Məhkəmə qərarları › İş №2-1(103)-3033/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3033/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3033/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X21 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-83/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair onunla birgə kirayə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanında yerləşən 1 otaqdan ibarət 59 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdi "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onları mənzillə təmin edə bilmədikləri üçün yaşadıqları yataqxananın mənzilini növbəsində olduğu mənzil əvəzi olaraq Cavanşir küçəsi, ev 4, mənzil 59-u order əsasında ona verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X5 İttifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal- hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X3 İttifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi yataqxana ev 4, mənzil 59 ona, İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillərin həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair onun adına order verilmişdir. Onun mənzilində, uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da həmin mənzil üzrə bütün kommunal xidmət haqları vaxtı-vaxtında o, ödəmişdir. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə prezidentinin və 1-ci vitse Prezidenti Mehriban xanımın təşəbbüsü, fərman və sərəncamı ilə qeyd etdiyi yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verildi. Onlar isə mənzillərinə köçürülmüşlər. Bundan sonra mənzil əvəzi order əsasında ona verilmiş mənzilinə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən ünvan 4 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayl tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxsərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qruntlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəx və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin «Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X7 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 4 yataqxana binasının 59 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X10, arvadı X8, oğlu Ramil İbrahimov və qızı Məleykə İbrahimova məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. İddiaçı qeyd edilən binanın (3 yerlik) 59 saylı otağından məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı zəbt etmiş, eləcə də bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən mənzili zəbt etmişdir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. İddiaçının Bakı şəhəri, ünvan 4 yataqxana binasının 59 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçı yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-83/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-83/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası vətəndaşının xx.xx.2017-ci il tarixli, AZE 15520797 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Mirbəşir rayonu, Hüsənli kəndində anadan olmuşdur, yaşayış yeri ünvan 5 ünvanıdır. xx.xx.1975-ci il tarixli iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, Hümbətova (Məmmədova) Pakizə Ərşad qızı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Hüsənli kənd orta məktəbində əmək təlimi müəllimi, xx.xx.1975-ci ildən xx.xx.2004-ci ilə kimi Bakı “Radiozavod”da, xx.xx.2004-cü ildən Bakı "xxxx" İB-də müxtəlif vəzifələrdə işləmişdir. Bakı "xxxx" İB tərəfindən verilmiş 09 dekabr 2006-cı il tarixli, 0186 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2 nəfər ailə tərkibi ilə Xətai rayonu, Cavanşir küçəsindəki 4 saylı evdə yerləşən ailəlilər üçün yataqxananın 1-ci giriş 3cü mərtəbəsindəki yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 59 nömrəli mənzili tutmaq hüququna malikdir. Order Bakı "xxxx" İB-nin müdiriyyəti və HİK-nın 68 saylı protokolu ilə rəsmiləşdirilmiş, 06 dekabr 2006-cı il tarixli birgə qərarına əsas verilmişdir. İş yeri "xxxx" İB-i, növbə əsasında verilib. ünvan 6 ünvanda yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin xx.xx.2006-cı ilin siyahısının surətindən görünür ki, İddiaçı 0186 saylı order əsasında 18 kv.m sahəsi olan 1 otaqlı 59 №-li mənzil verilmişdir. Bakı "xxxx" X5 İttifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, iclasın qərarı ilə Birliyin "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb Birliyə məxsus olan S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilməsi və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi (HİK-nın qərarı və Order), birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş təhvilqəbul aktının surətindən görünür ki, S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin 1 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Bakı şəhər MKTD-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 68/26-ç nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 4 binanın (keçmiş yataqxana) 59 saylı mənzilində 1993-cü ildən Ağdam rayon məcburi köçkünü X10 4 nəfər (özü, arvadı X8, qızı X4 və oğlu X11) ailə üzvü ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil İddiaçı tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti MKTD-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 02/47 nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" zavodu tərəfindən ünvan 9 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin sosial xidmətlər idarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə ünvan 9 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verilə bilmir. Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti MKTD-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 17/11 nömrəli məktubun və həmin məktuba əlavə edilmiş arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək və xx.xx.2004-cü il tarixindən hal-hazırki vaxta kimi "xxxx" zavodunda işləyir. İddiaçı mənzil verilməsi haqqında növbəlik siyahısında 186-cı adam olaraq növbəyə alınmışdır. Mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai rayonunun İcra Hakimiyyətində təsdiq edilib-edilməməsi barədə məlumatları yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5862/2019 nömrəli, 28 avqust 2019cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair qarşı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13726/2019 nömrəli, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1994/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********92 saylı məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Təşəbbüs” bağçılıq-yoldaşlıq təsərrüfatının 45 saylı bağ sahəsi xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 10 ünvanında qeydiyyatda olan X15, Bakı şəhəri, Cavanşir küçəsi, ev 4, mənzil 5 ünvanında qeydiyyatda olan X16 və ünvan 11 ünvanında qeydiyyatda olan X2 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, onlar İddiaçı ünvan 12 ünvanında 2018-ci ildən yaşadığını təsdiq edirlər. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı ünvan 12 ünvanında İddiaçı qohum olaraq təqdim etdiyi və qonaq gəldiklərini bildirdiyi Laçın rayonu, Ağcayazı kəndində qeydiyyatda olan X1 azyaşlı uşaqları ilə yaşadığı müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. 31-ci maddəsinə görə mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 48-ci maddəsində göstərilmişdir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinin 1-ci hissəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinin tələbinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. İş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Əksinə iddiaçının mülkiyyətində hal-hazırda daşınmaz əmlakın olması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-83/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar