Məhkəmə qərarları › İş №2-1(103)-3034/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3034/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3034/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “işsiz kimi qeydiyyata alınmaqla, birdəfəlik ödəmə verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7169/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işsiz kimi qeydiyyata alınmaqla, yaşayış minimumu həcmində birdəfəlik ödəmənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu işsiz kimi qeydiyyata almaqla, aprel və may ayları üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmənin (cəmi 380 manat) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur, 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin qiyabi şöbəsinə ödənişli əsaslarla qəbul olunub. xx.xx.2018-ci il tarixdə “X1 Tesisat. X6 İtalat İhracat Sanayi ve Ticaret LTD-nin Azərbaycan Respublikasındakı filialında satış meneceri kimi əmək fəaliyyətinə başlasa da, iş yerinin fəaliyyətini dayandırması ilə əlaqədar xx.xx.2019-cu il tarixdə öz arzusu ilə işdən azad edilmişdir. Həmin vaxtdan hazırki vaxtadək işsizdir. Təhsil aldığı müddətdə hər il təhsil haqqını ödəmişdir. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcəyi nəzərdə tutulduğundan işsiz kimi qeydiyyata alınmağı üçün “online” qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə (bu günə kimi) Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılmışdır. 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “online” qaydada müraciət etmək üçün nazirliyin “e-sosial.az” portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “Online müraciət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alınmaq mümkün idi. Müraciət şəxsiyyət vəsiqəsinin seriyasını və FİN nömrələrini daxil etməklə. “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilirdi. Bu qaydada da müraciət etmişdir. Hazırda Azərbaycan Respublikasında xüsusi karantin rejimi tətbiq olunur və iki aydan çoxdur ki, ölkədə əksər iş yerləri bağlıdır. İş yerlərinin bağlanması və karantin rejimi ilə əlaqədər dövlət işsizlər üçün 190 manat birdəfəlik müavinət ödəyəcəkdi. Məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs-işsiz şəxs hesab olunur. Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər almalıdır. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur. Lakin xx.xx.2020-ci il tarixdə heç bir hüquqi əsası olmayan və həqiqəti əks etdirməyən səbəblə ona imtina sms bildirişi verilmişdir. Belə ki, həmin sms bildirişdə Məşğulluq haqqında qanunun 4.1.6-4 maddəsinə əsasən onun işsiz kimi qeydiyyata alınmağından imtina edilmişdir. Halbuki həmin maddə -(4.1.6.) ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanları nəzərdə tutur. O, isə qiyabi təhsil aldığından imtina səbəbini əsassız hesab edir. Bu səbəbi, də nazirliyin elan etdiyi kimi qaynar xəttinə (142) zəng vuraraq bu barədə məlumat vermiş, araşdırılacağ və dediklərinin doğru olacağı təqdirdə ona 190 manat birdəfəlik ödəmənin ayrılacağını bildirsələr də hazırki vaxtadək ona cavab verilməmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, onu işsiz kimi qeydiyyata almaqla, pandemiya davam etdiyi müddət ərzində ona müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş. ərizə icraata qəbul edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10204/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 inzibati məhkəmə icraatına 3cü şəxs qismində cəlb edilməklə işsiz kimi qeydiyyata alınmaqla, birdəfəlik ödəmə verilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1110/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10204/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadının qismən, “iddiaçının 190 manat birdəfəlik ödəmə tələbinin mümkün sayılmaması” hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi, qalan hissəsində qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7169/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı ilə (hakim: N.Abıyev) İddiaçı iddiası pandemiya davam etdiyi müddət ərzində ona müəyyən edilmiş hər ay olmaqla yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur.Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Nazirliyin “Məşğulluq” Alt sistemində (bundan sonra - MAS) Vakansiya Bankı formalaşmış və həmin bankda on minlərlə vakant vəzifələr vardır. İşsiz şəxs “e-sosial.az” internet portalındakı şəxsi kabinetinə daxil olaraq MAS-da mövcud olan vakansiyaları mütəmadi izləmək, həmin vəzifələrə göndərişlərin formalaşdırılması imkanlarına malikdir. Yuxarıda sözügedən birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan X2 kütləvi informasiya vasitələri ilə, habelə işsiz şəxslərə birbaşa məktublar, telefon zəngləri, sms-lər ünvanlamaqla həmin şəxslərin sosial rifahının təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olması üçün müraciətlər etmişdir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən əsaslarla iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, prosessual pozuntuya yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə öz qərarında 5 aylıq yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi qeyd edilmişdir. Lakin iddiaçı Gədəbəy rayonu üzrə qeydiyyatda olduğu üçün həmin ərazidə sadəcə olaraq 3 ay üzrə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçı Gədəbəy rayonunda qeydiyyatdadır və Gədəbəy rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində “İşsiz” statusu verilmiş və hazırki dövrə qədər də “Məşğulluq” altsistemində “işsiz”olaraq qeydiyyatdadır. Belə olan halda iddiaçının qeydiyyatda olduğu yer üzrə birdəfəlik ödəmənin verilməsi şərtləri araşdırılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.6-cı maddəsinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli sərəncamı: 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra-pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”: 2-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”: Məşğulluq və sosial rifaha dəstək sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində (-). Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi-ƏƏSMN-2020-ci ilin aprel, may ayları (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası:

1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlarəsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşlarınişaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarış göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir. 23 iyun 2020-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 805) ilə 2-1-ci hissədə “Birdəfəlik” sözü“Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra “, habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu yarımbəndi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na yeni məzmunda 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 3.8. Bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən,Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə,Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli …………..216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 iyul 2020-ci il tarixli 245 nömrəli qərarı:

1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarının adında və 1-ci hissəsində “şəhərləri” sözü “, Mingəçevir, Şəki, Yevlax şəhərləri” sözləri ilə və “Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları” sözləri “Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron,Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2020-ci il tarixli 444 nömrəli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 474, № 6, maddə 805; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 aprel tarixli 149 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli 506 nömrəli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Məhkəmə kollegiyası mövqeyini aşağıdakılara əsasən əsaslandırır:

Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejimi tətbiq olunduğu zaman, işsiz kimi qeydiyyatda olan şəxslərə aprel, may, iyun, avqust, noyabr və dekabr ayları üzrə birdəfəlik ödəmənin verilməsi həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən imtina edən cavabdeh onun verilməsi proqramının başa çatdırılaraq icrası müddəti bitdiyini, bir aydan az müddət ərzində 600 min şəxsi əhatə etdiyini, ayrılmış vəsaitin həmin dövrdə təyinatı üzrə istifadə olunması ilə əsaslandırmışdır. Məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********1 №-li cavab məktubunda göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindən əldə olunan anket məlumatlarına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixində e-Sosial onlayn platforması vasitəsilə müraciət etmiş və vətəndaşın anket məlumatları xx.xx.2020-ci il tarixində təsdiqlənmişdir. İddiaçı Gədəbəy rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2020ci il tarixində “İşsiz” statusu verilmiş və hazırki dövrə qədər də “Məşğulluq” altsistemində “işsiz”olaraq qeydiyyatdadır. Bir halda ki, iddiaçı işsiz kimi qeydiyyatdadır və ona “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nda nəzərdə tutulmuş birdəfəlik ödənişin verilməsindən imtina əsasları mövcud deyildir, o halda iddiaçıya qeydiyyat yeri əsas götürülməklə birdəfəlik ödəniş həyata keçirilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmə Kollegiyası qeyd etmək istəyir ki, AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində İddiaçı qeydiyyat ünvanı Gədəbəy rayonu qeyd edilmişdir. AR Nazirlər Kabinetinin yalnız 2020-ci il 7 aprel tarixli 127 nömrəli (aprel, may ayları üzrə) və 23 dekabr 2020-ci il tarixli 506 nömrəli (dekabr ayı üzrə) qərarlarının tətbiq dairəsi Gədəbəy rayonunu da əhatə etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı işsiz kimi qeydiyyatda olan şəxs statusuna malik olduğundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının 2.3-cü bəndində qeyd edilmiş birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsaslara malik olmadığından Gədəbəy rayonunda qeydiyyatda olan şəxs kimi aprel, may və dekabr ayları üzrə birdəfəlik ödənişin həyata keçirilməsindən inzibati orqanın imtinası formal xarakter daşımış və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan müəyyən dəyişikliklər edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə iddiaçının birdəfəlik yardım almaq hüququ olmuş, iddiaçının birdəfəlik yardım almayan şəxslərin kateqoriyasına aid olmasına dair işdə hər hansı sübut olmamışdır. Həmçinin, cavabdeh qeyd edir ki, birdəfəlik ödəmə 600 min şəxsi əhatə etmiş və ayrılmış vəsait təyinatı üzrə istifadə olunduğundan iddia əsaslı sayıla bilməz. Lakin 44. 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 600 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamışdır. Bununla belə, iddia koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi iyun, avqust, noyabr ayları üzrə ödənişin həyata keçirilməsi ilə bağlı hissəsində əsassız olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, həmin hissədə tələb təmin edilməməli, qərar həmin aylara münasibətdə ləğv edilməlidir. İyun, avqust, noyabr ayları üzrə ödənişin əsasını təşkil edən AR Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli ( 08 iyul 2020-ci il tarixli qərarla düzəliş edilmiş), 7 avqust 2020-ci il tarixli 283 nömrəli və 06 noyabr 2020-ci il tarixli 444 nömrəli qərarlarının tətbiq dairəsi Gədəbəy rayonunu əhatə etməmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf olaraq cavabdehin iddiaçıya işsiz qismində qeydiyyatda olan şəxs kimi mübahisələndirilən dövrlərdən aprel, may və dekabr ayları üzrə birdəfəlik ödəmənin verilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya da ziddir və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7169/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı qismən ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı ödənilməmiş aprel, may və dekabr ayları üzrə hər ay 190 manat olmaqla cəmi 570 manat ödəmənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar