Məhkəmə qərarları › İş №2-1(103)-3028/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3028/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3028/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi, güzəştli mənzil növbəsinə götürülməsi, mənzillə təmin etməyi və məhkəmə tərəfindən qəbul edilmiş qərarın icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işi üzrə Açar sözlər: (mənzil növbəsinə götürülmə, hüquqdan sui-istifadə, vicdanlılıq prinspi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Bakı şəhəri, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-21/ə-İ- 16-068/24 saylı qərarının ləğv edilməsi, güzəştli mənzil növbəsinə götürülməsi, mənzillə təmin edilməyi və məhkəmə tərəfindən qəbul edilmiş qərarın icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1005/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, vəziyyətini nəzərə alıb onun şəhid ailəsi kimi mənzil qeydiyyatına alınmasını və mənzillə təmin edilməsi üçün tapşırıq verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, 20 yanvar şəhid ailəsi kimi dövlət tərəfindən Nəsimi rayonu, Tbilisi prospekti, ev 54 ünvanında yerləşən 27 saylı mənzil ilə təmin olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəhid ailələrinə verilən imtiyazdan istifadə etdiyinə görə təkrar olaraq güzəştli mənzil növbəsinə götürülməsi ilə bağlı xahişin yerinə yetirilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri, Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-21/ə-İ-16-068/24 saylı qərarının ləğv edilməsi, güzəştli mənzil növbəsinə götürülməsi, mənzillə təmin edilməyi və məhkəmə tərəfindən qəbul edilmiş qərarın icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuş X6 ilə 23 avquat 1984-ci ildə Bakı şəhərində birgə nikaha daxil olaraq 20 yanvar 1990-ci il tarixə qədər, şəhid olan günə kimi birlikdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Birgə nikahdan 2 qız övladı vardır. Həyat yoldaşı X1 Rayon WAQ Şöbəsi tərəfindən verilən 12 aprel 1990-cı il tarixli, İV/-ЖГ269409 saylı ölüm haqqında şəhadətnaməyə əsasən 22 yanvar 1990-cı il tarixdə döş qəfəsindən aldığı odlu silah yarası ilə öldürüldüyü (şəhid olduğu) təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon ƏSMM tərəfindən verilən xx.xx.2007- ci tarixli şəhid vəsiqəsinə görə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" 3 sentyabr 1993-cü il Azərbaycan Respublikasının Qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2-1(112)-1005/2025 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2-1(112)-1005/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddianın rədd edilməsi üçün heç bir hüquqi əsas göstərilməmişdir. Yalnız müvafiq məcəllələrin maddələrini sadalamaqla imtinanın əsaslığına qanuni don geyindirilməyə çalışılmışdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin prinsiplərinə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 saylı, xx.xx.2021-ci il tarixli 2449 saylı və xx.xx.2021-ci il tarixli, 2871 saylı sərəncamları ilə əhatə olunan imtiyazlı şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Qanunun tələblərindən göründüyü kimi şəhid ailəsi kimi onun mənzil növbəsinə götürülməməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Odur ki, Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2-1(112)-1005/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. .... Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. ... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. ... Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı mənzil növbəsinə götürülməsinə və mənzillə təmin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan tələbin təmin edilməsindən imtina edərkən iddiaçının 20 yanvar şəhid ailəsi kimi dövlət tərəfindən ona verilən imtiyazdan istifadə etməsini əsas götürmüşdür. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsi kimi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən 54 saylı binanın, 27 nömrəli mənzili ilə təmin edilmişdir. İddiaçı daha sonra dövlət mənzil fondundan ona şəhid ailəsi olduğu üçün ayrılmış mənzili qızına bağışlamış, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğundan şəhid ailəsi kimi imtiyazlı mənzil növbəsinə götürülməsi barədə təkrar cavabdehə müraciət etmişdir. İddiaçının adına ümumi paylı xüsusi mülkiyyət hüququ ilə ünvan 1 xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...Azərbaycan Respublikasının müvafiq qanunvericiliyin prinsiplərinə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 saylı, xx.xx.2021-ci il tarixli 2449 saylı və xx.xx.2021-ci il tarixli, 2871 saylı sərəncamları ilə əhatə olunan imtiyazlı şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Qanunun tələblərindən göründüyü kimi, şəhid ailəsi kimi onun mənzil növbəsinə götürülməməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur...”. Məhkəmə tərkibi birinci instansiyasının gəldiyi nəticə ilə razılaşır. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əsasən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 2, mənzil 27 və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair müvafiq sənədlər təqdim edilmişdir. 05 dekabr 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1993-cü ildə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən 54 saylı binanın, y/sah 27,4 kv.m, ü/sah 39.1 kv.m olan 2 otaqlı 27 nömrəli mənzili qızı X3 bağışlamışdır (i.v.100-101). Bundan başqa, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışa əsasən ünvan 1 (1/3 hissədən qalan payın ½ hissəsi) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı 20 Yanvar şəhidinin ailə üzvü statusuna malikdir. Dövlət bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə öz konstitusion və qanunvericilikdən irəli gələn öhdəliyini yerinə yetirərək, onu ünvan 2 ünvanında yerləşən 27 saylı mənzillə təmin etmişdir. Bununla da, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində vətəndaşın mənzil təminatı dövlətin səlahiyyətli orqanı tərəfindən tərəfindən tam şəkildə reallaşdırılmışdır. Qanunvericiliyin sistemli təhlili göstərir ki, dövlət büdcəsi hesabına imtiyazlı kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi birdəfəlik xarakter daşıyır. Dövlət tərəfindən mənzillə təmin olunmuş şəxsin təkrarən eyni əsaslarla (şəhid ailəsi statusuna görə) mənzil növbəsinə götürülməsi və ya ona ikinci dəfə mənzil verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, əks yanaşma sosial ədalət prinsipinə və dövlət vəsaitlərinin səmərəli istifadəsi qaydalarına (dövlət maliyyəsi—xəzinəsi vəsaitinin əsassız xərclənməsinə) zidd olardı. Çünki uzun müddətdir ki, mənzil növbəsində qeydiyyatda olan və mənzilə ehtiyacı olan vətəndaşlar var. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, iddiaçının yenidən mənzil növbəsinə götürülərək mənzillə təmin edilməsi ədalətli hesab edilə bilməz. Həm də bu hal hüquqdan sui-istifadə və dürüstlük qaydasına zidd olardı. Çünki haqların istifadəsi, o cümlədən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma və mənzillə təmin edilmə hüququndan istifadə vicdanlılıq meyarına (dürüst və ədalətli insanın hərəkət tərzinə) uyğun gəlməlidir. Nəzərə alınmalıdır ki, Roma hüququndan irəli gələn “bona fides” prinsipi “vicdanlılıq” mənası verməklə yaxşı niyyəti ifadə edən anlayış kimi qəbul olunur. Elmi ədəbiyyatda vicdanlılıq “obyektiv vicdanlılıq” və “subyektiv vicdanlılıq” kimi fərqləndirilir. “Obyektiv vicdanlılıq” subyektin hüquq münasibətində dürüstlüyünü, açıqlığını (davranışında şəffaflığını) və digər tərəfin maraqlarına ağlabatan hörmət nümayiş etdirməklə minimal dərəcədə nəzərə alınmasını tələb edən davranış standartıdır. “Subyektiv vicdanlılıq” isə şəxsin hüquqi cəhətdən əhəmiyyətli faktlar barədə üzrlü olaraq məlumatsız olması (və ya görünən hüquqi vəziyyətin həqiqi vəziyyətə uyğun olmadığını bilməməsi və bilmək imkanına malik olmaması) kimi başa düşülür. Vicdanlılıq prinsipi qüvvədə olan qanunvericilikdə birbaşa qeyd edilməsə də, nəzəri baxımdan, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsasən təsdiq edilir ki, həmin prinsip Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində ümumi prinsiplərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı). Obyektiv vicdanlılığa dair Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Vicdanlılıq prinsipi hüquqlardan sui-istifadəyə qarşı olan bir prinsip olaraq Konstitusiyanın 24-cü maddəsinin 3-cü hissəsində belə təsbit edilmişdir ki, hüquqlardan sui-istifadəyə yol verilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqdan sui-istifadənin yolverilməzliyi barədə qərarında göstərmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan sui-istifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli Qərar, § 62). Məhkəmə tərkibi belə qənaətə gəlir ki, iddiaçı mülkiyyət hüququndan istifadə edərək dövlət tərəfindən ona verilmiş daşınmaz əmlakı öz qızına bağışlamışdır. İddiaçının öz əmlakı barəsində sərəncam verməsi (onu bağışlaması) onun subyektiv hüququ olsa da, bu hal dövlət qarşısında yeni mənzil öhdəliyi yaratmır. Vətəndaşın mənzili bağışlaması nəticəsində mənzilsiz qalması onun öz iradəsi ilə atdığı addımdır və bu hal səlahiyyətli orqan tərəfindən iddiaçının mənzillə təmin edilmə öhdəliyinin icra edilməməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə desək, Bakı şəhəri Cavabdeh İddiaçı mənzil növbəsinə götürülməsindən imtinası qanuni və əsaslı hesab edilməlidir. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2-1(112)-1005/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar