Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3014/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödəmənin tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilərək tutulmuş məbləğin ona geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödəmənin tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilərək tutulmuş məbləğin ona geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4047/2023 saylı 04 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1935-ci il təvllüdlüdür. İddiaçıya 8 iyun 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan əmək pensiyasında müvafiq artımlar aparılmışdır. Cavabdeh inzibati orqanın daxili araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçının xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 892,80 manat artıq pul vəsaiti, xx.xx.2013- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə ümumilikdə 155,70 manat əskik pul vəsaiti olmaqla, nəticədə iddiaçıya 737,10 (892,80-155,70) manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçıya qeyd olunan dövrlər üzrə artıq ödənilmiş 737,10 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 56,70 manat məbləğində olmaqla onun əmək pensiyasından (554,82 manat) tutularaq büdcəyə bərpa edilir. Bununla razılaşmayan iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı xx.xx.2022-ci il tarixli “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda qeyd edilmişdir ki, ona Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 8 iyun 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Aparılan araşdırma zamanı məlum olmuşdur kı, 8 iyun 2012-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 330,00 manat, qulluq stajına görə əlavə 74 manat, ixtisas dərəcəsinə görə əlavə 22,00 manat, mükafatlarla müavinətlərin cəminə gorə əlavə 220,62 manat olmaqla orta aylıq əmək haqqı 608,36 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 2 ay 7 gun qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (608,36 manat; 55 faizi- 334,60 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən ona xx.xx.2012-xx.xx.2013-cü tarixləri arasındakı dovr ərzində ümumilikdə 5942,73 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 6069,97 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 125,24 manat artıq pul vəsaiti ödənilib. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü iİ tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 385,00 manat, qulluq stajına gorə əlavə 41, 70 manat ixtisas dərəcəsinə görə əlavə 40,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 257,39 manat olmaqla orta aylıq əmək haqqı 724,09 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 2 ay 7 gun qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (724,09 manat) 55 faizi-398,25 manat məbləğində hesablanmalı olduğu halda, 396,15 manat müəyyən edilməklə xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 107,10 manat əskik pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdırilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2017-cı il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına gorə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki ış stau aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına gorə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017- ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 10 il 2 ay 7 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 33,89 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə əlavə 46,57 manat ixtisas dərəcəsinə görə əlavə 40,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 287,48 manat olmaqla orta aylıq əmək haqqı 804,05 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (724,09 manat) ilə 1 mart 2018-cı il tarixindən sonrakı orta aylıq əmək haqqı (804,05 manat) arasındakı fərq məbləğinin (79,96 manat) 33,89 faizı-27,10 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (398,25 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 425,35 manat məbləğində hesablanmalı olduğu halda, 422,65 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 48,60 manat əskik pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu ıl tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 645,00 manat, qulluq stajına görə əlavə 69,85 manat, ixtisas dərəcəsinə gorə əlavə 40,00 manat, mükafatlarla müavinətlərin cəminə gorə əlavə 431,22 manat olmaqla orta aylıq əmək haqqı 1186,07 manat təşkil emişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (804, 05 manat) ilə 1 sentvabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1186,07 manat) arasındakı fərq məbləğinin (382,02 manat) 33,89 faizi 129,47 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (425,35 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 554,82 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 17199,42 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 17966,98 manat ödənilib. Buna görə də həmin dövr üzrə 767,56 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən ona xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 892,80 manat artıq pul vəsaiti, xx.xx.2013- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə ümumilikdə 155,70 manat əskik pul vəsaiti ödənilib. Nəticədə 737,10 (892,80-155,70) manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 737,10 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 56,70 manat məbləğində olmaqla əmək pensiyasından (554,82 manat) tutularaq büdcəyə bərpa edilir. Məlumat üçün bildirilmişdir ki, cari ilin aprel ayından etibarən əmək pensiyası 554,82 manat müəyyən edilib. Bundan başqa 1 yanvar 2022-cı ıl tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-cı il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında yardım ödənilir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 737,10 manat artıq ödəmənin tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilərək, tutulmuş məbləğin ona geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona 08 iyun 2012-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, müxtəlif dövrlərdə pensiyasına artımlar edilməklə 2022-ci ilin aprel ayına kimi ay üzrə 612 manat ödənilmişdir. Lakin 2022-ci ilin aprel ayından pensiya olaraq əvvəlki pensiyası hər ay 56,70 manat azaldılmaqla iddiaçıya 554,82 manat olaraq ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiaçıya ünvanlanan, “artıq ödənilmiş pul vəsaiti haqqında” 01 sentyabr 2022-ci il tarixli, **********9 №-li məktubla: “ əsassız hesab etdiyi səbəblər göstərilməklə xx.xx.2012-xx.xx.2013,xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 892,80 manat guya artıq pul vəsaiti, xx.xx.2013xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə ümumilikdə 155,70 manat əskik pul vəsaiti ödənilib. Nəticədə 737,10(892,80-155,70) manat artıq pul vəsaiti ödənilib. Ona görə də hər ay 56,70 manat məbləğində pul əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir”. İddiaçı cavabdehə ünvanladığı şikayət ərizəsi ilə cavabdehin “artıq ödənilmiş pul vəsaiti haqqında” 01 sentyabr 2022-ci il tarixli, **********9 №-li məktubunda qeyd olunanların, o cümlədən cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz olduğunu bildirərək pensiyasının 2022-ci ilin aprel ayından tutulmuş hissəsinin iddiaçıya geri ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh özünün 04 oktyabr 2022-ci il tarixli, **********2 №-li, “artıq ödənilmiş pul vəsaiti haqqında” məktubunu iddiaçıya göndərməklə əvvəlki, 01 sentyabr 2022-ci il tarixli, **********9 №-li, “artıq ödənilmiş pul vəsaiti haqqında” məktubda yazılanların demək olar ki, eyni məzmununu iddiaçıya ünvanlamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı tərəfindən ünvanlanmış 16 sentyabr 2022-ci il tarixdə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı pensiya məbləği cari ilin aprel ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 554,82 manat müəyyən edilib, həmçinin iddiaçıya xx.xx.2012xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 737,10 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 737,10 manat pul vəsaitinin 340,20 manat hissəsi xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib, qalıq artıq ödəmə 396,90 manat təşkil edir. Cavabdeh bildirir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Əlavə olaraq cavabdeh qeyd edir ki, iddiaçıya əmək pensiyasının hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında 1 sentyabr 2022-ci il tarixli **********9 nömrəli məktubla ətraflı məlumat verilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh qeyd edir ki, hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh öz etiraz ərizəsində qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2-ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Eyni zamanda cavabdeh bildirir ki, həmin Qanununun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3-cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Cavabdeh bildirir ki, həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; - pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; - inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakt 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Odur ki, cavabeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4047/2023 saylı 04 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 737,10 manat artıq ödəmənin tutulmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya Kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın ilkin imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2012xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 737,10 manat artıq ödəmənin tutulmasına dair hərəkətlərin qanunsuz hesab edilərək tutulmuş məbləğin ona geri qaytarılması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki işdən görünür ki, iddiaçıya 8 iyun 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan əmək pensiyasında müvafiq artımlar aparılmışdır. Lakin cavabdeh inzibati orqanın daxili araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçının xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 892,80 manat artıq pul vəsaiti, xx.xx.2013xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində isə ümumilikdə 155,70 manat əskik pul vəsaiti olmaqla, nəticədə iddiaçıya 737,10 (892,80-155,70) manat artıq pul vəsaiti ödənilmişdir. İddiaçıya qeyd olunan dövrlər üzrə artıq ödənilmiş 737,10 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 56,70 manat məbləğində olmaqla onun əmək pensiyasından (554,82 manat) tutularaq büdcəyə bərpa edilir. Göründüyü kimi, inzibati orqan tərəfindən cavabdehə xx.xx.2012-ci il tarixdən təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş pensiya təyinatı altsistemindən görünür ki, iddiaçıya təyin edilmiş pensiyadan tutulmalar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aparılmışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçıya artıq ödəmələr aparıldığı üçün bu ödəmələrin bərpası məqsədilə onun pensiyasından tutulmaların aparılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola pensiyanın yenidən hesablanması barədə inzibati akt qəbul edərkən hüquq normalarını pozaraq bu barədə iddiaçıya sadəcə məktubla məlumat verməklə kifayətlənmiş, bununla da cavabdehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, cavabdeh orqan iddiaçının ərizəsinə cavab olaraq “artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda iddiaçıya təyin edilmiş pensiya ilə bağlı artıq ödəmələrin həyata keçirildiyini bildirmiş və bununla bağlı həmin 737.10 manat artıq ödəmənin geri qaytarılmasını təmin etmək məqsədilə hər ay pensiyasından 56,70 manat pul vəsaitinin tutularaq büdcəyə bərpa edildiyini göstərməklə kifayətlənmişdir. Digər tərəfdən inzibati orqan artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya məktub göndərsə də, bu barədə ayrıca inzibati akt qəbul etməmiş və həmin məsələ ilə bağlı tələb olunan 737.10 manat artıq pul vəsaitinin hansı hesablama qaydasında hesablandığını əsaslandırmamışdır. Həmçinin belə artıq ödəmələrin iddiaçının təqsiri üzündən aparılması faktı da iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “iddiaçıya xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 737,10 manat artıq ödəmənin tutulmasına dair cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilərək, tutulmuş pensiya məbləğinin iddiaçıya geri qaytarılması” barədə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4047/2023 saylı 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4047/2023 saylı 04 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3014/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3014/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver