.xx.2005–xx.xx.2009-cu il tarixlərində "xxxx" MMCdə iş icraçısı, xx.xx.2012–xx.xx.2012-ci il tarixlərində “İSHİ” X2, Emlak, Turizm, San. Və Tic. LTD” şirkətində iş icraçısı, xx.xx.2012–xx.xx.2014-cü il tarixlərində "xxxx" MMC-də iş icraçısı vəzifələrində işləmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət etmiş, Şöbənin 197 saylı qərarı ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2014-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Filial DSMF-nin Aparatının daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktubu əsas götürməklə Cavabdeh təyin edilmiş əmək pensiyasını xx.xx.2020-ci il tarixdə dayandırmış, xx.xx.2021-ci il tarixdə isə dayandırılma haqqında **********8 saylı qərar qəbul etmiş, qərarda Cavabdeh ödənilən sonuncu pensiya ödənişinin tarixinin xx.xx.2020-ci il olması göstərilmişdir. Bununla bağlı Cavabdeh Filiala ərizə ilə müraciət etmiş, Filial xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh bildirmişdir ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Departamenti tərəfindən araşdırılmışdır. ”Əmək pensiyaları haqqında“ Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ”Əmək pensiyaları haqqında“ Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar nəzərdə tutulmuşdur. Vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.1980 – xx.xx.1983-cü il, xx.xx.1984 – xx.xx.1986-cı il və xx.xx.1986 – xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərsənayetikinti” 4 nömrəli trestin 42 nömrəli tikinti idarəsində bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi Cavabdeh işlədiyi bənna peşəsi yuxarıda qeyd olunan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (1 il 8 ay 29 gün) təşkil edir. Araşdırma zamanı göstərilən uyğunsuzluqlara baxmayaraq Cavabdeh xx.xx.2014-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13784,73 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması təklif edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət edə bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar cavabdehə münasibətdə “əlverişli inzibati akt” sayılır. İddiaçının bu qəbildən olan əlverişli inzibati aktı cavadehə münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna iddiaçı tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Cavabdehə yaşa görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, cavadehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv olunacağı, əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmayacağı, iddia qaldırılsa belə həmin iddianın təmin edilməyəcəyi halda belə bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla cavabdehin etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb təmin edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuşdur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməklə də düzgün nəticəyə gəlmişdir. Filial 2014-cü ildə Cavabdeh əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt Cavabdeh əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən xx.xx.2020-ci il tarixdə Cavabdeh təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız 3 ay sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. Məhkəmə araşdırılması zamanı, iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı olduğundan, təmin edilməli və cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli qərar ləğv edilməli, iddiaçıya ödənilən əmək pensiyası məbləği dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası ilkin iddia tələbi üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə iddiaçının tələbini təmin etməməklə, qarşılıqlı iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, ilkin iddia tələbi üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-1509/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar