Məhkəmə qərarları › İş №2-1(103)-3026/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3026/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3026/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X7, X33, X34, X28, X18, X35, X5, X22) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X7, X33, X34, X28, X18, X35, X5, X22) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxslər X18, X5, X22 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.

2. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən aprel 1972-ci il tarixdə ünvan 2 ünvanına dair X6 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib olunmuşdur.

3. xx.xx.2024-cü il tarixdə “Asan 2” tərəfindən İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, X7 (xx.xx.1995-ci il təvəllüdlü), X33 (xx.xx.2010-cu il təvəllüdlü), X34 (xx.xx.2013-cü il təvəllüdlü), X28 (xx.xx.1964-cü il təvəllüdlü), X18 (xx.xx.1992-ci il təvəllüdlü), X35 (xx.xx.1996-cı il təvəllüdlü), X5 (xx.xx.1965-ci il təvəllüdlü), X22 (xx.xx.1991-ci il təvəllüdlü) Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 4/7 D ünvanında qeydiyyatdadırlar.

4. İddiaçı, X19, X4, X6 və X8 cavabdeh Nizami RPİ-nin Qeydiyyat və X10rşı “vəzifəli şəxsin qanunsuz hərəkətlərinə” dair ərizəsi üzrə işə baxmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2285/2008 №li iş üzrə çıxartdığı xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin olunaraq, Bakı şəhəri, Nizami RPİ-nin Qeydiyyat və X14 hərəkəti qanunsuz hesab edilərək, İddiaçı, X19, X4, X6 və X8 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/7 D saylı evə pasport qeydiyyatına alınmaları qət edilmişdir.

5. Nizami RPİ-nin 3-13-52/2-5418/25 №li xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, X7 xx.xx.2015-ci il tarixdən, X28 xx.xx.2005-ci ildən, X18 xx.xx.2010-cu il tarixdən, X35 xx.xx.2018-ci il tarixdən, X5 xx.xx.2005-ci ildən və X22 xx.xx.2005-ci ildən ünvan 3 ünvanda qeydiyyatdadırlar. Həmçinin bildirirlər ki, göstərilən şəxslərin sözügedən ünvana qeydiyata alınmasına əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir.

6. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən, 4/7 D nömrəli ev inzibati ərazi bölgüsünə əsasən Birliyin balansında deyildir.

7. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-4528 №li məktubunda göstərilmişdir ki, X7 xx.xx.2015-ci il tarixdən, X34 xx.xx.2015-ci il tarixdən, X28 xx.xx.2005-ci ildən, X18 xx.xx.2010-cu il tarixdən, X35 xx.xx.2018-ci il tarixdən, X5 xx.xx.2005-ci ildən, X22 xx.xx.2008-ci il tarixdən ünvan 4 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.

9. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nizami RPİ-nin 3-13-52/2-M-5899/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X2, X23, X24, X15, X9, X25, X3 və X12 ünvan 5 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evindən X7, X33, X34, X28, X18, X35, X5 və X12 qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin (Nizami RPİ) üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evi ona məxsusdur. Həmin evi özü 1967-ci ildə tikmişdir. Həmin həyət evinə dair Bakı Şəhəri Nizami Rayon Keşlə Bələdiyyəsi tərəfindən verilən sənədi var. Lakin bu evə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədçıxarış yoxdur. Belə ki, X7, X33, X34, X28, X18, X35, X5 və X22 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evində qeydiyyatdadırlar. Lakin onların heç biri onun evində yaşamırlar və onların həmin evdən istifadə hüququ mövcud deyil. İddiaçı onların mənzilinə necə qeydiyyata düşdüyünü də bilmir. Məhkəməyə müraciət etməkdə məqsədi adları çəkilən üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Çünki iddiaçı həmin mənzilə dair hər hansı bir notarial qaydada hərəkət etmək istədikdə həmin şəxslərin notarial razılığını almalı olacaqdır.

12. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7, X33, X34, X28, X18, X35, X5, X22 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin eyni tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur

13. Cavabdeh Nizami RPİ-nin və üçüncü şəxslərin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.

15. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3274/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7508/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mümkünsüz sayılmasını onunla əsaslandırmışdır ki, iddiaçı hazırda üçüncü şəxslərin “ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakdan qeydiyyatdan çıxarılmasını xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atasına texniki pasport əsasında verilmiş mənzil iddiaçı və qardaşları arasında bölünmüş, Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsi tərəfindən verilmiş hesabat pasportuna əsasən iddiaçıya məxsus pay “ünvan 7 ünvanı ilə qeyd olunmuşdur. Lakin İddiaçı məxsus hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil və “ünvan 7 kimi iddia olunan daşınmaz əmlakın etibarlı ünvanı müəyyən edilmir. İş materiallarına əlavə olunmuş texniki pasport iddiaçının mərhum atasına məxsus olmaqla ünvan 9 ünvanına münasibətdə verilmişdir, iddiaçının atası vəfat etdikdən sonra həmin daşınmaz əmlak (ünvan 9) iddiaçı və qardaşları arasında yalnız şərti olaraq bölünmüş, hazırda iddia olunan ünvan isə səlahiyyətli olmayan orqan (Bakı şəhər Nizami rayon Keşlə Bələdiyyəsi) tərəfindən hesabat pasportunda “ünvan 7 kimi qeyd edilmişdir.

18. Birinci instansiya məhkəməsi izahında qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq “mübahisələndirilən mənzilə (həyət evi) dair mərhum atası X6 adına məxsusluq barədə arayışın verilməsi” tələbi ilə müvafiq orqana (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) müraciət etməli, məxsusluğa dair arayış alındıqdan sonra daşınmaz əmlak paylı mülkiyyətçilər (və ya vərəsələri) arasında razılaşdırılmaqla naturada bölünməklə iddiaçı daşınmaz əmlaka dair etibarlı ünvanla çıxarış əldə edərək hazırki mübahisənin həllinə nail ola bilər.

19. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mümkün saymamaqla düzgün olmayan nəticyə gəlmişdir.

20. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2- (007)2285/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsində “ərizəçilər İddiaçı, X31, X13, X16 və X20 Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X10rşı vəzifəli şəxsin qanunsuz hərəkətlərinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər və Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2-(007)2285/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ərizəçilərin ərizəsi təmin olunmuş və Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X14 hərəkəti qanunsuz hesab edilmişdir. İddiaçı, X31, X13, X16 və X20 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs, N.Abdullayev küçəsi, 4/7d saylı evə paport qeydiyyatına alınmaları qət edilmişdir.

21. Həmin qətnamə ilə iddia təmin olunarkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs, N.Abdullayev küçəsi, 4/7d saylı evə ayrıca şəxsi hesab açıldığı və iddiaçının istifadə etdikləri yaşayış sahəsinin bütün kommunal xidmət xərclərini ödədikləri müəyyən olunmuşdur.

22. Yuxarıda qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2-(007)2285/2008 saylı xx.xx.2008ci il tarixli qətnaməsində göstrərilən halları, iddiaçının adına hansı tarixdə şəxi hesab açıldığı və 3-cü şəxslərin həmin şəxsi hesab açıldığı ünvana, yoxsa fərqli ünvana, həmçinin iddiaçıya ünvanla şəxi hesab açıldığı vaxtan öncə və yaxud sonra qeydiyyata alındıqları barədə iş üçün mühüm halları araşdırmamışdır.

23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsa da onlar faktiki olaraq həmin ünvanda yaşamırlar və iddiaçı onların əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olmaları iddiaçının öz əmlakından istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus evə dair əmlak hüquqları olmayan şəxs olduğundan evin hazırkı sahibi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

25. Üçüncü şəxslər X18, X5, X22 birlikdə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiasının subyektiv əsası kimi bələdiyyənin sənədinə istinad edir ki, həmin sənəd (hesabat pasportu) fərdi tikiliyə nəinki mülkiyyət hüququna əsas verən, hətta tikilinin yerləşdiyi torpaq sahəsinə aid olmasını belə müəyyən edən sənəd deyil. Bu isə o deməkduir ki, iddiaçının ona məxsus olduğunu bildirdiyi fərdi ev özbaşına tikili statusuna malikdir. Özbaşına tikiliyə isə hüquqlar tanına bilməz (Az.Res.MM-nin 180.2-ci maddəsinə görə Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur). Bizim yaşadığımız fərdi tikilinin yerləşdiyi torpaq sahəsinin bizə ayrıldığına dair Abşeron rayon İHB-nın 20 avqust 1999-cu il tarixli, 096 saylı sərəncamından çıxarış var və həmin çıxarışda Abşeron rayon İHB- nın 15 aprel 1999-cu il tarixli, 096 saylı səracamına əsaslanmaqla bizə (ərim Elşən Mahmudova) 0,10 ha torpaq sahəsinin ayrıldığı bildirilir.İddiaçının yaşadığın evin bizim yaşadığımız ev ünvanına heç bir aidiyyəti yoxdur və olada bilməz. Birinci instansiya məhkəməsi (hakim Nəriman Abıyev) iddiaçının, bizim qeydiyyatda olduğumuz Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli ünvana qeydiyyat qeydiyyata alınmış şəxslərin qeydiyyat əsaslarını araşdırmadan, o cümlədən iddiaçının özünün iddialı olduğu ünvana hüquqlarının yaranmasının, qeydiyyata hansı sənədlər əsasında götürtdüyün araşdırmadan iddianı təmin etməsi istər maddi istər prosessual istərsə də tərəflərin qarşılıqlı münasibətləri baxımından əsaslı sayıla bilməz və ona görə də mən tərəddüd etmədən birinci instansiya məhkəməsinin işə münasibətini, iddia əsaslarına savadsız yanaşma kimi qiymətləndirirəm. Eləcə də hesab edirəm ki, bu kimi iddia ümumiyyətlə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hesab edirik ki, ərizəni təmin etməyən cavabdeh polis idarəsi imtinasında tam əsaslı olub. Çünki, cavabdeh idarəyə ərizə ilə müraciət edən ərizəçinin buna subyektiv hüquqi əsası olmayıb və yoxdur. X1 apellyasiya şikayətində qeyd etmişdir ki, texniki pasport Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarına əsasən mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənəd hesab edilmir. Daşınmaz əmlakın dövlət qeydiyyatı daşınmaz əmlak üzərində hüquqların yaranmasını, dəyişməsini, məhdudlaşdırılmasını və xitamını təsdiq edir və hüquqların dövlət tərəfindən tanınmasını təmin edir. Belə ki, yalnız dövlət qeydiyyatından keçmiş hüquq (çıxarış) hüquqi nəticə doğurur. Texniki pasport yalnız obyektin mövcudluğunu və texniki göstəricilərini müəyyən edən sənəd kimi qiymətləndirilir. Bu sənəd əmlaka hüquq müəyyən etmir, yalnız texniki qeydiyyat sənədidir. Belə olan halda, iddiaçı mübahisəli ünvan üzrə mülkiyyət hüququna malik olmamış, onun bu əmlaka dair sərəncam vermə hüququ ümumiyyətlə mövcud olmamışdır. Bundan başqa, texniki pasportun iddiaçının atasının adına tərtib edilməsi də onun şəxsi mülkiyyət hüququnun varlığını təsdiq etmir. Həmin şəxsin vəfatı nəticəsində yaranmış əmlak hüquqları (əgər varsa) qanuni vərəsəlik qaydasında müəyyən edilməlidir. Məhkəmənin texniki pasporta bu qədər hüquqi çəki verməsi və bu sənədə istinadla qeydiyyatda olan şəxslərin çıxarılmasını əsaslı hesab etməsi qanunvericiliklə ziddiyyət təşkil edir və mülkiyyət hüququnun sübut olunması tələblərinə cavab vermir. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının ona məxsus olmasını iddia etdiyi yaşayış sahəsi ilə üçüncü şəxslərin qeydiyyatda olduğu yaşayış sahəsi yanaşı ərazilərdə yerləşməklə, bir-birindən ayrı halda olan sahələrdir. Həmin yaşayış sahələri birbirindən ayrı halda qeydiyyata alınmış fərdi yaşayış evləri olsalar da, onlara ünvan verilərkən tamalilə eyni nömrədən istifadə edildiyi üçün bu hal bir sıra anlaşılmazlıqlara səbəb olmuşdur. Yəni iddaçının ona məxsus olan evə dair mülkiyyət hüququ olsa belə, ona məxsus olmayan fərdi yaşayış evindən üçünçü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edə bilməzdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Konstitusiyasının:

- 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

33. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

34. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

43. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

44. İşin faktiki hallarından müəyyən edilir ki, xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.

45. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən aprel 1972-ci il tarixdə ünvan 2 ünvanına dair X6 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib olunmuşdur.

46. xx.xx.2024-cü il tarixdə “Asan 2” tərəfindən İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, X7 (xx.xx.1995-ci il təvəllüdlü), X33 (xx.xx.2010-cu il təvəllüdlü), X34 (xx.xx.2013-cü il təvəllüdlü), X28 (xx.xx.1964-cü il təvəllüdlü), X18 (xx.xx.1992-ci il təvəllüdlü), X35 (xx.xx.1996-cı il təvəllüdlü), X5 (xx.xx.1965-ci il təvəllüdlü), X22 (xx.xx.1991-ci il təvəllüdlü) Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 4/7 D ünvanında qeydiyyatdadırlar.

47. İddiaçı, X19, X4, X6 və X8 cavabdeh Nizami RPİ-nin Qeydiyyat və X10rşı “vəzifəli şəxsin qanunsuz hərəkətlərinə” dair ərizəsi üzrə işə baxmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2285/2008 №li iş üzrə çıxartdığı xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin olunaraq, Bakı şəhəri, Nizami RPİ-nin Qeydiyyat və X14 hərəkəti qanunsuz hesab edilərək, İddiaçı, X19, X4, X6 və X8 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/7 D saylı evə pasport qeydiyyatına alınmaları qət edilmişdir.

48. Nizami RPİ-nin 3-13-52/2-5418/25 №li xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, X7 xx.xx.2015-ci il tarixdən, X28 xx.xx.2005-ci ildən, X18 xx.xx.2010-cu il tarixdən, X35 xx.xx.2018-ci il tarixdən, X5 xx.xx.2005-ci ildən və X22 xx.xx.2005-ci ildən ünvan 3 ünvanda qeydiyyatdadırlar. Həmçinin bildirirlər ki, göstərilən şəxslərin sözügedən ünvana qeydiyata alınmasına əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir.

49. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən, 4/7 D nömrəli ev inzibati ərazi bölgüsünə əsasən Birliyin balansında deyildir.

50. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-4528 №li məktubunda göstərilmişdir ki, X7 xx.xx.2015-ci il tarixdən, X34 xx.xx.2015-ci il tarixdən, X28 xx.xx.2005-ci ildən, X18 xx.xx.2010-cu il tarixdən, X35 xx.xx.2018-ci il tarixdən, X5 xx.xx.2005-ci ildən, X22 xx.xx.2008-ci il tarixdən ünvan 4 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır.

51. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.

52. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nizami RPİ-nin 3-13-52/2-M-5899/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X2, X23, X24, X15, X9, X25, X3 və X12 ünvan 5 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda üçüncü şəxslər faktiki yaşamadıqları və istifadə hüququ olmadıqları iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Belə ki, iş materiallarından və tərəflərin məhkəmə iclas zamanı verdiyi ifadələrdən də müəyyən olunur ki, iddiaçının və 3-cü şəxslərin yaşadıqları evlərin ünvanı eyni olsa da faktiki olaraq başqa-başqa yaşayış sahələridir.

54. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evi xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/4 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. Lakin 3-cü şəxslərin yaşadıqları evə dair hər hansı hüquq müəyyənedici sənədlər mövcud deyil.

55. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evinin İddiaçı xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin qeyd edilən ünvanında yerləşən mənzil üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumatın aşkar edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.

56. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur.

58. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

59. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin istifadəçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

60. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

61. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır.

62. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.

63. Müraciətdə göstərilən işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsi üzrə ünvana qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

64. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.

65. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

66. Məhkəmə kollegiyası işin faktiki hallarını, iş materiallarında olan sənədləri nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evinə dair əmlak hüquqlarının olması barədə hər hansı bir sübutun mövcud olmaması, həmin ünvanda qeydiyyatın formal xarakter daşıması və həmin ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır.

67. İşin araşdırılan hallarından da göründüyü kimi, mübahisəli yaşayış sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci ildə iddiaçının atasının adına Texniki pasport tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 2001-ci il 1 yanvarınadək tərtib olunmuş texniki pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər qismində təsbit edildiyindən, qeyd olunan hal iddiaçının gözlənilən mülkiyyət hüququnun tanınmasını təsdiq edir.

68. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, üçüncü şəxslərdən X7 xx.xx.2015-ci il tarixdən, X34 xx.xx.2015-ci il tarixdən, X18 xx.xx.2010-cu il tarixdən, yəni iddiaçının mübahisəli yaşayış sahəsinə hüquqlarının tanınması haqqında xx.xx.2008-ci il tarixli məhkəmə qətnaməsinin çıxarılmasından sonra qeydiyyata alınmışlar ki, bu hal da iddiaçının hüquqlarının pozulduğunu bir daha təsdiq edir

69. Beləliklə də, 3-cü şəxslərin sözügedən yaşayış sahəsinə dair hüquqlarının mövcudluğu sübuta yetirilmədiyindən və hal-hazırda həmin yaşayış sahəsində yaşadıqlarına dair hər hansı hüquq müəyyənedici sənədləri mövcud olmadığından, həmin şəxslərin iddiaçının mülkiyyətində olan evin ünvanında qeydiyyatda qalması iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olur.

70. Qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

71. Həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

72. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır.

73. Bundan başqa yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının sahibi olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılması məsələsinə, həmçinin mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır.

74. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.

75. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Əlavə olaraq, hazırkı mübahisənin həlli ilə bağlı Kollegiya qeyd edir ki, faktiki olaraq fərqli yaşayış sahələrinin ünvanının eyni olması nəzərə alınaraq ünvanın dəyişdirilməsi ilə bağlı tərəflərin aidiyyəti orqana müraciət etmək hüququ mövcuddur.

77. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6526/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar