Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3017/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1325/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 02 fevral 2018-ci ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun zərərli iş şəraitində işləməklə xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. xx.xx.2021-ci ildə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir. Bu imtina əsassız və qanunsuzdur. İddiaçının iş stajı Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətlə məhdudlaşmır, 1976-cı ildən peşə təhsili almaqla, sonrakı müddətdə müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuş, hazırda 44 ildən artıq iş stajı mövcuddur. İş rejiminin əksər hissəsi dənizdə və geoloji kəşfiyyatda keçmişdir ki, həmin müddət güzəştli iş kimi nəzərdə tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1325/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu 02 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Föqəladə Hallar Nazirliyinin ona dair 23 fevral 2021-ci il tarixli xx/xx-00052 nömrəli arayışında xx.xx.2008-ci il tarixindən bugünədək “X6-xilasetmə Xidməti”nin Operativ rabitə, analitik- informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Xəzər Hövzə ixtisaslaşdırılmış X4 Səhmdar Cəmiyyəti” arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı (əmr nömrə 30, xx.xx.2006-cı il) “Qoryaçi” gəmisinə radiostansiya rəisi vəzifəsinə işə qəbul edildiyi; (əmr nömrə 46, xx.xx.2006-cı il) “Karvan xidmətinə rabitə” operatoru vəzifəsinə keçirildiyi qeyd olunur. -İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2008-ci il tarixli əmrdən çıxarışından görünür ki, İddiaçı Nazirliyin X6-Xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsinə təyin edilmişdir. X6xilasetmə Xidməti tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən hazıradək Fövqəladə Hallar Nazirliyi X6-xilasetmə Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı 26 iyul 1982-ci il tarixindən işlədiyi Şkval elmi tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir. İddiaçı işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olmuşdur. UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 35-ci siyahısında (ümumi peşələr) nəzərdə tutulur. - Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tələb olunan məlumatların təqdim olunması məqsədilə Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə 11 noyabr 2021-ci il tarixli 20/909/d nömrəli məktubla müraciət edilmişdir. Milli Geoloji Kəşfiyyat Xidmətinin 18/374/d nömrəli 18 noyabr 2021-ci il tarixli cavab məktubunda işçilərin şüalanmadan fərdi mühafizə vasitələrinin vəzifə təlimatları ilə bağlı sənədlərin Geoloji İnformasiya və Arxiv Fonduna təhvil verilmədiyi bildirilmişdir. - Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1994-cü il tarixədək işlədiyi Şkval elmi tədqiqat gəmisində radiooperator vəzifəsində məlumatların qəbul edilməsi və ötürülməsi işini yerinə yetirmişdir. İddiaçı işlədiyi radiooperator vəzifəsindəki işi UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli) şüalanma mənbələri ilə bağlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə qərarının Ümumi peşələr bölməsində UQD (ultra qısa dalğalar), UYT (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetirilməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir) nəzərdə tutulmuşdur. Həmçinin İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixinə kimi Elmitədqiqat ekspedisiya donanmasının “Əlif Hacıyev” elmi tədqiqat gəmisində 1-ci dərəcəli matros vəzifəsində işləmiş və işlədiyi Əlif Hacıyev” elmi tədqiqat gəmisi xidmət gəmisi olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiq edilməsi barədə qərarının Nəqliyyat bölməsində b) Üzən heyət-dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyətinə (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) daxil olan vəzifə kimi qəbul edilmir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6-xilasetmə Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1997-xx.xx.2006-cı illərdə Gəmilərdə radiostansiya rəisi vəzifəsində işləmiş olduğu АСПТР КМП (Каспийское бассейновое аварийно-спасательное специализированное управление) idarəsi 1994cü ildən “X2 Qəza-Xilasetmə” ASC adı altında fəaliyyət göstərmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 aprel 2018-ci il tarixli 131 nömrəli Qərarı ilə ləğv edilmişdir. Həmin dövrdə, Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edilmiş ASC-yə aid arxiv sənədlərini X6-xilasetmə Xidmətindən götürərək Milli Arxiv İdarəsinə təhvil vermişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən hal-hazıradək Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsinin dispetçeri vəzifəsində işləyir. Bununla əlaqədar, göstərilən tarixləri əhatə edən dövr üzrə məhkəmə sorğusunun cavablandırılması və təsbit olunması X6-xilasetmə Xidmətinin səlahiyyətləri daxilində olmadığı bildirilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən Fövqəladə Hallar Nazirliyinin iddiaçıya dair 23 fevral 2021-ci il tarixli xx/xx-00052 nömrəli arayışında onun xx.xx.2008-ci il tarixdən bugünədək “X6-xilasetmə Xidməti”nin Operativ rabitə, analitik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı göstərilmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddianın qismən təmin edilməsilə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 3 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 25 illik ümumi və 3)12,6 illik xüsusi iş stajının toplanması. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli İddiaçı aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Deməli qanunvericiliklə tələb olunan ilk şərt ödənilmişdir. xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı əmək kitabçasına əsasən, (hərbi xidmət və təhsil illəridə daxil olmaqla) , (təhsil müddəti - 1979.xx.xx-1976.09.01=2 il 9 ay 20 gün) + (1980.xx.xx-1979.09.01=7 ay 21 gün) + (hərbi xidmət dövrü – 1982.xx.xx-1980.04.27=2 il 1 ay 1 gün) + əmək fəaliyyəti dövrü - (1984.04.10- 1982.07.26=1 il 8 ay 14 gün) + (1986.xx.xx-1993.12.31= 7 il 3 ay 2 gün) + (1995.xx.xx-1994.02.8= 1 il 2 ay 17 gün) + (1997.xx.xx-1995.05.15= 1 il 11 ay 16 gün) + (2006.xx.xx-1997.05.07 = 9 il 7 ay 24 gün ) = 27 il 3 ay 25 gün olmuşdur. Beləliklə iddiaçının xx.xx.2006-cı ilə qədər toplanmış 25 ildən çox ümumi əmək stajı mövcuddur. “2006-cı il yanvarın 1-dək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, əmək kitabçasında müvafiq qeydlər olmasa belə, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajını təsdiq edən sənəd kimi arxiv arayışı, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və digər sənədlər nəzərə alına bilər. Həmçinin xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının xüsusi iş stajının toplanması məsələsinə gəldikdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılaraq müvafiq sorğular verilmiş və məhkəmə qərarında mübahisəli hallar dügün şəkildə əsaslanıdırılmışdır. İddiaçının xx.xx.1982-xx.xx.1986-cı illərdə (4 il 2 ay 4 gün) Şkval elmi tədqiqat gəmisində işlədiyi müddət və “Qoryaçi” gəmisində radiostansiya rəisi vəzifəsində işlədiyi müddət (xx.xx.1997-xx.xx.2005, 8 il 7 ay 24 gün) nəzərə alındıqda iddiaçının ümumilikdə xüsusi stajı 12 il 9 ay 29 gün gündür. Yəni, iddiaçı 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuş və güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 3-cü əsas şərtdə sonuncuya münasibətdə tamamlanmışdır. Cavabin apelysiya şikayətinin dəlillərinə münasibət : Apelyasiya şikayətində dəlil olaraq sadəcə olaraq göstərilmişdir ki, iddiaçının xx.xx.2008-ci il tarixdən bugünədək “X6-xilsaetmə Xidməti”nin Operativ rabitə, analtikinformasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsi “Güzəştli şərtlərlə yaşa götə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilini əsassız hesab edərək bildirir ki, cavabdehin göstərdiyi dövlərdə iddiaçının işlədiyi vəzifənin güzəştli olub-olmaması, nə iddianın təmin edilməməsinə, nədə məhkəmə qərarının ləğvinə əsas ola bilməz. Belə ki, məhkəmə araşdırmasından və qərarından görünür ki, iddiaçının iddia tələbinin qismən təmin olunmasına əsas verən hallar iddiaçının xx.xx.2008-ci il dövrdə və ondan sonra işlədiyi dövrlərlə deyil, xx.xx.2006-cı ilə qədər topladığı iş stajı ilə bağlı olmuşdur. Yəni, cavabdehin qeyd etdiyi kimi, iddiaçının xx.xx.2008-ci il tarixdən bugünədək “X6xilsaetmə Xidməti”nin Operativ rabitə, analtik-informasiya və dispetçer şöbəsində işlədiyi dispetçer vəzifəsi güzəştli olmasa belə, iddiaçının xx.xx.2006-cı ilədək tələb olunan ümumi və xüsusi iş stajı tamamlandığından apelyasiya şikayətinin göstərilən dəlili əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və kollegiyanın iclasında öz təsdiqini tapmış işin həqiqi hallarından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı olduğundan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. Beləliklə, iddiaçının tam əmək stajı xx.xx.2006-cı il tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsi deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “b” bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 06 ayını ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir) və yaş (57 yaş). Çünki həmin maddənin pensiya kapitalının tələbi ilə bağlı tətbiqini Qanunun 9.8-ci maddəsi istisna edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərdən bəhs edilir. Sözügedən maddədə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yaş və stajla bağlı müddəalarının tətbiqi nəzərdə tutulmuşdur. Bəhs edilən normanın iddiaçıya münasibətdə tətbiq edilməsi onu ehtiva edir ki, iddiaçıya yaşı və (ümumi və xüsusi) stajı olduğu halda pensiya təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında müəyyən edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasının “ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi” ilə bağlı olan hissəsini təmin etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Qeyd edilən normanın məzmunundan göründüyü kimi, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ birdəfəlik deyil, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1325/2022 saylı iş üzrə qəbul etdiyi 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-3017/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3017/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver