Məhkəmə qərarları › İş №2-1(103)-3031/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3031/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3031/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X10 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3558/2024 saylı 07 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bağın icarəyə verilməsi haqqında 1664 nömrəli 13 sentyabr 1993-cü il tarixli müqavilədən görünür ki, qeyd olunan müqavilə X7 və İstismarı Birliyi ilə M.Ə.Cəfərov arasında Novxanı kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinin sonuncunun icarəsinə verilməsinə dair bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 225/816 saylı bağ sahəsi xüsusi mülkiyyət hüquqi hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 225/816 saylı bağ sahəsi xüsusi mülkiyyət hüquqi hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Restri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********90 nömrəli xx.xx.2020-ci il tarixli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, İddiaçı istifadəsində olan ümumi torpaq sahəsi 3770 kv. m təşkil edir. Ümumi əraziyə dair tərəflərindən sahəsi 500 kv. m və 2500 kv. m olmaqla 2 hüquqmüəyyənedici sənəd təqdim edilmişdir. Qalan 770 kv.m torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ümumi istifadəsində olan sahə daxilində digər bağ sahəsi də yerləşdiyindən həmin bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər də təqdim edildikdən sonra müraciətinə baxıla bilər. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********74 saylı xx.xx.2023-cü il tarixli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, ərizədə qeyd olunan 770 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına uyğun hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-15782/2023 saylı məhkəmə mübahisəsi mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X5 valideynləri və bacı qardaşı ilə birlikdə Bakı şəhərində yerləşən mənzillə yanaşı yay aylarında 1953-cü ildən babasına məxsus olmuş Novxanı bağları adlandırılan ərazidəki bağ evində yaşamışlar. xx.xx.1993cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə onun atası X5 arasında həmin bağın 2500.0 kv. metr (25 sot) sahəsinin icarəsi haqqında 1664 nömrəli müqavilə bağlanmışdır. Bununla yanaşı 770 kv. metrlik (7.70 sot) bağ sahəsi də onun atası X2 istifadəsində qalmış və o, faktik mülkiyyətçi hüququ ilə həmin 770 kv. metrlik bağ sahəsinin yerləşdiyi torpağa sahiblik etmişdir. Atası X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həm icarə müqaviləsi ilə ayrılmış 2500.0 kv.metrlik sahəyə, həm də 2500.0 kv.metrlik sahəyə bitişik faktiki istifadədə olmuş 770 kv.metrlik sahəyə sahibliyi o davam etdirmişdir. O, və X2 qanun üzrə digər vərəsələri - anası X9 və qardaşı X6 2500.0 kv.metrlik bağ sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müvafiq qaydada müraciət etmişlər. Nəticə etibarilə atası mərhum X2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib olunmuş, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 225/816 saylı bağ sahəsinə hüququ çatan vərəsələrin tam dairəsi müəyyən edilmişdir. X1 və X6 öz paylarını ona bağışlamış, bu xx.xx.2021- ci il tarixdə tərəflər arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş “Miras payın bağışlanması” müqaviləsi ilə rəsmiləşdirilmişdir. Qeyd edilən sənədlərin əsasında o, müvafiq qaydada müraciət edərək, xx.xx.2021-ci il tarixdə **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əldə etmişdir. Beləliklə, atası X3 13 sentyabr 1993-cü il tarixli, 1664 nömrəli icarə müqaviləsi əsasında verilmiş 2500.0 kv. metrlik bağ sahəsi onun xüsusi mülkiyyətinə keçmiş, 770 kv.metrlik sahəyə faktik mülkiyyət hüququ ilə sahiblik isə davam etdirilmişdir. 13 sentyabr 2023-cü il tarixdə 770 kv.metrlik bağ sahəsinə faktik mülkiyyət hüququ ilə fasiləsiz və etirazsız sahibliyin 30 ili tamam olduğundan o, ərizə ilə cavabdehə müraciət edərək, həmin bağ sahəsi üzərində mülkiyyətçi hüququnun qeydə alınmasını xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə cavabdehə çatmışdır. Ərizənin ünvana çatmasından təxminən 10 gün sonra Xidmətin əməkdaşı - mühəndis onunla əlaqə saxlamış, 770 kv.metrlik bağ sahəsinə baxış keçirərək ölçülər götürmüşdür. Lakin bundan sonra heç bir addım atılmamışdır. Nəticə etibarilə qeyd edilən bağ sahəsi üzərində mülkiyyətçi hüququnun qeydə alınması ilə bağlı cavabdeh tərəfindən hərəkətsizlik edilmişdir. Bu 30 il ərzində 770 kv.metrlik bağ sahəsi atasının, ölümündən sonra isə onun fasiləsiz və etirazsız sahibliyində olmuş, həmin ərazi daş hasarlarla əhatə olunduğundan qonşuluqda yerləşən digər bağ sahələri ilə heç bir bağlantısı olmamış, həmin ərazidə ağaclar əkilmiş, üzümlük salınmış və onlara davamlı qulluq edilmişdir. Bu illər ərzində heç bir fiziki və ya hüquqi şəxs, o cümlədən dövlət qurumu və ya bələdiyyə tərəfindən 770 kv.metrlik bağ sahəsinin atasının və sonradan onun sahibliyində olmasına etiraz etməmiş, onlara bununla bağlı heç bir yazılı və ya şifahi xəbərdarlıq edilməmiş, məhkəməyə müraciət olunmamış, həmin sahəyə başqa formada iddia irəli sürülməmişdir. Qeyd edilən 770 kv.metrlik bağ sahəsinin atası və o tərəfindən sahibliyinə həmin əraziyə bitişik olan 2500.0 kv.metrlik sahəyə sahibliyin edilməsi və həmin sahəyə xüsusi mülkiyyət hüququnu tanıyan reyestrdən çıxarışın olması da dəlalət edir. İddiaçı tərəfindən qeyd edilən bağ sahəsinin ailə üzvlərindən və ya başqa şəxslərdən adına rəsmiləşdirilməsini müəyyən etməkdən ötrü 1 saylı Bakı Ərazi İdarəsinə çoxsaylı sorğular göndərilmiş və həmin bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat əldə edilməmişdir. Cavabdeh tərəfindən onun xx.xx.2023-cü il tarixli ərizəsinə mühəndis tərəfindən ölçü işlərinin aparılmasına baxmayaraq cavab məktubunun verilməməsi də, həmin bağ sahəsinin dövlət reyestrində başqa şəxsin adına qeydə alınmadığına dəlalət edir. Əks halda cavabdeh belə bir faktın olduğunu bildirərək bağ sahəsi üzərində iddiaçının mülkiyyətçi hüququnun tanınmasından imtina edərdi. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, ərizədə qeyd olunan 770 kv. m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ərizəçiyə məxsus digər sahələrlə ümumi hasar daxilindədir və ara sərhədləri şərtidir. Faktiki göstərilən torpaq sahəsinin giriş-çıxış yolu hasardaxili olan, digər sahələr üzərindəndir. Elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi 818 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. İddiaçı cavabdeh Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər, Novxanı qəsəbəsində bağın nömrəsi ilə bağlı səhvin - uyğunsuzluğun aradan qaldırılması və dövlət reyestrindən çıxarışın verilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. Daha sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2278/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1558/2014 saylı, 10 dekabr 2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-352/15 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1558/2014 saylı 10 dekabr 2014-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilməsi və kassasiya şikayəti iddiaçıya qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3558/2024 saylı 07 may 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, cavabdeh inzibati orqana edilmiş müraciət və sonradan məhkəməyə verilmiş iddia ərizəsi özündə Mülki Məcəllənin 178.6-cı maddəsinə əsaslanmaqla daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini ehtiva edir. Yuxarıda qeyd edildiyi kimi həmin maddə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və tələb edən şəxsin həmin daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsi şərtlərini təsbit edir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinin (sübutetmə vəzifəsi) tələbləri baxımından sübuta yetirməli idi ki, mülkiyyət hüququnun əldə edilməsi istənilən daşınmaz əmlak, yəni Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində iddiaçının xüsusi mülkiyyətində olan bağ sahəsi ilə bitişik 770 kv.metrlik bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində başqa fiziki və ya hüquqi şəxsin adına rəsmiləşdirilməklə qeydiyyata alınıb (yaxud belə qeydiyyat üçün başqa şəxsin adına ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur) və (və ya) həmin bağ sahəsinə mülkiyyət hüququ əldə etmək istəyən şəxs, yəni hazırkı iş üzrə iddiaçı bu bağ sahəsinə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməmişdir. Cavabdeh inzibati orqana göndərilmiş ərizəyə cavab olaraq daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-21-5-30/2-C0347-8/2023 **********74 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-50/2-C0358/xx-xx/2023 2430206-4739 nömrəli cavab məktublarında Mülki Məcəllənin 178.6-cı maddəsi ilə tələb olunan şərtlərin mövcudluğu ilə bağlı heç bir qeyd yoxdur. Həmin məktublarda və sonradan məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş etirazda cavabdeh inzibati orqan öz imtinasını heç bir hüquqmüəyyənedici sənədin olmaması və üzərində mülkiyyət hüququnun əldə edilməsi istənilən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində iddiaçının xüsusi mülkiyyətində olan bağ sahəsi ilə bitişik 770 kv.metrlik bağ sahəsinin 818 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlməsi ilə əsaslandırmağa çalışmışdır. Həmin bağ sahəsi üzrə heç bir hüquqmüəyyənedici sənədin olmaması ilə bağlı cavabdehin mövqeyi iddiaçının bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmaması və nəticə etibarilə həmin bağ sahəsi üzərində heç bir hüquqmüəyyənedici sənədin mövcud olmaması ilə bağlı dəlilini təsdiq edir. Yəni, cavabdehin irəli sürdüyü bu dəlil imtinanı zəruri edən şərtin mövcudluğunu deyil, onun əksini sübut etmiş olur. Cavabdehin üzərində mülkiyyət hüququnun əldə edilməsi istənilən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində iddiaçının xüsusi mülkiyyətində olan bağ sahəsi ilə bitişik 770 kv.metrlik bağ sahəsinin 818 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlməsi ilə bağlı dəlili o zaman imtinanı zəruri edən şərt kimi qəbul edilə bilərdi ki, 818 saylı bağ sahəsi başqa bir fiziki və ya hüquqi şəxsin adına rəsmiləşdirilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmuş olardı. Lakin cavabdeh 818 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyatda olmasını sübut edə bilməmişdir, bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Digər tərəfdən iddiaçı olaraq birinci instansiya məhkəməsində aparılmış araşdırmanın gedişində 818 saylı bağ sahəsinin və onun bölünənlərinin başqa bir fiziki və ya hüquqi şəxsin adına rəsmiləşdirilməklə reyestrdə qeydiyyatda olub-olmadığını müəyyən etmək üçün məhkəmənin müvafiq sorğu göndərməsi ilə bağlı vəsatət verilmişdir. Vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş və məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, üzərində mülkiyyət hüququnun əldə edilməsi istənilən bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmaması işin təsdiq olunmuş mübahisəsiz halıdır. Belə olan halda birinci instansiya məhkəməsinin cavabdehin imtinasını zəruri edən faktiki halların mövcudluğunu cavabdehin sübuta yetirməsi ilə bağlı mövqeyi tamamilə əsassız və qanunsuzdur. Hazırkı işin hallarından və əslində məhkəmənin həmin hallara münasibətdə gəldiyi mövqeyindən də görünür ki, üzərində mülkiyyət hüququnun əldə edilməsi istənilən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində iddiaçının xüsusi mülkiyyətində olan bağ sahəsi ilə bitişik 770 kv.metrlik bağ sahəsi başqa fiziki və hüquqi şəxsin adına rəsmiləşdirilməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda həmin bağ sahəsi üzrə heç bir hüquqmüəyyənedici sənədin mövcudluğu da müəyyən olunmur. Belə olan halda iddiaçının Mülki Məcəllənin 178.6-cı maddəsi əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etməsi onun hüquqi vəziyyətini yaxşılaşdırır, şəxs istifadəsində olan bağ sahəsi üzərində xüsusi mülkiyyətçi hüquqları qazanır ki, bu da onun sosialiqtisadi bəhrə əldə etməsi anlamına gəlir. Digər tərəfdən də iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi başqa bir fiziki və ya hüquqi şəxsin vəziyyətini pisləşdirmir, ona ziyan vurmur və ya hüquqlarının başqa formada məhdudlaşdırılmasına yaxud pozulmasına gətirib çıxarmır. Belə olan halda 30 illik fasiləsiz və etirazsız sahiblik müddətini ehtivaedən Mülki Məcəllənin 178.6-cı maddəsinin geriyə qüvvəsi şamil olunmalıdır. 21. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində iddiaçının xüsusi mülkiyyətində olan 0,25 ha. bağ sahəsi iddiaçının mərhum atasına 13 sentyabr 1993-cü il tarixli icarə müqaviləsi ilə verilmiş, sonradan həmin müqavilə əsasında iddiaçının atasının qanun üzrə vərəsələri həmin bağ sahəsi üzrə müvafiq vərəsəlik şəhadətnaməsi əldə etmiş və bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının xüsusi mülkiyyətində olan 0,25 ha. bağ sahəsinə bitişik və hazırkı iddia üzrə mübahisə predmetini təşkil edən 770 kv.metrlik bağ sahəsinin də ən azı 13 sentyabr 1993-cü ildən iddiaçının atasının və sonradan digər vərəsələrlə birlikdə onun faktiki sahibliyində olması öz təsdiqini tapır. Beləliklə, əgər mülki hüquq norması maraqlı şəxsin hüquqi vəziyyətini yaxşılaşdırmaqla yanaşı digər subyektlərin mövcud hüquqlarını məhdudlaşdırmırsa və məhdudlaşması üçün zəmin yaratmırsa, onların mövcud vəziyyətini pisləşdirmirsə və pisləşməsi üçün zəmin yaratmırsa, maraqlı şəxs Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin 1-ci cümləsində təsbit olunmuş müddəanın həyata keçirilməsini, yəni həmin maddənin birbaşa tətbiq edilməsini və onun hüquqi vəziyyətini yaxşılaşdıran Mülki Məcəllənin 178.6-cı maddəsi ilə əhatə olunmuş mülki hüquq normasının qüvvəsinin geriyə şamil olunmasını tələb edə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsini müəyyən edən 147-ci maddəsinin İİ hissəsinə əsasən “Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir”. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “İddiaçı istifadəsində olan ümumi torpaq sahəsinin 3770 kv.m təşkil etməsi, ümumi əraziyə dair tərəflərindən sahəsi 500 kv. m və 2500 kv. m olmaqla 2 hüquqmüəyyənedici sənədin təqdim edilməsi, qalan 770 kv.m torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ümumi istifadəsində olan sahə daxilində digər bağ sahəsi yerləşdiyindən həmin bağ sahəsində dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi” əsası ilə tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://e-qanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İddiaçı tələbinin əsası kimi bağın icarəyə verilməsi haqqında 1664 nömrəli 13 sentyabr 1993-cü il tarixli müqaviləni göstərir. Lakin həmin müqavilə X7 və İstismarı Birliyi və Cəfərov M.Ə arasında Novxanı əsazisində yerləşən 0.25 ha torpaq sahəsi üçün hüquqmüəyyənedici sənəddir. İş materiallarından müəyyən olunur ki, həmin torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Ona bitişik olan faktiki iddiaçının göstərdiyi 770 kv.m. torpaq sahəsinin isə hüquqmüəyyənedici sənədi yoxdur. Hazırki inzibati işin həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində icraatı zamanı iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədi təqdim edə bilmədiyi üçün onun iddia etdiyi torpaq sahəsi ilə bağlı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hər hansı əsas da mövcud deyildir. Belə olan halda cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından düzgün olaraq imtina etmişdir və həmin imtina da qanunun tələblərinə uyğun olduğu üçün iddiaçının hər hansı hüququnun pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3558/2024 saylı 07 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar