Məhkəmə qərarları › İş №2-1(103)-3036/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3036/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3036/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2447/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X1 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi icarəyə verilməsi haqqında 446 saylı, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində sahəsi 1000 kv.m. olan bağ evinin özəlləşdirilməsi vəzifəsinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(112)-12743/2024 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(112)-2447/2025 saylı qərardadı ilə iddia ərizəsi “Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində 1000 kv.m. torpaq-bağ sahəsinin 15 sentyabr 2105-ci ilədək iddiaçıya icarəyə verilməsinə dair Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə bağlanmış olan 15 sentyabr 2006-cı il tarixli 446 №-li icarə müqaviləsi üzrə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” məzmununda icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi icarəyə verilməsi haqqında 446 saylı, 15 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində sahəsi 1000 kv.m. olan bağ xx.xx.2105-ci il tarixədək iddiaçıya verilmişdir. Binəqədi Bələdiyyəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında YVÖK 10011HBS0100 saylı şəhadətnaməsi mövcuddur. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 4000 kv.m. olan bağ evini özəlləşdirmək üçün 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən imtina verilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı olmasına baxmayaraq, təqdim olunan sənədlər torpaq sahəsi üzərində icarə hüququnun verilməsi ilə bağlıdır. Bundan əlavə torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilənin qüvvədə olma müddəti bitmişdir. O cümlədən idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-2447/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia ərizəsi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız bələdiyyə qərarının olmamasına istinad edərək iddianı rədd etmişdir. Belə ki, qərarda qeyd edilmişdir ki, iddiaçıya Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 446 nömrəli müqaviləsi ilə Binəqədi rayonu, Goradil bağmassivində istifadə edilən 1000 kv.m. bağ - torpaq sahəsinin sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları, əkməklə yaşıllaşdırmaq məqsədi ilə ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Bələdiyyəsi tərəfindən onunla İddiaçı arasında xx.xx.2006-cı il tarixli, 446 nömrəli müqavilənin bağlanmasına əsas olan sənədlərin surətləri təqdim edilmişdir. xx.xx.2006-cı il tarixli, 446 nömrəli müqavilə təqdim edilsə də, lakin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı təqdim edilməmişdir. Lakin bələdiyyə qərarının təqdim olunmaması iddiaçının təqsiri deyildir və iddianın rədd olunmasına əsas ola bilməzdi. Torpaq sahəsinin mülkiyyətçisinin Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi olması mübahisə edilmir. Həmin bələdiyyə tərəfindən də məhkəmə sorğusuna əsasən iddiaçı ilə aralarında bağlanmış müqavilə, situasiya planı, yerli vergi ödəyicisi qismində uçota alınmaya dair bildiriş və tədiyyə bildirişi təqdim etmişdir. Mülkiyyətçi iddiaçının hüquqlarını hər hansı qaydada mübahisələndirmir və əksinə onun belə bir hüququnun olmasını təsdiqləyir. Bələdiyyə qərarının mövcud olub-olmamasının mənfi nəticəsi iddiaçının üzərinə yüklənməsi yolverilməzdir və inzibati məhkəmə icraatının prinsipləri ilə də uzlaşmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da iddiaçının təqsiri olmadan buraxılmış xətalara dair onun hüquqlarının pozulmasının yolverilməz olması qeyd edilir və qeyd edilən çatışmazlığın qeydiyyat üçün hansı maneə törətməsinin sübutetmə vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, ekspert rəyi natamamdır, torpaq sahəsi iddiaçıya icarəyə verilib, hazırda həmin icarə hüququnun qeydiyyata alınması xahiş edilir ki, torpaq sahəsi başqasına icarə verilməsin. Apellyasiya şikayətinin əsasını etimadın qorunması prinsipi təşkil edir. Belə ki, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əsasən torpaq-bağ sahəsinin xx.xx.2105-ci ilədək iddiaçıya icarəyə verilməsi nəzərdə tutulur. Binəqədi rayon Binəqədi Bələdiyyəsinin qərarının mövcud olub-olmaması isə İddiaçı təqsiri deyil. Analoji məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarında da sübutetmə vəzifəsinin inzibati orqanın üzərinə qoyulmalı olduğu göstərilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin müvafiq qərarı inzibati orqana təqdim edilməmişdir. Sözügedən qərarın mövcudluğu zəruri haldır. Yəni, iddiaçının icarə müqaviləsi mövcuddur, lakin icarə müqaviləsindən əvvəl ilk növbədə torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin müvafiq qərarı olmalıdır ki, hazırda həmin qərar yoxdur. Eyni zamanda bazada müvafiq torpaq sahəsi bələdiyyə torpağı kimi deyil, dövlət torpağı kimi qeydiyyata alınıb. Bu səbəbdən bələdiyyənin həmin torpağa sərəncam vermək hüququnun da olması mübahisəlidir. Eyni zamanda, ekspertiza rəyi də tam deyildir, yəni mübahisəli məsələlər aydınlıq gətirilməmişdir, sadəcə torpağın koordinatları müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında xx.xx.2006-cı il tarixli, 446 saylı müqavilədə qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı ildən – xx.xx.2105-ci il tarixədək Binəqədi rayonu, Goradil bağ massivində istifadə etdiyi 1000 kv.m. bağ - torpaq sahəsinin sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları, əkməklə yaşıllaşdırmaq məqsədilə İcarəçiyə təklif edilməsinə, icarəçi yuxarıda sadalanan işləri öz vəsaiti hesabına görməklə bağın qəbul edilməsinə dair müqavilə bağlanılmışdır. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş situasiya planında qeyd edilmişdir ki, Binəqədi rayonu, Görədil bağ massivində İddiaçı istifadə etdiyi bağ - torpaq sahəsinin (1000 kv.m.) situasiya planı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən tərtib edilmişdir. - Cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən torpaq sahəsinin faktiki sahəsi 1000 kv.m., faktiki olaraq göstərilən torpaq sahəsinin sərhədləri, iki tərəfdən şərti, bir tərəfdən şərti və mişar daş hasarla, bir tərəfdən mişar daş hasarla sərhədlənmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək. Həmin Qanunun 6-cı maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2081/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 24. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpağın icarəyə verilməsi barədə bələdiyyə qərarı bələdiyyə torpağı üzərində icarə hüququnun dövlət reyestrində qeydə alınmasının hüquqi əsasını təşkil edir.

25. Hazırkı iş üzrə iddiaçı tələbinin təmin edilməsinin əsası kimi “Bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsinə istinad edir. Həmin müqavilənin mövcudluğu Zabrat Bələdiyyəsi tərəfindən mübahisələndirilməsə də, icarə müqaviləsinin əsasında duran bələdiyyə qərarı iş materiallarına əlavə edilməmiş və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı Bələdiyyənin özünə, arxiv idarələrinə hər hansı sorğu ünvanlanmamış, hətta sözügedən qərarın mövcudluğu aşağı instansiya məhkəmələrinin araşdırma predmeti olmamışdır”. İş materiallarında olan sənədlərdən göründüyü kimi, birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Binəqədi Bələdiyyəsi tərəfindən onunla İddiaçı arasında xx.xx.2006-cı il tarixli, 446 nömrəli müqavilənin bağlanmasına əsas olan sənədlərin surətləri təqdim edilmiş, xx.xx.2006-cı il tarixli, 446 nömrəli müqavilə təqdim edilsə də, lakin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı təqdim edilməmiş və həmin qərarın ümumiyyətlə mövcudluğu müqavilə tərəfləri tərəfindən də bildirilmir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə aşağıdakı məzmunda sorğu verilmiş: “ ... Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 446 saylı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin inzibati ərazisində olan torpaq sahəsinin bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında” müqaviləyə əsasən İddiaçı icarəyə təklif edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1000 kv.m. bağ torpaq sahəsi ilə qonşu sahələrə verilmiş çıxarışların və çıxarışların verilməsinə əsas olmuş sənədlərin qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunur”, lakin məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli bağ torpaq sahəsi ilə qonşu sahələrə çıxarışların bələdiyyə sənədləri əsasında verilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-2447/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsi və vəkilinin şifahi vəsatətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-3036/2025 saylı qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspert qarşısında dörd geniş formada tərtib edilmiş sual qoyulmuş, lakin ekspert məhkəməyə mübahisəli torpaq sahəsinin koordinatlarını təqdim etməklə kifayətlənmişdir. Belə olan halda məhkəmə kollegiyası 100 manat məbləğində ekspertiza xərcinin tam həcmdə iddiaçıdan tutulmasını qanuni və əsaslı hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, 2-1(112)-2447/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərinin 30 (otuz) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar