Məhkəmə qərarları › İş №2-1(103)-303/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-303/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-303/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı əmək stajının sosial sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5242/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı əmək stajının sosial sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. Hal-hazırda 66 yaşındadır. Əmək kitabçasına əsasən Təsərrüfat X13 daxil olana qədər Sovet Ordusunda 1976-1978-ci illədə hərbi xidmətdə olmuşdur. xx.xx.1979xx.xx.1980-ci illərdə Ticarət Nazirliyinin Təsərrüfat X8 sürücü kimi əmək fəaliyyətə başlamışdır. xx.xx.1980- xx.xx.1982-cı illərdə Avtomobil Nəqliyyat Nazirliyinin Mərkəzləşdirilmiş şəhərlərarası daşımanın Bakı avtomobil bazasında, xx.xx.1982xx.xx.1987-ci illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyat Nazirliyinin X4 X12 kolonunda, xx.xx.1987-xx.xx.1987-ci illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Meyvə-tərəvəz nəqliyyatı ixtisaslaşdırılmış X5 birliyində, xx.xx.1987-xx.xx.2014-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Mərkəzləşdirilimiş Şəhərlərarası Yükdaşıma Avtonəqliyyat müəsisəsində sürücü işləmişdir. Beləliklə, hərbi xidmət daxil edilməklə 2014-cü ilə qədər ümumi əmək stajı 36 il, 8 ay, 14 gün təşkil edir. 2006-cı ilə qədər əmək stajı aşağıdakı kimi hesablanır: xx.xx.1979-xx.xx.1980=1 il 5 ay; xx.xx.1980xx.xx.1982=1 il 8 ay 1 gün; xx.xx.1982- xx.xx.1987=4 il 10 ay 10 gün; xx.xx.1987xx.xx.1987=4 ay; 08.1987-xx.xx.2014=18 il 4 ay 6 gün; 2006-cı iln yanvar ayına qədər olan əmək stajı-hərbi xidmət daxil olmaqla 28 il 7 ay 17 gün təşkil edir. Cəmi 36 il 8 ay 14 gün. Beləliklə, yaşa görə pensiya hüququ yarandığından o, aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün sərəncam verilməsi barədə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, **********7 nömrəli cavab məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilmiş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 15 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14 il 8 ay sığorta stajına uyğun olaraq 11.926,17 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 994,86 manat olmaqla, ümumilikdə 12.921,03 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilib ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “X7” ASC-də olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib, eyni zamanda adına aktiv əmək müqaviləsi ("Kristal Bakı” ASC) olduğu üçün yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Cavabdeh iddiaya etirazında imtinada göstərilənləri qeyd edərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrləri, hərbi biletinin surətinə əsasən xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrləri nəzərə alınmaqla sığorta stajı, ümumilikdə, 15 il 1 ay mübahisələndirilməyən təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən xx.xx.1979-cu ill tarixdən xx.xx.1980-ci il tarixədək Ticarət Nazirliyinin Təsərrüfat X9 sürücü vəzifəsində, xx.xx.1980ci il tarixdən xx.xx.1982-ci il tarixədək Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş Şəhərlərarası Daşımanın Bakı Avtomobil Bazasında sürücü vəzifəsində; xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Azərbaycan SSR Avtomobil Nəqliyyat Nazirliyinin Sərnişin Daşımaları istehsalat X12 Kolonu”nda sürücü vəzifəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin MeyvəTərəvəz Nəqliyyatı ixtisaslaşdırılmış X5 Birliyi”ndə sürücü vəzifəsində işləmişdir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri xx.xx.1992-ci il tarixdən xx.xx.2014cü il tarixədək “X7” ASC-də işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrləridir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən xx.xx.1987-ci il tarixdə “Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş Şəhərlərarası Daşımanın X14”ndə sürücü vəzifəsinə qəbul edilib. Müəssisə xx.xx.2002-ci il tarixli 12 nömrəli əmrlə “X7” ASC (VÖEN:**********) adlandırılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığortaedənlər” altsistemində olan məlumatlara əsasən “X7” ASC xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçının işlədiyini iddia etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövrlərdə müəssisənin qeydiyyatının olmaması, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlərdə isə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmaması iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək mübahisələndirilən əmək fəaliyyəti dövlərinin mötəbərsizliyinə dair əsaslı fakt kim qiymətləndirilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5242/2024 saylı qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki tələb ödənilməlidir: vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, işin ziddiyyətli halları ilə bağlı əsaslı mövqe bildirməmişdir. Məhkəmənin mövqeyinə görə iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, məhkəmə müəssisənin mövcudluğuna dair məhkəmə sorğuları nəticəsində əldə edilmiş materialları əsas götürərək, iddia tələbini təmin edilməsi barədə hüquqi nəticəyə gəlmiş, iddiaçının həqiqətən orada işləyib-işləməməsinə dair araşdırma aparmamışdır. Məhkəməyə təqdim edilmiş 3-17-1/3-1-18259/2024 nömrəli xidməti məktubda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, "X7" ASC tərəfindən 2006-2013-cü illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatları əks olunmadığı qeyd olunsa da, məhkəmə bu fakta münasibət bildirməmişdir. Məhkəmə araşdırmasının predmeti yalnız "X7" ASC-nin dövlət qeydiyyatına alınması olmuşdur. Məhkəmə sorğularına cavab məktubları ilə, həmçinin, "X7" ASC-nin hazırda aktiv vergi fəaliyyəti olduğu göstərilməsinə baxmayaraq, "X7" ASC tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatları əks olunmadığı məhkəmənin diqqətinə çatdırılsa da, həmin müəssisəyə məhkəmə tərəfindən sorğu göndərilməmiş, mübahisə predmeti ilə bağlı araşdırılma aparılmamışdır. Məhkəmənin xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlərdə iddiaçının işləməsini şübhə altına alan faktiki hallar mövcud olmadığından sığorta stajına daxil edilməsi barədə mövqeyi yanlışdır. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1987-ci il tarixdə “Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş Şəhərlərarası Daşımanın X10 sürücü vəzifəsinə qəbul edildiyi, müəssisənin xx.xx.2002-ci il tarixli 12 nömrəli əmrlə “X7” ASC (VÖEN:**********) adlandırıldığı və xx.xx.2014-cü il tarixdə işdən azad olunduğu qeyd olunmuşdur. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixədək olan dövrlər qanunvericiliyin tələbi olaraq sığorta stajına daxil edilsə də, xx.xx.1992-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlər sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatları əks olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkünsüz hesab edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-1(112)-5242/2024 nömrəli qərarı qanunsuz və əsassızdır. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz verilmiş və etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixində 65 yaşa çatdığından yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti (xx.xx.1976xx.xx.1978) və əmək kitabçasında öz əksini tapan əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1979-xx.xx.1992-ci illərdəki sığorta stajı (ümumilikdə 15 il 1 ay) cavabdeh tərəfindən mübahisələndirilməməkdədir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1992-xx.xx.2014-cü illər üzrə "X7” ASC-də işlədiyi dövrlər müəssisənin həmin dövrdə mövcudluğu şübhə altına alınmaqla mübahisələndirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrünün göstərilən şəkildə mübahisələndirilməsi məhkəmə araşdırması ilə iddiaçıya məxsus əmək kitabçası, iş materiallarına əlavə edilmiş sənəd və sorğularla əldə olunmuş məlumatlara, əsasən müəyyən edilmiş hallara zidd olumuşdur. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh təkrar qiymətləndirmə aparılması zamanı "X7” ASC-yə aid sənədlərin aşkar edilməməsinə istinadən həmin müəssisənin mövcudluğunu və iddiaçının sözügedən müəssisədə işləməsini şübhə altına almışdır ki, bu hal məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini istisna edən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq ləğv edilmiş X1 Şəhərlərarası və X2 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə "X7” Açıq Səhmdar Cəmiyyəti yaranmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşmişdir. Həmçinin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan qəsəbəsi olan "X7” Açıq Səhmdar Cəmiyyətinin direktoru X3r və hal-hazırda fəaliyyəti aktivdir. Həmçinin " X7’’ASC (əvvəlki adı Şəhərlərarası və X2 Müəssisəsi) 02 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bu isə məhkəmə tərəfindən cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliliyinə dair təkzib edən fakt kimi qiymətləndirilmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassız hesab etmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul etmiş və hesab etmişdir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İnzibati Prosessual Məcəllə - 85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İnzibati Prosessual Məcəllə - 85.2, 85.3). Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən aşağıdakılar müəyyən edilir: - AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957ci ildə anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən 65 yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. - ******* nömrəli “Hərbi bilet”in surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. - xx.xx.1979-cu il tarixdə doldurulmuş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979-cu ildə Ticarət Nazirliyinin Təsərrüfat X13 3cü dərəcəli sürücü vəzifəsinə daxil edilib; xx.xx.1980-ci ildə sürücüyə 2-ci dərəcə verilib; xx.xx.1980-ci ildə işdən azad edilib; xx.xx.1980-ci ildə Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş şəhərlərarası daşımanın Bakı avtomobil bazasına 2-ci dərəcə ilə sürücü qəbul edilib; xx.xx.1982-ci ildə işdən azad edilib; xx.xx.1982-ci ildə Azərbaycan SSK Avtomobil Nəqliyyat Nazirliyinin X6 X12 kolonuna 2-ci dərəcə ilə sürücü qəbul edilib; xx.xx.1987-ci ildə işdən azad edilib; xx.xx.1987-ci ildə Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin Meyvətərəvəz nəqliyyatı ixtisaslaşdırılmış X5 birliyinə 2-ci dərəcə ilə sürücü qəbul edilib; xx.xx.1987-ci ildə işdən azad edilib; xx.xx.1987-ci ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Mərkəzləşdirilmiş şəhərlərarası daşımanın X14nə 2ci dərəcə ilə sürücü qəbul edilib; xx.xx.1988-ci ildə sürücüyə birinci dərəcə verilib; xx.xx.2002-ci il tarixli 12 nömrəli əmrlə Müəssisə “X7” ASC adlandırılıb. İddiaçı xx.xx.2014cü ildə işdən azad edilib. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, **********934400 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan qəsəbəsi olan “X7” açıq səhmdar cəmiyyətinin direktoru X3r və hal-hazırda fəaliyyəti aktivdir. Bundan əlavə bildirilir ki, müraciətdə qeyd olunan dövrlər üçün bəyannamə və hesabatların saxlanma müddətləri bitdiyi üçün “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair təlimata və “Vergi orqanlarında arxiv işinin aparılması qaydaları”na əsasən sənədlər məhv edilmişdir. Göstərilən səbəbdən müvafiq dövr üçün sənədlərin və məlumatların verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 3-21-3/2-6088/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş X1 Şəhərlərarası və X2 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “X7” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşdirilmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal X15 Nazirliyinin məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı işlədiyi “X7” ASC-nin (əvvəlki Beynəlxalq Şəhərlərarası Yükdaşıma Avtonəqliyyat Müəssisəsinin) sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv arayışlarının verilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli, 3-34/2-225/01-3/2024 nömrəli cavab məktubununda qeyd edilmişdir ki, “X7’’ ASC (əvvəlki adı Şəhərlərarası və X2 Müəssisəsi) 02 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-5/2- 11-3283/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2458 nömrəli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edilmişdir. Bununla bağlı kommersiya qurumlarının arxiv sənədləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, “X7” ASC xx.xx.2004-cü il tarixdən VÖEN (**********) almışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə müvafiq olaraq, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.2020-ci il tarixdən etibarən kişilər üçün yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən yaş həddi 65 yaşdır. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2-ci hissəsinin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr xasiyyətnamələr yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olumasına hüquq verən yaş həddinə xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddinin 65 yaş olması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina və iddiaya etiraz ərizəsində iddiaçıya yaşa görə əmək pensiyası hüququnun qanunvericiliklə nəzərdə tutulmuş şərtlər ödənildiyi təqdirdə 65 illə xx.xx.2022ci il tarixdə yaranması halı mübahisələndirilməmişdir. İddiaçı həmin tarixdə artıq kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən mübahisələndirilən illərə dair iddiaçının əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixədək onun sığorta stajına daxil edildiyi zaman ikinci şərt ödəniləcəkdir. Birinci instansiyası məhkəməsində araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti (xx.xx.1976-xx.xx.1978) + əmək kitabçasında öz əksini tapan əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1979-xx.xx.1992-ci illərdəki sığorta stajı (ümumilikdə 15 il 1 ay) cavabdeh tərəfindən mübahisələndirilməməkdədir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1992-xx.xx.2014-cü illər üzrə “X7” ASC-də işlədiyi dövrlər müəssisənin həmin dövrdə mövcudluğu şübhə altına alınmaqla mübahisələndirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrünün göstərilən şəkildə müahisələndirilməsi məhkəmə araşdırması ilə iddiaçıya məxsus əmək kitabçası, iş materiallarına əlavə edilmiş sənəd və sorğularla əldə olunmuş məlumatlara, əsasən müəyyən edilmiş hallara zidd olumuşdur. Belə ki, birinci instansiyası məhkəməsində məhkəmə icraatı gedişində cavabdeh təkrar qiymətləndirmə aparılması zamanı “X7” ASCyə aid sənədlərin aşkar edilməməsinə istinadən həmin müəssisənin mövcudluğunu və iddiaçının sözügedən müəssisədə işləməsini şübhə altına almışdır ki, bu hal məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Cavabdeh iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini istisna edən hər-hansı dəlil təqdim etməmişdir. Birinci instansiyası məhkəməsində məhkəmə araşdırması zamanı həmçinin müəyyən olmuşdur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş X1 Şəhərlərarası və X2 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “X7” Açıq Səhmdar Cəmiyyəti yaranmış və səhmləri xx.xx.2002-ci il tarixində tam özəlləşmişdir. Həmçinin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan qəsəbəsi olan “X7” Açıq Səhmdar Cəmiyyətinin direktoru X3r və hal-hazırda fəaliyyəti aktivdir. Həmçinin “X7’’ ASC (əvvəlki adı Şəhərlərarası və X2 Müəssisəsi) 02 iyul 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bu isə məhkəmə tərəfindən cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliyinə dair şübhələri təkzib edən fakt kimi qiymətləndirilməkdədir. Nəticə etibarilə birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya aid əmək kitabçasında göstərilən məlumatların mötəblərliyinin şübhə altına alınması əsassızdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərə və əmək kitabçasında əks olunan qeydlərə əsasən əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövr üzrə qanunvericiliklə müəyyən edilmiş ikinci şərti, yəni əmək stajına dair 25 illik müddət tələbi ödənilmiş olur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır, həmçinin apellyasiya şikayətinin "X7" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatlarının əks olunmadığına dair əsas dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən müəssisənin qanunazidd hərəkəti və inzibati orqanın qanun pozuntusuna vaxtında reaksiya verməməsi iddiaçının pensiya almaq hüququnu heç bir halda məhdudlaşdırmamalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5242/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar