Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3030/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: X2) “sərəncamın etibarsızlığının tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6133/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı cavabdeh Qaradağ rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SOCAR İddiaçı neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında, 392656, ******* coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X1 ayrılması barədə Qaradağ rayon İcra Hakimiyyətinin 07 dekabr 2000-ci il tarixli 1117 nömrəli sərəncamın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, neft və qaz əməliyyatlarının aparılması məqsədilə İddiaçı daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq ərazisində Qaradağ rayon İcra Hakimiyyətinin 07 dekabr 2000-ci il tarixli, 1117 nömrəli sərəncamı ilə üçüncü şəcxsə X1 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı mübahisələndirir ki, həmin sərəncamla onun subyektiv hüququna birbaşa müdaxilə edilmiş, fəaliyyətinə ciddi maneələr yaratmışdır. Hesab edir ki, sərəncam etibarsız sayılmalı və qanunsuz sayıl sayılaraq torpaq sahəsi geri qaytarılmalıdır. Cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçının hüquqları və qanunla qorunan hüquqları icra hakimiyyəti tərəfindən pozulduğunun əsaslandırılmadığını qeyd edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6133/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək, iş üzrə Birliyin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə “Azneft” lstehsalat Birliyinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Belə olan halda, fərdi evin tikilməsi üçün torpaq sahəsinin ayrılması lə bağlı qərar qəbul edilən zaman qüvvədə olan Torpaq Məcəlləsinin yuxarıda müddəalarının tələblərinə riayət edilməmiş, həmin torpaq sahəsi ilə bağlı qərar qəbul etmə səlahiyyəti Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə aid olmamışdır. İnzibati icraat haqqında Qanunun 62.12-65.1.3-cü maddələrinə əsasən cavabdehin sərəncamı qəbul olunduğu andan etibarsızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əsgərov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, İPMin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, İPM-in 36.1-ci maddəsinə istinadən, cavabdehin üçüncü şəxsə “fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə 07 dekabr 2000-ci il tarixli 1117 nömrəli sərəncamının etibarsızlığının tanınması tələb etmişdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilməsi mümükün olsun. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Birincisi, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi nəzərədə tuturdu ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan əlavə, Mülki Məcəllənin 373.1-ci maddəsinin tələbi ilə müəyyən edilirdi ki, ümumi iddia müddəti 10 il təşkil edir. İddiaçı sözügedən hüquq hüquq normaları ilə ona verilən hüquqi imkanından vaxtında istifadə etməmişdir. Eyni zamanda, 1 yanvar 2011-ci il tarixdən isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (“İPM”) qüvvəyə minmişdir ki, həmin Məcəllənin də 38.1-ci maddəsi nəzərədə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı tərəfindən cavabdehin 07 dekabr 2000-ci il tarixli 1117 nömrəli sərəncamını mübahisələndirmək üçün qanunla müəyyən edilən qeyd olunan prosessual müddət də ötürülmüşdür. İddiaçının İPM-in 36.1-ci maddəsinz müvafiq olaraq həmin sərəncamların etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə gəldikdə, “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPMin 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Daha sonra, Konstitusiya Məhkəməsinin Plunmu qərarında aşağıdakıları qeyd etmişdir: «İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır…» Konkret halda da məhz, işin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdehin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia edərək həmin sərəncamı mübahisələndirmişdir ki, bu da Konstitusiya Məhkəməsinin qeyd olunan olunan mövqeyi baxımından, irəli sürülmüş həmin iddianın, inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən olunan iddia müddətlərini ötürərək 23 il keçdikdən sonra yalnız, cavabdeh inzibati orqanın sərəncamının qanunsuz olduğunu mübahisələndirmiş, etibarsızlığının tanınmasını tələb etmişdir ki, bu da Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından həmin iddianı mümkünsız edir. Beləliklə, konkret halda, İddiaçı tərəfindən iddia müddəti buraxıldığı halda, cavabdehin mübahisələndirilən sərəncamının etibarsızılığının tanınması barədə hazırkı iddia tələbi İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiya məhkəməsinin qərardadı ilə həmin Məcəllənin 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6133/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6133/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3030/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3030/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver