Məhkəmə qərarları › İş №2-1(103)-3016/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3016/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3016/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına qarşı “professor elmi adının verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1506/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya professor elmi adının verilməsini bir vəzifə olaraq Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-1506/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkə elminə verdiyi töhfələri, göstərdiyi xidmətləri, aldığı Elmi və Fəxri adları nəzərə alaraq, "Elmi adlar verilməsi qaydası haqqında" Əsasnamənin 4.1-ci bəndinə əsasən çalışdığı Bakı Xareoqrafiya Akademiyası tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçıya Professor elmi adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasına vəsatətlə müraciət edilmişdir. xx.xx.2018-ci il tarixdə ekspertlər şurası tərəfindən iddiaçıya professor elmi adı verilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Prezidenti X9 Komissiyasının xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya professor elmi adının verilməsindən imtina edilmiş və imtinanın səbəbləri göstərilməmişdir. Komisiyanın qərarından narazı qaldığı üçün Ali Attestasiya Komissiyasının Apellyasiya Şurasına apellyasiya ərizəsi vermişdir. Lakin həmin ərizəsinə cavab verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Bir ilə yaxın davam edən məhkəmə prossesi dövründə imtinanın hansı səbəbdən verilməsi barədə vəkil tərəfindən təqdim edilmiş sorğulara da cavab verilməmişdir, yalnız xx.xx.2023-cü il tarixdə imtinanın səbəbi kimi kim tərəfindən verildiyi bəlli olmayan, imzasız 2 ədəd rəy təqdim edilmişdir. Növbəti prossesdə isə iddiaçı tərəfindən müstəqil ekspertlər tərəfindən rəy verilməsi məqsədilə vəsatət verdikdə məhkəmə artıq vaxtının qalmadığını bildirərək həmin vəsatəti qəbul etməmişdir. İddiaçı işlədiyi illər ərzində 160-dan çox mədəni layihənin, o cümlədən Respublika və Beynəlxalq müsabiqə və festivallar, respublikanın ictimai-siyasi və mədəni həyatı ilə uzlaşan ssenarilərin müəllifi və quruluşçu rejissoru olduğu yaradıcılıq layihələri, hesabat konsertləri, yubiley tədbirləri, rəqs-tamaşalar, balet tamaşaları, kompozisiyaların ideya müəllifi, layihə rəhbəri, təşkilatçısı, təsisçisi, bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. İşlədiyi illər ərzində bir sıra islahatlar və yeniliklərə imza atmışdır. Məktəbdə uşaq simfonik orkestri, xalq çalğı alətləri orkestri, kamera orkestri, xor kolletivi kimi musiqi kollektivlərinin yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. İddiaçı 19-u xaricdə nəşr olunmaqla 150-dən artıq elm və tədris işlərinin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, proqram (müəllifi və həmmüəllifi), elmi- tədqiqat işi, elmi məqalə, tezis, kataloq, jurnal, toplunun müəllifi və elmi redaktorudur. İddiaçı işlədiyi illər ərzində Respublika və Beynəlxalq elmi-nəzəri və elmi-praktiki konfransların, dəyirmi masa və elmi seminarların, elmi sessiyaların, elmi ədəbiyyat sərgilərinin deya müəllifi, təsisçisi, təşkilatçısı və iştirakçısı olmuşdur. Elmi-pedaqoji fəaliyyəti dövründə musiqi sənəti ixtisası üzrə magistrant və dissertantların məsləhətçisi və elmi rəhbəri, bir sıra dissertasiyalara rəsmi rəyçi və opponent kimi çıxış etmişdir. İddiaçıya Bakı Xareoqrafiya Akademiyasının xx.xx.2018-cil tarixli Protokoluna əsasən professor elmi adı verilmişdir. Həmçinin ona professor elmi adının verilməsi barədə Ekspertlər Şurasının xx.xx.2018-ci il tarixli müsbət rəyi olmuşdur. Fəaliyyəti ilə bağlı həm ustad dərsləri keçmək üçün, həm də beynəlxalq müsabiqələr təşkil etmək üçün xaricdən xareoqraflar dəvət etmişdir. Ümumiyyətlə, məhkəmə onun barəsində qərar qəbul edərkən qaydaların 3.9-cü bəndində qeyd edilən tələblərin yerinə yetirilib-yetirilmədiyini yalnız cavabdehin lehinə nəzərə almışdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan tərəfindən təqdim edilmiş müstəqil ekspert rəyləri, Ekspertlər Şurasının onun lehinə verdiyi rəylərlə bağlı faktiki hallar aydınlaşdırılmamışdır. Hansı əsaslarla ona professor elmi adının verilməsindən imtina edilməsi ilə bağlı olan hallar sübut edilməmişdir. Belə ki, işdə olan rəylər arasında olan ziddiyyətlər araşdırılmamış və naməlum səbəbdən onun əleyhinə olan rəy qərar qəbul edilməsi üçün əsas götürülməmişdir. Həmçinin ekspertlər şurasının mənfi rəy verdiyi materialların metodiki şuradan keçdiyi və Təhsil Nazirliyi tərəfindən qriflənərək dərs vəsaiti kimi qəbul edilməsi araşdırılmamışdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı professor elmi adının verilməsi haqqında Bakı Xoreoqrafiya Akademiyasının vəsatəti Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasında baxılmış və Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınmaqla X6 tərəfindən iddiaçıya elmi adın verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Professor elmi adının verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü hissəsi ilə təmzinlənir. Əsasnamənin 3.9-cu bəndinə müvafiq olaraq professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, sənətşünaslıq və ya memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), dosent elmi adı almış iddiaçılara müvafiq tələblər ödənildiyi halda verilir, İddiaçı 2015-2020-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bakı Xoreoqrafiya Akademiyasının Komissiyanın sorğusuna cavab olaraq təqdim etdiyi məktubda İddiaçı xx.xx.2021-ci il tarixindən incəsənət fakültəsi Musiqi sənəti kafedrasında 0.5 ştat dosent vəzifəsində çalışdığı bildirilmişdir. Yəni iddiaçı Əsasnamənin 3.9-cu bəndinin tutduğu vəzifəyə dair tələbinə cavab vermir. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 5.4-cü bəndinə müvafiq olaraq Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Komissiyanın Sənətşünaslıq və memarlıq üzrə ekspert şurası tərəfindən iddiaçının attestasiya sənədlərinin, o cümlədən təqdim etdiyi tədris-metodiki işlərinin ekspertizası həyata keçirilmişdir. Ekspert şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya professor elmi adının verilməsi tövsiyə edilməmişdir. İddiaçının attestasiya sənədlərinə dair ekspert rəyləri mənfi olmuşdur. Nəticədə, X2 xx.xx.2023-cü il tarixli qərarı ilə Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq iddiaçıya professor elmi adı verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2020ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. İddiaçı “professor adının verilməsi" iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və bütün sənədlər təqdim edildikdən sonra Bakı inzibati Məhkəməsinin xx.xx.2023- cü il tarixli №2-1(112)-1506/2023 nömrəli Qərarı ilə iddia təmin edilməmiş və iddiaçı apellyasiya qaydasında işinə baxılması üzrə müraciət etmişdir. Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasının İddiaçı elmi adın verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən “diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi” kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 73.3.1-ci maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsı baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 1506/2023 nömrəli Qərarının qüvvədə saxlanılması və şikayətin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materillarında olan cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli №02-R nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X1 Çıxarışından görünür ki, Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti qərara almışdır: “İddiaçı elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı almaq üçün təqdim edilmiş sənədləri rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasına göndərilsin”. İş materillarında olan cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, X6 İddiaçı elmi adlar verilməsi qaydası və şərtlərini müəyyən edən mövcud qanunvericiliyin tələbləri ödənilmədiyindən professor elmi adı verilməsindən imtina etmişdir. İmtinaya dair qərar vəsatət qaldıran Bakı Xoreoqrafiya Akademiyasına Komissiyanın xx.xx.2022-ci il tarixli 01/09-6/297 nömrəli məktubu ilə bildirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində apellyasiya ərizəsi ilə Komissiyaya müraciət etmişdir. Həmin ərizə əsas götürülərək X2 xx.xx.2021-ci il tarixli iclasında iddiaçının attestasiya sənədlərinin rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasına göndərilməsi barədə qərar verilmişdir. Hazırda İddiaçı attestasiya sənədlərinə apellyasiya qaydasında baxılmaqdadır və iddiaçıya elmi adın verilməsinə dair X2 yekun qərarı qəbul edilməmişdir. İş materillarında olan xx.xx.2020-ci il tarixli № 08-R nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X3 Çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası Rəyasət Heyəti qərara alir: “İddiaçı elmipedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adının verilməsindən, elmi adlar verilməsi qaydasını və şərtlərini müəyyən edən mövcud qanunvericiliyin tələbləri ödənilmədiyindən imtina edilsin”. İş materillarında olan Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasının Sənətşünaslıq və memarlıq elmləri üzrə Ekspert şurasının xx.xx.2022-ci il tarixli 15 nömrəli iclasının protokolunda İddiaçı özü dəvət olunmaqla elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsinə dair verilmiş rəyləri (verilmiş hər 2 rəy mənfidir) və rəylərdə xeyli sayda iradların olduğu qeyd edilmişdir. İclasda iradlar oxunmuş və iradlarların cavablandırılması iddiaçıya təklif edilmişdir. Həmin iclasda İddiaçı elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adını almaq üçün AAK-ın Reyasət Heyətinə tövsiyə olunmadığı qərara alınmışdır. Həmin tarixli iclasda ekspert şurasının 12 üzvü səsvermədə iştirak etmiş, onlardan 11 nəfəri iddiaçının əleyhinə səs vermişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli 3-50/3-2-1-1/2023 nömrəli Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası X3 Çıxarışdan görünür ki, İddiaçı elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2020ci il tarixli qərarı (protokol №08-R) Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq qüvvədə saxlanılmışdır. İş materillarında olan cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir: “Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli qərarı ilə sizə elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsinin 6213.01- “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarını qüvvədə saxlamışdır. Nəzərinizə çatdırırıq ki, Komissiya haqqında Əsasnamənin 4.8-ci bəndinə müvafiq olaraq, Rəyasət Heyətinin qərarları iclasda iştirak edən üzvlərin üçdə ikisinin səs çoxluğu ilə səsvermə yolu ilə qəbul edilir. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 9.2-ci bəndinə müvafiq olaraq, şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır”. İş materillarında olan İddiaçı elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsində 6213.01-“Musiqi sənəti” ixtisası üzrə professor elmi adı almaq üçün Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına təqdim etdiyi sənədlərinə dair Rəydə qeyd edilmişdir ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, İddiaçı elmipedaqoji və yaradıcılıq fəaliyyəti professor elmi adının verilməsi üçün nəzərdə tutulan tələblərə cavab vermir. İş materillarında olan İddiaçı elmi-pedaqoji fəaliyyətə görə sənətşünaslıq elm sahəsində 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı almaq üçün təqdim etdiyi sənədlərə dair ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixii 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən (3.9.5.1) professor elmi adını almaq üçün iddiaçının müvafiq ixtisas üzrə (bu halda pianoçu kimi) yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsi olmalıdır. İddiaçı belə bir nəticəsi yoxdur. Digər bir tələb (3.9.5.2.) iddiaçının beynəlxalq miqyaslı müsabiqə, festival, baxış laureatı hazırlamasıdır. Bu tələb də yerinə yetirilməmişdir. Daha bir tələbdə (3.9.5.3.) iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır. İddiaçınm elmi fəaliyyətində bu tələb də yerinə yetirilməmişdir. İddiaçının ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməsi ilə bağlı növbəti tələb də (3.9.5.4) ödənilməmişdir. Yuxarıda deyilənlərə əsasən belə qənaətə gəlirik ki, İddiaçı elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti, tədris-metodik işləri “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” ilə professor elmi adının verilməsi üçün nəzərdə tutulan tələblərinə cavab vermir və o, professor elmi dərəcəsini almağa layiq deyil. İş materillarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası (Təhsil Kompleksi) tərəfindən cavabdeh Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İddiaçı Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şurasının xx.xx.2016-cı il tarixli 02 nömrəli protokolunun qərarına əsasən 5 il müddətinə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək İncəsənət fakultəsində 0,5 ştat professor vəzifəsində çalışmışdır və xx.xx.2021-ci il tarixdən hal-hazıradək İncəsənət fakultəsi Musiqi sənəti kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə»: 1.1. Bu Əsasnamə “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi adlar verilməsi qaydasını və şərtlərini müəyyən edir. 1.2. Elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan sonra – elmi şura) vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmipedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir. 3.9. Professor elmi adı elmi-pedaqoji fəaliyyətə görə müsabiqə yolu ilə və ya təyinatla ali təhsil müəssisələrində rektor, elm və ya tədris işləri üzrə prorektor, dekan, kafedra (departament, mərkəz) müdiri və ya professor vəzifəsini tutan, sənətşünaslıq və ya memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan, mədəniyyət, incəsənət və ya memarlıq sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş (xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar memar olan və ya uyğun sahələr üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı və ya qalibi olan, yaxud onları hazırlayan), dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilir: 3.9.1. iddiaçının elmi-pedaqoji fəaliyyət və ya yaradıcılıq sahəsində azı on il iş stajı, o cümlədən ixtisas üzrə azı beş il elmi-pedaqoji iş stajı olmalıdır; 3.9.2. iddiaçı dosent elmi adı aldıqdan sonra azı beş il (o cümlədən azı bir il bu vəzifədə) qüsursuz və müvəffəqiyyətlə işləməlidir; 3.9.3. iddiaçı dosent elmi adı aldıqdan sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi iki yüz min işarədən az olmamalı) təqdim etməlidir; 3.9.4. iddiaçının dosent elmi adı aldıqdan sonra müvafiq sahə üzrə beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc edilmiş (o cümlədən azı biri – xaricdə) məruzə və tezislərinin sayı azı üç olmalıdır; 3.9.5. iddiaçı dosent elmi adı aldıqdan sonra aşağıdakı tələblərdən birini yerinə yetirməlidir: 3.9.5.1. müvafiq ixtisas üzrə yaradıcılıq fəaliyyətinin əhəmiyyətli nəticəsini təqdim etməlidir; 3.9.5.2. respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı və ya onları hazırlamalıdır; 3.9.5.3. iddiaçının elmi rəhbərliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı bir mütəxəssis elmi dərəcə almalıdır; 3.9.5.4. iddiaçı ixtisas üzrə yaradıcılıq işinə dair azı bir patent təqdim etməlidir. 5.1. Dosent elmi adının verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, professor elmi adının verilməsi məsələsinə X4 baxılır və qərar qəbul edilir. 5.2. Elmi adlar verilməsinə dair vəsatətin və digər sənədlərin tərtib olunması qaydasını Komissiya müəyyən edir. 5.4. Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. 5.6. X2, Kollegiyasının və ya rəhbərinin qərarına əsasən ekspert şurasının iclaslarına elmi adların iddiaçıları dəvət edilə bilərlər. 5.9. Komissiya elmi adlar verilməsinə dair vəsatət və sənədlərə baxaraq, elmi ad verilməsi və ya elmi ad verilməsindən imtina barədə qərar qəbul edir. 5.11. Komissiya elmi adlar verilməsindən imtinaya dair qərar qəbul etdiyi tarixdən azı bir il keçdikdən sonra elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi şuraları həmin şəxsə həmin elmi adın verilməsi barədə təkrar vəsatət qaldıra bilərlər. 5.12. Komissiyanın elmi adlar verilməsinə dair qərarları qəbul edildiyi gündən qüvvəyə minir. 5.13. Elmi adlar verilməsinə dair vəsatət və digər sənədlər Komissiyada on ildən az olmayan müddətdə saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Azərbaycan Respublikasının Prezidenti X9 Komissiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İddiaçı 5 il müddətinə xx.xx.2016-xx.xx.2021-ci il tarixinədək İncəsənət fakultəsində professor vəzifəsində çalışmış, xx.xx.2021-ci il tarixdən halhazıradək İncəsənət fakultəsində musiqi sənəti kafedrasında dosent vəzifəsində çalışır. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, iddiaçının hazırda tutduğu vəzifə həmin normaların tələblərə cavab vermir. Belə ki, qeyd edilən “Qaydalar”da müvafiq “vəzifəni tutan” ifadəsindən istifadə edilmişdir, yəni iddiaçıya müvafiq adın verilməsi ilə bağlı icraat həyata keçirilərkən onun həmin vaxt qeyd edilən vəzifədə olması nəzədə tutulur. Lakin iddiaçıya elmi adın verilməsi ilə əlaqədar qiymətləndirmə aparılarkən, o həmin vaxt tələb olunan vəzifəni tutmamışdır. Həmçinin iddiaçı rəydə göstərilən tələblərə (fəaliyyətinin növünə görə 3.9.5-in heç bir bəndinə uyğun gəlmir) cavab verdiyini müəyyən edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Komissiyanın Sənətşünaslıq və memarlıq üzrə ekspert şurası tərəfindən iddiaçının attestasiya sənədlərinin, o cümlədən təqdim etdiyi tədris-metodiki işlərinin ekspertizası həyata keçirilmişdir. Komissiyanın Sənətşünaslıq və Memarlıq elmləri üzrə Ekspert Şurasının xx.xx.2022-ci il tarixli 15 nömrəli iclas protokolunda İddiaçı özü dəvət olunmaqla onun sənədlərinə baxılmış, elmi-pedaqoji fəaliyyətinə görə sənətşünaslıq elm sahəsinin 6213.01 - “Musiqi sənəti” ixtisası üzrə professor elmi adı verilməsinə dair verilmiş rəyləri (verilmiş hər 2 rəy mənfidir) və rəylərdə xeyli sayda iradların olduğu qeyd edilmişdir. Həmin iclasda ekspert şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı professor elmi adının verilməsi tövsiyə edilməmişdir. İddiaçının attestasiya sənədlərinə dair verilən mənfi ekspert rəyində qeyd edilənlər cavabdeh inzibati orqanın imtina səbəblərindən olmuşdur. Qeyd edilən ekspert tərəfindən verilmiş mənfi rəylərdən də görünür ki, iddiaçı tərəfindən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 3.9.5ci yarımbəndində qeyd edilən tələblər yerinə yetirilməmişdir. Komissiyanın xx.xx.2022-ci il tarixli iclasında ekspert şurasının 12 üzvü səsvermədə iştirak etmiş, onlardan 11 nəfəri iddiaçının əleyhinə səs vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”nin (hazırda Azərbaycan Respublikası Prezidentinin 2019-cü il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə ləğv edilmişdir) 41-ci maddəsinə əsasən kafedra üzrə professor elmi adı aşağıdakılara verilir: - müsabiqə və ya təyinat üzrə ali təhsil müəssisəsində kafedra müdiri və ya professor vəzifəsini tutan, bu vəzifədə üç il müvəffəqiyyətlə işləyən, ali təhsil müəssisəsində incəsənət ixtisası üzrə fənləri on ildən az olmayan müddətdə tədris edən, otuz beş il elmi-pedaqoji iş stajı, dərc edilmiş tədris-metodiki və elmi işləri olan, dosent elmi adı almış, respublika və beynəlxalq müsabiqələrin laureatları olan və ya onları hazırlayan incəsənət işçilərinə. Göründüyü kimi, qeyd olunan qanunvericilik normasında təsdit edilmiş ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə fənlərin tədrisi ilə əlaqədar iş stajı (on ildən az olmayan müddət tələb olunur), eləcə də ali təhsil müəssisəsində tutduğu vəzifəyə (ali təhsil müəssisəsində kafedra müdiri və ya professor vəzifəsinin tutulması tələb olunur) ilə əlaqədar tələb olunan şərtlərə iddiaçı cavab verməmişdir. Göründüyü kimi iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericilik normalarının da tələblərinə cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, “professor elmi adının verilməsi” ilə bağlı cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən elmi adların verilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti onun özünün qiymətləndirməsinə əsaslanır və ona bununla bağlı qiymətləndirmə sərbəstliyi verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1506/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar