Məhkəmə qərarları › İş №2-1(103)-302/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-302/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-302/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və numayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3168/2021 saylı 29.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarına əsasən 190 manat birdəfəlik müavinət ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 3168/2021 saylı 29.06.2021-ci il tarixli qərarıı ilə iddia qismən təmin edilmiş, koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış birdəfəlik ödəmənin 01.12.2020-ci il tarixədək iddiaçıya ödənilməmiş aylar üzrə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddələrinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Qərar qanunsuz və əsassızdır. Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə,ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi və buna uğun vəsaitin ayrılması nəzərədə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 "ömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəmə Məşğulluq haqqında Qanuna uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Hazırda birdəfəlik ödəmənin verilməsi proqrammı başa çatdırılaraq icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin oluaraq, ödənişlər həyata keçirilmişdir. Birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs nazirliyin Məşbulluqu alt sisteminqdə (MAS) saxlanılır və bu şəxsin istəyi ilə müraciəti olduğu halda məşğuluğunun təmin olunması məsələsinə qanunvmüvafiq olaraq baxılır. «Məşğulluq haqqında» Qanuna uyğun olaraq X3 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmsına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədi ilə SMS-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Mərkəzdə iş aparılır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədi ilə özünüməşğulluğa cəlb edir. Məhkəmə qanunvericiliyin imkanından istifadə etməyərək dövlətin əlavə maliyyə yükünə səbəb olur. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı və onun nümayəndəsi ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinliyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsinin qərarında iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, “...iddiaçı məşğulluq alt sistemində 20.12.2019-cu il tarixdən 01.12.2020-ci il tarixədək qeydiyyatda olmuş, o, birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət edərkən, birdəfəlik ödəmə almaq hüquna malik şəxs olmuşdur. Lakin, cavabdeh tərəfindən əsassız olaraq onun müraciətindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki iddia tələbi iddiaçının işsizlik statusunun müvəqqəti dayandırılma tarixinə (01.12.2020-ci il) qədər iddiaçıya ödənilməmiş 190 manat birdəfəlik ödəmənin verilməsi hissəsində təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir...” Göründüyü kimi, məhkəmə tərəfindən iddianın təmin edilməyən hissəsinin nədən ibarət olduğuna və hansı əsasla rədd edilməsinə heç bir aydınlıq gətirilmir. Halbuki, İPMin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Lakin, qərarda iddianın rədd olunan hissəsinə münasibətdə hissəsində məhkəmənin əsaslandığı faktiki halların nədən ibarət olması qeyri-müəyyəndir. Bundan əlavə, iddiaçının iddia ərizəsində irəli sürdüyü tələbi cavabdehin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 saylı qərarına əsasən 190 manat birdəfəlik müavinət ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahişindən ibarət olmuşdur. Məhkəmə isə öz qərarında fərqli bir nəticəyə gələrək, iddianın qismən təmin etdiyi hissəsində, cavabdehin üzərinə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış birdəfəlik ödəmənin 01.12.2020-ci il tarixədək iddiaçıya ödənilməmiş aylar üzrə ödənilməsi öhdəliyini qoymuşdur. Göründüyü kimi, məhkəmə işə baxarkən iddiaçının tələbini gəldiyi nəticəyə münasib olaraq dəqiqləşdirilməsində yardım da göstərməmişdir. Halbuki, İPM-in 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinin tələbindən isə görünür ki, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuş, iş natamam araşdırılmış, əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamış, iddianın təmin edilməyən hissəsi bəlli deyil, iddia tələbini dəqiqləşdirməkdə iddiaçıya yardım olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən hissəsində, prosessual hüquq normalarının pozulduğunu vurğulayan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3168/2021 saylı 29.06.2021-ci il tarixli qərarı ləğv edilməli, qeyd edilən prosesual pozuntuların aradan qaldırılması məqsədilə iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. İPM-in 87.1.1-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiya məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə və İPM-in 80, 90-cı maddələrinə əsasən məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3168/2021 saylı 29.06.2021-ci il tarixli qərarı ləğv edilsin. İş materialları məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar