Məhkəmə qərarları › İş №2-1(103)-3025/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3025/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3025/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “X5 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-651/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X7 məhkəməyə müraciət edərək, dövlət qulluğuna görə pensiya təyin olunması və təyin olunmuş pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 1972-ci ilin sentyabr ayından başlayaraq müxtəlif təşkilat və dövlət orqanlarında işləməklə sonuncu dəfə 12 yanvar 1999-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1999-cu il tarixli 02 saylı əmrinə əsasən Saatlı rayon Kənd Təsərrüfatı İdarəsi ləğv edildiyindən iddiaçı da tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra 07 mart 2019-cu il tarixdən AR ƏƏSMN yanında DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən iddiaçının müraciətinə əsasən əmək pensiyası təyin olunmuşdur. Sonradan həmin Şöbəyə müraciət edərək iddiaçıya 16 ildən artıq müddət ərzində dövlət qulluğu xidmətinə görə pensiya təyin edilməsini tələb etmişdir. Müraciəti əsasında iddiaçıya 2019-cu ilin sentyabrında pensiyaya çıxdığı gündən etibarən dövlət qulluğu pensiyası təyin olunsa da, bu günədək iddiaçıya həmin pensiya ödənilmir. İddiaçı X7 qeyd etmişdir ki, tələbi üzrə bütün qanuni, rəsmi sənədləri vardır. Dəfələrlə bu barədə nazirliyin müxtəlif idarələrinə müraciətlər etsə də, müxtəlif bəhanələrlə həmin pensiya iddiaçıya ödənilmir. Bu səbəbdən məcbur olaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında 16 fevral 1989-cu il tarixindən Azərbaycan SSR X13 Komitəsinin aparatında əsaslı tikinti şöbəsinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin vəzifədən hansı tarixdən azad edildiyi və daha sonra hansı vəzifələrdə işlədiyi əmək kitabçasına əsasən müəyyən etmək mümkün deyil. Bundan başqa əmək kitabçasının vərəqlərinin ardıcıllığı pozulmuş və digər əmək kitabçasının vərəqləri əmək kitabçasına əlavə olunmuşdur. Bu səbəbdən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə şübhə var. Qeyd edilənlər nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 xx.xx.2021-ci il tarixində vəfat etdiyi üçün Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı qismində X2 iştirakına xitam verilərək iddiaçı qismində İddiaçı iştirakı nəzərə alınmışdır. İddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia tələbi məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “X5 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsi” olaraq dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-651/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşının dövlət qulluğunda stajı 15 ildən artıq olduğundan, ona təyin edilmiş əmək pensiyası dövlət qulluğundakı iş stajları nəzərə alınmaqla yenidən hesablanmalıdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının mərhum həyat yoldaşı X3 dövlət qulluğu stajı 15 ildən az (11 il 9 ay 22 gün (xx.xx.1986-xx.xx.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bununla əlaqədar vaxtilə mərhuma ödənilmiş əmək pensiyasının sabiq dövlət qulluqçusu kimi yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. - 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh inzibati orqanın mübahisələndirmədiyi iddiaçının dövlət qulluğu stajı 11 il 9 ay 22 gün (xx.xx.1986xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Məhkəmənin xx.xx.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin cavab məktubundan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18dən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Topluda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2-ci bəndinə əsasən aparılmışdır. Qeyd edilən Siyahının 1.18-ci bəndində rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olan böyük mütəxəssis vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan SSR dövlət komitələrinin aparatında, 2.9-cu bəndində isə 1991-ci il oktyabrın 18-i tarixindən 31 avqust 2003-cü il tarixədək Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə (müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatın rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatında təminedici şöbənin müdiri vəzifəsinə) uyğunlaşdırılmışdır (Siyahının 1.15-ci bəndinə əsasən).Beləliklə,mərhum X2 Saatlı Rayon Aqrar Sənaye Birliyində və Azərbaycan SSR X13 Komitəsinin Əsaslı tikinti şöbəsinin rəisi - X8 sədr müavini vəzifəsində işlədiyi xx.xx.1986-cı ildən xx.xx.1998-ci ilədək olan müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmalıdır. Apellyasiya şikayətinin iddiaçının mərhum həyat yoldaşı X2 dövlət qulluğunda stajının 15 ildən az olması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Saatlı rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2019-cu il tarixli 34 nömrəli arayışından görünür ki, o, xx.xx.1983-cü ildə əmr N44-li Saatlı rayon İcra Komitəsinin Memarlıq və Tikinti şöbəsində mühəndis vəzifəsinə təyin olub və eyni zamanda təsərrüfat hesablı qrupun rəhbəri olmuşdur. Əmr N2-ə köçürmə yolu ilə xx.xx.1986-cı ildə X8 məktubuna əsasən xx.xx.1986-cı il olub. Vətəndaş Əliyev İ.Ö əmək haqqını rayon İcra Komitəsindən almışdır. Belə olan halda iddiaçının qeyd edilən vəzifədə işlədiyi 3 il 4 ay 10 gün də onun dövlət qulluğu stajına hesablanmalıdır. Ümumilikdə, iddiaçının mərhum həyat yoldaşının dövlət qulluğunda stajı 15 il 2 ay 2 gün təşkil edir (11 il 9 ay 22 gün+ 3 il 4 ay 10 gün). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, mərhumun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunması hüququ təmin olunması və X5 təyin edilmiş yaşa görə əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması və vəfat etdiyi xx.xx.2021-ci il tarixədək pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-651/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-651/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar