Məhkəmə qərarları › İş №2-1(103)-3017/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3017/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3017/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi və ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3199/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********390500 nömrəli qərarının ləğv edilməsi və ona aldığı mənzilə görə ödədiyi 197000 manat pulun ƏDV hissəsinin geri alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********390500 nömrəli qərarının ləğv edilməsi və aldığı mənzilə görə ödədiyi 197000 manat pulun ƏDV hissəsinin 30 faizinin ona qaytarılması məqsədilə bu barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 sentyabr 2022-ci il tarixdə "xxxx" MTK ilə 146 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsində tikilən çoxmənzilli yeni yaşayış binasının, 7B saylı binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 459 saylı mənzili 197000 (ƏDV daxil) manata almışdır. Qeyd olunan məbləğ tam şəkildə bank vasitəsilə ödənilərək, "xxxx" MTK-nın hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 saylı Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. İddiaçı aldığı mənzilə görə ödədiyi 197000 manat pulun ƏDV hissəsinin 30%-ni Fərmana uyğun olaraq almaq üçün Dövlət Vergi Xidmətinə müraciət etsə də, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə ona ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Səbəb kimi göstərilmişdir ki, bankın ödəniş sənədlərində ödəyici qismində onun adı yox, digər şəxslərin adları qeyd olunub. Belə ki, 10 sentyabr 2022-ci il tarixdə "xxxx" MTK-dan mənzil almaq üçün MTK-nın yerləşdiyi ofisə getmiş, mənzilin alqı-satqısını 197000 manata həyata keçirəcəklərinə şərtləşmiş, həmin gün özü ilə 137.000 manat pul aparmış, qalan 60.000 manat pulu isə 12 sentyabrda ödəməli olmuşdur. MTK ilə arasında müqavilə imzalandıqdan sonra o, MTK-ya ödəniş etmək istədikdə ona baş mühasib bildirmişdir ki, pulu bank vasitəsilə ödəmək lazımdır. Həmin gün həftənin şənbə gününə təsadüf etdiyindən, o pulu banka apara bilməmiş, məbləğ böyük olduğundan pulu özü ilə daşımaq istəməmiş və pulu saxlamaq üçün MTKnın xəzinəsinə təhvil vermişdir. Bazar ertəsi günü o, 60.000 manat pulu Bank Respublika ASC-nin Nizami filialına aparıb ödəniş etmək istəyərkən çox uzun bir növbə ilə rastlaşmış və 1 saatdan artıq növbədə qalmışdır. Yaşlı insan olduğundan bu proses onu çox yormuş, buna baxmayaraq, pulu "xxxx" MTK-nın hesabına ödəmişdir. Daha sonra MTK-nın baş mühasibi ilə əlaqə saxlayıb, onların xəzinəsində saxlanılan 137.000 manat pulun özləri tərəfindən banka ödəmələrini xahiş etmiş, səbəb kimi onu göstərmişdir ki, bu qədər böyük məbləğlə banka getmək istəmir, həmçinin bankda olan uzun növbə onu çox yorur. Baş mühasib etiraz etməmiş və 137.000 manatın banka ödənilməsini MTK-nin əməkdaşlarına tapşıracağını bildirmiş, mənzilə görə ödənişləri tam həyata keçirdiyinə və "xxxx" MTK-ya heç bir borcu qalmadığına görə müvafiq sənədlərini (alqı-satqı müqaviləsi, maliyyə arayışı, bank ödənişlərini və s.) toplayıb, Fərmanın tələblərinə əsasən Dövlət Vergi Xidmətinə müraciət etmişdir. X23 Xidməti Bankın CCRTOB**********075393 saylı, CCRTOB**********048551 saylı və CCRTOB**********028110 saylı qəbzlərdə ödəyici kimi onun, yəni İddiaçı adı yox, digər şəxslərin adları göstərildiyindən ona ƏDV-nin 30 faizinin ödənilməsinin mümkün olmadığını bildirmişdir. Halbuki, sözügedən Bank qəbzlərinin məzmunlarından görünür ki, ödənişlərin təyinatları İddiaçı xx.xx.2022-ci il tarixli 146 nömrəli müqaviləyə əsasən 459-cu mənzilin alışına görə olmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-3199/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********390500 nömrəli qərarı ləğv edilmiş, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə bağlanmış 10 sentyabr 2022-ci il tarixli 146 nömrəli alqı-satqı müqaviləsinə əsasən alınmış Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov, Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki, 7B saylı binanın 459 saylı mənzilinə görə ödənilən 197000 manat pulun ƏDV hissəsinin 30 faizinin İddiaçı qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Səmədov X3 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və aldığı mənzilə görə ödədiyi 197000 manat pulun ƏDV hissəsinin geri alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddaçı iddia tələbini dəqiqləşdirərək, 197000 manat pulun ƏDV hissəsinin qaytarılması məqsədilə bu barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə razı deyil. Sənədlərin araşdırılması zamanı xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş sənədlərində ödənişin alıcının tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********247800 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Qaydalara əsasən bank sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adının olması ilə bağlı tələb mövcuddur. Lakin alıcı İddiaçı tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş sənədində ödənişin alıcı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, qəbzdə adları qeyd olunan X6, X10 və X13 isə alıcı kimi mənzilin dəyərini ödəyən şəxs deyil, pul vəsaitini iddiaçının adından banka təqdim edən şəxs olmuşdur. Qaydaların 5.1.2-ci yarımbəndində “ödənişi aparan alıcının soyadı, adı və atasının adı” dedikdə, hərfi mənada pulu təqdim edən şəxs deyil, mənzilin dəyərini vermək öhdəliyi daşıyan alıcı nəzərdə tutulur. Çunki Qaydalara əsasən ƏDV yaşayış sahəsini nağdsız qaydada almış ödəyiciyə qaytarılır, alıcı isə bina tikintisi fəaliyyəti iləm məşğul olan şəxs ilə müqavilə bağlayan fiziki şəxs, hazırkı halda İddiaçıdur. Göründüyü kimi yuxarıda qeyd edilmiş bank ödəniş qəbzlərində “ödəyən” şəxs alıcının özü olmamış, həmçinin İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində etibarnamə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə inzibati mübahisəni tam və hərtərəfli araşdırmamış, sübutların qiymətləndirilməsi zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlər nəzərə alınmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********390500 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi (Satıcı) ilə İddiaçı Kərim oğlu (Alıcı) arasında bağlanmış 10 sentyabr 2022-ci il tarixli 146 nömrəli Mənzilin alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsindəki tikilən çoxmənzilli yeni yaşayış binasının, 7B saylı binanın 14-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 135.6. kv.metr olan (mənzilin daxilində yerləşən arakəsmələrin altındakı sahə ilə birlikdə 139.9 kv.m) 459 saylı mənzili Alıcıya satmağı, Alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı Mənzilin dəyərini (qiymətini) Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin Ümumi Qiyməti 197000 (ƏDV daxil) manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə görə alıcı Mənzilin dəyərini müqavilə imzaladığı andan etibarən 1 ay müddətində ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 647 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. İddiaçı “SERVİS’’ MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsi ünvanında tikilən yaşayış binasının 7B saylı binasında 14-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 139.9 kv.m olan 459 saylı mənzilin sahibidir. Kooperativə mənzilə görə qalıq borcu yoxdur. İş materiallarında olan "xxxx" MTK tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 058 nömrəli hesab fakturadan görünür ki, xx.xx.2022-ci il tarixli 146 saylı müqaviləyə əsasən 459 saylı mənzilin alqı-satqısı üçün cəmi ƏDV-siz 166949,15 manat, ƏDV 30050,85 manat olmaqla, cəmi 197000 manat ödəniş olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, ödəyici İddiaçı vəsaiti alan "xxxx" MTK-nın hesabına xx.xx.2022-ci il tarixli 146 saylı müqaviləyə əsasən 459 saylı mənzilin alqı-satqısı üçün və 058 saylı hesab fakturaya əsasən 29949,15 manat və 30050,85 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X1 X16 adından xx.xx.2022-ci il tarixli 146 saylı müqaviləyə əsasən 459 saylı mənzilin alqı-satqısı üçün "xxxx" MTK-nın hesabına 22000 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X4 X16 adından xx.xx.2022-ci il tarixli 146 saylı müqaviləyə əsasən 459 saylı mənzilin alqı-satqısı üçün "xxxx" MTK-nın hesabına 21600 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X2 X16 adından xx.xx.2022-ci il tarixli 146 saylı müqaviləyə əsasən 459 saylı mənzilin alqı-satqısı üçün "xxxx" MTK-nın hesabına 94400 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Nizami filialı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 23 dekabr 2022 ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin Nizami filialı təsdiq edir ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 29.949,15 AZN, xx.xx.2022-ci il tarixdə 21.600 AZN və 22.000 AZN, xx.xx.2022-ci il tarixdə 94.400 AZN "xxxx" MTK hesabına əsas məbləğ və xx.xx.2022-ci il tarixdə 30.050,85 AZN ƏDV ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (Həmin maddə «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmişdir və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir). “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü müddətində vahid məlumat bazası üzərindən operatora ötürür. 5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki hallarından görünür ki, İddiaçı "xxxx" MTK ilə aralarında bağlanmış 10 sentyabr 2022-ci il tarixli 146 nömrəli Mənzilin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək ƏDV-siz 166949,15 manat, ƏDV 30050,85 manat olmaqla, cəmi 197000 manat ödəniş etmiş və həmin məbləğin ödənilməsini təsdiq edən sənədlərlə birlikdə ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ödəniş sənədində ödənişin alıcı tərəfindən aparılmadığına (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) istinad edərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın tələblərinə əsasən ƏDV-nin qaytarılması üçün əsas tələb alınmış yaşayış sahəsinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi və bu halı təsdiq edən sübut kimi bank ödəniş sənədinin təqdim edilməsidir. İş materiallarına əlavə edilmiş qəbzlərdən və ödəniş tapşırıqlarından görünür ki, iddiaçı bu sənədləri cavabdehə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, mənzilin dəyərini qismən ödəyən şəxs kimi alıcı İddiaçıdur, ödəniş isə həmin mənzilin alınmasına dair İddiaçı ilə "xxxx" MTK arasında imzalanmış 10 sentyabr 2022-ci il tarixli 146 nömrəli Mənzilin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilmişdir. Qeyd olunan Qaydaların tələblərinə əsasən ödəniş sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı göstərilməlidir. Qəbzlərdə adları qeyd olunan X6, X10 və X13 alıcı kimi mənzilin dəyərini ödəyən şəxs deyil, pul vəsaitini iddiaçının adından banka təqdim edən şəxs olmuşlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qaydaların 5.1.2-ci yarımbəndində “ödənişi aparan alıcının soyadı, adı və atasının adı” dedikdə, hərfi mənada pulu təqdim edən şəxs deyil, mənzilin dəyərini vermək öhdəliyi daşıyan alıcı nəzərdə tutulur. Çünki Qaydalara əsasən ƏDV yaşayış sahəsini nağdsız qaydada almış ödəyiciyə qaytarılır, alıcı isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs ilə müqavilə bağlayan fiziki şəxs, hazırkı halda İddiaçıdur. Bunun əksini düşünmək, yəni Qaydaların, pul vəsaitini başqa şəxs vasitəsilə banka ödəyən alıcıya ƏDV-nin qaytarılmasını istina etməsi həm onun qəbul edilmə məqsədlərinə, həm hüququn ümumi prinsiplərinə, həm də qanunvericiliyin tələblərinə zidd olar, bu hal bərabər vəziyyətə fərqli rəftara gətirib çıxarar. Göründüyü kimi, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri nağdsız qaydada satıcıya tam ödənilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3199/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar