Məhkəmə qərarları › İş №2-1(103)-3024/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3024/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3024/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi, Üçüncü şəxs nümayəndəsi X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı2, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı8, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakmiyyətinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarda aparılan qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3286/2025 saylı, xx.xx.2025-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı8, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, onlar cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (3-cü şəxs X10 olmaqla) iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X2 Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə (hakim Fərid Mədətli) iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyatın ləğv edilməsi qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1944/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1944/2021 saylı Qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1336/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 574/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi, iş üzrə yeni Qərarın çıxarılması, iddiaçılar İddiaçı2 və qeyrilərinin iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 275/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1336/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli Qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). 3 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1938/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 574/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1938/2023 nömrəli Qərarının ləğv edilməsi, iş üzrə yeni Qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən həmin qərarı onunla əsaslandırmışdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd – Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin qərarın isə etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi də iş üzrə materiallardan müəyyən olunmur. Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Nərimanov rayon X7 İcraiyyə Komitəsinin qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Bununla da, bizə - iddiaçılara bildirilmişdir ki, üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada hüquqi qüvvəsini itirdiyi (geri çağırıldığı, ləğv edildiyi, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi) təqdirdə, iddiaçılar onların hüququnu pozduğuna istinadən həmin qeydiyyatın ləğvini tələb edə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 40-cı bəndində məhkəmə tərəfindən qeyd edilmişdir: Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd – Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Qeyd edilməlidir ki, qərarda düzəlişin edilməsi prinsip etibarı ilə mümkündür və bu səlahiyyətli dövlət orqanının məsuliyyət sferasına aiddir. (Qərarın 12-ci səhifəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 41-ci bəndində məhkəmə tərəfindən qeyd edilmişdir: Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Nərimanov rayon X7 İcraiyyə Komitəsinin qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. (Qərarın 12-ci səhifəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 42ci bəndində məhkəmə 4 tərəfindən qeyd edilmişdir: Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. (Qərarın 12-ci səhifəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 43-cü bəndində məhkəmə tərəfindən qeyd edilmişdir: Nəzərə almaq lazımdır ki, yalnız həmin evə hər hansı hüquqlarının olduğu və bunu təsdiq edən hər hansı qanuni əsasın mövcud olduğu, həmçinin üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada hüquqi qüvvəsini itirdiyi (geri çağırıldığı, ləğv edildiyi, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi) təqdirdə, iddiaçılar onların hüququnu pozduğuna istinadən həmin qeydiyyatın ləğvini tələb edə bilərdilər. (Qərarın 12-ci səhifəsi). Beləliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarını əsas götürməklə Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarı bizim – iddiaçıların hüquqlarını pozduğu üçün tərəfimizdən Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarının etibarsız hesab edilməsinə dair Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə müraciət etmələrinə zəruriyyət yaranmışdır. Onlar tərəfindən Bakı şəhəri Cavabdehə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilmiş və Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarının etibarsız hesab edilməsi xahiş edilmişdir. Lakin, Bakı şəhəri Cavabdehin xx.xx.2024-cü il tarixli, 5-14/2-1-67-016/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, ərizəyə əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi işin faktiki hallarına hüquqi qiymət verilmişdir və sözügedən Qərarın tərəflərindən ləğv edilməsi digər şəxslərin hüquq və mənafelərinə toxunulmasını qaçılmaz edir. Bildirilmişdir ki, bütün fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və mənafelərinin təmini üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (cavab məktubu qoşma olaraq əlavə edilir). Bununla əlaqədar olaraq, tərəflərindən Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmələrinə zəruriyyət yaranmışdır. İşlə əlaqədar bildirlər ki, 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı7 tərəfindən ünvan 2 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi alınmış və həmin vaxtdan aliməmizlə birlikdə həmin evdə yaşayırıq. Uşaqlarımız mübahisələndirilən ünvan 2-dən orta məktətə getmiş və 5 poliklinikalara da, oradan qeydiyyata alınmışlar. İddiaçı1 bacısı X10 həmin evdə yaşamamışdır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlib-getsə də, sonradan münasibətlər pozulmuş, heç qonaq kimi də, bu evə gəlməmişdir. Yəni bu ünvana yaşayış hüququ yaranmamışdır. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, X10 mübahisələndirilən evin onun mülkiyyətində olması barədə məhkəməyə yalan məlumat vermişdir. İlk iddiasında o, özü qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddətdir ki, məhz ünvan 3 ünvanında yaşayır. Qeyd edim ki, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b saylı fərdi yaşayış evinin 18 avqust 1993-cü il tarixdə X2 adına ilkin qeydiyyatın aparılmasına əsas olmuş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, qanunsuz tikilinin mülkiləşdiriliməsi haqqında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16/279 saylı Qərarında aydın qeyd edilmişdir ki, X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərarın surəti isə məlumat üçün X4 göndərilmişdir. Həmin qərardan göründüyü kimi vətəndaş Z.M.Səfərova vəkalətnamə vasitəsilə rayon icraiyyə komitəsinə müraciət etmişdir. Belə olan halda mübahisəli ev necə X2 adına ilkin qeydiyyatdan keçə bilərdi. Qeyd olunanlardan göründüyü kimi, X2 adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Həmin qərardan göründüyü kimi vətəndaş Z.M.Səfərova vəkalətnamə vasitəsilə rayon icraiyyə komitəsinə müraciət etmişdir. Halbuki sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni, vəkalətnamə əsasında Q.M.Quliyanın adından çıxış edən Z.M.Səfərova sonradan sözügedən əmlakın onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Məhz bu hissə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında məhkəmə kollegiyası “Daşınmaz əmlakn dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsini qeyd etmişdir. Həmin maddəyə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmçinin, diqqətinizə çatdırmaq istərdim ki, həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən X1 mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Çünki həmin şəxsin özü də bilirdi ki, məhz həmin çıxarış saxtadır və çıxarışda olan məsul şəxslərin imzası da saxtalaşdırılıb! Ona görə də həmin sənədlər üzə çıxarılmamışdır! Xüsusilə vurğulamaq lazımdır ki, çıxarış nə Ziba Səfərovada, nə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi 6 İdarəsində yoxdur. Ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən bugündək hər hansı apellyasiya və kassasiya şikayətləri verilməmişdir. Bu da, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin bizimlə razı olduğunu və bizim haqlı olduğumuzu bir daha sübut edir. İş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən araşdırılmış bəzi mühüm təfərrüatları nəzərinizə çatdırmaq istərdik ki, birinci instansiya məhkəməsinin Qərarında göstərilmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarından görünür ki, X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384.4 kv.m torpaq, 101.3kv.m tikinti, 51.1 kv.m yaşayış, 34.2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Məhkəmə araşdırması dövründə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin X2 mülkiyyətində olmasına dair sənədlərin və hüququn qeydiyyata alınmasına əsas olmuş sənədlər sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən tələb edilmiş və həmin qurumdan 29 aprel 2020ci il tarixli **********52 saylı məktub əsasında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarı və 35№-li MKİS tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli Arayış ünvanlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarında aparılan düzəliş texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqların qeydə alınması nəzərdə tutulan şəxsin yəni Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqların qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq, yeni münasibətlər yarandığından, bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmişdir, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. İnzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək Qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmişdir və beləliklə, rəsmi qeydiyyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yarandığından məhkəmə bu halın araşdırılması üçün aidiyyəti qurumlara dəfələrlə, eləcə də, Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üzərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyanın adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən Qərarın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Digər tərəfdən, işin bu halını təkzib edə biləcək sübut qarşı tərəfdən təqdim edilməmişdir. Belə ki, birinci instansiya məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinin 7 X2 mülkiyyətində olmasına dair sənədlərin və hüququn qeydiyyata alınmasına əsas olmuş sənədlər sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Bununla yanaşı, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16 N2 İİ qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından, həmçinin Bakı şəhəri Cavabdehdən dəfələrlə tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b nömrəli qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarının 1 bəndindən görünür ki, Y.Vəzirov küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir (cavab məktubu və qərar qoşma olaraq əlavə edilir). Sorğuya cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1/832 saylı cavab məktubu ilə bildirilmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16 №-li Qərarının Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən sorğunun həmin quruma göndərilməsi xahiş olunur (cavab məktubu qoşma olaraq əlavə edilir). Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 dekabr 2020-ci il tarixli **********53 saylı məktubda qeydiyyat vəsiqəsi idarənin arxivində saxlanıldığı bildirilmiş, lakin Nərimanov XDS İcraiyyə Komitəsinin qərarının əslini məhkəməyə təqdim edilmədən qərarın üzərində düzəliş olunan kserosurətini məktuba əlavə etmişdir (cavab məktubu və qərar qoşma olaraq əlavə edilir). Bununla da, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərardan göründüyü kimi vətəndaş Z.M.Səfərova vəkalətnamə vasitəsilə rayon icraiyyə komitəsinə müraciət etmişdir. Halbuki sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni ki, vəkalətnamə əsasında Q.M.Quliyanın adından çıxış edən Z.M.Səfərova sonradan sözügedən əmlakın onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Lakin, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin Qərarının üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin-Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, Qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər 8 dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmişdir. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməmişdir. Həmçinin, məhkəmə araşdırmaları zamanı Z.M.Səfərovaya verilmiş vəkalətnamə aşkar edilməmiş, 3-cü şəxs də təkrar apellyasiya baxışı zamanı vəkalətnamənin onda olmadığını bildirmiş, həmçinin, qərarın əslinin cavabdeh inzibati orqana təhvil verildiyini qeyd etmişdir. Eyni zamanda, məhkəmə bu halın araşdırılması üçün aidiyyəti qurumlara, eləcə də, Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üzərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyanın adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən Qərarın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Belə ki, zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını ,(inisəmnəlküy) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Qeyd etmək istərdik ki, ilk növbədə yuxarıda qeyd edilən vəkalətnamənin əsli və ya surəti nə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehdə, nə də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində yoxdur və iş materiallarında mövcud deyil. Göründüyü kimi, mübahisələndirilən ilkin qeydiyyat inzibati akt əsasında aparılmışdır. Həmin inzibati akta münasibətdə sözügedən inzibati akt qanunsuz inzibati akt olmuşdur. Həmçinin, onu da qeyd etmək lazımdır ki, iddiaçının sözügedən fərdi yaşayış evinə münasibətdə sosial-kommunal ödənişlərin edilməsi, elektrik, qaz, su və sair kommunal xidmətlərə görə müqavilələrin onların adına olması iddiaçının uzun müddət Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100b nömrəli evdə yaşamalarını və istifadə etmələrini təsdiq edir və vətəndaşın etimad hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının 52ci bəndində aşağıdakılar qeyd edilmişdir: 51 saylı Notariat ofisinin verdiyi akta əsasən sözügedən ünvanda İddiaçı1 ailə üzvləri ilə birlikdə yaşayırlar (Qərarın 12-ci vərəqi). 9 Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 №li Uşaq Poliklinikası tərəfindən verilən 29 noyabr 2019-cu il tarixli 232 №li Tibbi arayışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü İddiaçı1 Pərviz qızı, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanından 14 №li uşaq poliklinikasına qeydiyyata götürülmüşlər (Qərarın 12-ci vərəqi). Beləliklə, yuxarıda göstərilən əsaslara və faktlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b saylı fərdi yaşayış evinə üzərində əlyazma aparılmaqla düzəliş edilən Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarı əsasında Z.Səfərovanın mülkiyyət hüquqlarının qeydə alınmasını və həmin qərarın iddiaçıların hüquqlarını pozmasını, qeyd edilən halların həm birinci instansiya, həm apellyasiya instansiyası, həm də kassasiya instansiya məhkəmələri tərəfindən təsdiq edildiyini nəzərə alaraq, sözügedən qərarın etibarsız hesab edilməsi qanunamüvafiqdir. Bu səbəbdən də, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarının etibarsız hesab edilməsini tələb etmək məcburiyyətindəyik. Beləliklə hesab edirik ki, tərəfinizdən Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarı etibarsız hesab edilməlidir. Sonradan iddiaçılar (nümayəndəsi və vəkili vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16 saylı Qərarda aparılan qeydin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3286/2025 saylı, xx.xx.2025-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı8, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakmiyyətinə qarşı X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarda aparılan qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair verilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli 3- 21-3-30/2-5763/2025 nömrəli məktubu ilə təqdim olunmuş “Y.Vəzirov küçəsi 100b nömrəli qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” Nərimanov rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16 nömrəli qərarından görünür ki, X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Sonradan sözügedən qərarın 1-ci bəndində əlyazma ilə “Q.M.Quliyan” adının üzərində “Z.Səfərova” adı yazılmaqla düzəliş edilmiş və həmin orqanın vəzifəli şəxsinin müvafiq imzası və dairəvi möhürü ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Göründüyü kimi, iddiaçılarının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır. İddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçılar Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16 saylı Qərarda aparılan qeydin etibarsız hesab edilməsini xahiş edirlər. Belə ki, iddiaçıların mübahisə predmeti olan qərarda qeydin etibarsız hesab edilməsinin əsas məqsədi X2 Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16 saylı qərarından nəzərə yetdirdikdə müəyyən olunur ki, X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Sonradan sözügedən qərarın 1-ci bəndində əlyazma ilə “Q.M.Quliyan” adının üzərində “Z.Səfərova” adı yazılmaqla düzəliş edilmiş və həmin orqanın vəzifəli şəxsinin müvafiq imzası və dairəvi möhürü ilə təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddiaçılar qərarda qeydin etibarsız hesab edilməsi barədə tələbini ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşaması ilə əsaslandırsalar da, həmin fərdi yaşayış evinə dair hüququnun olmasını təsdiq edən hər hansı sübutu - hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Qeyd olunmalıdır ki, iddiaçılar mübahisəli qərarda qeydin etibarsızlığını, yalnız onların hüquqlarının pozulması ehtimalının mövcud olduğu halda tələb edə bilərdi. Başqa sözlə, qərarda qeydin etibarsızlığını tələb etmək üçün iddiaçılar ən azından iddia etdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ isə qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçıların mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş materialları ilə təsdiq olunmur. Belə olan halda da, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)-112/2024 saylı qərarında qeyd olunmuşdur ki; ...

36. Hazırkı mübahisəyə dair işdə iddiaçıların hüquqi marağı və məqsədi Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X2 adına aparılmış ilkin qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

37. İddiaçılar iddia tələbinin əsası kimi 1988-ci ildən ünvan 10 ünvanında yerləşən həmin fərdi yaşayış evinin onlar tərəfindən alındığına və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşadıqlarına, uşaqlarının həmin ünvandan orta məktəbə getdiyinə və poliklinikada qeydiyyata alındığına, üçüncü şəxs Ziba Səfərovanın isə həmin evdə yaşamadığı halda, üçüncü şəxsin adına həmin evə dair Nərimanov rayon X7 İcraiyyə Komitəsinin üzərində əlyazma ilə sonradan düzəliş edilmiş xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarı əsasında cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığına istinad etmişlər.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 11 ünvanında yerləşən mübahisəli yaşayış evinə üçüncü şəxsin mülkiyyət hüququna dair hazırkı cavabdehin hüquq sələfi olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarmış və bu barədə xx.xx.1993-cü il tarixli, 30/3311 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh inzibati orqanın arxivində saxlanılan həmin qeydiyyat vəsiqəsi isə üzərində düzəliş edilmiş və yenə də cavabdeh inzibati orqanın arxivində saxlanılan Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarı əsasında verilmişdir.

39. Belə ki, Nərimanov rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarına əsasən, Ziba Səfərova həmin dövlət orqanına vəkalətnamə vasitəsilə müraciət edərək, ünvan 12 ünvanında yerləşən, vətəndaş Q.M.Quliyanın 1961-ci ildən yaşadığı qanunsuz tikilinin rəsmiləşdirilməsini xahiş etmiş və həmin dövlət orqanı tərəfindən mübahisəli evin (384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini) sonuncunun adına rəsmiləşdirilməsinə icazə verilmiş, lakin sonradan həmin orqanın özü tərəfindən sözügedən qərarın “qərara aldı” hissəsinin 1-ci bəndində, evin adına rəsmiləşdirildiyi “Q.M.Quliyanın” adının üzərində əlyazma ilə “Z.Səfərova” düzəlişi edilmiş və düzəliş həmin orqanın vəzifəli şəxsinin imzası və həmin qurumun dairəvi möhürü ilə təsdiq olunmuşdur (bax: 1-ci cild, i.v. 30). Həmçinin mübahisəli fərdi yaşayış evinə dair Z.Səfərovanın adına noyabr 1992-ci il tarixində texniki pasport tərtib olunmuşdur.

40. Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd – Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarında aparılmış düzəliş imza və möhürlə təsdiq olunmuş, həmin düzəliş qərarı qəbul etmiş orqan tərəfindən təkzib olunmamış, həmin düzəlişin saxta olduğuna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qeyd edilməlidir ki, qərarda düzəlişin edilməsi prinsip etibarı ilə mümkündür və bu səlahiyyətli dövlət orqanının məsuliyyət sferasına aiddir. Bu baxımdan iddiaçıların və məhkəmənin istinad etdiyi düzəlişlə bağlı hal üçüncü şəxsin məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticə doğura bilməz.

41. Bundan əlavə, həmin qərarın etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi də iş üzrə materiallardan müəyyən olunmur. Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Nərimanov rayon X7 İcraiyyə Komitəsinin qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

43. Digər tərəfdən, iş üzrə materiallardan görünür ki, iddiaçılar məhkəməyə mübahisəli evin onların qanuni istifadəsində olduğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı da bununla bağlı hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. Həmçinin iddiaçıların həmin evə hər hansı hüququnun dövlət reyestrində qeydə alındığı da iş üzrə materiallardan müəyyən olunmur. Nəzərə almaq lazımdır ki, yalnız həmin evə hər hansı hüquqlarının olduğu və bunu təsdiq edən hər hansı qanuni əsasın mövcud olduğu, həmçinin üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada hüquqi qüvvəsini itirdiyi (geri çağırıldığı, ləğv edildiyi, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi) təqdirdə, iddiaçılar onların hüququnu pozduğuna istinadən həmin qeydiyyatın ləğvini tələb edə bilərdilər. İddiaçıların istinad etdiyi hallar (mübahisəli fərdi yaşayış evində yaşama, kommunal xidmətləri ödəmə və sair) mübahisəli fərdi yaşayış evinə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvi üçün yetərli əsas hesab oluna bilməz.

44. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə mübahisəli fərdi yaşayış evinə üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin davranışı qanuni və əsaslı sayılmalıdır. Bu zaman bu qərarın 29-cu bəndində istinad olunan normada təsbit edilən dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası da nəzərə alınmalıdır. Belə ki, həmin normaya görə, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ...

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3286/2025 saylı, xx.xx.2025-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar