Məhkəmə qərarları › İş №2-1(103)-3014/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3014/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3014/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyi Baş İdarəsinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra hakimiyyətinə qarşı “torpaq sahəsinin və inzibati binanın ayrılmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8474/2022 saylı 30 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası X4 və X1 İctimai Birliyi Baş İdarəsi cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təşkilatlarının Nizami Rayon Şöbəsinə qərargah yerinin ayrılması ilə bağlı 100 kv. metr torpaq sahəsi və yaxud İnzibati Binalarda sahə ayrılması öhdəliyinin cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası X4 və X1 İctimai Birliyi Baş İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8474/2022 saylı 30 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası X4 və X1 İctimai Birliyi Baş İdarəsinin nümayəndəsi X2 ərizəsi təmin edilərək, iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir (hakim: N.Abıyev) İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə yenidən Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-1(112)-8474/2022 saylı qərardadında qərara aldı hissəsində qeyd edilir ki, guya Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyi Baş İdarəsinin nümayəndəsi X3 Məhkəməyə təqdim edilən iddia ərizəni geri götürüb və işin baxılması üçün xitam verilib. Bu yalnış bir iddiadır elə bir şey olmayıb yəni, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyi Baş İdarəsinin nümayəndəsi X3 heç bir sənəd Bakı İnzibati Məhkəməsindən götürməyib işə hakim özü baxılmamış xitam verməyə qərar verib. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (112)-8474/2022 saylı iş üzrə qanunsuz, ədalətsiz məhkəmə qərardadının ləğv edilməsini, işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyi Baş İdarəsinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra hakimiyyətinə qarşı “torpaq sahəsinin və inzibati binanın ayrılmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraata xitam vermiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı (nümayəndəsi) öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verməklə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Bu səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Qafarov iddia ərizəsinin geri qaytarılması barədə ərizənin onun tərəfindən imzalandığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın geri götürülməsinə dair ərizə təmin edilməli, iddia ərizəsi geri götürülmüş hesab edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyi Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8474/2022 saylı 30 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar