Məhkəmə qərarları › İş №2-1(103)-3027/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3027/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3027/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X6 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhum anasına məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 238 saylı BTK nəzdində 1170 kv.m. sahəsi olan 3594A saylı bağa dair mərhum X2 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Mərhum anası-X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 238 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan “3594a” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli ərizələrlə cavabdehə müraciət etmişdir. Lakin sonuncu xx.xx.2022-ci il tarixli məktubu ilə göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, xx.xx.2023-cü il tarixli digər məktubunda isə sözügedən torpaq sahəsinin nömrəsi 238 nömrəli ВТК sxemində qeyd olunmadığını bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki olaraq 1170 kv.m təşkil etdiyini və şərti olaraq göstərilən torpaq sahəsinin Sabunçu rayonu inzibati ərazi vahidində yerləşməsinə baxmayaraq, vərəsələrin dairəsinin müəyyən olunması barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda torpaq sahəsinin ünvanı ’’Xəzər rayonu” kimi qeyd olunduğu bildirilərək imtina cavabı verilmişdir. Cavabdehin göndərdiyi mühəndislər tərəfindən torpaq sahəsinin dəqiqləşdirilərək təkrar ölçülüb- mərzlənməsinə, torpaq sahəsinin ölçüsü barədə imtina ərizəsini və torpaq sahəsinin “Xəzər rayonu”nun inzibati ərazi vahidində deyil, “Sabunçu rayonu”nun inzibati ərazi vahidində olması barədə vərəsələrin dairəsinin müəyyən olunması barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda texniki səhvin qanunvericiliyə uyğun olaraq düzəliş olunan nüsxəsi təqdim olunmasına baxmayaraq, onunun müraciətinə xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli **********292 nömrəli məktublarla cavab verildiyi bildirilmişdir...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Sözügedən torpaq sahəsinin nömrəsi 238 nömrəli BTK sxemində qeyd olunmamışdır. Bundan əlavə, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.m göstərilsə də, faktiki olaraq 1170 kv.m təşkil etdiyi və iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti zamanı göstərdiyi sahə ilə xx.xx.2023-cü il tarixli müraciəti zamanı göstərdiyi sahələrin fərqli olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı, şərti olaraq göstərilən torpaq sahəsinin Sabunçu rayonu inzibati ərazi vahidində yerləşməsinə baxmayaraq, vərəsələrin dairələrinin müəyyən edilməsi barədə Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 805 nömrəli məktubunda torpaq sahəsinin ünvanı “Xəzər rayonu” kimi qeyd edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 238 saylı BTK nəzdində 1170 kv.m. sahəsi olan 3594A saylı bağa dair mərhum X2 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti zamanı göstərdiyi sahə ilə xx.xx.2023-cü il tarixli müraciəti zamanı göstərdiyi sahələrin fərqli olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməklə yanaşı sözügedən torpaq sahəsinin nömrəsi 238 nömrəli BTK sxemində qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıbayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı bağ sahəsinin qanuni əsaslarla anasına verildiyini, bütün sənədlərin məhkəməyə təqdim edildiyini, həmin vaxtlar onun özü burada olmadığını və yerini təqribi bildiyini, lakin bağ sahəsinin yerini yaxşı bilən qardaşı oğlu tərəfindən yerinin mütəxəssislərə göstərildiyini bildirərək, sonuncunun şahid qismində dindirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində, iddiaçının qohumu olduğunu bildirərək göstərmişdir ki, bağ sahəsini və ətraf bağları o yaxşı tanıyır. Hər iki dəfə bağ sahəsinin yerini mütəxəssislərə onun özü göstərmiş, əminliklə deyir ki, sonuncu dəfə göstərdiyi yerin tam dəqiqliyi ilə iddiaçının anasına məxsus torpaq sahəsi olduğunu mütəxəssələrə bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin sualını cavablandırarkən, mütəxəsislər tərəfindən baxış keçirilən və barəsində müayinə aktı tərtib olunan sahənin kimsənin adına reyestrdə qeydiyyatdan keçmədiyini, boş sahə olduğunu bildirmişdir. ІІ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 238 saylı BTK nəzdində 1170 kv.m. sahəsi olan 3594A saylı bağa dair mərhum X3 məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki torpaqlar faktiki olaraq artıq əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir (de-fakto), yerdə qalan yeganə məsələ həmin torpaqların daşınmaz əmlakın dövlət reyestrində sözügedən vətəndaşların adına mülkiyyət hüquqlarının qeydiyyata adlınmasından ibarətdir (“de yure”). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına, o cümlədən cavabdeh idarnin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş əsli ilə düzlüyü təsdiq olunmuş arxiv sənədlərinə əsasən mübahisəli torpaq sahəsi iddiaçının mərhum anası X2 qanuni istifadəsində olduğu və iddiaçı isə onun qanuni vərəsəsi olduğu işdə olan sənədlərlə öz təsdiqini tapır. Belə ki, birincisi, işə əlavə ounmuş Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 13 dekab 2014-cü il tarixdə verilmiş Qeydiyyat Şəhadətnaməsinə ünvan 3 ünvanlanmış 24 iyun 2022-ci il tarixli 805 nömrəli ünvanlanmış məktubundan görünür ki, iddiaçı Z.Ə. Allahverdiyevin xx.xx.2007-ci il tarixdə ölmüş mərhum - X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə əsasən vərəsələrin dairəsi müəyyən edildikdə məlum olmuşdur ki, İddiaçı - X2 qanuni vərəsəsidir. Odur ki, cavabdeh idarədən mərhuma məxsus olan Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. Eyni zamanda, işdən görünür ki, mərhum X3, onun 5.02.1992-ci il tarixli ərizəsinə (və ona əlavə etdiyi ailə tərkibi haqqında forma-2 arayış və s.) Bakı şəhər İcrayyə Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 120 №li sərəncamı ilə Ləhiş bağ massivində 238 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmış və həmin sərəncam əsasında da ona 31 №li Order verilməklə 3594a” nömrəli 0,12 ha bağ sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qanunun qeyd olunan tələbi baxımından, tədqiq olunan arxiv sənədlərinə əsasən müəyyən olunan hallar onu deməyə əsas verir ki, mübahisəli bağ sahəsinin iddiaçının mərhum anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas mövcuddur. Cavabdehin apellyasiya şikayətinin iddiaçı sonradan fərqli torpaq sahəsini göstərməsi ilə əlaqədar iddiaçının təqdim etdiyi şahid X4 ifadəsinə əsasən müəyyən olunmuşdur ki, hər iki halda, torpağın yerini bilən və onu müəyinə üçün cavabdehin mütəxəssislərinə göstərən şəxs, iddiaçının qardaşı oğlu X5 olmuşdur. Onun məhkəməyə verdiyi şahtd iadəsindən göründüyü kimi, iddiaçının məruhm anasına məxsus yeri yaxşı tanıyır və sonradan göstərdiyi yeri dəqiqliyi ilə mərhuma məxsus olduğunu bilir. Həmin yerin məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli müayinə aktına və ona əlavə olunmuş cizgisindən isə görünür ki, göstərilən sahənin döngə nöqtələrinə armatur basdırılmış, 1-2 mişar daşı qoyulmuş, sahəsi 1170 kv.m olan torpaqdan ibarət olub, dördkünc konfiqurasiyaya malik olmaqla mütəxəssislər tərəfindən müəyyən olunan koordinatları aşağıdakılardan ibarədir. X=412815.2700, Y=4491008.2900, Z=0.0000; X=412851.6769, Y=4491037.6971, Z=0.0000; X= 412867.1691, Y=4491018.0757, Z=0.0000; X=412830.7621, Y=4490988.6687, Z=0.0000. Cavabdehin nümayəndəsinin qeyd olunan izahatından isə göründüyü kimi, həmin koordinatlar üzrə yerləşən bağ sahəsi boşdur, kimsənin alına reystrdə qeydiyyata alınmamışdır. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin bağ sahəsinin mərhum X3 məxsus olması barədə arayşın verilməsi üçüncü şəxslərin mənafeyini pozmur, həm də, cavabdeh tərəfindən həmin yerin başqa şəxsə məxsus olması da mübahisələndirilmir. Həmin bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə gəldikdə, həmin uyğunsuzluğun aradan qaldırılması məhz, cavabdeh qeydiyyat orqanını üzərinə düşən vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdeh tərəfindən iddiaçıya tələb olunan arayışın verilməsindən imtina olunması əsassızdır. Çünki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Qeyd olunanlar baxımından, cavabdeh orqan iddiaçıya mübahisələndirilən arayışın verilməsindən imtina etməklə onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4855/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar