Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3024/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Üçüncü şəxs X18 və onun vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs X18) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(112)-3154/2023 nömrəli qərarından üçüncü şəxs X18 və onun vəkili X13 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 231 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X6 ona məxsus fərdi yaşayış evinə pasport qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Nizami Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, o, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 231 ünvanda yerləşən fərdi yaşayış evinin 1993-cü il tarixdə pulunu ödəməklə üçüncü şəxsdən satın almışdır. Lakin həmin ev qanunsuz tikili olduğundan rəsmi alqı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. Həmin tarixdən üçüncü şəxs bu ünvanda yaşamamış və yaşadığı ünvan 1-də yerləşən 60 nömrəli mənzilə köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür. Lakin 2012-ci il tarixdə iddiaçının hazırda yaşadığı evin söküləcəyini eşidən üçüncü şəxs dərhal Bakı şəhəri 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəməni aldatmaq hesabına qeydiyyata düşməyə nail ola bilmişdir. Belə ki, 2 saylı İnzibati-İqtisad Məhkəməsinin 29 noyabr 2012-ci il tarixdə qəbul edilmiş 2in(82)-1343/2012 saylı qərarında qeyd edilmişdir ki, güya üçüncü şəxs ünvan 2 ünvana qeydiyyata alınmır. Lakin hazırki iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami rayon məhkəməsinə üçüncü şəxsin verdiyi iddia ərizəsində qeyd edilən faktiki yaşayış ünvanından da görünür ki, üçüncü şəxs bu ünvanda yaşamır. Bu hal Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2210/2019 saylı qətnaməsində də öz təsdiqini tapır və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-1174/2020 saylı qətnaməsi ilə də təsdiq olunmuşdur. Bundan sonra, iddiaçı üçüncü şəxsin Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 231 ünvanında yaşamadığını əsas gətirərək onun pasport qeydiyyatının ləğv olması üçün cavabdehə müraciət etsə də, bu günə qədər cavabdeh onun müraciətinə cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(112)-3154/2023 saylı qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Üçüncü şəxs X18 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(112)-3154/2023 saylı qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1953-cü ildə Zəngilan rayonunda anadan olmuşdur. Ailələri atası X22, X29 Minbaşı qızı, X2 və o olmaqla 4 nəfərdən ibarət olub. Onlar 1967-cı ildə Zəngilan rayonundan Bakı şəhərinə köçərək, Bakı şəhəri Keşlə qəsəbəsində ev tikib həmin evdə yaşamağa başlamışlar. Bakı şəhəri Nərimanov rayonu X26 İcraiyyə komitəsi yığıncağının 25 iyul 1969-cu il tarixli 8 saylı protokoluna əsasən, hamısı yaşadıqları Keşlə qəsəbəsi 55 saylı MİS ərazisində yerləşən 231 saylı özbaşına tikiliyə qeydiyyata alınmışlar. Daha sonra, həmin ünvan ünvan 4 keçmişdir. X2 iş yerindən mənzil alaraq həmin mənzilə köçmüş, o isə ailə quraraq həyat yoldaşının Bakı şəhəri Binəqədi rayonunda yerləşən mənzilinə gəlin köçmüşdür. Ailənin yeganə qız övladı olduğu üçün, tez-tez valideynlərinin yanına gəlib onlara qulluq etmişdir. X29 Minbaşı qızı xx.xx.1983-cü ildə, atası X22 isə 1992-ci ildə rəhmətə getmişdir. Atasının bütün yas mərasimini həmin mənzildə keçirtmişlər və ata evinin onun olacağı razılığına gəlmişlər və o faktiki olaraq ata evinə sahiblik etmişdir. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi nəticəsində bir neçə rayonlarımız, o cümlədən Zəngilan rayonu ermənilər tərəfindən işğal olunanda, Zəngilan rayonunda yaşayan yoldaşının qardaşı (qaynı) İddiaçı ailəsi ilə birlikdə məcburi köçkün kimi Zəngilan rayonundan Bakı şəhərinə, onlara gələrək bir müddət onlarla birlikdə yaşamışlar. Həmin vaxt söhbət gedirdi ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və məcburi köçkünlər öz evlərinə qayıdacaqlar. Lakin məcburi köçkünlərin torpaqlarına qayıtması məsələsi uzandığından və mənzilləri qohumları ilə birlikdə yaşamaqda darısqallıq yaratdığından fikirləşmişlər ki, Bakı şəhəri, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 231 saylı mənzildə hələlik yaşamadıqlarına görə müvəqqəti olaraq, yəni torpaqlarınız işğaldan azad olunana kimi qohumu İddiaçı ailəsi ilə birlikdə həmin mənzildə yaşasınlar, torpaqlarımız işğaldan azad olunanda evlərini boşaldarlar. Bu barədə qohumları ilə də razılaşmışlar və atasının ilindən heç bir əmlakları (atasından qalma nə vardısa) çıxarmadan qohumlarını həmin evə köçürmüşlər. Bir müddət sonra eşitmişlər ki, evlərində qalan İddiaçı evlərində özbaşına tikinti və təmir işləri aparır. Gedib ata evlərində özbaşına tikinti aparılmasına etirazlarını bildirmişlər. Bundan sonra öyrənmişlər ki, İddiaçı 2009-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində torpaq sahəsi alaraq, həmin torpaq sahəsində 3 otaqlı ev tikib oğlunu həmin evə köçürmüş, özü isə onların evində yaşamaqda davam edir və məqsədi evlərindən çıxmamaqdır. Bu söhbətlərdən sonra, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2012-ci il tarixli qərarı ilə ünvan 5 ünvanına qeydiyyata alınmışdır ki, köçüb ata evində yaşayır. Odur ki, köçüb ata evində qalmaq istədiyini, artıq Ramana qəsəbəsində 3 otaqlı evinin olduğuna görə tikdiyi evə köçürülməsini xahiş etmişdir. Lakin İddiaçı evi boşaltmayacağını, evin artıq onun olduğunu bildirmişdir. O görmüşdür ki, məcburi köçkün və qohum olduğu üçün müvəqqəti yaşamaq üçün verdiyi ata evini İddiaçı boşaltmaq fikrində deyil, bundan sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ailə üzvləri ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi 231 saylı evdən çıxarılmaları, onun həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli (İş № 2(007)-2210/2019) qətnamə ilə onun iddia tələbini rədd edərək, onu qeydiyyatda olduğu evə köçürməkdən imtina etmişdir. Həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməmişdir. İstər Nizami rayon məhkəməsi, istərsə Apellyasiya Məhkəməsi iddia tələbini təmin etməmişdir. Bundan sonra, İddiaçı Bakı İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun ata evinə qeydiyyata alınmağı barədə 2 saylı Bakı İnzibati Məhkəməsinin 2in(81)-1343/2012 saylı xx.xx.2012-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi, onların üçüncü şəxs qismində iştirak etməsi üçün cəlb edilməsini xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi həmin vəsatəti təmin etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1952-ci il təvəllüdlü Vəliyev X3 rayonu, Alıbəyli kəndi ünvanında qeydiyyatdadır. -Nərimanov rayon İcraiyyə Komitəsinin Zəhmətkeş Deputatlarının İclasının 25 iyul 1969-cu il tarixli, 8 nömrəli protokolundan görünür ki, İcraiyyə Komitəsi tərəfindən özbaşına tikili olan ev 231-də yaşayan X22, Hacıyeva Xasagül Minbaşı qızı, X23, X7 qeydiyyata götürülməsi Nərimanov rayon milis orqanına həvalə edilməsi qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1343/2012 nömrəli 29 noyabr 2012-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı X6 ünvan 8 ünvanına qeydiyyata alınmasının cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Bakı İnzibati Məhkəməsinin 2in(82)-1343/2012 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı X8 cavabdeh Nizami rayon Polis İdarəsinə qarşı “iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iddia ərizəsi üzrə qəbul edilmiş 29 noyabr 2012-ci il tarixli qərarın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və 3-cü şəxs qismində cəlb edilməsi barədə İddiaçı, X1, X9 vəsatəti təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1920/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X8 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2in(82)-1343/2020 saylı qərardadından İddiaçı, X10 və X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020ci il tarixli, 2in(82)-1343/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2210/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X8 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı, X4 və X11 qarşı “cavabdehlərin evdən çıxarılmaları və onların evə köçürülmələri” tələbinə dair iddiaları, İddiaçı cavabdeh X12 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(103)-1174/2020 saylı qətnaməsi ilə iddiaçı X20 və üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2210/2019 saylı mülki iş üzrə qəbul etdiyi 02 oktyabr 2019-cu il tarixli qətnaməsi iddiaçı X8 və üçüncü şəxs X14 iddiasının rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 61/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2210/2019 saylı qətnaməsi 25 iyun 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018-27559-1222 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1953-cü il təvəllüdlü X20 xx.xx.2013-cü il tarixdən hal-hazıradək ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, Ş.Quliyevanın qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 087-35953-1222 nömrəli məktubu ilə göndərilmiş fərdi uçot kartoçkasının surətindən görünür ki, X20 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarı əsasında qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, 231 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Bakı şəhər Nizami rayon sektorunun xx.xx.2023-cü il tarixli 94 nömrəli arayışında qeyd edilmişdir ki, Vəliyev X3 rayonundan məcburi köçkün düşüb. Nizami rayonu, Keşlə qəs, P.Fərzəliyev 231 ünvanında müvəqqəti qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır: h/ yoldaşı X10, oğlu X19, gəlini X15, nəvəsi X24, nəvəsi X25. - Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi Bakı şəhər Nizami rayon sektorunun xx.xx.2023-cü il tarixli, 127 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zəngilan rayonundan məcburi köçkün olan İddiaçı xx.xx.1995-ci il tarixli 057476 saylı karta qeydiyyatına əsasən Nizami rayonu, Keşlə qəs, P.Fərzəliyev 231 ünvanında müvəqqəti qeydiyyatdadır. - Azərbaycan Respublikası Qaçqınların və X16 Üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli, 3-36/2-934/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş - Zəngilan rayonundan məcburi köçkün İddiaçı xx.xx.1995-ci il tarixli, 057574 saylı kart qeydiyyatına əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev 231 ünvanında müvəqqəti qeydiyyatdadır. Ailə tərkibi isə aşağıdakı kimidir. X27 - h/y, X36 – oğlu, X30 gəlini, X39 - nəvəsi, X40 - nəvəsi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı üçüncü şəxs ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Üçüncü şəxs iddiaçının sahibliyində olan yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsdir. Belə ki, apellyasiya şikayətinin əsas dəlili Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 231 saylı evin əslində üçüncü şəxsin atasına məxsus olması, müvəqqəti istifadə etməsi iddiaçıya verilməsindən ibarətdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakdır. Sözügedən evdə üçüncü şəxs Quliyeva Şükufə və onun ailə üzvləri-atası X22, X29 Minbaşı qızı, X2 yaşamış, Nərimanov rayon İcraiyyə Komitəsinin Zəhmətkeş Deputatlarının İclasının 25 iyul 1969-cu il tarixli, 8 nömrəli protokoluna əsasən həmin ünvana qeydiyyata alınmışlar. Üçüncü şəxs həmin ünvana 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1343/2012 nömrəli 29 noyabr 2012-ci il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən olunur ki, mübahisəli evdə qeydiyyatda olanların vəfat etməsi, eləcə də üçüncü şəxsin həmin evdən köçüb getməsi nəticəsində ev bir müddət boş qalmış, 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün düşmüş İddiaçı ailə üzvləri ilə həmin evə köçmüş, xx.xx.1995-ci il tarixli, 057574 saylı kart qeydiyyatına əsasən hal-hazıradək həmin ünvanda yaşayır və müvəqqəti qeydiyyatdadırlar. Hazırkı iş üzrə qeydiyyatdan çıxarılması ilə bağlı tələbə baxarkən yuxarıda qeyd edildiyi kimi üçüncü şəxsin ilk növbədə həmin evə dair əmlak hüququnun olması baxımından yoxlama ilə müəyyən olunur ki, üçüncü şəxsin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə ki, X8 adıçəkilən ünvanda yerləşən evə özünün köçürülməsi və hazırkı iddiaçının həmin evdən çıxarılması ilə bağlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(103)-1174/2020 saylı qətnaməsində məhkəmə Ş.Quliyevanın tələbini məhz əmlaka istifadə hüququnun itirilməsi və bununla da həmin yaşayış sahəsinə onun əmlak hüququnun mövcud olmaması baxımından qiymət vermişdir. Qətnamədə qeyd edilmişdir ki: (....) iddiaçı və üçüncü şəxsin özlərinin etirafına görə 1970-ci illərdən mübahisəli evdə yaşamadıqlarına və ailə qurub başqa yaşayış sahəsinə köçdüklərinə görə Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən onların mübahisəli evə qanunun analogiyası üzrə qəbul edilən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı və üçüncü şəxs tərəfindən irəli sürülmüş cavabdehlərin evdən çıxarılmaları barədə iddia tələbləri, həmçinin iddiaçının mübahisəli evə köçürülməsi barədə iddia tələbləri rədd edilməlidir. Kollegiya bu nəticəyə gələrkən həmçinin o halı da nəzərə alır ki, cavabdehlər mübahisəli evə köçdükdən sonra həmin evi söküb yenidən inşa etmişlər. Bundan başqa nəzərə alınır ki, cavabdehlər 1993-cü ildən hazıra kimi həmin evdə yaşayır və bu müddət ərzində iddiaçı və ya üçüncü şəxs buna etiraz etməmişdir. İddiaçının 2012-ci ildə məhkəmənin qərarı əsasında həmin evə qeydiyyata alınmasına dair isə kollegiya qeyd edir ki, pasport qeydiyyatı əmlak hüquqlarını yaratmır və onun məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanıb. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm faktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanunun mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğundan, üçüncü şəxs mübahisəli ünvanda yaşamadığından, iddia olunan evdə iddiaçı, onun ailə üzvləri yaşadığından və sonuncular məcburi köçkün kimi həmin ünvanda müvəqqəti qeydiyyatda olduqlarından iddiaçı üçüncü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil iddiaçının faktiki sahibliyində olduğundan, üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxs X8 apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2-1(112)-3154/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3024/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3024/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver