Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3034/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6686/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 15 iyul 2015-ci il tarixdə (əmr № 1432) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya təyin edilmişdir.
2. İddiaçı Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı kimi təhsil aldığı xidmət illərinin həmin dövrlər üçün (xx.xx.1992 - xx.xx.1994-cü il tarixinədək) bir ili iki il kimi və xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək olan dövr sərhəd zastavasında xidmət etdiyi dövrün bir ilin iki il altı ay kimi hesablanaraq yeni məlumat vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmişdir ki, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı kimi təhsil aldığı müddətin pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməsi, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək olan dövr sərhəd zastavasında xidmət etdiyi dövr 1 gün 0,5 gün hesabı ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarına uyğun olaraq 1 gün xidməti 2 gün hesabı ilə hesablanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı məhkəməyə müraciət edərək xidmət illərini həmin dövrlər üçün (xx.xx.1992-xx.xx.1994-cü il tarixədək) bir ili iki il kimi və (xx.xx.1994- xx.xx.1997-ci il tarixədək) bir ilinin iki il altı ay kimi hesablanaraq yeni “Məlumat vərəqi”nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə (Dövlət Sərhəd Xidmətinə) həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təqvim ili 24 il 13 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 iyul 2015-ci il tarixdə (əmr № 1432) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həqiqi hərbi xidmətinin ali hərbi təhsil müəssisəsində (Bakı Ali Birləşmiş Komandirlər Məktəbi) kursant qismindəki 2 (iki) ili (xx.xx.1992-xx.xx.1994-cü illər) Ermənistanın torpaqlara təcavüzünə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aktiv döyüş əməliyyatlarının apardığı dövrdə və zabit qismində sərhəd zastavalarındakı 2 (iki) il 10 (on) ayı isə (xx.xx.1994 - xx.xx.1999-cu illər Naxçıvan sərhəd dəstəsinin (2006 № h/h) s/zastavaları) ölkə ərazisində Fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu dövrdə (xx.xx.1997-ci ilədək) keçmişdir. Ancaq hərbi xidmətinin yuxarıda qeyd olunan dövrünün bir hissəsi iş stajına güzəştli şərtlərlə ümumiyyətlə daxil edilməmiş, digər hissəsi isə qismən daxil edilmişdir. Nəticə etibarı ilə pensiyanın təminat xərcliyinin hesablanması üçün Dövlət Sərhəd Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi məlumat vərəqində həqiqi hərbi xidmətinin müddətli (kursant) hissəsi birqat-bir xidmət ili bir il (bir xidmət günü bir gün), sərhəd zastavalarında zabit qismindəki hissəsi isə ikiqat-bir xidmət ili iki il (bir xidmət günü iki gün) kimi göstərilmişdir. Odur ki, pensiyanın yenidən hesablanması üçün iş stajının müddətli həqiqi hərbi xidmət (kursant) dövrünə aid hissənin (xx.xx.1992 - xx.xx.1994-cü illər) bir xidmət ilinin iki il (bir xidmət gününün iki gün), sərhəd zastavalarındakı xidmət dövrünün (xx.xx.1994 - xx.xx.1997-ci illər) bir xidmət ilinin iki il yarım (bir xidmət gününün iki gün yarım) göstərilməklə yeni məlumat vərəqinin tərtib olunması və Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına göndərilməsi xahişi ilə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir (xx.xx.2023-cü il Tranzaksiya/Göndər is №: SX009312249AZ). Lakin cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri mövcud və zamana görə qüvvədə olmuş qanunvericilik baxımından əsassızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. “Hərbi qulluqçulan statusu haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Əmək hüququ. Vətəndasların həqiqi hərbi xidmət bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. Göründüyü kimi, mövcud qanun hərbi xidmətin xüsusi şəraitdə keçdiyi dövr üçün nəzərdə tutulan güzəştlərin həqiqi hərbi xidmət hərbi qulluqçularının bütün kateqoriyalarına heç bir fərq qoyulmadan şamil edildiyini təsbit edir. Qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyini zamanı əyani təhsil müddəti, həqiqi hərbi xidmət müddəti və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixinədək fövqəladə vəziyyət müddətinin 1 (bir) ilinin 2 (iki) il kimi hesablanmasında əmək stajı kimi pensiya hüququ verilirdisə bu müddətlər üçün pensiya məbləğinin maliyyə vəsaitinin hesablanması hüququ verirdi. Həmin xidmət dövrünün bir ili bir il kimi hesablanmışdır. Lakin həmin illərin iddiaçının xidmət illərinə güzəştli şərtlərlə daxil edilməsi zamana görə qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmişdir. (Vətəndaşların pensiya təminatı haqqında qanun xx.xx.1992-ci il tarixli №305) Məlum olduğu kimi, zamana görə “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsinə əsasən, pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: Maddə 68. İş stajının hesablanmasında güzəştlər. 1-ci abzas - döyüş əməliyyatlan dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə. 2- ci abzas - müharibə illərində arxa cəbhədə iş müddəti iki qat ölçüdə. Maddənin məzmunundan göründüyü kimi, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət üçqat ölçüdə, müharibə illərində arxa cəbhədə iş müddəti iki qat ölçüdə-hesablanmalıdır. Bu müddəanın tələbləri yalnız müddətli xidmət hərbi qulluqçulara aid edilmişdir. “Hərbi xidmət haqqında ” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir. Maddə 5 Həqiqi hərbi xidmətin növləri Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: — əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti —əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti —gizirlərin və miçmanların həqiqi hərbi xidməti; — zabitlərin həqiqi hərbi xidməti. 3-cü abzas hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti. “Hərbi xidmət haqqında ’’Azərbaycan Respublikasının Qanunu (2001-ci il 12 oktyabr tarixədək olan redaksiyada) “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 6-cı maddəsi Kursantlar hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir. 17 yaşı tamam olmuş vətəndaşlar hərbi təhsil müəssisələrinə qəbul oluna bilərlər. Hərbi təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətdə sayılırlar və kursant adlandırılırlar. Onlara müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələri şamil olunur. Onlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edirlər. Belə ki, zamana görə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: -1-ci maddəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar; - 16-cı maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu maddələrin tələblərindən isə bəlli olur ki, müddətindən artıq xidmət hərbi qulluqçularına pensiya təyin edilməsinin hüquqi əsasları həmin Qanunla tənzimlənmişdir və xidmət illərinin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1992-cil №109) - 1-ci maddəsinin 4-cü abzası- müddətli xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı qaydası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Göründüyü kimi, müddətli xidmət hərbi qulluqçularının pensiya təminatı qaydası isə “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Hesab edir ki, tələbinə münasibətdə yuxarıda qeyd edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992- ci il tarixli qərarı və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Azərbaycan Respublikasının Qanunu ilə xx.xx.1997-ci il tarixində qəbul edildiyindən istinad etdiyi hala münasibətdə tətbiq oluna bilməzdi, çünki tələb etdiyi həmin hal xx.xx.1992-ci il tarixdən xx.xx.1994- cü il tarixi əhatə edən dövrə aid olduğu üçün hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmamışdır. Ona görə də Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı olmuş və həmin dövr onun müddətli həqiqi xidməti kimi olmuşdur. Onun xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər müddətli həqiqi xidmətdə olduğu dövr nəzərə alındıqda, qazanılmış pensiya hüququna bu müddətin ikiqat ölçüdə (döyüş əməliyyatlarının davam etdiyi dövr olduğuna görə-müharibə dövrü) hesablanması “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Qanunverici həmin dövrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların xidmətini güzəştli xidmət ili kimi hesablanaraq belə bir hüququnun olduğunu təsbit edir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6686/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6686/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbini təmin edilməsini xahiş etmişdir.
8. Daha sonra iddiaçı apellyasiya şikayətinə dəqiqləşmə barədə ərizə verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6686/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının tələbinin birinci hissəsində (pensiyanın yenidən hesablanması üçün iş stajının müddətli həqiqi hərbi xidmət (kursant) dövrünə aid hissənin (xx.xx.1992 - xx.xx.1994-cü illər) uzun müddət xidmətə güzəştli şərtlərlə (xidmətin bir ayı iki ay) (bir xidmət ilinin iki il) daxil edilməklə yeni məlumat vərəqinin (DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi) ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi üçün yeni qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, qərar (iddia tələbinin birinci hissəsi üzrə) maddi və hüquq normaları pozulmaqla qəbul edildiyindən qüvvədə qala bilməz və ləğv edilməlidir. Belə ki, Bakı Ali Birləşmiş Komandirlər Məktəbində kursant qismindəki xidmət illəri (xx.xx.1992-xx.xx.1994 illər) Ermənistanın təcavüzünə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aktiv döyüş əməliyyatlarının apardığı dövrdə (bu həm də fövqəladə vəziyyət rejimidir. xx.xx.1997-ci ilədək) keçmişdir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
11. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşmiş apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərfli araşdırmamış, bununla da prosessual normaların tələblərini pozmuşdur və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qanuni qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
13. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28. Həqiqi hərbi xidmətin növləri ...28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər.
15. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr Tarixli, 377-iq nömrəli qanunu X8 “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamə:
3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. ...Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir: ...hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti;
6. Kursantlara hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir.
16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: v) kursantların həqiqi hərbi xidmətində: çağırışçılar, hərbi vəzifəlilər (zabitlərdən başqa) və qadınlar üçün — hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün;
185. Müharibə dövründə hərbi qulluqçular hərbi xidməti bu fəsillə və müharibə dövrü üçün qəbul edilmiş digər normativ hüquqi aktlarda nəzərdə tutulan xüsusiyyətlərin uçotu ilə keçirlər. Bu fəsildə və müharibə dövrü üçün qəbul edilmiş başqa normativ hüququ aktlarda müharibə dövründə hərbi qulluqçularla iş aparılması, onlara hərbi rütbələr verilməsi, attestasiyadan keçirilməsi, məzuniyyətlərin verilməsi və hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamı ilə tətbiq olunur.
188. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti müharibə dövründə bu Əsasnamənin 32, 33, 38, 40 (“b” və “q” bəndlərindən başqa) və 171-ci maddələrinə uyğun hərbi qulluqçularla və hərbi vəzifəlilərlə komplektləşdirilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. ... 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı X8 “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”
18. ‘‘Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı: ...Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. ... 2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: ...Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. ...
19. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
21. Birinci instansiya məhkəməsinin qərarı qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirildiyi hissədə yoxlanılır.
22. Məhkəmə kollegiyası iddiaçının tələbinin ona ali hərbi təhsil müəssisəsində (Bakı Ali Birləşmiş Komandirlər Məktəbi) kursant qismindəki xx.xx.1992-xx.xx.1994-cü il tarixinədək olan dövrün bir ilinin iki il kimi nəzərə alınaraq yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
23. Belə ki, tələbin həmin hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçının xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə kursant olduğu dövr ‘‘Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının tələblərinə müvafiq olaraq həqiqi hərbi xidmət illərinə daxil edilmişdir.
24. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, həmin xx.xx.1992-xx.xx.1994-cü il tarixinədək olan dövr döyüş şəraitində döyüş əməliyyatlarının olduğu illərə təsadüf etsə də, iddiaçı faktiki olaraq qeyd olunan illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı olmuşdur. Belə olan halda həmin dövr nə hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü, nə də müharibə illərində arxa cəbhədə iş müddəti hesab edilə bilməz.
25. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının kursant kimi təhsil aldığı həmin dövrün iki il kimi nəzərə alınmasını əsaslandıran qanunun müddəası yoxdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı X8 “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tələblərinə əməl edilmiş, iddiaçının xidmətdən buraxıldığı günə təminat xərcliyi (pul təminatı) hesablanaraq və buna uyğun məlumat vərəqi tərtib olunaraq pensiya təyin edən orqana göndərilmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6686/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov