Məhkəmə qərarları › İş №2-1(103)-3036/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3036/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3036/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7019/2021 saylı, 16 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25.01.2017-ci il tarixli, 279 ş/h saylı əmrinin ləğv edilməsi, iddiaçının daxili işlər orqanlarında xidmətə bərpa edilməsini, 25.01.2017-ci il tarixdən işə bərpa edilənə qədər olan dövr üzrə əmək haqqının artımlar da hesablanılmaqla ona verilməsini və 25.01.2017ci il tarixdən qətnamə icra edilən tarixə qədər olan dövrün xidmət illərinə daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7019/2021 saylı iş üzrə qəbul etdiyi 16 avqust 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddia tələbi mübahisələndirmə deyil, müəyyən etmə və tanınma haqqında iddiadır. Gözləməyə məcbur olduğu zaman kəsiyi iradəsindən asılı olmamış, barəsində BMCMİ-də gedən araşdırmanın nəticələrinin gözlənilməsi və işdən azad edilməyilə bağlı əmrin ona təqdim edilməməsi səbəbindən hansı əsasla işdən kənarlaşdırılmağını bilməməyi olmuşdur. Vəkil sorğusu ilə alınmış əmrdən çıxarış verilənə qədər ona iş fəliyyətinin barəsində gedən araşdırmanın nəticələrinin bəlli olacağı vaxta qədər dayandırıldığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından görünür ki, 23.01.2017-ci il tarixli Ə67-001-17 nömrəli əmrlə İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilərək xidmətə bərpa edilməsi və keçən müddətin xidmət illərinə daxil edilməsi, həmin dövr üzrə əmək haqqının hesablanmaqla verilməsi tələbilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkünsüz sayılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. İlk olaraq, iddiaçı apelyasiya şikayətində iddia tələbinin növünün məhkəmə tərəfindən yalnış müəyyən edildiyini, iddia tələbinin mübahisələndirmə deyil, müəyyən etmə və tanınma haqqında iddia olduğunu bildirmişdir. AR İPM-in: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Qanunvericilik normalarının və iddiaçının iddia tələbinin qarşılıqlı təhlilindən də görünür ki, hazırki iş üzrə iddiaçı xidmətdən xaric edilməsinə dair əmrin etibarsızlığını deyil, ləğv edilməsini və aktın ləğv edilməsinin müvafiq hüquqi nəticələrinin realllaşdırılmasını, yəni buraxılan müddətin xidmət illərinə aid edilməsini və s. tələb edir ki, bu da mübahisələndirmə haqqında iddia növünün mahiyyətinə uyğundur. Odur ki, birinci instansiya məhkəməsi iddianın mahiyyətini düzgün qiymətləndirmiş və qeyd etmişdir ki, “... mübahisələndirmə haqqında iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.” Məhkəmənin bu mövqeyilə razılaşmayan iddiaçı apelyasiya şikayətində bildirmişdir ki, barəsində BMCMİ-də gedən araşdırmanın nəticələrini gözlədiyinə və əmr barəsində məlumatlandırılmamış olduğuna görə sözügedən inzibati aktı gec mübahisələndirmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətindəki mövqeyi sırf formal mülahizələrə əsaslanmaqla işə baxılması zamanı təqdim edilən və ya apelyasiya şikayətinə əlavə edilən hər hansı sübutla öz təsdiqini tapmır. Əksinə işin hallarından, həmçinin cavabdehin nümayəndəsinin izahatından da görünür ki, iddiaçının xidmətdən azad edilməsi əmrinin verilməsinə əsas, törətdiyi ehtimal edilən qanun pozuntusunun əsasında barəsində aparılan inzibati orqanın daxili araşdırması olmuşdur ki, bu araşdırma da şəxsin iştirakı ilə aparılmış və mübahisələndirilən əmr sonda ona elan edilmişdir. Cavabdehin nümayəndəsinin bu izahatı isə işin halları üzrə öz təsdiqini tapır. Belə ki, İddiaçı mübahisələndirilən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması və hüquqlarının pozulduğunu hesab edərək, bununla bağlı hər hansı müdafiə vasitələrindən istifadə etməməsi onun həmin əmr barədə məlumatlı olması nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda, iddiaçının iddia ərizəsində qeyd etdiyi “2018-ci ildə qəbulda olan zaman cənab nazir tərəfindən mənim işə bərpa olunmağıma dair razılıq vermişdir. Lakin qəbul zamanı DİN-in daxili təhqiqatın rəisi Sahib Mirzəyev tərəfindən BMCMİ-də araşdırmanın aparılması bildirilməklə həmin araşdırmanın nəticəsinin zəruriliyi bildirilmişdir.” ifadələri iddiaçının ən azı 2018-ci ildə xidmətdən xaric edilməsi barədə məlumatlı olmasını göstərir. Buna baxmayaraq, əmrin mübahsələndirilməsinə dair iddia ərizəsilə məhkəməyə müddəti ötürməklə, 2021-ci ildə müraciət etmişdir. Sadalananlardan da göründüyü kimi, iddianın mümkünlüyünün yoxlanılması zamanı nəzərə alınan şərtlərdən biri olan iddia tələbinin irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddətə iddiaçı tərəfindən əməl edilməmişdir. İddiaçının prosessual müddəti ötürməsinə haqq qazandıracaq üzürlü səbəblər (onun iddia ərizəsi tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar) isə hazırkı iş üzrə müəyyən olunmur. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti hər hansı mötəbər dəlillə əsaslandırılmadığından şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7019/2021 saylı iş üzrə qəbul etdiyi 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Həmid Həmidov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar