Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-303/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi orqanının qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********088000 saylı, **********084200 saylı, **********093200 saylı və **********080400 saylı xx xxx 2020-ci il tarixli qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxx 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ləğv etməklə, 2019-cu ilin aprel, may, iyun və iyul ayları üçün hesablanmış ƏDV məbləğlərin silinməsi, 2019-cu ilin gəlir vergisi və mükəlləfiyyəti ləğv edilərək, SV (sadələşdirilmiş vergi) mükəlləfiyyətinin bərpa edilməsi və ƏDV qeydiyyatının ləğv olunması, həmçinin obyektiv, hərtərəfli yoxlamanı təmin etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində idarənin xx.xx.2020-ci il tarixli qərarları ilə 2019-cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476,70 manat və iyul ayı üzrə 3079,45 manat ƏDV hesablanmışdır. Vergi orqanı tərəfindən həyata keçirilmiş hesablama aşağıdakı səbəblərdən düzgün deyildir. İddiaçı 2017-ci ildə ünvan 3 ünvanında yerləşən “Aynur” gözəllik salonunda fəaliyyət göstərirdi, 2019-cu ilin mart ayında obyektdə xronometraj üsulu ilə nəzarət tədbiri həyata keçirilmiş, həmin obyektdə iddiaçının vergi uçotu ilə bir neçə şəxs olaraq fəaliyyət göstərirmiş, bundan sonra hər bir tərəf öz payını böldüyündən xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən iddiaçı həmin obyektin 70 kv/m-ni “xxxx” MMC-yə (VÖEN: 1 702559981) və digər 70 kv/m-ni “xxxx”MMC-yə (VÖEN: **********) vermiş, həmin icarə müqavilələri də vergi orqanında müvafiq olaraq 29-xx xxxxx 2019-cu il tarixdən qeydiyyata alınmışdır. Lakin sonradan vergi orqanı tərəfindən iddiaçıya uyğunsuzluq məktubu gəlməyə başlamış və iddiaçı vergi orqanında olan uçot baza və icarə müqavilələri əsasında vəziyyəti izah etmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə rəsmi müraciət etmiş, müraciətini nəzərə alıb, hesablama aparmamışlar, lakin müşahidə də həyata keçirməmişlər. Sonradan məlum olmuşdur ki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM əsas götürülərək xx.xx.2019-cu il tarixdə iddiaçını ƏDV qeydiyyatına almışlar və qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Bu qeydiyyatın nəticəsində də 2020-ci ilin may ayında yuxarıda qeyd etdiyi hesablamalar aparılmışdır. Qeyd edilən hesablamaların aparılması Vergi Məcəlləsinin tələblərinə ziddir. Çünki, 2019-cu ilin mart ayında həyata keçirilmiş XMM-dən sonra satış dövriyyəsi dəyişmişdir. Obyekt 3 yerə bölünmüş və yalnız bir hissəsində iddiaçı fəaliyyət göstərir. Vergi orqanı faktiki məlumat dəyişikliyini və XMM müraciətini nəzərə almadan hansı əsasla 2019-cu ilin may ayında keçirilmiş XMM məlumatlarına istinad edərək ƏDV qeydiyyatı apara və ƏDV hesablaya bilər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxx 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı X2 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati icraat haqqında“ Qanunun 78.1-ci maddəsinə əsasən Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. xx.xx.2020-ci il tarixdə inzibati şikayət verilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixdə, yəni 81 gündən sonra əlavə sənədlərin tələb olunması ona məlum edilmiş, daha sonra tələb olunan sənədlərin xx.xx.2020-ci il tarixdə təqdim edilməsinə baxmayaraq, yuxarıda qeyd olunan Qanunun 32.6-ci maddəsinə əsasən sənədlər təqdim olunduğu andan müddət axımı bərpa olunma və araşdırma üzrə yekun nəticə verilməli idi. Lakin Xidmət tərəfindən heç bir qərar qəbul edilməmiş, əsassız olaraq müddətin axımı xx.xx.2020-ci il tarixdə dayandırmışdır. Belə olan halda Dövlət Vergi xidmətinin və onun tabeliyində olan cavabdeh təşkilat tərəfindən çox saylı prosessual qanun pozuntularını pozmuşdur. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı Sücayət Məmmədova cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxx 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarların iddiaçının elektron qovluguna göndərilməsinə, qərarların xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən oxunmasına və qəbul edilməsinə, vergi ödəyicisinin isə mübahisələndirilən qərarların ləgv edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə vergi orqanına müraciət etməsinə, lakin iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməklə qərarların oxunmasından 3 aydan çox müddət keçdikdən sonra məhkəməyə müraciət etməsinə, həmçinin müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş halların məhkəmə araşdırması zamanı sübuta yetirilməməsinə əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Əvvəla qeyd olunmalıdır ki, hazırki mübahisə inzibati icraat qaydasında baxılmalı olan “mübahisələndirmə haqqında iddia”lara aiddir və bu səbəbdən də tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. İşdən (i.v. 8) görünür ki, iddiaçı cavabdeh vergi orqanının xx.xx.2020-ci il tarixli qərarları ilə bağlı xx.xx.2020-ci il tarixdə məlumatlandırıldıqdan sonra həmin qərarların ləğv edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmiş, bundan sonra vergi orqanı iddiaçıya “sənədlərin təqdim edilməsi barədə” məktub (i.v. 9-10) vermiş və həmin məktubda göstərmişdir ki, şikayətin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlər vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixədək inzibati araşdırmaya təqdim edilə bilər. Lakin vergi orqanının birinci instansiya məhkəməsinə təqdim etdiyi “iddianın mümkün sayılmaması barədə” xx.xx.2020-ci il tarixli vəsatətindən (i.v. 81-85) görünür ki, zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən inzibati araşdırmaya təqdim edilmədiyi üçün müraciətə baxılması ilə bağlı vergi orqanı tərəfindən müddətin axımı dayandırılmış və bu haqda iddiaçıya məlumat verilmişdir. Bundan sonra vergi orqanı tərəfindən iddiaçının şikayəti üzrə hər hansı qərar qəbul edilməmiş və iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlar, o cümlədən vergi orqanının mübahisələndirilən qərarları üzrə şikayət instansiyası tərəfindən hər hansı qərarın qəbul edilmədiyi, belə qərarın iddiaçıya təqdim olunmadığı, iddiaçının ilk dəfə vergi orqanının qərarlarından inzibati orqana qanunla müəyyən edilmiş müddətdə şikayət verdiyi və hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmədiyi kimi hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, bununla da sonadək zəruri araşdırma aparılmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6084/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-303/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-303/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver