Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3032/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(112)-2841/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X2 İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya yaşa görə təyin edilmiş pensiyadan tutmaların dayandırılması və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-3169/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə təyin edilmiş pensiyadan tutmaların dayandırılması və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İnzibati iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ödənilməyən aylar nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanaraq qərardan əvvəlki vəziyyətə çatdırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinin xx.xx.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin iddiaçı şəhid ailəsinin üzvü olduğu üçün onun əmək pensiyasının sığorta hissəsinə 93,5 manat əlavə hesablanmışdır. xx.xx.2006- cı il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 485,14 manat pensiya kapitalı, xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək qeydə alınmış 13711.99 manat pensiya kapitalı, xx.xx.2007-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək qeydə alınmış 5105,49 manat pensiya kapitalı əsasında iddiaçının pensiya kapitalı yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 871.45 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1 və 20-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyası indeksləşdirilmiş və xx.xx.2021-ci il tarixindən 960,14 manata, xx.xx.2022-ci il tarixindən isə 989,61 manata çatdırılmışdır. Qeyd edilən müddətlərdə iddiaçı pensiya almasına baxmayaraq əmək fəaliyyətini davam etdirmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddətdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 841,0 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 1001,28 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixindən iddiaçının pensiyası 1017,94 manata, həmin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 1153,83 manata, xx.xx.2024-cü il tarixindən isə 1272.60 manata çatdırılmışdır. Lakin cavabdeh inzibati orqanın ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və yenidən hesablanmış əmək pensiyasının məbləği 1153.84 manat müəyyən edilmişdir. Qeyd olaraq əsas kimi xx.xx.2007-ci il tarixdə pensiya təyin olunarkən orla aylıq əmək haqqının düzgün müəyyən edilmədiyinə və xx.xx.2017-ci il tarixində 6 illik hesablama aparılarkən PSK-nın xx.xx.2007-ci ildən nəzərə alınmalı olduğu halda xx.xx.2006-cı il tarixdən nəzərə alınmasına görə yaranan artıq ödəmənin nəzərə alınması göstərilmiş, artıq ödəmənin məbləği 2470.51 manat məbləğində müəyyən edilmişdir. Bundan irəli gələrək iddiaçı 2 dəfə cavabdeh inzibati orqana müraciət edərək pensiyanın yenidən hesablanmasını və pensiyanın əvvəlki vəziyyətə çatdırılmasını tələb etsə də, cavabdeh inzibati orqan xx.xx.2023-cü il və 16 mart 2024-cü il tarixli məktubları ilə iddiaçının müraciətinin mümkünsüz olduğunu bidirməklə məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın hərəkətləri qanunsuzdur. İddiaçı X7 göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cаvаbdеh iddiaya dair etirazını təqdim etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(112)-2841/2025 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçı X7 barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, ödənilməyən aylar nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanaraq qərardan əvvəlki vəziyyətə çatdırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması qərara alınmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Abdullayeva apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İddiaçının pensiya işinin surətində olan sənədlərə əsasən iddiaçı şəhid ailəsi kimi Prezident təqaüdü alır, iddiaçıya 1987-ci ildə İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir, iddiaçının xx.xx.2007-ci il tarixli ərizəsinə əsasən o, yaşa görə əmək pensiyası alan pensiyaçı kateqoriyasına keçirilmişdir, DSMF-nin Ağdam rayon şöbəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən iddiaçıya yaşa görə 230,50 manat pensiya təyin edilmişdir, DSMFnin Ağcəbədi rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmışdır, əmək kitabçasına əsasən iddiaçının sonuncu əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir.
12. Cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası hüququnun yarandığı tarix xx.xx.2006-cı il olmuşdur, xx.xx.2022-ci ildən əmək pensiyasl yenidən hesablanmışdır və 1069,37 manat müəyyən edilmişdir, əsas kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsi göstərilmişdir.
13. Cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2007-ci ildə əmək pensiyası təyin edilmişdir, xx.xx.2023-cü il tarixə əmək pensiyasının məbləği 1231,93 manat olmuşdur, yenidən hesablanmış pensiyasının məbləği 1153,84 manat müəyyən edilmişdir, həmin qərarla X5 2470,51 manat artıq ödəmə müəyyən edilmişdir.
14. Cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2007-ci ildə əmək pensiyası təyin edilmişdir, sonradan onun əmək pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiyasının məbləği 1272,60 manat müəyyən edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçı X5 bildirilmişdir ki, xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilə qədər artıq ödənilmiş vəsaitin bir hissəsi əmək pensiysının indeksləşdirilməsi nəticəsində ötən dövr üzrə (xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər) yaranmış fərq məbləği ilə əvəzləşdirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
19. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-1.0.15,3.1, 10.2-10.4, 26, 39.1-ci maddələrini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1, 1.2, 2.0.2, 2.0.6, 2.0.8, 13.1, 13.2, 24.1-24.3, 28.1-28.1.3, 64.1-64.3, 67.1-67.13 nəzərə alaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
20. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
21. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).
22. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
23. Məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
24. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın qəbul etdiyi “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ödənilməyən aylar nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanaraq qərardan əvvəlki vəziyyətə çatdırılmasına yönəlmişdir. Qeyd edilən qərarla iddiaçıya vaxtı ilə xx.xx.2007-ci ildə əmək pensiyası təyin edilmiş, yenidən hesablanaraq xx.xx.2023-cü il tarixə məbləği 1231,93 manat təşkil edən pensiyasının məbləği azaldılaraq 1153,84 manat müəyyən edilmişdir, həmin qərarla X5 2470,51 manat artıq ödəmə müəyyən edilmişdir.
26. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya ilkin pensiya təyinatı zamanı orta aylıq əmək haqqının düzgün hesablanmaması və 6 ildən çox işləməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər nəzərə alınmalı olduğu halda xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək nəzərə alınaraq hesablanması səbəbindən xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilə qədər 2470,51 manat artıq ödəmə aşkar edilmişdir. Lakin cavabdeh iddiaçıya ilkin pensiya təyinatı zamanı orta aylıq əmək haqqının düzgün hesablanmamasının məhz nədə ifadə olunmasını qeyd etməmiş, 6 ildən çox işləməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanarkən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilə qədər nəzərə alınmalı olması ilə bağlı mövqeyini əsaslandırmamış, həmin mövqeyin düzgün olmasına dair sübutları iddiaçıya bildirməmiş, məhkəməyə təqdim etməmişdir.
27. Nəticə etibarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əməl etməyərək işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan iddiaçı üçün əlverişli qanuni inzibati aktı ləğv etmiş, qanunsuz və əlverişsiz inzibati akt qəbul etmiş, həmin inzibati aktı qəbul edən zaman iddiaçının inzibati orqanların inzibati praktikasına qanunla qorunan etimad hüququnu pozmuşdur.
28. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
29. Həmin normaya əsasən qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İddiaçının pensiya işindən görünür ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2007-ci ildə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamışdır. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
32. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2-1(112)-2841/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev