Məhkəmə qərarları › İş №2-1(103)-302/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-302/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-302/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4417/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin l mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının, ona yeni çıxarış və texnki pasport verilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-4417/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona yeni çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələr üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixində ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ü/birgə 4 otaq X4, ü/birgə 4 otaq İddiaçı, 22 otaqdan 1/4 hissə X5, 22 otaqdan 1/4 hissə X6, 22 otaqdan 1/4 hissə X2, 22 otağın 1/4 hissəsindən 2-ci mərtəbədə 1 otaq y/s 20.8 kv.m, k/s 6.8 kv.m X10, 22 otağın 1/4 hissəsindən qalan hissə X13, 22 otağın 1/4 hissəsindən qalan hissəsindən 1 otaq X7, 22 otağın 1/4 hissəsindən qalan hissəsindən 1 otaq X11, 3 otaq y/s-64.4 kv.m, ü/s 91.5 kv.m X14 mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275.4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A literli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturada ayrılması qət edilmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-50/2022 saylı icra vərəqəsi ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır. Bundan başqa, mütəxəssislər tərəfindən ünvana texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən A tikilisinin 1ci mərtəbəsində yerləşən 13, 14, 15, 17 və 19 saylı sahələr digər payçı tərəfindən istifadə edildiyindən yoxlamıa-ölçü işlərinin aparılması mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən qaldırılan məsələnin həlli mümkün olmamışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-50/2022 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A literli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturada ayrılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 50/2022 saylı icra vərəqəsi ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, A tikilisinin 1ci mərtəbəsində yerləşən 13, 14, 15, 17 və 19 saylı sahələri digər payçı tərəfindən istifadə edildiyindən yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli X4 adına verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində istifadədə olan 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı, 506.7 kv.m yaşayış, 275.4 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X8 3 otaq-y/s-64.4 kv.m; köm.s- 91.5kv.m, X1 22 otaq, X4 və İddiaçı 4 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ü/birgə 4 otaq X4, ü/birgə 4 otaq İddiaçı, 22 otaqdan 1/4 hissə X5, 22 otaqdan 1/4 hissə X6, 22 otaqdan 1/4 hissə X2, 22 otağın 1/4 hissəsindən 2-ci mərtəbədə 1 otaq y/s 20.8 kv.m, k/s 6.8 kv.m X10, 22 otağın 1/4 hissəsindən qalan hissə X13, 22 otağın 1/4 hissəsindən qalan hissəsindən 1 otaq X7, 22 otağın 1/4 hissəsindən qalan hissəsindən 1 otaq X11, 3 otaq - y/s-64.4 kv.m, ü/s 91.5 kv.m X14 adlarına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3643 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X9 və X12 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evinin, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrin İddiaçı ayrılmaqla onun payının naturda ayrılması qət edilmişdir. Həmin qətnamədə qeyd edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4628 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X12 3 otaq-y/s-64,4 kv.m köməkçi sahə 91,5; X1 22 otaq, X4 və İddiaçı 4 otağının paylarına uyğun olaraq naturada real bölünməsi və İddiaçı payına düşən 2 otağın yardımçı sahələri ilə birlikdə naturada ayrılması inşaat norma və qaydalarına uyğun olaraq mümkündür. Bunun üçün A letirli yaşayış evinin birinci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmalıdır. Əlavə olaraq qeyd olunmuşdur ki, tikililər təcrid şəkildə olduğundan əlavə işlərin aparılmasına zərurət yaranmır. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli real bölgü haqqında müqavilədən görünür ki, X15 ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüquq üzrə onlara məxsus olan 4 otağın sahələrini aşağıdakı kimi müəyyən etmişlər: - X9 - №8-də sahəsi 13,5 kv.m.olan otaq, №9-da sahəsi 13,9 kv.m. olan otaq və 9№-li otağın qarşısındakı həyətyanı sahə; - İddiaçı - №17-də sahəsi 13,0 kv.m. olan otaq, №19-da sahəsi 15,5 kv.m. olan otaq, №15də sahəsi 8,9 kv.m. olan mətbəx, №13-də sahəsi 3,2 kv.m.olan köməkçi sahə, №14-də sahəsi 3,2 kv.m. olan köməkçi sahə. Onlar gələcəkdə həmin sahələrə dair bir-birilərinə qarşı heç bir iddiaları olmayacağı barədə öhdəlik götürmüşlər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturda ayrılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 10 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış və 31 may 2022-ci il tarixdə icra vərəqəsi verilməklə qətnamə icraya yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsi, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evi, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmaqla onun payının naturda ayrılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi 10 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış və 31 may 2022-ci il tarixdə icra vərəqəsi verilməklə qətnamə icraya yönəldilmişdir. Həmçinin, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X16 xx.xx.2022-ci il tarixli qərarı ilə 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində istifadədə olan 0.03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı, 506.7 kv.m yaşayış, 275.4 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı adına 4 otaq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0,03995 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 29 otaqlı 506,7 kv.m yaşayış sahəsinin, 275,4 kv.m köməkçi sahədən ibarət olan 18 nömrəli fərdi yaşayış evinin, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrin İddiaçı ayrılmaqla onun payının naturda ayrılması qət edilmişdir. Həmin qətnamə 10 may 2022-ci il tarixdə qanuni qüvvəsini almış və 31 may 2022-ci il tarixdə icra vərəqəsi verilməklə qətnamə icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İddiaçı həmin yaşayış evinin ona ayrılmış payına münasibətdə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-50/2022 saylı icra vərəqəsi ilə İdarənin üzərinə öhdəlik qoyulmamışdır, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, A tikilisinin 1-ci mərtəbəsində yerləşən 13, 14, 15, 17 və 19 saylı sahələri digər payçı tərəfindən istifadə edildiyindən yoxlama-ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən qaldırılan məsələnin həlli mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən qeyd olunan fərdi yaşayış evinin, A letirli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqlarının, 13, 14 və 15 saylı yardımçı sahələrin İddiaçı ayrılmaqla onun payının naturda ayrılması qət edilmişdir. Həmin qətnamədə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan paylı mülkiyyətin naturada ayrılması mümkündür. Həmin iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmşidir ki, İddiaçı 4 otağının payına uyğun olaraq naturada real bölünməsi və İddiaçı payına düşən 2 otağın yardımçı sahələri ilə birlikdə naturada ayrılması inşaat norma və qaydalarına uyğun olaraq mümkündür, bunun üçün A letirli yaşayış evinin birinci mərtəbəsində yerləşən 17 və 19 saylı yaşayış otaqları, 13, 14 və 15 saylı yardımçı sahələr İddiaçı ayrılmalıdır. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4417/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar