Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-302/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-43/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 6201 nömrəli bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X5 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, mübahisəli sahə digər fiziki şəxslərin adına qeydiyyatdan keçmişdir. Bakı Apelyasiya Məhkəməsi İK-nın 2-1(103)-660/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1723/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət qərarın ləğvi hissədə qismən əsaslıdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 13785 nömrəli rəyində göstərilmişdir ki, iddiaçı tərəfindən naturada göstərilən sahə qeydiyyatdan keçmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə tam üst-üstə düşür. 6202 saylı bağ sahəsi dövlət qeydiyyatına alındıqdan sonra notarial alqısatqı əsasında iki hissəyə bölünmüşdür. “Kadastr və X7 Mərkəzi” MMC-nin mövcud bazasına əsasən iddiaçı tərəfindən naturada göstərilən 0.1219 ha torpaq sahəsinin 0.06 ha hissəsinə X2 reyestr nömrəsi **********62 nömrəli çıxarış və digər 0.06 ha hissəsinə X3 reyestr nömrəli **********63 olan çıxarış verilmişdir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “33. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının göstərdiyi bağ sahəsi qeydiyyatdan keçmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə üst-üstə düşür. İddiaçı tərəfindən naturada göstərilən 0.1219 ha torpaq sahəsinin 0.06 ha hissəsinə X2 reyestr nömrəsi **********62 nömrəli çıxarış və digər 0.06 ha hissəsinə isə X3 reyestr nömrəsi **********63 olan çıxarış verilmişdir.
34. Cavabdehin bu dəlili Azərbaycan Respublikası ƏMDK yanında DƏKÜRX xx.xx.2018-ci il tarixli, **********41 saylı mütəxəssis rəyinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 13785 saylı ekspert rəyində də əksini tapmışdır. Rəyə görə iddiaçı tərəfindən naturada göstərilən sahə qeydiyyatdan keçmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə tam üst-üstə düşür. 6202 saylı bağ sahəsi dövlət qeydiyyatından keçmiş 6202 saylı bağ sahəsinin ərazisi ilə tam-üst-üstə düşür. 6202 saylı bağ sahəsi dövlət qeydiyyatına alındıqdan sonra notarial alqı-satqı əsasında iki hissəyə bölünmüşdür.
35. Həmçinin “Kadastr və X7 Mərkəzi” MMC-nin mövcud bazasına əsasən iddiaçı tərəfindən naturada göstərilən 0.1219 ha torpaq sahəsinin 0.06 ha hissəsinə X2 reyestr nömrəsi **********62 nömrəli çıxarış və digər 0.06 ha hissəsinə isə X3 reyestr nömrəli **********63 olan çıxarış verildiyi qeyd olunmuşdur.
36. Bəhs olunanlara baxmayaraq apelyasiya məhkəməsi İPM-in 28-ci maddəsinin tələbini pozaraq X6 və X4 inzibati məhkəmə icraatına cəlb etməyib məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmamasını araşdırmamışdır.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarının göstərişlərinin icrası ilə bağlı bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olubolmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçı müvafiq subyektiv hüquqa malik olmalı; 3. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 4. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). AR Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarına görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.” Lakin öhdəliyin icrası haqqında hazırkı iddianın qeyd edilən mümkünlük şərtlərindən ikincisinə iş üzrə əməl olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. İşdən müəyyən olunur ki, iddiaçı vəfat etmiş atasının, yəni mülki hüquq qabiliyyəti xətm edilmiş şəxsin (X5) adına mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir ki, bu yolverilməzdir. İddiaçı mərhum atasının vərəsəsi olması faktını təsdiq edən vərəsəlik şəhadətnaməsinə malik deyil. Bu situasiyada iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 22.2-ci maddəsində təsbit olunmuş prosedura riayət etməli idi ki, həmin normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs (iddiaçının atası) həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi (iddiaçı) hüququn ölmüş şəxsə (iddiaçının atasına) məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana (cavabdehə) müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri (vərəsəlik şəhadətnaməsi) onu təqdim edən vərəsənin (iddiaçının) adına rəsmiləşdirilməli, başqa sözlə, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə (iddiaçı) vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına (cavabdehə) təqdim etməli və daşınmaz əmlak üzərində hüquq ölmüş şəxsin (iddiaçının atasının) deyil, artıq onun (iddiaçının) adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhum atasının miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün (Bakı şəhəri 16 saylı notariat kontorunun cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli 733 nömrəli məktubu vərəsəlik şəhadətnaməsi deyil yaxud bu sənədi əvəz etmir), vəfat etmiş atasına ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra və hər bir halda, hüquqların ölmüş şəxsin deyil, məhz öz adına qeydiyyata alınmasını cavabdehdən tələb edə bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Lakin şikayət edilən qərardan görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, iddianın mümkünlük şərtlərini yoxlamadan, mümkün sayılmayan iddiaya mahiyyəti üzrə baxıb, qanunsuz iddianı təmin etməklə, prosessual hüquq normalarını pozmuş və nəticədə səhv qərar qəbul etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə, onun mübahisənin bilavasitə mahiyyəti ilə bağlı dəlillərini müzakirə etmədən, qərarın ləğvi hissədə, qismən razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qismən təmin edilməlidir (İPM-87.6, 35.1). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-43/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 6201 nömrəli bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının mərhum atası X5 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova