Məhkəmə qərarları › İş №2-1(103)-3037/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3037/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3037/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə cavabdeh tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5051/2017 nömrəli, 07 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xx.xx.1982-ci ildən xx.xx.1998-ci ilədək Bakı Şüşə Zavodunda (Büllur ATSC) işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2009-cu il tarixdən (47 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq qaydada əmək haqqı əsas götürülməklə təyin edilməsi və hesablama zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5051/2017 nömrəli, 24 noyabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1998-ci ilədək Bakı Şüşə Zavodunda (Büllur ATSC) işlədiyi dövrü iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ saylı siyahısına uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009-cu il tarixdən (47 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq qaydada əmək haqqı əsas götürülməklə təyin edilməsi və hesablama zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə «yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında» ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “xx.xx.1982-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Bakı Şüşə zavodunda (Büllur ATSC) işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ saylı siyahısına uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2009-cu il tarixindən (47 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına müvafiq qaydada əmək haqqı əsas götürülməklə təyin edilməsi və hesablama zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Nizami rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5051/2017 nömrəli, 07 may 2024-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Hazırda cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və “yeni açılmış hallarla” bağlı ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pensiya işinə tikilmiş sənədlərin araşdırılması ilə məlum olmuşdur ki, şəxsiyyət vəsiqəsi üzrə doğulduğu yer Qazax rayonu, Köçəsgər kəndi, yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 36, mənzil 28 olan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı tarixi qeyd olunmamış pensiya təyinatı barədə ərizəsi Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla həmin şöbənin xx.xx.2018-ci il tarixli 339 №-li qərarı ilə məhkəmə aktı üzrə müəyyən edilmiş ümumi və güzəştli (xüsusi) iş stajı nəzərə alınmaqla, həmçinin Qanunun 9.1-ci maddəsinin tələblərinə, o cümlədən vaxtilə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na istinad edilməklə əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətində qeyd olunanlara əsasən xx.xx.2006-cı il tarixədək qazanılmış 23 il 08 ay sosial sığorta stajına uyğun hesablanmış sığorta hissəsi (41,43 manat) və pensiyanın baza hissəsi (75,0 manat) ilə birlikdə cəmi 116,43 manat məbləğində xx.xx.2009-cu il tarixindən 47 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə baza hissəsi məbləğinin artırılması, istehlak qiymətləri indeksinin illik səviyyəsinə və pensiyasının ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməklə xx.xx.2018-ci il tarixindən 178,43 manata çatdırılmış və xx.xx.2018-ci il tarixindən ödənilməsinə başlanılmışdır. Ehtimal olunur ki, pensiya işinə tikilmiş və əlyazma qaydasında İddiaçı adından doldurulmuş tarixsiz ərizədəki imza onun tərəfindən çəkilməmiş, həmin imza saxtalaşdırılmış, əlyazma vətəndaşa məxsus deyildir. İddiaçı pensiya işinə tikilmiş sənədlərinin araşdırılması ilə ehtimal olunur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (47 yaşından) təyin edilməsi və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və sözügedən vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmışdır. Baş vermiş hərəkətlərin tərkib hissəsi kimi İddiaçı adına saxtalaşdırlmış əmək kitabçası tərtib edilmiş, həmin kitabçaya qeyd edilmiş yalan məlumatların və əsassız iş stajlarının “sığortalanması” məqsədliə məhkəmə qərarının alınmasına nail olunmuşdur. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarında qeyd olunanlara əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh şöbə öz nümayəndəsini məhkəmə iclasına göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə də müvafiq qanunvericiliyə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan iddiaya baxmışdır. Məhkəmədə iddiaçının özü iştirak etmişdir. Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərarından apellyasiya şikayətinin verilməsi təmin olunmamışdır. Ehtimal edilir ki, vətəndaş ümumiyyətlə onun adından verilmiş iddia üzrə keçirilmiş məhkəmədə iştirak etməmiş və məhkəmə prosesindən məlumatsız olmuşdur. Həmçinin, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ müəyyən olunarkən, o cümlədən məhkəmə aktı çıxarılarkən məhkəmə baxışında cavabdehin nümayəndəsinin iştirak etməməsi və məhkəməyə həlledici materialların təqdim edilməməsi ilə ehtimal olunur ki, bilərəkdən vətəndaşın xeyrinə olmaqla bir sıra nöqsanlara yol verilmişdir. İddiaçı adına saxtalaşdırılmaqla tərtib edilmiş əmək kitabçasında cəmi 3 sayda müəssisə üzrə iş stajları yazılmışdır. Araşdırma tədbirlərinin davamı olaraq səlahiyyətləri daxilində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) əməkdaşlarının və "xxxx" ATSC-nin Kadrlar şöbəsinin rəisi X1 iştirakı ilə aparılan yoxlama nəticəsində vətəndaş İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Bakı Şüşə zavodunda işləməsi faktı öz təsdiqini tapmamış, adıçəkilən müəssisənin əməkdaşlarına aid arxiv sənədlərinə baxış zamanı İddiaçı adına rast gəlinməmişdir. Bu barədə XŞTMF-nin əməkdaşları və "xxxx" ATSC-nin Kadrlar şöbəsinin rəisi H.Allahverdiyevanın imzaları, həmçinin həmin cəmiyyətin möhürü ilə təsdiq edilməklə xx.xx.2022-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Bundan başqa, XŞTMF-nin əməkdaşlarının və Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” Trestinin İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi Vüqar Abbasovun iştirakı ilə aparılan yoxlama nəticəsində İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Bayıl Limam” X16 İdarəsində işləməsi faktı öz təsdiqini tapmamış, “Bayıl Limanı” X16 İdarəsində saxlanılan arxiv sənədlərinə, o cümlədən əmrlər kitabına baxış zamanı İddiaçı adıçəkilən müəssisədə işləməsi faktını təsdiq edəcək heç bir sənədə rast gəlinməmişdir. Bu barədə XŞTMF-nin əməkdaşları və trestin İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi V.Abbasovun imzaları, həmçinin həmin şöbənin möhürü ilə təsdiq edilməklə xx.xx.2022-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Yoxlamalar nəticəsində aşkar edilənlər İddiaçı əmək kitabçasının, o cümlədən kitabçaya qeyd edilmiş iş stajlarının və müəssisələrin möhürlərinin saxtalaşdırıldığını təsdiq etmişdir. Göründüyü kimi, saxtalaşdırılmış əmək kitabçasının və xx.xx.2001-ci il tarixli arayışın təsdiq olunmuş surətlərinin məhkəmə tərəfindən mötəbər sənəd kimi nəzərə alınmasına, nəticədə İddiaçı ötən dövrlərdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı barədə qərarın qəbul edilməsinə nail olunmuşdur. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, məhkəmə instansiyası tərəfindən vətəndaşın əmək kitabçasında qeyd edilmiş "xxxx" ATSC-dən əmək şəraiti ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq arayışın alınması təmin və tələb edilməmiş, müvafiq işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, nəzərə alınmış dövrün sosial sıorta stajı hesab edilməsi barədə əsaslı sənədlər olmadan ümumi mülahizələr əsasında qərar qəbul edilməklə iddia tələbi təmin edilmişdir. Qeyd edilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti İT-İ seriyalı ******* №-li saxtalaşdırılmış əmək kitabçasının mötəbər sənəd hesab edilməsi və həmin əmək kitabçası üzrə iş stajı nəzərə alınmaqla xx.xx.2009cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması olmuşdur. Qeyd olunanlarla yanaşı, İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış "xxxx" ATSC-də (keçmiş Bakı Şüşə zavodu) və Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” Trestində (“Bayıl Limanı” X16 İdarəsi) müvafiq dövrlər ərzində iş stajının və həmin dövrlərdə ona hesablanmış və ödənilmiş əməkhaqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə, eyni zamanda məhkəmə tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, eləcə də həmin dövrlərdə hesablanmış əməkhaqları və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamış, bu işdə maraqlı olan şəxslərin təsiri ilə məhkəmə iclaslarında şöbə tərəfindən etibarlı hüquqi müdafiə işi qurulmamışdır. Göstərilənlərdən əlavə, İddiaçı iddiasında qeyd olunanlar heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Araşdırma zamanı şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə onun şöbəyə 47 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət sənədi (ərizəsi), şöbənin pensiya təyin edən komissiyasının vətəndaşın müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə vətəndaşa şöbə tərəfindən ünvanlanmış məktub, vətəndaşın məhkəməyə müraciət etməsini təsdiq edən iddianın surəti, məhkəmənin şöbə ilə yazışmaları, şöbənin məhkəməyə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri aşkar edilməmişdir. Fond tərəfindən yerli qurumlara mütəmadi olaraq pensiya işlərinin inventarizasiyasının aparılması barədə verilmiş ciddi tapşırıqlara baxmayaraq, İddiaçı aid işə tikilmədiyi qeyd edilən zəruri sənədlərlə əlaqədar şöbənin məsul işçiləri tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmədə proses İddiaçı xeyrinə başa çatdırıldıqdan sonra qərar və əmək kitabçasının surəti nəzərə alınmaqla şöbənin Pensiya üzrə komissiyasının sədri şöbə müdiri X3, komissiya üzvləri - Pensiya sektorunun müdiri X9, Mühasibat uçotu sektorunun müdiri X11 imza etməklə şöbənin xx.xx.2018-ci il tarixli 339 №-li qərarı ilə xx.xx.2009-cu il tarixdən 47 yaşından vətəndaşa əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya təyin edilməsi barədə şöbənin 339 №-li qərar layihəsi şöbənin Pensiya sektorunun məsləhətçisi X5 tərəfindən hazırlanmış və imza edilmişdir. Qeyd olunan məbləğ və iş stajı barədə müvafiq riyazi hesablamalar aparılmış vərəq pensiya işinə qərardan sonra tikilmişdir. Saxtalaşdırılmış əmək kitabçası və məhkəmə qərarı əsas götürülməklə, şöbənin təsdiq etdiyi 339 №-li qərarında və uçot vərəqində qeyd olunanlar nəzərə alınmaqla şöbə tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 6962,73 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 5000,0 manatı 2018-ci ilin may ayında birdəfəlik, 1962,73 manatı isə ayda 178,43 manat olmaqla aylıq pensiyanın üzərinə əlavə edilərək xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr, 11 ay ərzində vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Nazirliyin əvvəlki pensiya proqramında və hazırki PAS proqramında (“Pensiya” altsistemi) mövcud olan məlumatlara əsasən vətəndaşın xx.xx.2018-ci il tarixindən 178,43 manat məbləğində müəyyən edilmiş pensiyasının aylıq məbləği avtomatlaşdırlımış qaydada müvafiq dövrlər üzrə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməklə xx.xx.2019-cu il tarixdən 183,78 manat, xx.xx.2019-ci il tarixindən 200,0 manat, xx.xx.2020-ci il tarixindən 233,20 manat müəyyən edilmiş və ödənilmişdir. Araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixindən İddiaçı pensiyasının ödənişi dayandırılmışdır. Bununla da məhkəmə qərarına və əmək kitabçasına əsasən xx.xx.2009cu il tarixdən təyin edilərək ödənişin başlanıldığı tarixdən xx.xx.2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına köçürülmüş cəmi vəsait 12098,16 manat təşkil etmişdir. Göstərilənlərlə yanaşı ehtimal olunur ki, pensiya təyin edilməsindən, pensiyasının aylıq məbləğinin və ötən dövrlərə görə hesablanmış fərq məbləğlərinin pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmamış, habelə pensiyanın alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Ərizədən və iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-5051/2017 saylı qərarı xx.xx.2018-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2018-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, DSMF Nizami rayon şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının icra edildiyi bildirilmişdir. Eyni zamanda cavabdeh özü yeni açılmış hallarla bağlı ərizəsində iddiaçıya xx.xx.2009-cu il tarixdən pensiya təyin edildiyini və ödənişinə başlanıldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarını əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan cavabdehə məlum idi. Cavabdeh həmin qərarı rəsmi qaydada əldə etmiş və icra etmişdir. Həmin tarixdən isə 6 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsinin tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər və bu müddətin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmaqla vermişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizənin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94, 100, 103-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5051/2017 nömrəli, 07 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar