Məhkəmə qərarları › İş №2-1(103)-3031/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3031/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3031/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (üçüncü şəxslər: Bakı şəhəri üzrə Təhsil İdarəsi və Fuad Fərhadoğlu adına 230 №-li Tam Orta Məktəbi) qarşı əmrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8129/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə, üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Fuad Fərhadoğlu adına 230 №-li Tam Orta Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin əmrlərin qeydiyyatı kitabında onun işdən cıxarılmağı barədə 474 №-li, 30.12.2014-cü il tarixli əmrin qeyd olunub-olunmamasının araşdırılması öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını, qeyd olunan əmrin mənbəyinin olmadığı müəyyən edildiyi təqdirdə əmrdən çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8129/2021 saylı iş üzrə qəbul etdiyi 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin direktoru Elşən Qafarovun 474 №li əmrinə əsasən 30.12.2014-cü il tarixdə işdən azad olunsa da ona sonradan məlum olmuşdur ki, həmin əmr Əmək Məcəlləsinin 85-ci maddəsinin tələbinə uyğun olaraq əmrlərin qeydiyyatı aparılmalı olan xüsusi kitabda qeydə alınmamışdır. Bununla bağlı, məktəbin rəhbərliyinə dəfələrlə müraciət edərək işdən çıxarılmağı barədə 474 №-li 30.12.2014-cü il tarixli əmrin məktəbin əmr kitabından mənbə göstərilməklə çıxarışın ona təqdim edilməsini xahiş etsə də, qeyd olunan əmrdən çıxarış kserosurəti ona təqdim edilsə də, həmin əmrin mənbəyi ilə əmrlərin qeydiyyatı kitabında tanış olmağına şərait yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - 230 saylı məktəbin 30.12.2014-cü il tarixli, 474 №-li əmrdən çıxarışın surətindən görünür ki, məktəbin coğrafiya müəllimi İddiaçı üzürlü səbəb olmadan 1-29 dekabr tarixlərində işə gəlmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 25.05.2015-ci il tarixli, 2(003)-2616/2015 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Bakı şəhəri, Xəzər rayonu, 230 saylı tam orta məktəbə qarşı 230 saylı tam orta məktəbin direktoru E.Qafarov tərəfindən imzalanmış və təsdiq edilmiş 30.12.2014-cü il tarixli, 474 nömrəli əmrin ləğv edilməsinə, onun bu məktəbdə tutduğu vəzifəyə bərpa olunmasına dair, habelə məcburi buraxılmış günlər üçün nəzərdə tutulan əmək haqqının alınıb ona qaytarılması tələbinə iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(103)-5827/2015 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 25.05.2015-ci il tarixli, 2(003)-2616/2015 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2016-cı il tarixli, 2(102)-2069/2016 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli, 2(103)-5827/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27.04.2021-ci il tarixli, Ə-5074/02/10 nömrəli məktubun surətindən görünür ki, əmək müqaviləsinin ləğvi barədə verilmiş əmrin məktəbin əmr kitabında qeydiyyatının aparılmamasına dair Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlandığı və baxılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən Bakı şəhəri üzrə Təhsil İdarəsinə yönləndirilmiş ərizələrinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri, habelə digər əmrləri xüsusi kitab və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Nəzərinə çatdırılır ki, Bakı şəhəri 230 nömrəli tam orta məktəb üzrə verilmiş 30.12.2014-cü il tarixli, 747 nömrəli əmrə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi (13.01.2015-ci il tarixdə, xxxxxxx0001xo qeydiyyat nömrəli bildiriş) elektron informasiya sisteminə daxil edilmişdir. Əlavə olaraq nəzərinə çatdırılır ki, onun Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlandığı eyni məzmunlu ərizəsinə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 29.10.2020-ci il tarixli, Ə-9069/02/10 qeydiyyat nömrəli məktubu ilə cavab verilmişdir. Hüquqlarının pozulduğunu hesab edirsə müvafiq qaydada məhkəmə orqanlarına müraciət edə bilər. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri 230 nömrəli tam orta məktəb üzrə verilmiş 30.12.2014-cü il tarixli, 747 nömrəli əmrə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş və iddiası məhkəmələr tərəfindən təmin edilməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin əmrlərin qeydiyyatı kitabında onun işdən cıxarılmağı barədə 474 №-li, 30.12.2014-cü il tarixli əmrin qeyd olunub olunmamasının araşdırılması öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasını, qeyd olunan əmrin mənbəyinin olmadığı müəyyən edildiyi təqdirdə əmrdən çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın mümkün sayılmaması ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası məhkəmənin nəticəsilə razılaşaraq aşağıdakıları qeyd edir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onda olan məlumata görə mübahisələndirdiyi əmr AR Əmək Məcəlləsinin 85-ci maddəsinin tələbinə uyğun olaraq əmrlərin qeydiyyatı aparılmalı olan xüsusi kitabda qeydə alınmamışdır, buna görə də həmin əmrin qeydiyyatı yoxlanılmalı əgər əmr kitabında qeydə alınmayıbsa etibarsız sayılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia tələbinin uğurluluq ehtimalına münasibətdə məhkəmə kollegiyası bildirir ki, 30.12.2014-cü il tarixli, 474 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən İddiaçı əmək müqaviləsi ləğv edilmişdir. Həmin əmrin qanunsuzluğuna dair işin mübahisələndirilən hər hansı bir halı yoxdur. İddiaçı yalnız mübahisələndirilən əmrlə bağlı əmrlərin qeydiyyatı kitabında qeydiyyat aparılmaması halına əsaslanaraq, əmrin etibarsız sayılmasını tələb edir. Kollegiya qeyd edir ki, İddiaçı AR Təhsil Nazirliyinə qarşı iddia ərizəsilə inzibati məhkəməyə müraciət etmiş olsa da, AR İPM-in 35-ci maddəsinin tələblərinə əsasən, cavabdehin hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna istinad etmir, əsaslandırmır. AR Əmək Məcəlləsinin 85-ci maddəsinin:

1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.

2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 12-ci maddəsinin ikinci bəndinə əsasən, bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. “İnzibati icraat haqqında” AR Qanununun 65-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Eyni zamanda kollegiya qeyd edir ki, qanunvericilik normasında inzibati aktın etibarsız sayılmasına əsas olan hallar konkret olaraq sadalanmışdır. Hazırki işin hallarından isə, mübahisələndirilən əmrin etibarsız sayılması üçün bu əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilmir. Belə ki, hazırki iş üzrə iddiaçının işdən azad edilməsi barədə əmrin qanunsuzluğu və ya əsassızlığı mübahisələndirilməmişdir. Əmrlərin qeydiyyatı kitabında qeydə alınmaması isə onun etibarsız sayılması nəticəsini doğurmur. Təhsil müəssisəsi tərəfindən belə bir pozuntu edilməsi halı müəyyən edilsə belə, bu, həmin əmrin etibarsızlığına deyil, AR ƏM-in tələbinə əsasən, işəgötürən müəssisə barədə müvafiq məsuliyyətin tətbiq edilməsinə əsas ola bilərdi. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi, işin halları üzrə iddiaçının tələbinin mahiyyəti üzrə hüquqlarının pozulmuş olması, inzibati məhkəmə icraatı nəticəsində tələbinin təmin edilməsində hər hansı hüquqi marağının olması işin halları ilə müəyyən edilmir. Beləliklə, yuxarıda sadalananları nəzərə alaraq kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçının mövqeyi onun inzibati hüquq mübahisəsi üzrə maraqlı şəxs olması və cavabdeh orqan qismində AR Təhsil Nazirliyinə qarşı iddia qaldırmasının mümkün hesab olunması iddia tələbinin mahiyyəti və işin halları ilə öz təsdiqini tapmır. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırılmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8129/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakim: Həmid Həmidov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar