Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3035/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3317/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı elmi dərəcə və elmi adlara görə müəyyən edilmiş əlavənin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1996-2010-cu il tarixədək 175 nömrəli orta məktəbin, 2010-2018-ci il tarixlərdə 167 nömrəli orta məktəbdə direktor vəzifəsində çalışmışdır. Həmçinin, 2019-2022-ci il tarixlərdə 315 nömrəli orta məktəbdə direktor işləmişdir. 1985-ci ildən fizika-riyaziyyat elmlər namizədi-fəlsəfə doktoru, 1991-ci ildən dosent və əməkdar müəllimdir. Lakin, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 98 nömrəli qərarına uyğun olaraq müəyyən edilmiş elmlər namizədi üçün vəzifə maaşına əlavə ödənilməmişdir. Məhkəmənin qərardadı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi adi qaydada üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3317/2023 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 20 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, direktor vəzifəsi ilə yanaşı ixtisas üzrə fənn tədris edilməməsi əsası ilə elmi dərəcəyə görə müəllimlər üçün nəzərdə tutulmuş vəzifə maaşına əlavənin ödənilməsindən imtina edilmişdir. İş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. İşin göstərilən faktiki halları ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Həmin Qərarın 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Hazırkı iş üzrə isə qeyd olunan şərtlər tam ödənilmir. Tərəflərdən biri olan cavabdehin inzibati orqan olması da iddianın mümkünlüyü baxımından vəziyyəti dəyişmir. Belə ki, hazırkı iş üzrə cavabdeh olan inzibati orqanın ümumilikdə hakimiyyət səlahiyyətinə malik olması, publik sferada olan münasibətlərin tərəfi olması və həmin sferada digər şəxslərlə yaranmış mübahisələrin inzibati icraat və ya inzibati məhkəmə icraatı qaydasında qiymətləndirilməsinin mümkün olması şübhə doğurmur. Lakin hazırkı iddiaçı ilə yaranmış mübahisəyə münasibətdə cavabdeh hakimiyyət səlahiyyətinə malik olmamış, hazırkı mübahisə fərdi əmək mübahisəsi olmaqla xüsusi hüququn nizamasalma predmetinə daxil olmaqla publik hüquqi münasibətlərinə aid olmayan münasibətdən yaranmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı direktor-müəllim kateqoriyasına aid olan şəxs olmaqla dövlət qulluqçusu hesab edilmir. O, cavabdehə münasibətdə bərabərtərəfli subyekt işçidir. Cavabdeh isə hazırkı əmək mübahisəsində hakimiyyət səlahiyyəti daşıyan inzibati orqan yox, əmək qanunvericiliyində təsbit olunmuş əmək münasibətlərinin digər tərəfi kimi işəgötürəndir. Bərabərtərəfli əmək münasibətlərinin tərəfi olan işçi və işəgötürən arasında yaranmış əmək mübahisəsinin həlli isə işəgötürən inzibati orqan olsa belə inzibati məhkəmə icraatı qaydasında yox, mülki icraat qaydasında həll edilməlidir. Belə ki, cavabdehin iddiaçıya münasibətdə hakimiyyət səlahiyyəti mövcud olmamış, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə əsasən işçi əmək funksiyalarını icra etmiş və sonda da iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 98 nömrəli 27 may 2010-cu il tarixli Qərarından görünür ki, Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmipedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilmişdir. İddiaçı da həmin əlavənin ona ödənilməsində iddialıdır. Göründüyü kimi iddiaçının iddia etdiyi əlavə faktiki olaraq vəzifə maaşına əlavə xarakteri daşıyır. Həmin əlavənin ödənilməməsi isə yuxarıda adıçəkilən qanunvericilik müddəalarından da göründüyü kimi fərdi əmək mübahisəsidir. Bu zaman vəzifə maaşına əlavənin Nazirlər Kabinetinin Qərarı ilə konkret məbləğlə müəyyən edilməsi də onun işəgötürən tərəfindən ödənilməli olan əmək haqqının tərkib hissəsi olmasına mane yaratmır. Belə ki, əmək haqqına daxil olan bir sıra ödənişlər var ki, normativ hüquqi aktlarda konkret rəqəmlərlə müəyyən edilir ki, təkcə inzibati orqanlar yox, həmçinin hakimiyyət səlahiyyəti daşımayan digər hüquqi və fiziki şəxslər üçün də ödənilməsi məcburiyyət daşıyır ki, həmin hal həmin məbləğin ödənilməsinə münasibətdə işəgötürən bərabərtərəfli subyekt qismində, hakimiyyət səlahiyyəti daşımayan və ya hakimiyyət səlahiyyəti daşısa belə işçiyə münasibətdə hakimiyyət səlahiyyəti daşımayan şəxslə publik münasibət yaratmır. Başqa sözlə vəzifə maaşına əlavənin normativ hüquqi aktda konkret təsbit edilməsi onun ödənilibödənilməməsinə münasibətdə nə fiziki şəxsə, nə hüquqi şəxsə, nə də ki inzibati orqana qarşı işçinin tələbinə inzibati icraat qaydasında baxılmasına əsas yaratmır. Bu zaman nəzərə alınmalı məsələ işəgötürən və işçi arasında münasibətin publik sferaya aid olub olmamasıdır (işçinin dövlət qulluqçusu olub olmaması, hərbi və ya xüsusi rütbəli olub olmaması və s). Hazırkı mübahisə isə müəllim-direktor statusunda olan şəxslə inzibati orqan arasında yaranmışdır. Mövcud mülki və inzibati işlər üzrə yaranmış məhkəmə praktikası isə müəllim, həkim və s kateqoriyasında olan şəxslərlə inzibati orqan olsa belə təhsil və səhiyyə idarələrinə qarşı olan fərdi əmək mübahisəsindən yaranan mübahisələrə mülki icraat qaydasında baxılması əsasında formalaşmışdır. Necə ki, həmin şəxslərin əmək müqaviləsinə xitam və s barədə fərdi əmək mübahisələrinə mülki icraat qaydasında baxılır, həmçinin də vəzifə maaşına əlavənin ödənilməsinə də inzibati icraat qaydasında yox, mülki icraat qaydasında baxılmalıdır. Əks halda isə iddiaçı ilə eyni statusda olan və elmlər namizədi olmuş, lakin əmək müqaviləsinə əsassız xitam verilmiş əmr mülki icraat qaydasında ləğv olunarkən ödənilməmiş əmək haqqısı, eləcə də vəzifə maaşına hazırda tələb olunan əlavənin ödənilməsi hissəsində mülki icraat qaydasında baxılması yolverilməz olar ki, nə hüquqi, nə hüquqi məntiq baxımından məhkəmə həmin halın özünü yolverilməz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3317/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3035/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3035/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver