Məhkəmə qərarları › İş №2-1(103)-3026/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3026/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3026/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6308/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2005-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. 2009-cu ildən zabit kimi xidmət keçir. xx.xx.2018-ci ildən N nömrəli hərbi hissədə xidmət keçir.

2. N nömrəli hərbi hissənin komandiri vəzifəsini icra edən mayor Elnur Xudeynatov tərəfindən verilmiş arayış-məlumatdan görünür ki, mayor İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmət keçmiş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 021 nömrəli və briqada komandirinin xx.xx.2020-ci il tarixli 072 nömrəli döyüş əmrləri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş, döyüşü idarəetmə batareyasının zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S125-2TM zenit-raket dizionunun əsas döyüş mövqeyinə manevr etməsi zamanı P-18MA radiolokasiya stansiyasının döyüş vəziyyətinə gətirilməsi, divizionun kəşfiyyat vasitələrinin döyüşə hazır vəziyyətdə saxlanılması, briqadanın və divizionun komanda məntəqəsinin kəşfiyyat məlumatları ilə təmin edilməsi üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmiş, briqadanın kəşfiyyat işinin bilavasitə idarə edilməsini həyata keçirtmək, bölmələrin kəşfiyyat tapşırıqlarının düzgün icrasına nəzarət etmək, briqadanın kəşfiyyat vasitələrinin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək tapşırıqlarının icrasına cəlb edilmişdir.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 495 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 021 nömrəli döyüş əmrini rəhbər tutaraq N nömrəli hərbi hissənin idarə heyəti, S-125-2TM, təlim divizionu, radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-texniki təminat taqımının Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi əmr edilmişdir. Həmçinin həmin əmrlə döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələri yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilmiş və həmin siyahıya tədris şöbəsinin radiotexniki qoşunları ixtisasları üzrə bölməsinin müəllimi, kapitan İddiaçı da adı daxil edilmişdir.

4. Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli fəxri fərmana əsasən, kapitan İddiaçı hücum əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fərqləndiyinə görə təltif olunmuşdur.

5. İddiaçıya “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün xidmət keçdiyi N nömrəli hərbi hissə tərəfindən müvafiq siyahıya onun da adının daxil edilərək yuxarı komandanlığa–Hərbi Hava Qüvvələrinin idarəsinə (N nömrəli hərbi hissəyə) göndərilmişdir.

6. N nömrəli hərbi hissədən isə ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyi Aparatı nəzdində yaradılmış komissiyaya onun adı da daxil edilmiş siyahı göndərilmişdir.

7. Müraciətə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, arayış-məlumatın 7-ci (həmin dövrdə şəxsin cəlb olduğu X4 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi:cəlb olunmayıb) və 8-ci (iştirak etdiyi ərazilər:Kürdəmir) bəndlərində olan qeydlərə və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasın protokoluna əsasən, Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. 2009-cu ildən zabit kimi xidmət keçir. xx.xx.2018-ci ildən N nömrəli hərbi hissədə xidmət keçir. N günlük Vətən Müharibəsində o, həmin hərbi hissədə “tədris şöbəsinin radiotexniki ixtisasları üzrə bölmənin müəllimi” vəzifəsində xidmət keçmiş və X4 Qoşunlarının tərkibində döyüş əməliyyatlarında döyüş tapşırıqlarını yerinə yetirmişdir. Ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsi üçün xidmət keçdiyi N nömrəli hərbi hissə tərəfindən müvafiq siyahıya onun da adının daxil edilərək yuxarı komandanlığa–Hərbi Hava Qüvvələrinin idarəsinə (N nömrəli hərbi hissəyə) göndərilmişdir. N nömrəli hərbi hissədən isə ona müharibə veteranı adının verilməsi üçün Müdafiə Nazirliyi Aparatı nəzdində yaradılmış komissiyaya onun adı da daxil edilmiş siyahı göndərilmişdir. Lakin həmin komissiyanın xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2024-cü il tarixli 2/2-27 nömrəli imtina məktubuna əsasən, arayış-məlumatın 7-ci və 8-ci bəndlərində olan qeydlərə və döyüş əməliyyatları aparılan dövrdə (xx.xx.2020–xx.xx.2020) xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6308/2024 nömrəli, 24 may 2024-cü il tarixli qərarı (hakim A.Hüseynov) ilə iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X4, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilir.

13. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a. Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-6308/2024 №-li qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir.

15. Həmin qərar əsassız, qanunsuz olduğundan tam ləğv olunmalıdır.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. Etirazın dəlilləri iddia ərizəsinin dəlillərini təkrar edir.

Tərəflərin iştirakı:

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6308/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

21. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

22. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ..... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir: ….

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı:

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı:

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Maddə 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apelyyasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməli olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, məhkəmənin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-6308/2024 №-li qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normaların məzmunundan aydın olur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X4, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilir.

35. Cavabdehin etirazının qeyd olunan təkrarlanan dəlilləri həmçinin, apellyasiya şikayətinin də dəlili olmuşdur. Birinci instansiya məhkəməsi həmin dəlillərə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının arzuladığı hüquqi nəticəyə çatması üçün hazırki qərarın 18-20-ci bəndlərində sadalanan qanunvericilik aktlarının tələbləri baxımından tələb olunan sənədlər-hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edilməlidir.

36. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh imtinasında arayış-məlumatın 7-ci (həmin dövrdə şəxsin cəlb olduğu X4 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi:cəlb olunmayıb) və 8-ci (iştirak etdiyi ərazilər:Kürdəmir) bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz X4 bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır.

37. Həmçinin, arayış-məlumatın 7-ci bəndində iddiaçının X4 bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi və döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsinə cəlb olunmadığı qeyd edilsə də, həmin arayış məlumatın 9-cu bəndində onun döyüş təminatı üzrə döyüşü idarəetmə batareyasının zabiti qismində döyüş fəaliyyətləri zamanı briqadanın S125-2TM zenit-raket divizionunun əsas döyüş mövqeyinə manevr etməsi zamanı P-18MA radiolokasiya stansiyasının döyüş vəziyyətinə gətirilməsi, divizionun kəşfiyyat vasitələrinin döyüşə hazır vəziyyətdə saxlanılması, briqadanın və divizionun komanda məntəqəsinin kəşfiyyat məlumatları ilə təmin edilməsi üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etdiyi, briqadanın kəşfiyyat işinin bilavasitə idarə edilməsini həyata keçirtmək, bölmələrin kəşfiyyat tapşırıqlarının düzgün icrasına nəzarət etmək, briqadanın kəşfiyyat vasitələrinin döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmək tapşırıqlarının icrasına cəlb edildiyi qeyd olunmuşdur.

38. Bundan əlavə, iş materiallarından aydın olur ki, iddiaçı nəinki X4 bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş, eyni zamanda qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək fəqləndiyinə görə təltif olunmuşdur.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar–sənədlər məhkəmələr tərəfindən müəyyən edilərək tədqiq olunmuşdur.

40. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq qeyd edir ki, cavabdehin şəxsə tələbindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. İnzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

41. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

42. Beləliklə də iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı ilə əlaqədar müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6308/2024 saylı, 24 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar