Məhkəmə qərarları › İş №2-1(103)-3018/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3018/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3018/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-1(112)-4865/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci il tarixdə Dövlət Gömrük Komitəsində işə qəbul olunmuş və 2022-ci ilin sentyabr ayınadək Dövlət Gömrük Komitəsində işləmişdir. Belə ki, xx.xx.2007-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Növbətçi hissəsinin böyük inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci ildə Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsinin böyük inspektoru vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə müvafiq əmrlə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci Sərnişin Şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Katibliyinin sədrinin köməkçisi vəzifəsinə təyin edilmiş və işdən azad edilənədək, yəni xx.xx.2022-ci il tarixədək həmin vəzifədə fəaliyyət göstərmişdir. İddiaçı Dövlət Gömrük Komitəsində uzun illər fəaliyyət və bu sahədə təkmilləşdirmələr sahəsində DGK-nin ən nümunəvi kadr heyətindən olmuşdur. Belə ki, nümunəvi və qüsursuz xidmətinə görə “Gömrük Orqanlarında Xidmətə görə” 3-cü dərəcəli Döş Nişanı, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi yubiley medalı”, “X2 görə“ Medalı, “X3 sertifikatı”, “Gömrük Xidməti Əlaçısı” Döş Nişanı, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 30 illiyi” yubiley medalı və “Gömrük Orqanlarında Xidmətə görə” 2-ci dərəcəli Döş Nişanı ilə təltif edilmişdir. Həmçinin, 2000- 2004-cü illərdə Azərbaycan Dillər Univeristetində əyani, 2009-2012-ci illərdə X7 Akademiyasında qiyabi təhsil almışdır. 2011-ci ildə Azərbaycan Diplomatik Akademiyasının Diplomatiya kursunu bitirdikdən sonra Böyük Britaniya səfirliyində bir aylıq təcrübə keçmişdir. Həmçinin, 2018-ci ildə Koreya Respublikasının Seul şəhərində 4 aylıq Liderlik və İdarəetmə kursunu uğurla bitirmişdir. Bütün bunlara baxmayaraq, 16 iyul 2022ci il tarixdə Dövlət Gömrük Komitəsinin sədri dəyişdirildikdən sonra yeni sədr Şahin Bağırovun göstərişi ilə Daxili Təhlükəsizlik İdarəsi onu çağıraraq sədrin köməkçisi olmağı səbəbi ilə xidmətinə xitam veriləcəyini bildirdilər və bunun üçün iddiaçıya məcburi ərizə yazdırdılar ki, guya o öz ərizəsi ilə işdən azad olunmağını istəyir. İddiaçı ərizə yazmağa ona görə məcbur oldu ki, onun həyat yoldaşı Günay Məmmədova da Dövlət Gömrük Komitəsində çalışırdı. Ona bildirmişdilər ki, ərizə yazmayacağı təqdirdə həyat yoldaşını da işdən azad edəcəklər. Lakin 2024-cü ilin fevral ayında bəhanə ilə yoldaşının xidmətinə xitam verildikdən sonra müxtəlif dövlət orqanlarına iddiaçının qanunsuz işdən azad olunmağı barədə ərizələr ünvanlamağa başladı. Belə ki, həyat yoldaşının işdən çıxarılmasından sonra müxtəlif dövlət orqanlarına qanunsuz işdən çıxarılmağı barədə ərizə yazmağa başlamağı onun həyat yoldaşının işdə saxlanılması məqsədilə 2022-ci ildə işdən çıxmaq üçün ərizə yazdığının sübutudur. Həmçinin, 2018-ci ildə gömrük sahəsində təkmilləşmək məqsədi ilə Koreya Respublikasına kursa gedən və bu sahədə 16 illik xidməti olan şəxsin heç bir səbəb olmadan öz ərizəsi ilə işdən çıxması ağlabatan deyildir. Həmçinin, işdən azad olunduqdan sonra bugünə kimi heç bir yerdə işləməmişdir. Həqiqətən də 16 illik böyük təcrübəyə malik olan gömrük polkovnikinin öz ərizəsi ilə işdən çıxması və heç bir yerdə işləməməsi, həmçinin bütün bunların qısa müddət əvvəl özünü təkmilləşdirmək üçün ölkə hüdudlarından çox uzaqlarda kursa getmiş, bu sahəyə aid müxtəlif seminar və konfranslarda iştirak etmiş şəxsin pensiya yaşına çatmadan və ya güzəştli şərtlərə pensiya hüququna az müddət qalmış baş verməsi dediklərinin həqiqət olduğunu sübut edir. Bununla bağlı inzibati orqan- Dövlət Gömrük Komitəsinə ünvanladığı 14 noyabr tarixli məktuba cavab da verilməmişdir. İtirilmiş prosessual müddətlə bağlı onu bildirir ki, həmin əmr iddiaçıya təqdim edilməmiş və bunun nəticəsində inzibati aktdan şikayət kimi hüquqi müdafiə vasitəsi ilə tanış ola bilməmişdir. Həmin əmr imzalandığı gün təqdim olunsa idi onun şikayət etmə müddəti 2023-cü ilin mart ayının 1-nə kimi müəyyən edilməli idi. Hazırkı iş üzrə isə inzibati aktın təqdim olunmaması şikayət müddətinin hansı vaxtdan hesablanmasını müəyyən etməyi qeyri-dəqiq edir. Həmçinin, iddiaçının həyat yoldaşının Komitədə işləməsi də iddiaçının şikayət etmək səlahiyyətinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Bundan əlavə, əsl həqiqətin müəyyən edilməsi və ədalət mühakiməsinin həyata keçirilməsi üçün məhkəmə ötürülmüş prosessual müddəti bərpa etməlidir. Belə ki, inzibati məhkəmə icraatında daha zəif tərəfin qorunması və hüquqlarının güclü və səlahiyyətlərə malik olan inzibati orqana qarşı müdafiə edilməsi inzibati icraatın prinsiplərindən və mahiyyətindən irəli gəlir. Belə ki, hazırkı mübahisədə işin faktiki hallarından görünür ki, Dövlət Gömrük Komitəsi vəzifəli şəxsləri tərəfindən iddiaçının işdən çıxarılmağında müəyyən qaranlıq nüanslar vardır. Düzdür, məhkəmə işə formal yanaşaraq prosessual müddəti bərpa etməyə də bilər, ancaq bu zaman məhkəmənin ədalətli araşdırma prinsipi kobud şəkildə pozulmuş olacaqdır. Çünki məhkəmə araşdırma nəticəsində hər bir məsələyə qiymət verir, yoxsa heç araşdırmadan, məsələnin əsl mahiyyətini müəyyən etmədən kağız üzərində görünən formal həqiqətə qiymət verəcəkdirsə, o zaman məhkəmə araşdırmasının bir mahiyyəti qalmayacaqdır. Hazırkı məsələyə də ən sadə məntiqlə baxsaq işdə müəyyən qaranlıq nüanslar olduğu açıq-aşkar görünür. Ona görə də prosessual müddətin bərpası nəticəsində əldə olunan nəticə ilə bərpa olunmaması nəticəsində qaranlıq qalacaq məsələsinin əsaslılığını və önəmlilik dərəcəsi müəyyən edilərək qiymət verilməlidir. Belə ki, prosessual müddətin bərpası nəticəsində məhkəmənin itirəcəyi ən pis ehtimalla qısa müddətli vaxt itkisi ilə müddətin bərpa olunması nəticəsində gömrük sahəsində böyük təcrübəyə malik və gələcək perspektivi olan vətəndaşa qarşı edilən hüquqpozmanın qarşısının alınması ehtimalının müqayisəli şəkildə nəzərə alıb qərar verilməsi daha məqsədəuyğundur. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş yazılı etiraz onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Komitənin xx.xx.2022-ci il tarixli 1000/627Ş nömrəli əmrinin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının xx.xx.2007-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Növbətçi hissəsinin böyük inspektoru vəzifəsinə təyin edildiyi qeyd edilmişdir. xx.xx.2007ci il tarixdə tutduğu vəzifədən azad edilərək X5 İdarəsinin böyük inspektoru vəzifəsinə, xx.xx.2010-cu il tarixdə müvafiq əmrlə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci Sərnişin şöbəsinin böyük inspektor vəzifəsinə təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Dövlət Gömrük Komitəsi Katibliyinin sədrinin köməkçisi vəzifəsinə təyin edilmiş və işdən azad edilənədək, yəni xx.xx.2022-ci il tarixədək həmin vəzifədə fəaliyyət göstərmişdir. Həmçinin, iddiaçı gömrük orqanlarında xidmət dövründə təltiflərini və təhsili ilə bağlı məlumatları qeyd etmiş, inzibati aktdan şikayətlə bağlı itirilmiş prosessual müddətin ona müvafiq əmrin təqdim edilməməsilə əlaqələndirmişdir. Hesab edirlər ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı cənab Şahin Bağırova ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbindən görünür ki, iddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmrlə tanış olduğu (xx.xx.2022-ci il) tarixdən bir ay müddətində məhkəməyə müraciət edə bilərdi. İş materiallarına əlavə edilmiş iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair Komitənin xx.xx.2022-ci il tarixli 1000/627Ş nömrəli əmri iddiaçıya xx.xx.2022-ci il tarixdə təqdim edilsə də, iddiaçı qeyd olunan əmrin ona təqdim edilməsindən 2 (iki) ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-1(112)-4865/2025 saylı qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-1(112)-4865/2025 saylı qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərardad çıxarılmasını xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-1(112)- 4865/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in; -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 avqust 2022-ci il tarixli 1000/627Ş nömrəli “Xidmətə xitam verilməsi haqqında” əmrindən görünür ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, gömrük işçisi- İddiaçı (katiblik, sədrin köməkçisi, Gömrük xidməti polkovniki) öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən informasiya sistemində elektron imzadan istifadə barədə bağlanmış müqavilənin dayandırılması, elektron imza kartının ləğv edilməsi, balansdan silinməsi əmr edilmışdır. Əsas: İddiaçı ərizəsi olması göstərilmişdir. Belə ki, hazırki iş üzrə mübahisələndirilən əmr 30 avqust 2022-ci il tarixdə qəbul edildiyi halda iddiaçı iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Odur ki, iddiaçı müvafiq əmrin qəbul edilməsindən (30 avqust 2022-ci il tarixindən) təxminən 02 ildən çox vaxt keçdikdən sonra inzibati məhkəməyə şikayət etmişdir. Mübahisələndirilən əmrdə iddiaçının əmr ilə xx.xx.2022-ci ildə tanış olması barədə qeyd əlavə edilmiş və iddiaçı tərəfindən imza edilmişdir. xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavinindən (sədr vəzifəsini müvəqqəti icra edən) xahiş etmişdir. Həmin ərizə Gömrük Komitəsinin kargüzarlıq işinin təşkili şöbəsində xx/xx/035074 nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hal-hazırda mübahisələndirdiyi “Xidmətə xitam verilməsi barədə” əmrin qəbul edilməsi məhz onun özünün təşəbbüsü ilə verdiyi ərizəsi əsasında baş vermişdir. Əmrin iddiaçıya elan edilməsini əmrin surətinin üzərindəki qeyd təsdiq edir. İddiaçı əmrin mövcudluğu barədə xx.xx.2022-ci il tarixdə məlumatlı olmasına baxmayaraq, məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi üçün 2 ildən sonra məhkəməyə müraciət edilməklə qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçı iddia müddətinin buraxılmasının səbəbi olaraq inzibati aktın ona təqdim edilməməsi ilə əsaslandırsa da, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, e-2-1(112)-4865/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar