Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3035/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2- 1(112)-6689/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 659 saylı qərarına əsasən alqı-satqı yolu ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini etmişdir. Cavabdeh elektron məhkəmə sistemi vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən sahəyə ********** nömrəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(112)-6689/2025 saylı qərardadı ilə (hakim A.Abdullayeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin “Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə” vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(103)-3035/2025 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi vəsatətlə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilmədiyi üçün qərardad mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 28-ci maddəsi üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. İPM-də anlayış kimi istifadə olunmuş cəlb edilmə ifadəsi hər iki qaydada qoşulmanı ehtiva edir. Həmin an proses iştirakçısı olmayan aidiyyəti şəxs məhkəmə icraatının iştirakçısı olmaq (qoşulmaq) arzusunu ifadə edir və ərizə verməklə bunu məhkəmə qarşısında bəyan edir. Həmçinin, icraatın digər iştirakçıları da (iddiaçı, cavabdeh və artıq cəlb edilmiş üçüncü şəxslər) üçüncü şəxsin cəlb edilməsi ilə bağlı iradələrini bildirir və vəsatət verməklə bunu məhkəmənin diqqətinə çatdırırlar. Nəhayət, məhkəmə öz təşəbbüsü əsasında icraata üçüncü şəxsin cəlb edilməli olduğu qənaətinə gəlirsə, bu halda, iradə məhkəməyə məxsus olur. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur. .... Məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPMin 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazanmış olur. Cəlbetmə barədə vəsatət İPM-in 28.1-ci maddəsinə əsasən iş hər üç məhkəmə instansiyasının icraatında olduğu müddətdə həmin məhkəmələr tərəfindən mübahisə üzrə yekun qərar çıxarılanadək verilə bilər. Müvafiq olaraq vəsatətlə bağlı cəlbetməyə dair qərar da həmin məhkəmələr tərəfindən özlərinin icraatı yekunlaşanadək qəbul oluna bilər. Bundan başqa, məhkəmə öz təşəbbüsü əsasında üçüncü şəxslərin icraata qoşulması məsələsini mübahisəyə mahiyyəti üzrə baxılması ilə bağlı birinci, apellyasiya və kassasiya məhkəməsinin icraatının davam etdiyi müddətlərdə həyata keçirə bilər. Digər tərəfdən, İPM-in 28.1-ci maddəsi məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə də həm vəsatətlər verilməsi, həm də öz təşəbbüsü əsasında məhkəmə tərəfindən cəlbetmənin həyata keçirilə biləcəyini də təsbit edir. Nəzərə almaq lazımdır ki, bu qaydada cəlbetmə kassasiya instansiyası məhkəməsinə münasibətdə yol verilmir, yalnız birinci və apellyasiya məhkəmələri tərəfindən həyata keçirilə bilər. Çünki Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətidir. Qanunvericiliyə görə isə bu imkan yalnız məhkəmə aktlarının qanuni qüvvəyə minmədiyi dövrlərdə həyata keçirilə bilər. ... Kollegiya həmçinin hesab edir ki, İPM-in 81.2 və 90.2-ci maddələrindəki müddəalar adi və ya zəruri cəlbetmə qaydasında icraata qoşulmasından asılı olmayaraq üçüncü şəxslərin tələblərini təmin etməyən məhkəmə aktından şikayət vermək hüququna təminat verir. Belə ki, İPM-in 29-cu maddəsi üçüncü şəxslərin prosessual hüquqlarını müəyyən edən ümumi norma, həmin Məcəllənin 81.2 və 90.2-ci maddələri isə üçüncü şəxslərin məhkəmə aktlarından şikayət vermək hüquqlarını müəyyən edən xüsusi normadır. Məhkəmə aktlarının mübahisələndirilməsi məsələsinin həllində də məhz xüsusi normanın müəyyən etdiyi qayda rəhbər tutulmalıdır. Digər tərəfdən, İPM-in 29-cu maddəsində də aşkar şəkildə təsbit edilmişdir ki, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindən müstəqil şəkildə istifadə etmək hüquqlarını təsbit etmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında göstərilən hüquqi mövqedən görünür ki, qanunvericilik üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. Hazırkı halda Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəsatəti təmin edilməsə də, birinci instansiya məhkəməsinin bu mövqeyi üçüncü şəxs qismində işə cəlb olunması tələb olunan Əmlak Məsələləri Dövlət Xidmət tərəfindən deyil, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilir ki, “...üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindən müstəqil şəkildə istifadə etmək hüquqlarını təsbit etmişdir.” Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(112)-6689/2025 saylı qərardadına əsasən qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 83, 85, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin mümkün sayılması barədə Bakı Apellyasiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(103)-3035/2025 saylı qərardadı ləğv edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(112)- 6689/2025 saylı qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3035/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3035/2025
22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver