Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3032/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cаvаbdеh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2023 saylı, 17 mart 2023-cü il il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə X1rşı “pensiyanın yenidən hesablanması” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən onun topladığı ümumi iş stajı və pensiya kapitalı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən onun əmək pensiyasının məbləği ödənilməli olan məbləğdən az müəyyən olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanaraq artırılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmiş və müraciətə uyğun olaraq iddiaçıya təyin edilmiş əmək pensiyası məbləği yenidən hesablanaraq 243,78 manat təşkil etmişdir. Bu səbəbdən də iddiaçı arzuolunan nəticəyə çatmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2023 saylı, 17 mart 2023-cü il il tarixli qərarı ilə (hakim O.Həsənov) iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, ona yaşa görə yox, əmək stajına görə pensiya təyin olunmasını, ona düşən əmək pensiyasının düzgün araşdırılıb yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2023 saylı, 17 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 232,38 manat müəyyən olunmuşdur. Bundan sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə əsasən əmək pensiyasının məbləği 243,78 manata çatdırılmışdır. İddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi əmək pensiyası məbləğinin yenidən hesablanaraq artırılması təşkil edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyətinin icra etdiyi dövrdə ümumilikdə topladığı pensiya kapitalı 33.462,95 manat təşkil etmişdir. Yuxarıda da qeyd olunduğu bu məbləğ iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi stajının istehlak qiymətləri indeksinin illik səviyyəsini tətbiq etməklə pensiya hüququnun yarandığı tarixə olan 21.588,4 manat və xx.xx.2006-cı il tarixdən sonra toplanan 11.874,55 pensiya kapitalının cəmidir. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 232,28 ((33.462,95 manat/144 ay) manat olması müəyyən edilir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən pensiya məbləği düzgün müəyyən edilmiş, daha sonra əmək pensiyası təyin edildikdən sonra onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 524,80 manat pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının məbləği 243,78 manatadək çatdırılmışdır ki, pensiya məbləğinin müəyyən edilməsi zamanı hər hansı səhvə yol verilməmişdir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən həm ümumi iş stajı, həmçinin də toplanan pensiya kapitalı ilə bağlı hesablamalar düzgün aparılmış, illər üzrə pensiya məbləği indeksləşdirilmiş və nəticədə pensiya məbləği 243,78 manata çatdırılmışdır ki, bu hal pensiya məbləğinin müəyyən edilməsi zamanı hər hansı səhvə yol verilməmişdir. İddiaçı tərəfindən verilən apelyasiya şikayəti ümumi sözlərdən istifadə olunmaqla, iddia ərizəsi ilə eyni məzmunda olmaqla hazırkı iş üzrə aidiyyəti olmayan hallar sadalanmaqla əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsənin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının əmək kitabçasında olan qeydlər əsasında yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975- ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978- ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək müxtəlif müəssisələrdə fərqli peşələr və vəzifələr üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçasında və hərbi biletdə göstərilən dövrləri cəmlədikdə isə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı 26 il 06 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeydə alınır: 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır; 2) xx.xx.2006-xx.xx.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur ki, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2006-2021-ci illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. İddiaçının 2006-cı ilə qədər ümumi stajı 26 il 06 ay 18 gün təşkil etdiyindən, hər ilinə görə 306 manatdan olmaqla, toplamış olduğu pensiya kapitalı 8.124,3 manat (26x306+306/12x6+306/365x18) təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçının 65 yaş həddi 2022-ci ilin mart ayında tamam olduğundan, həmin kapitalın 2022-ci ilə indeksləşdirilmiş məbləği 21.588,4 manat təşkil edir. Hesablama qaydası: 8.124,3+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+3 %+2,6%+2,8%+6,7%= 21.588,4. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixinə topladığı 8.124,3 manat məbləğində pensiya kapitalı, indeksləşdirilməklə 2022-ci ilə 21.588,4 manat təşkil edir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonraki dövrlər üzrə əmək haqqından məcburi sosial sığorta haqları çıxılmış və fərdi hesabının sığorta hissəsində yığılmışdır. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11.874,55 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.10. Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. 6-1.Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. 10.4. Yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düsturu ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi, YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. 45.1. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında izahat verən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi (mütəxəssis) C.Ə.Nağıyev iş üzrə göstərmişdir ki, İddiaçı 2022-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşı tamam olduğu tarixdən və Qanunun 22.1-ci maddəsinə əsasən 240 manat yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonra vətəndaş xx.xx.2022-ci il tarixdə işdən azad olunma ilə bağlı bizə müraciət edib. xx.xx.2022-ci il tarixdə 3.77 manat pensiya yenidən hesablanaraq artırılıb. İddiaçı qeyd edir ki, Füzuli rayonunun Meşəli kəndində əmək kitabçasında qeyd olunmayan bir ildən çox iki ilə yaxın sığorta stajı var. Cavabdeh tərəfindən də həmin staj əmək kitabçasında olmadığından sığorta stajı kimi götürülməyib. Həmin müddətin sığorta stajına daxil olunması barədə heç bir qərar qəbul olunmayıb. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.2006-cı il tarixədək topladığı ümumi iş stajı 26 il 06 ay 18 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixinə topladığı 8.124,3 manat məbləğində pensiya kapitalı, indeksləşdirilməklə 2022-ci ilə 21.588,4 manat təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11.874,55 manat təşkil edir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək topladığı ümumi stajının istehlak qiymətləri indeksinin illik səviyyəsini tətbiq etməklə pensiya hüququnun yarandığı tarixə olan 21.588,4 manat və xx.xx.2006-cı il tarixdən sonra toplanan 11.874,55 manat pensiya kapitalının cəmidir. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 232,28 ((33.462,95 manat/144 ay) manat olması müəyyən edilir. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 232,38 manat müəyyən olunmuşdur. Bundan sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətlərinə əsasən əmək pensiyasının məbləği 243,78 manata çatdırılaraq ödənilmişdir. Pensiya təyin olunduqdan sonra iddiaçı 5 ay 2022-ci ilin may ayından avqust ayına qədər işlədiyi üçün 603 manat, 2023-cü il üçün isə 789 manat pensiya kapitalı əlavə olunduğundan 4.99 manat pensiyada artım olmuşdur. Vətəndaşın pensiyası 2023-cü ildə 279 manat olduğundan 280 manata (minimum məbləğə) çatdırılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2023 saylı, 17 mart 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2877/2023 saylı, 17 mart 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə