Məhkəmə qərarları › İş №2-1(103)-3021/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3021/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3021/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısına salınma öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7219/2024 saylı, 30 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1994-xx.xx.2016-cı il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Xidmət müddəti bitdiyinə görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xidmət dövründə "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Prezidentin xx.xx.2011- ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq Silahlı Qüvvələrdə 20 təqvim ili qüsursuz xidmət edən hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına (bundan sonra - "Mənzil Siyahısı") daxil edilmişdir. Sonradan adı mənzil siyahısından çıxarılmışdır. Buna səbəb xx.xx.2008xx.xx.2011-ci illərdə 3 il müddətində məhkum olunmağıdır. Adının mənzil siyahısından çıxarılması qanunsuz və əsassız olduğundan mənzil siyahısına barəsində olan məlumatların bərpası barədə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Hesab edir ki, dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına adının daxil edilməsi öhdəliyi Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Belə ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa onun hüququnun yarandığı dövrdə, yəni ehtiyata buraxıldığı 2016-cı ildə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma mənzil hüququnun yarandığı tarixdən sonra, yəni xx.xx.2021-ci il tarixli Fərmanın 3- 1-ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Odur ki, hüquqi vəziyyətini pisləşdirən normativ akt kimi Prezidentin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının xx.xx.2021-ci il tarixdən sonra qüvvədə olan müddəaları geri şamil edilə və barəsində tətbiq edilə bilməz. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçularının siyahısına daxil edilməsi” tələbi əsassızdır. Belə ki, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli, 22/655 nömrəli məktubunda İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddətinin (xx.xx.1994-xx.xx.2016) 22 (iyirmi iki) il, 06 (altı) ay, Bakı Hərbi Məhkəməsinin 31 iyul 2008-ci il tarixli 3 (üç) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş şərti cəzaya əsasən məhkumluq müddəti 3 (üç) il təşkil edir. İddiaçının ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili olmadığı üçün onun dövlət vəsaiti hesabına mənzillə təmin olunması bu Fərmanın təsirinin xaricində olunduğu qeyd edilmişdir. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7219/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş və İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7219/2024 saylı, 30 may 2024-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli, 22/655 nömrəli məktubunda İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddətinin (xx.xx.1994-xx.xx.2016) 22 (iyirmi iki) il, 06 (altı) ay, Bakı Hərbi Məhkəməsinin 31 iyul 2008-ci il tarixli 3 (üç) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş şərti cəzaya əsasən məhkumluq müddəti 3 (üç) il təşkil edir. İddiaçının ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili olmadığı üçün onun dövlət vəsaiti hesabına mənzillə təmin olunması bu Fərmanın təsirinin xaricində olunduğu qeyd edilmişdir. Məhkəmə qeyd olunan qərarında cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən əsaslarla iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən imtina edilməsini “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının tələblərinə ziddi olduğunu əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Həmin Fərmanın 3-2-cü hissəsi isə aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: -3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; -3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; -3-2.3. məhkumluğun olduğu müddət. -3-3. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçının cinayət törətməkdə təqsrli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə qanun pozuntusuna, qüsura yol verməsi deməkdir. Məhkumluğun ödənilməsini və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh inzibati orqan məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - EZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı N nömrəli hərbi hissədə (xx.xx.1984-xx.xx.1984-cü il) vəzifəsi hərbi inşaatçı, N nömrəli hərbi hissədə (xx.xx.1984xx.xx.1986-cı il) vəzifəsi hərbi inşaatçı olmuş, daha sonra ehtiyata buraxılmış, N saylı hərbi hissədə (xx.xx.1994-xx.xx.1997-ci il) vəzifəsi mühəndis, N saylı hərbi hissədə (xx.xx.1997-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2014-cü il və xx.xx.2014-xx.xx.2016-cı il) vəzifəsi mühəndis-dispetçer olmuşdur. - AR Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluğun ödənildiyi və ya götürüldüyü tarix çıxıldıqdan sonra 20 (iyirmi) xidmət təqvim ili qaldığı təqdirdə hərbi qulluqçunun adı adlı siyahıya daxil edilə bilər. Ehtiyatda olan kapitan İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət ili (xx.xx.1994-xx.xx.2016) 22 (iyirmi iki) il 06 (altı) ay, Bakı Hərbi Məhkəməsinin 31 iyul 2008-ci il tarixli hökmü ilə 3 (üç) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş şərti cəzaya əsasən məhkumluq müddəti 3 (üç) il təşkil edir. Adı qeyd edilən hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili olmadığı üçün onun dövlət vəsaiti hesabına mənzil təminatı adı çəkilən Fərmanın təsiri xaricindədir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmana əsasən: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, №1476 Fərmanına əsasən qərara alınmışdır ki;

4. Aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz”. Hazırkı işin hallarından görünür ki, iddiaçı 1994 - 2016-cu illər ərzində 22,6 (iyirmi iki il altı ay) təqvim ili fasiləsiz olaraq Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Xidmət müddəti bitdiyinə görə Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra Silahlı Qüvvələrdə 20 təqvim ili qüsursuz xidmət edən hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilmiş, daha sonra çıxarılmışdır. İddiaçı hərbi xidmət dövründə Bakı Hərbi Məhkəməsinin 31 iyul 2008ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmuş və 3 (üç) il sınaq müddəti təyin edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. Sınaq müddəti 20 avqust 2011-ci il tarixdə başa çatmışdır. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddət başa çatdıqda, məhkumluq ödənilmiş sayılır. Beləliklə, iddiaçı 22 illik xidmət ilinin cəmi 3 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmişdir. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Belə ki, cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluğun ödənildiyi və ya götürüldüyü tarix çıxıldıqdan sonra 20 (iyirmi) xidmət təqvim ili qaldığı təqdirdə hərbi qulluqçunun adı, adlı siyahıya daxil edilə bilər. İddiaçının isə ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili yoxdur. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən istinad edilən Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri 15 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Fərmanı ilə qanunvericiliyə əlavə edilmişdir. İddiaçı isə xx.xx.2016-cı il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ordu sıralarından ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçının ehtiyata buraxıldığı xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş qanunvericilikdə müvafiq Fərmanın 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7219/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7219/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar