Məhkəmə qərarları › İş №2-1(103)-3019/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3019/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3019/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmaqla, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5051/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi (faktiki istifadə vəziyyətinə uyğun olmaqla) və bu torpaq sahəsində inşa edilmiş, **********29-10301 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 1 mərtəbəli fərdi yaşayış evi üzərində (22961 qeydiyyat nömrəli texniki pasporta uyğun şəkildə) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-5051/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərardadı ilə inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və inzinbi işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan, habelə qərardad iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququnu, mülkiyyət hüququnun müdafiəsi hüququnu və prosessual hüquq normalarının tələblərini pozduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia ilə bağlı işin bütün faktiki hallarını araşdırmamış, iş materiallarında olan sənədləri təhlil etməmiş, zəruri sübutları əldə etməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0.16 ha torpaq sahəsi iddiaçının adına verilmiş çıxarışda Abşeron rayonunun ərazisi kimi göstərilsə də, həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış (məhz bu səbəbdən mübahisə predmeti olan fərdi yaşayış evinə dair hüquqlar 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış və cavabdeh də bu səbədən 4 saylı Abşeron Ərazi İdarəsidir) Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisində yerləşir. İnzibati iş üzrə isə daşınmaz əmlakın inzibati ərazi aidiyyəti ilə bağlı araşdırma aparılmamış, müvafiq sorğular verilməmiş və işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə əsassız qərardad çıxarılmışdır. Beləliklə, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 2- 1(112)-5051/2024 saylı qərardadı ləğv edilməli və inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbindən və iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi **********) görünür ki, iddiaçının vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsini xahiş etdiyi torpaq sahəsi və bu torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. İş materiallarında olan məhkəmə sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-18/2-1789/2024 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Sabunçu rayonunun inzibati ərazi daxilində yerləşir. Azərbaycan SSR Ali Sovetinin 1963-cü il 4 yanvar tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədi ilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş, lakin Bilgəh Zəfəran sovxozunda yerləşən torpaq sahələri daha sonra rəsmi qaydada Sabunçu RİH-nin idarəçilyinə qaytarılmamışdır. İş materiallarında olan məhkəmə sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 5-29/2- 737/2024 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, keçmiş Bilgəh Zəfəran sovxozuna aid olmuş torpaq sahələri Abşeron rayon İcra Hakimiyyətinin idarəetməsində olmaqla Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Qeyd olunan normaların tələblərinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsini xahiş etdiyi torpaq sahəsi və bu torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozuna aid olmuş torpaq sahələri isə Abşeron rayon İcra Hakimiyyətinin idarəetməsindədir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (bənd 17.1). Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlakın yerləşdiyi ərazi Abşeron rayon İcra Hakimiyyətinin idarəetməsində olduğundan və Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırki inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi ilə əlaqədar düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5051/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar