Məhkəmə qərarları › İş №2-1(103)-3018/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3018/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3018/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10806/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək inzibati xəta tərkibi haqqında xx.xx.2018-ci il tarixdə yol patrul xidməti əməkdaşı tərəfindən icra olunaraq inzibati materialların kağız daşıyıcıda ona verilməsini təsdiq edən sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Chery” markalı 90-BS759 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən müvəqqəti duracağa yerləşdirilib. Buna səbəb guya barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarlar qəbul edilərək cərimələrin ödənilməməsi olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli 0465- 11030A-4222 saylı məktubunda qeyd olunub ki, tərəfindən xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il xx.xx.2018-ci il, xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1, 469.3 və 328-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara yol verilmiş və həmin tarixli inzibati tənbeh vermə haqqında protokollar və qərarlar qəbul olunmuşdur. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarlardan məlumatı olmamışdır. Yuxarıda göstərilən məktubda cavabdeh göstərib ki, guya xx.xx.2018-ci il tarixdə inzibati xəta işinə dair sənədlər qəbul edilib. Lakin ona rəsmi qaydada heç bir sənəd verilməyib. Göstərilənlərlə bağlı inzibati orqana 17 Aprel 2023-cü il tarixdə ərizə ilə müraciət olunub. Cavabdeh həmin ərizəni xx.xx.2023-cü il tarixdə qəbul edib. Ərizədə xahişi xx.xx.2018-ci il tarixdə guya ona təqdim edilmiş inzibati xəta işlərinə dair sənədlərin tərəfindən qəbul edilməsinə dair sübutun verilməsi olmuşdur. Lakin inzibati orqan həmin sənədləri ona təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10806/2023 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, iddia tələbinin mahiyyəti inzibati xəta haqqında iş üzrə icraat materiallarının, daha dəqiq desək iddiaçının törətdiyi istinad olunan inzibati xəta haqqında qərarların cavabdeh tərəfindən iddiaçıya nə zaman və necə təqdim edilməsinə dair sübutun iddiaçıya verilməsi tələbinin təmin olunmaması hərəkətsizliyinin qanunsuz sayılmaqla belə sübutun iddiaçıya təqdim edilməsi ilə bağlıdır. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “... inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan və apellyasiya baxışı zamanı iddiaçının izahatından müəyyən olunur ki, iddiaçının iddia tələbinin mahiyyəti inzibati xəta haqqında iş üzrə icraat materiallarının, daha dəqiq desək iddiaçının törətdiyi istinad olunan inzibati xəta haqqında qərarların cavabdeh tərəfindən iddiaçıya nə zaman və necə təqdim edilməsinə dair sübutun iddiaçıya verilməsi tələbinin təmin olunmaması hərəkətsizliyinin qanunsuz sayılmaqla belə sübutun iddiaçıya təqdim edilməsi ilə bağlıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı törətdiyi istinad olunan inzibati xəta haqqında qərarları müvafiq ümumi məhkəmədə mübahisələndirməklə həmin icraat çərçivəsində inzibati xəta haqqında qərarların cavabdeh tərəfindən iddiaçıya nə zaman və necə təqdim edilməsinə dair sübutun da əldə edilməsinə nail olmuş olur.Belə ki, sözügedən məhkəmə araşdırması zamanı iddiaçının vəsatəti, yaxud məhkəmənin təşəbbüsü ilə soğu əsasında inzibati xəta haqqında qərarların cavabdeh tərəfindən iddiaçıya nə zaman və necə təqdim edilməsinə dair sübutun tələb edilməsi imkanı vardır. Göstərilənlərə əsasən hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqana qarşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Belə olan halda tərəflər arasında hər hansı inzibati mübahisə də mövcud deyildir. Çünki iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə əlaqədardır. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə cavabdehin) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. İnzibati Xətalar Məcəlləsinin 61.1 və 61.1.1-ci maddələrinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə Kollegiyası qeyd edir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, həmin öhdəliyin orqana həvalə edilməsi barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanununun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə Kollegiyası izah edir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının müdafiəsi ilə bağlı inzibati icraatda səlahiyyətli orqana müraciət etmək hüququ vardır. Həmin müraciətlərinin nəticəsi olaraq inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad qəbul edildiyi təqdirdə isə, həmin qərardadın rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət vermək hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, AzərbaycanRespublikası İPMin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə, məhkəmə Kollegiyası bir daha qeyd edir ki, iddiaçı törətdiyi istinad olunan inzibati xəta haqqında qərarları müvafiq ümumi məhkəmədə mübahisələndirməklə həmin icraat çərçivəsində inzibati xəta haqqında qərarların cavabdeh tərəfindən iddiaçıya nə zaman və necə təqdim edilməsinə dair sübutun da əldə edilməsinə nail olmuş olur. Odur ki, iddiaçı hazırkı tələbini inzibati məhkəmə icraatında qaldırmaqla güddüyü hansı hüquqi marağa nail olduğunu da əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10806/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar