Məhkəmə qərarları › İş №2-1(103)-3029/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3029/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3029/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə ona dəqiqləşmə verərək Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 0,25 ha olan 1001 saylı bağ sahəsinin X5 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 0,25 ha olan 1001 saylı bağ sahəsi mərhum əri X5 25 yanvar 1966-cı il tarixdə bağlanmış 11856 saylı müqavilə əsasında ayrılmış, həmin tarixdən onların istifadəsindədir. B Həmin yerdə ev tikilmiş, ağaclar əkilmişdir. Qonşularla hər hansı mübahisələri yoxdur. Ərinin vəfatından sonra ondan qalmış miras əmlaka dair39 saylı Notariat ofisində vərəsəlik işi açılmış və arayış verilməsi üçün cavabdeh idarəyə müraciət olunmuş, sonuncu isə bağ sahəsinin sxematik xəritəyə uyğunsuzluq təşkil etdiyini, 800 ilə başlayan torpaq sahəsinin ərizisinə uyğun gəldiyi bir hissəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyini bildirərək əsassız olaraq arayış verməkdən imtina etmişdir...” Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 442 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində mümkün sayılmamışdır. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...1001 nömrəli torpaq sahəsi ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Sxematik xəritəyə əsasən həmin torpaq sahəsi 800 ilə başlayan əraziyə uyğun gəlir və torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs X1 adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bundan əlavə müqaviləyə dair qovluqda aşkar olunan 16 aprel 1982-ci il tarixli məlumata əsasən icarədarın bağ sahəsindən istifadə etməməsi səbəbindən müqavilə müddətinin artırılmasının mümkün olmadığı qeyd edilmişdir....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 378/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə mahiyyəti üzrə baxılan hissədə təmin edilərək aşağıdakılar qərara alınmışdır: “Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 0,2058 ha ölçüdə 1001 saylı bağ sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin 41,16 manat hissəsinin cavabdeh tərəfindən, 8,84 manat hissəsinin iddiaçı tərəfindən X8, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi həmin şəxslərə həvalə edilsin.” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İdarənin arxivində Ləhiş bağ massivində yerləşən 1001 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X14 ilə Malikram Daşdəmirov (sənəddə olduğu kimi) arasında bağlanılmış xx.xx.1966-cı il tarixli 11856 nömrəli müqavilə mövcuddur. Qovluqda aşkar olunan xx.xx.1982-ci il tarixli məlumata əsasən icarədarın bağ sahəsindən istifadə etməməsi səbəbindən müqavilə müddətinin artırılmasının mümkün olmadığı bildirilmişdir. Torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin (X2) adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 827 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Göstərilən sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Belə ki, sxematik xəritəyə əsasən həmin torpaq sahəsi 800 ilə başlayan torpaq sahələrinin ərazisidir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndəsi şikayəti əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddianın mümkün sayılan hissəinə görə iddiaçı Bakı şəhəri Ləhiş bağlar massivi ünvanında yerləşən 0,2058 ha ölçüdə 1001 saylı bağ sahəsinə mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsində olan torpaqlar artıq faktiki olaraq əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir (de-fakto), yerdə qalan yeganə məsələ həmin torpaqların daşınmaz əmlakın dövlət reyestrində sözügedən vətəndaşların adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarətdir (“de yure”). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına, o cümlədən, cavabdeh idarənin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş əsli ilə düzlüyü təsdiq olunmuş arxiv sənədlərinə əsasən mübahisəli torpaq sahəsinin iddiaçının mərhum əri X4 qanuni istifadəsində olduğu, iddiaçının isə onun qanuni vərəsəsi olduğu işdə olan sənədlərlə öz təsdiqini tapır. Belə ki, birincisi, işə əlavə ounmuş Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 18 fevral 2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməyə və ünvan 2 ünvanlanmış 17 iyun 2022-ci il tarixli 191 saylı məktubundan görünür ki, mübahisəli bağ sahəsinin müqavilə əsasında sahibi olan X6 xx.xx.2007-ci il tarixdə ölmüş və onun həyat yoldaşı iddiaçının müraciəti əsasında, mərhum ərindən miras qalmış əmlaka dair Notariat ofisində vərəsəlik işi açılmış və həmin ofis tərəfindən torpaq sahəsinə dair çıxarış verilməsini cavabdeh idarədən xahiş olunmuş, sonuncu tərəfindən isə iddiaçıya qeyd olunan çıxarışın (arayışın) verilməsindən əsassız olaraq imtina olunmuşdur. Belə ki, işə əlavə olunmuş, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş arxiv sənədlərinə əsasən müəyyən olunur ki, ərizəsi əsasında X6 ilə Bakı şəhər XDS İK Bağlar Təsərrüfatı İdarəsi arasında 25 yanvar 1966-cı il tarixdə bağlanmış 11856 saylı icarə müqaviləsinə və 24.02 1970-ci il tarixdə tərtib olunmuş akta əsasən onun icarəsinə Ləhiş bağ massivində 0,25 ha torpaq sahəsi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qanunun qeyd olunan tələbi baxımından, tədqiq olunan arxiv sənədlərinə əsasən müəyyən olunan hallar onu deməyə əsas verir ki, mübahisəli bağ sahəsinin iddiaçının mərhum əri X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunla müəyyən edilən əsas mövcuddur. Belə olan halda isə sözügedən Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Göründyü kimi, cavabdehin apellyasiya şikayətinin mübahisəli arayışın verilməsi üçün qanuni əsaslar mövcud olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində həmin torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin (üçüncü şəxs X2) adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 827 saylı bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını mübahisələndirməsinə gəldikdə, hazırkı mərhələdə məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında üçüncü şəxs qismində cəlb edilmiş B.Məmmədrzayev məhkəməyə verdiyi izahatında bildirmişdir ki, çəpər qonşusu oan iddiaçıya qarşı mübahiəsi və onun öz bağ sahəsinə dair çıxarış almasına heç bir etirazı yoxdur, birinci instansiya məhkəməsinin qərarı ilə razıdır. Apellyasiya şikayətində cavabdehin iddiaçı tərəfindən göstərilən sahənin bağların yerləşməsinə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etdiyini (800 ilə başlayan torpaq sahələrinin ərazisi olmasına) mübahisələndirməsi ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, həmin uyğunsuzluğun aradan qaldırılması məhz, cavabdeh qeydiyyat orqanının üzərinə düşən vəzifəsidir. Çünki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Digər tərəfdən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstəriş verilmişdir ki, - “...torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ...; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. “ Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdeh tərəfindən tələb olunan arayışın iddiaçıya verilməsindən imtina olunması əsassız olduğu sübuta yetirilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Qeyd olunanlar baxımından, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən bağ sahəsinin yerinin müəyyən edilmədiyini və qanuni əsaslarla ayrılıb ayrılmadığının araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2024 saylı xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar