Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3028/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3028/2023 (Açar sözlər: “əmək pensiyasından tutulmuş pulun geri qaytarılması”) Bakı şəhəri 07 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7178/2023 saylı, xx.xx.2023-cü il nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-25534/2023 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə X3 xx.xx.2023-cü il tarixli məktubunuza tərəfimizdən baxılmışdır. Bildiririk ki, 2822.60 manat artıq alınmış məbləğdən xx.xx.2022-ci il tarixdən 100.80 manat olmaqla Sizin pensiyanızdan tutulurdu. Müraciətinizlə əlaqədar pensiyanızdan tutulma xx.xx.2023-cü il tarixdən 50.40 manat olmaqla xx.xx.2026-cı il tarixədək davam edəcəkdir.” - İdddiaçıya məxsus 094085 saylı “pensiyaçının uçot vərəqindən” görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən 3 uşaq anası kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubu ilə bildirilmişdir ki, “Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli **********5 nömrəli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı müraciətinin araşdırılması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi üçün) yenidən hesablanma zamanı pensiya kapitalı xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmışdır. Nəticədə İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir.”
3. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********5 saylı qərarının qeyd hissəsindən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi üçün) yenidən hesablanma zamanı pensiya kapitalı xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmış və nəticədə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə 2.822.60 manat artıqvermə müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DSMF tərəfindən iddiaçının pul tutulmalarının dayandırılması və alınan məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından artıq hesablanmış 2.822,60 manat pulun tutulması ilə baglı hərəkətlərinin qanunsuz hesab edilərək tutulmuş pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
6. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən üç uşaq anası, olaraq 51 yaşında pensiyaya çıxmışdır. xx.xx.2022-ci ildə 65 yaşı tamam olduğu üçün işdən azad olunmuş və əmək pensiyası cavabdeh tərəfindən yenidən hesablanaraq məlum olmuşdur ki, DSMF-in işçilərinin səhv hesabına görə ondan hər ay 100,80 (yüz manat səksən qəpik) manat tutulub. Beləliklə 5 ay müddətində yəni, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar ayı da daxil olmaqla, cəmi 504 (beş yüz dörd) manat pul iddiaçıdan tutulmuşdur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyasından tutulmanın dayandırılmasını xahiş etsə də, cavabdehin cavabında ona bildirilmişdir ki, tutulma xx.xx.2023-cü il tarixdən 50.40 (əlli manat qırx qəpik) manat olmaqla xx.xx.2026-cı il tarixədək davam edəcək. Heasb edir ki, cavabdehin hərəkətləri qanunsuzdur.
7. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı 28 iyul 2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli **********5 nömrəli müraciətinə aidiyyəti üzrə baxılmış və müraciətinin araşdırılması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Bu barədə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi üçün) yenidən hesablanma zamanı pensiya kapitalı xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmalı olduğu halda. xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmış və nəticədə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Artıq alınmış məbləğ xx.xx.2022-ci il tarixdən yenidən hesablanmış məbləğdən çıxılmış (2881.85 manat artıqalma - 59.25 manat (xx.xx.2022- xx.xx.2022-ci illər üzrə keçmiş dövr) = 2822.60 manat artıqalma), qalan artıqalma məbləğinin isə 01 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 100.80 manat olmaqla xx.xx.2024-cü il tarixədək tutulması qərara alınmışdır. Bu barədə iddiaçıya Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla məlumat verilmişdir. İddiaçı daha sonra yenidən müraciət edərək, tutulmanın dayandırılmasını xahiş etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli məktubuna müraciətinə baxılmış və xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-25534/2023 nömrəli məktubla bildirilmişdir ki, müraciəti ilə əlaqədar pensiyadan tutulma xx.xx.2023-cü il tarixdən 50.40 manat olmaqla xx.xx.2026-cı il tarixədək davam edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7178/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından artıq hesablanmış 2.822,60 manat pulun tutulması ilə baglı hərəkətləri qanunsuz hesab edilərək xx.xx.2022-ci il tarixdən tutulmuş pulun geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı üçün əlverişli inzibati akt olan - qərarla təyin edilmiş əmək pensiyasından cavabdehin öz təşəbbüsü ilə tutulmalar həyata keçirilmişdir. Lakin bundan öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
10. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü, 11.1-ci, 17.1-ci, 67.1-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi üçün) yenidən hesablanma zamanı pensiya kapitalı xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmış və nəticədə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Artıq alınmış məbləğ xx.xx.2022ci il tarixdən yenidən hesablanmış məbləğdən çıxılmış (2881.85 manat artıqalma - 59.25 manat (xx.xx.2022- xx.xx.2022- illər üzrə keçmiş dövr) = 2822.60 manat artıqalma), qalan artıqalma məbləğinin isə 01 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 100.80 manat olmaqla xx.xx.2024- cü il tarixədək tutulması qərara alınmışdır. Bu barədə iddiaçıya Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla məlumat verilmişdir. İddiaçı daha sonra yenidən müraciət edərək, tutulmanın dayandırılmasını xahiş etmişdir. iddiaçının 16.01,2023-cü il tarixli müraciətinə baxılmış və xx.xx.2023-cü il tarixli 3- 17-1/2-A- 25534/2023 nömrəli məktubla bildirilmişdir ki, müraciəti ilə əlaqədar pensiyadan tutulma 01,02.2023-cü il tarixdən 50.40 manat olmaqla 30.11,2026-cı il tarixədək davam edəcəkdir. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamış və qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır, inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə).
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, şin hallarına görə iddiaçıya 28 iyul 2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin dəlillərinə görə iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli **********5 nömrəli müraciətinə aidiyyəti üzrə baxılmış və müraciətinin araşdırılması zamanı onun əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Bu barədə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarın qeyd hissəsində qeyd edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi üçün) yenidən hesablanma zamanı pensiya kapitalı xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək nəzərə alınmış və nəticədə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Artıq alınmış məbləğ xx.xx.2022-ci il tarixdən yenidən hesablanmış məbləğdən çıxılmış (2881.85 manat artıqalma - 59.25 manat (xx.xx.2022- xx.xx.2022-ci illər üzrə keçmiş dövr) = 2822.60 manat artıqalma), qalan artıqalma məbləğinin isə 01 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay 100.80 manat olmaqla xx.xx.2024-cü il tarixədək tutulması qərara alınmışdır. Bu barədə iddiaçıya Fondun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla məlumat verilmişdir. İddiaçı daha sonra yenidən müraciət edərək, tutulmanın dayandırılmasını xahiş etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli məktubuna müraciətinə baxılmış və xx.xx.2023-cü il tarixli 3-17-1/2-A- 25534/2023 nömrəli məktubla bildirilmişdir ki, müraciəti ilə əlaqədar pensiyadan tutulma xx.xx.2023- cü il tarixdən 50.40 manat olmaqla xx.xx.2026-cı il tarixədək davam edəcəkdir.
25. Məhkəmə hesab edir ki, cavabdehin hərəkəti qanunsuz olmuşdur.Belə ki, iddiaçı üçün əlverişli inzibati akt olan - qərarla təyin edilmiş əmək pensiyasından cavabdehin öz təşəbbüsü ilə tutulmalar həyata keçirilmişdir.
26. Lakin bundan öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.
27. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən onun pensiyasından tutmalar həyata keçirmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
28. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
29. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
30. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir.
32. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. 33.Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
34. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
35. Bu baxımdan iddiaçının müraciətindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir
36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı qənaəti əsaslı olmuşdur, odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7178/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7178/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.