Məhkəmə qərarları › İş №2-1(103)-3029/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3029/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3029/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 49/2022 saylı, 31 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, YAT/NA, ev 4, 37 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 1983-cü il tarixdən 02 dekabr 1991-ci il tarixədək "xxxx" İstehsalat Birliyində (keçmiş Bakı Radiozavod) işləmişdir. Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, birliyə məxsus olan S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçularına yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxtadək yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X1 İttifaqı Komitəsinin və X2 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 2-ci mərtəbədə 18 kvm-lik 1 otaqlı 37 №-li mənzilin ona verilməsi qərara alınmış, həmin mənzilə dair onun adına order verilmişdir. ünvan 2 ünvanında yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin siyahısında onun adı 15-ci sırada qeyd olunmuşdur. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər MənzilKommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 1A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Uzun illər qeyd olunan mənzil onun və ailə üzvlərinin istifadəsində olmasa da, həmin mənzil üzrə bütün konumnal xidmət haqları vaxtlı vaxtında ödənilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə prezidentinin təşəbüsü ilə qeyd olunan yataqxanada yaşayan məcburi köçkünlərə yeni mənzillər verilmiş və həmin insanlar qeyd olunan mənzillərə köçürülmüşlər. Bundan sonra o, qeyd olunan mənzilə dair ona verilmiş order üzrə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. Cavabdeh iddia tələbinə etirazlar təqdim edərək etirazlarını onunla əsaslandırmışdır ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı əldə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X4, arvadı X6, oğlu Elvin Qasımov və qızı Samirə Qasımova məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Bundan istifadə edən İddiaçı 37 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "xxxx" İstehsalat Zavodunun xx.xx.2001-ci il tarixli, 084 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq məcburi köçkün yaşadığı boş olmayan 37 saylı otaq onun istifadəsinə verilmişdir. Hal-hazırda İddiaçı Mingəçevir şəhəri, Əkinçi küçəsi, 12 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı otağını zəbt etmişdir. Qeyd edilən orderin isə "xxxx" İstehsalat Birliyinin müdiriyyəti tərəfindən möhürlə təsdiq edilməmiş, həmçinin mənzil sahəsinin verilməsi barədə adıçəkilən təşkilatın müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarı olmamışdır. Əldə olan protokolların surəti isə şablon xarakterli olmaqla həqiqəti əks etdirmir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Üfüq" İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin məskunlaşdığı boş olmayan 37 saylı otağa dair İddiaçı verilmiş xx.xx.2001-ci il tarixli, 084 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, Bakı "xxxx" zavodu MMC tərəfindən İddiaçı adına orderin verilməsi təsdiq olunmadığından, həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. İddiaçı xx.xx.1983-cü il tarixdən, xx.xx.1984-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək "xxxx" zavodunda işləmişdir. İddiaçı mübahisələndirilən orderi Bakı "xxxx" İB-yi ilə əmək münasibətlərinə xitam veriləndən 9 il 9 ay 1 gün müddət keçəndən sonra əldə etmişdir. Göründüyü kimi İddiaçı müxtəlif yollardan istifadə edərək, Bakı "xxxx" İstehsalat Birliyi ilə əmək münasibətlərinə xitam veriləndən 9 il 9 ay 1 gün müddət keçəndən sonra zavodda işləyən subay işçilər üçün yataqxanada məcburi köçkün ailəsinin istifadəsində və sahibliyində olan 37 saylı mənzili ələ keçirmək məqqsədilə heç bir hüquqi əsas olmadan qanunsuz olaraq xx.xx.2001-ci il tarixli, 084 saylı orderi əldə etmişdir. Orderdə göstərilən xx.xx.2001-ci il tarix isə qeyri-iş günü-bazar günü olmuşdur. İddiaçının Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 37 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2 və 68-69-cu maddələrini rəhbər tutaraq İddiaçı iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı ilə (hakim Ş.Həsənova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, o köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsində göstərilən şəxslər kateqoriyasına aid deyildir. Birinci instansiya məhkəməsi əsassız olaraq orderin verilmə əsaslarının qanunsuz olduğunu qeyd etmişdir. İşdən görünür ki, mənzilə dair order 2001-ci ildə verilmiş, 2018-ci ildən isə faktiki olaraq həmin mənzildə yaşayır, həmin mənzil 21 ildir ki, ona məxsusdur.Oreder mülki məhkəmələrdə mübahisələndirilmiş, lakin orderin qanuni, əsaslı olmasına dair məhkəmələr qiymət vermişlər. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasınnda iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından da görünür ki, Bakı "xxxx" İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2001-ci il tarixli, 14 saylı protokolundan çıxarışa əsasən birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 2-ci mərtəbədə 1 otaqlı 18 kv.m sahəsi olan 37 saylı otağın İddiaçı adına HİK-nin qərarı ilə order əsasında sənədləşdirilməsi və mənzilə pasport qeydiyyatın salınması qərara alınmışdır. İddiaçıya həmin mənzilə dair Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 14 saylı protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2001-ci il tarixli birgə qərarına əsasən xx.xx.2001-cı il tarixli, 084 nömrəli order verilmişdir. Bakı “Radioquraşdirma” İBnin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışa görə Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, birliyə məxsus yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi, yataqxanalarda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İddiaçı orderə əsaslanmaqla onunla mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəni təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. - 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51.1-ci maddəsinə əsasən, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 84-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. - 106-cı maddəsinin tələblərinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın: -14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə): - 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. - 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin: - 6-cı maddəsinə əsasən, mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. - 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. - 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. - 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının kirayə müqaviləsinin bağlanmasını xahiş etdiyi ünvan 4 ünvanında yerləşən 37 nömrəli mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Belə ki, işin araşdırılmış hallarına qiymət verərək Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. İddiaçı mənzil üzrə qeydiyyatının olduğuna istinad edir ki, bununla bağlı da Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış,məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, İddiaçı verilmiş xx.xx.2001-cı il tarixli, 084 nömrəli orderdə Bakı "xxxx" İB-nin müdiriyyəti və HİK-nın 14 saylı protokolu ilə rəsmiləşdirilməsi, 06 avqust 2001-ci il tarixli birgə qərarına əsas verilməsi, iş yerinin "xxxx" İB olmaqla növbə əsasında verilməsi qeyd edilsə də iddiaçı həmin dövrdə "xxxx" İB-də işləməmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından göründüyü kimi, o, Bakı "xxxx" Zavodundan müxtəlif vəzifələrdə xx.xx.1991-ci ilə kimi işləmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-49/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar