Məhkəmə qərarları › İş №2-1(103)-3020/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3020/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3020/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-2719/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ağır və zərərli işdə işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququndan istifadə etmək üçün aidiyyəti üzrə müvafiq dövlət orqanına müraciət etmişdir. Lakin, Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-192270/2024 saylı cavab məktubuna əsasən, İddiaçı güzəştli iş stajı 1 il 1 ay 18 gün (xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr) olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtina əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Belə ki, İddiaçı əmək kitabçasından xx.xx.2002-xx.xx.2010-cu il tarixlərində X4 LLC - Kepelkels Lukoil - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə takelajçı (7 il 10 ay 27 gün), xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci ilə qədər "xxxx" MMC-də takelajçı (7 ay 22 gün), xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində X4 LLC - Kepelkels Lukoil Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə takelajçı (6 il 7 ay 1 gün), xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrdə Azərbaycan Xəzər Dəniz X2 Cəmiyyəti “Zığ” Gəmi Təmiri Tikintisi Zavodunda mexaniki təmir bölməsinin takelaj sahəsinin 3-cü dərəcəli takelajçı vəzifəsində (1 il 1 ay 18 gün) işləmişdir. İddiaçı zərərli işlərdəki əmək fəaliyyəti cəmi 16 il 2 ay 28 gün hesab edilir. İddiaçının yuxarıda qeyd edilən işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının: 2150300а—18451 bəndində qeyd edilir - çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunur - çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər. Göründüyü kimi, uzun illər ərzində iddiaçının işlədiyi takelajçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının müvafiq bəndlərinə uyğundur. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, birnövdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 1 ay 18 gün (xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-2719/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq qanunvericilik aktları ilə yanaşı, formalaşmış məhkəmə təcrübəsi də Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını əsas götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. R.X3 təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2002xx.xx.2010-cu il və xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X5” LTD-də takelajçı vəzifəsində işlədiyi qeyd olunub. Lakin həmin dövrlər ərzində adıçəkilən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair işəgötürənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışı Mərkəzi Filiala təqdim olunmayıb. Həmçinin, sözügedən əmək kitabçasında İddiaçı takelajçı vəzifəsində işlədiyi müddətdə çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olub-olmaması barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də, qeyd edilən dövrləri adıçəkilən şəxsin güzəştli iş stajına daxil etmək mümkün deyil. Məhkəmənin iddiaçının xx.xx.2002-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2011ci il və xx.xx.2011-xx.xx.2017-ci il tarixlərdə işlədiyi takelajçı vəzifəsini işəgötürən müəssisə tərəfindən hər hansı bir sənəd təqdim olunmadan cavabdehin mübahisəsiz olaraq qəbul etdiyi iddiaçının xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" QSC işlədiyi takelajçı peşəsiilə eynilik təşkil etməsi səbəbindən, həmçinin əmək kitabçasında müvafiq dövrlərin mötəbər şəkildə öz əksini tapması, xx.xx.2006-cı il tarixdən sonraya münasibətdə isə məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi əsası ilə güzəştli iş stajı kimi qəbul etməsi qəbuledilməz hal kimi qiymətləndirilməlidir. Həmçinin, şəxsin əmək fəaliyyətinin əmək kitabçasında öz əksini tapması və müvafiq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məsələsi onun ümumi iş stajını məlum edən haldır ki, qeyd olunan dövr cavabdeh tərəfindən mübahisələndirilməyərək iddiaçının ümumi iş stajına daxil edilmişdir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 34 il 8 ay 5 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 8 ay 5 gün (xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1983ci il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 13 il ), güzəştli iş stajı isə 12 il 6 aydan az (1 il 1 ay 18 gün (xx.xx.2018- xx.xx.2019-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının 2018-ci ildən 2019-cu ilədək işlədiyi takelajçı vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir və qeyd olunan dövr mübahisəsiz olaraq cavabdeh tərəfindən də iddiaçının güzəştli iş stajına daxil edilmişdir. 2006-2017-ci illər ərizində iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətində takelajçı vəzifəsində işləmişdir. Lakin həmin dövrə münasibətdə inzibati orqanana işəgötürənin arayışı təqdim edilmədiyi üçün həmin dövr güzəştli iş stajına daxil edilməmişdir. Sözügedən arayış məhkəməyə də təqdim edilməmişdir. Lakin məhkəmə iddiaçının həmin müəssisədə işləməsini təsdqi edən başqa sübutlara əsaslanaraq iddianı təmin etmişdir. Mübahisələndirilən dövr inzibati orqan tərəfindən ümumi iş stajına daxil edilsə də, güzəştli iş stajına daxil edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddia tələbində qeyd olunanlar əmək kitabçası ilə öz təsdiqini tapır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən göründüyü kimi, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. İnzibati orqan hətta güzəştli iş stajına daxil etməkdən imtina etdiyi dövrü ümumi iş stajına daxil etmişdir. Cavabdeh iddiaçının güzəştli iş stajının 1 il 1 ay 18 gün mövcud olduğunu əsas gətirmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, həm mübahisələndirilməyən, həm mübahisələndirilən dövrdə iddiaçının vəzifəsi eyni olmuşdur – yəni, inzibati orqan faktiki olaraq nə iddiaçının həmin müəssisədə işlədiyini, nə də ki, gördüyü işin spesifikasını inkar etmir, lakin işəgötürənin arayışının olmaması əsası ilə müvafiq dövrü "güzəştli" olaraq qəbul etmir. Cavabdeh tərəfindən xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə güzəştli əmək şəraitində işlədiyi 1 il 1 ay 18 gün müddəti güzəştli iş stajına daxil edilmiş, xx.xx.2002-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2017-ci il tarixlərində işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək X4 LLC - Kepelkels Lukoil-Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə takelajçı, xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də takelajçı, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X4 LLC - Kepelkels Lukoil - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə takelajçı vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən iddiaçının işlədiyi xx.xx.2002-xx.xx.2010-cu il, xx.xx.2010xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2017-ci il tarixləri əhatə edən dövrə dair müəssisənin sənədləri - iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) aşkar edilmədiyindən güzəştli iş stajına daxil edilməmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının həmin dövrlərdə sadalanan müəssisə(lər)də takelajçı vəzifəsində işləməsi cavabdeh tərəfindən mübahisələdirilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Zığ”Gəmi Təmiri və Tikintisi zavodunda xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək işlədiyi mexaniki təmir bölməsində takelaj sahəsində takelajçı vəzifəsini güzəştli peşə hesab etməsinə baxmayaraq, xx.xx.2002-ci ildən xx.xx.2017-ci ilədək takelajçı vəzifəsini güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid etməməkdə haqlı olmamışdır. Belə ki, inzibati orqan şəxsin peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. İşəgötürən hüquqi şəxs - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən güzəştli arxiv arayışından bəlli olur ki, iddiaçının xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək işlədiyi takelajçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li siyahısı”nın XİV.Metal emalı bəndinin ******* a-18451çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan qəmi takelajçıları və bütün adlarda çilingərlər yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci bölməsinin - Metal emalı, 11.6-cı bəndinin - Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri, 11.6-a-çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan qəmi takelajçıları və bütün adlarda çilingərlər yarımbəndinə uyğundur və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. İddiaçının xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə işlədiyi takelajçı vəzifəsi xx.xx.2002xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2011-ci il və xx.xx.2011-xx.xx.2017-ci il tarixlərdə işlədiyi takelajçı vəzifəsi ilə faktiki olaraq eynilik təşkil edir və güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajları olmuşdur. Belə ki, “takelajçı” vəzifəsi üzrə işlər o halda güzəştli hesab oluna bilər ki, həmin işlər (1) metal emalı sahəsinə aid olsun; (2) çənlərin və gəmi bölmələrinin daxilində icra edilmiş olsun. İddiaçının “takelajçı” vəzifəsini məhz həmin sahədə və həmin şəraitdə icra etdiyi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi qərarında haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək X4 LLC - Kepelkels Lukoil-Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə, xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də və xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X4 LLC - Kepelkels Lukoil - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisədə işlədiyi takelajçı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li siyahısı”nın “XİV.Metal emalı” bəndinin 21503000 şifrəli “3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımnəndində şifrə 2150300a—18451 ilə göstərilmiş “çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “11. Metal emalı” bölməsinin “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” yarımbölməsində “çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi ИТ-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" QSC-nin arayışı ilə təsdiqlənir. Nəticə etibarı ilə iddiaçının xx.xx.2002-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2011-ci il və xx.xx.2011xx.xx.2017-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur. İddiaçı xx.xx.1962-cü il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. “Stec və digərləri Birləşmiş Krallığa qarşı” iş üzrə qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi vurğulamışdır ki, dövlətlərin sosial siyasət sahəsində geniş mülahizə səlahiyyəti olsa da, bu, ödəniş şərtlərinin özbaşına dəyişdirilməsi və ya ödənilməsinin əsassız şəkildə rədd olunması anlamına gəlmir. “Schuler-Zgraggen İsveçrəyə qarşı” iş üzrə qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sosial təminat mübahisəsi konkret şəraitdə “mülki hüquq və vəzifələr” kateqoriyasına düşürsə, 6-cı maddədəki bütün təminatlar (ədalətli araşdırma, bərabərlik, mübahisəsiz məhkəmə qərarı və s.) qorunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi sosial təminat sahəsində dövlətlərin daha geniş səlahiyyətə malik olduqlarını tanıyır. Ancaq bu səlahiyyət proporsionallıq prinsipi ilə məhdudlaşır. Başqa sözlə, qanunda açıq şəkildə nəzərdə tutulan ödənişi (pensiya, müavinət və s.) “yanlış” və ya “natamam” tətbiq etməklə şəxsi məhrum etmək, dövlətin sosial müdafiə funksiyasına ziddir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-2719/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar