Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3039/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-1085/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun faktiki olaraq ödədiyi, Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun da təsdiq etdiyi məbləğin təkrar olaraq, ədalətsizliklə ondan alınmasına dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 08.06.2020-ci il tarixdə onu Bakı şəhəri Xətai rayon İcra və Pobasiya şöbəsinə çağıraraq bildirmişlər ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.12.2019-cu il tarixli, **********6226500 nömrəli qərarına əsasən o, 1682,39 manat əsas, 615,22 manat faiz, 100 manat sanksiya olmaqla ümumilikdə 2397,61 manat ödəməlidir. Qərarda göstərilən əsas borc onun tərəfındən notarius kimi fəaliyyət göstərdiyi vaxt, yəni 28.01.2016-cı il tarixdə və 29.01.2016-cı ildə müvafıq olaraq 8 və 9 JNk-li ödəniş tapşırıqları ilə "xxxx" ASC-yə ödənilmişdir. Bu barədə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun onun müraciəti əsasında verdiyi məktubu Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinə təqdim etmişdir. Həmin məktubda Lokal Gəlirlər Baş İdarəsinin ondan qanunsuz tələb etdikləri pulun onun tərəfindən ödənildiyi təsdiq edilir və bilidirilmişdir ki, həmin məbləğ Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 82-ci bəndinə uyğun olaraq növbəlilik daxilində həyata keçiriləcəkdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun faktiki olaraq ödədiyi, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun da təsdiq etdiyi məbləğin təkrar olaraq, ədalətsizliklə ondan alınmasına dair 16.12.2019-cu il tarixli, **********6226500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14.10.2020-ci il tarixli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək vergi borcunun tələb edilməsi ilə əlaqədar hərəkətlərin qanunsuz hesab edilməklə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.12.2019-cu il tarixli, **********6226500 №-li qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-1085/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan maddı hüquq normasını tətbiq etmişdir. “Büdcə sistemi haqqında” 02.07.2002-ci il tarixli 358-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar dövlət fondlarına haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları, dövlət təminatı ilə alınmış kreditlər üzrə əməliyyatlar və digər dövlət əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Qeyd olunan maddi hüquq normasının tətbiqi ilə bağlı bildirməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi daxilolmalar barədə reyestr və ödəniş sənədlərini 1 (bir) iş günü ərzində bank tərəfindən təqdim edilmiş məlumatlar əsasında vergi orqanına ötürür. Vəsaitin büdcəyə ödənildiyi tarix, onların xəzinə hesabına mədaxil edilməsi barədə ödəniş sənədlərində xəzinə orqanı tərəfindən qeyd edilən tarixdir. Belə ki, "xxxx" ASC ləğv edildiyindən vergi ödəyicisi tərəfindən ödənilmiş qeyd olunan vəsaitlər bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən dövlət büdcəsinə köçürülməmiş və dövlət büdcəsinin xəzinə hesabına mədaxil olunmamışdır. Bu səbəbdən də X1 tərəfindən həmin vəsaitlər barədə məlumat vergi orqanına təqdim edilmədiyindən iddiaçının şəxsi hesab vərəqəsində ödəniş kimi nəzərə alına bilməz. Məhkəmənin əsaslandığı, vergi borcunun təyinatı üzrə dövlət büdcəsinə köçürülməməsi iddiaçının iradəsindən asılı olmamaması ilə bağlı qeyd etməyi zəruri hesab edirik ki, Vergi Məcəlləsinin 55.1-ci maddəsində vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar qeyd olunmuşdur. Lakin, iş üzrə bələ hallar aşkar olunmur. Odur ki, məhkəmənin bu mövqeyi haqlı səbəb olaraq qəbul edilə bilməz. Bundan başqa, məhkəmənin 14.10.2020-ci il tarixli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş lakin üçüncü şəxs tərəfindən məhkəməyə ləğv prosesinin hansı mərhələsində olduğuna və ya uzun müddət ləğv prosesinin yekunlaşmamasına dair izahat və ya məhkəmə bununla bağlı sənəd təqdim etməmişdir. Belə ki, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Məhkəmə isə, həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olma məsələsini araşdırmamışdır. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsası hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin, iddiaçının kifayət qədər məlumatlı olmasına baxmayaraq, Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Belə ki, iddiaçı vergi ödəyicisi ilə vergi orqan, arasında bağlanmış 16.04.2013-cü il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 2.1.1-ci bəndində vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə keçirilməsini, o cümlədən: vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların arayışların, çıxarışların, və diğər sənədlərin) elektron şəkildə göndərilməsini; müqavilənin 2.7-ci bəndində isə vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılması nəzərdə tutulmuşdur. Həmçinin sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq lazımı tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmiş və həmin müqavilə ləğv edilməmişdir. Belə ki, həmin müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri müqavilədən imtina və yaxud uzadılması barədə müraciəti olmamışdır (müqavilənin 7.2-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin məcəllənin 70.2-1-ci maddəsinin tələblərinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra (maddə 70.2-1.3). Göründüyü kimi iddiaçı mübahisələndirdiyi 16.12.2019-cu il tarixli **********626500 saylı qərarı uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Əlavə olaraq, iddiaçı 06.02.2018-ci il tarixdə qeydiyyatda olduğu vergi orqanına müraciət edərək 28.01.2016-cı il tarixdə 1293,84 manat və 29.01.2016-cı il tarixdə 969,30 manat alqı-satqı üzrə vergi məbləği X5 filialı tərəfindən ödənişə qəbul edilmiş olmasına baxmayaraq şəxsi hesab vərəqəsində əksini tapmadığını, həmin məbləğin şəxsi hesab vərəqəsinə daxil olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciətinə müvafiq olaraq baxılmış və 14.02.2018-ci il tarixli cavab məktubu ilə qeyd edilən vəsait barədə məlumatın Maliyyə Nazirliyinin X1nə daxil olmadığı bildirilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı vergi borcunun tələb edilməsi ilə əlaqədar hərəkətlərin qanunsuz hesab edilməklə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.12.2019-cu il tarixli, **********6226500 №-li qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, İddiaçı xidmət göstərdiyi xüsusi notarius vəzifəsinin icrası ilə əlaqədar müvafiq alqı-satqı əməliyyatları üzrə yaranmış vergi öhdəliyini vaxtında və tam şəkildə partnyor olduğu bankın, yəni "xxxx" ASC-nin müvafiq hesabına köçürmüşdür. Lakin əməliyyat həyata keçirildikdən sonra "xxxx" ASC-nin lisenziyası ləğv edildiyindən həmin ödəniş məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürülməsi mümkün olmamışdır. Həmin məbləğ bankın ləğvedicisi tərəfindən qəbul edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinin tələblərinə uyğun növbəlik qaydasında ödəniləcəyi bildirilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı Nəstəddin Əzimovun hərəkətlərində vergi qanunvericiliyinin hər hansı müddəasının pozulması halı müəyyən olunmur və müvafiq vergi məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürülməməsi iddiaçının iradəsindən asılı olmamaqla təqsirindən baş verməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı vergi ödəyicisi kimi müvafiq əməliyyatlar üzrə ödədiyi vergi məbləğini təkrar ödəməyə məcbur edilə bilməz. Odur ki, vergi borcunun tələb edilməsi ilə əlaqədar cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməklə 16.12.2019-cu il tarixli, **********6226500 №-li qərar ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlaşmış **********250600 №-li, 23.01.2018-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, onun 23.01.2018-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 1,781.65 manat, o cumlədən vergilər üzrə 1.781.65 manat borcu vardır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur. İş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, həmin borc bildirişi iddiaçı tərəfindən 24.01.2018-ci il tarixdə oxunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 06.02.2018-ci l tarixli məktubdan görünür ki, məlumat üçün təkrarən bildirir ki, 28.01.2016-cı il tarixdə 1293,84 manat, 29.01.2016-cı il tarixdə 969,30 manat alqı-satqı üzrə vergi məbləği X5 filialı tərəfindən ödənişə qəbul edilmişdir. Həmin ödəniş tapşırıqlarının icrası barədə bankın qeydinin olmasına baxmayaraq həmin məbləğlər bu günə qədər şəxsi hesab vərəqədə öz əksini tapmamışdır. Həmin məbləğlərin şəxsi vərəqəyə daxil olması üçün köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 14.02.2018-ci il tarixli, **********543200 nömrəli məktubdan görünür ki, ödənilmiş vəsait haqqında 06.02.2018-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətdə qeyd edilən vəsait barədə məlumat Maliyyə Nazirliyinin X1nə daxil olmamışdır. Ödənilmiş vəsaitlə bağlı aidiyyəti üzrə bank idarəsinə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondunun iddiaçıya ünvanladığı **********741 №-li, 12.06.2018-ci il tarixli məktubdan görünür ki, X3 tərəfındən banka 28.01.2016-cı il tarixində alqı-satqı müqaviləsinə əsasən vergilərın köçürülməsı üçün 08 №-li və 29.01 2016-cı il tarixində 09 №-li təqdım edılmış ödəniş tapşırıqları bank tərəfindən qəbul olunsa da 02.02.2016-cı il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin köçürulməsi mümkün olmamışdır. Hesablardakı 2263,14 (iki min iki yüz altmış üç manat 14 qəpik) manat, 975,72 (doqquz yüz yetmış beş manat 72 qəpik) manat, 100 (bir yüz manat) manat və 5,69 (beş manat 69 qəpik) manat məbləğındə qalıqlar 20 iyul 2016-cı il tarixində 15763, 15764, 15765 və 15766 nömrələrı ilə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 77.1-maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərındə əks etdirilmiş məbləğlərdə qəbul edilmişdir və Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 82-cı maddəsinə uyğun olaraq ödəniş təqdım edilmiş rekvizitlər üzrə növbəlilik daxilində həyata keçiriləcəkdir. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********8 №-li, 29.11.2019-cu il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, onun 29.11.2019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2,397.59 manat, o cümlədən vergilər üzrə 1,682.39 manat, maliyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 615.20 manat borc vardır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunur. İş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, həmin borc bildirişi iddiaçı tərəfindən 08.06.2020-ci il tarixdə oxunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən qəbul edilmiş 27.11.2019-cu il tarixli, **********181600 №-li “vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” qərardan görünür ki, İddiaçı tərəfindən vergi ödəyicinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********626500 №-li, 16.12.2019-cu il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı tərəfindən 1.682,39 manat əsas, 615,22 manat, faiz 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 2.397,61 manat vergi faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.11.2019-cu il tarixli, **********181600 nömrəli qərarları 16.12.2019-cu il tarixdən icraya yönləndirilmişdir. İş materiallarında olan üçüncü şəxs "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı 04.02.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə "xxxx" ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə müraciət edərək, Bankın müflis elan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.02.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılması, "xxxx" MMCnin banka ləğvedici təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2016-cı il tarixli, 2-1(81)- 154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı tərəfındən Banka 28.01.2016-cı il tarixində alqısaqtı müqaviləsinə əsasən vergilərin köçürülməsi üçün 08 saylı və 29.01.2016-cı il tarixli 09 saylı təqdim edilmiş ödəniş tapşırıqları bank tərəfındən qəbul edilsə də 02.02.2016-cı il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin təyinatı üzrə köçürülməsi mümkün olmamışdır. Hesablardakı 2263,14 manat, 975,72 manat, 100 manat, 5.69 manat məbləğində qalıqlar 20 iyul 2016-cı il tarixində 15763, 15764, 15765 və 15766 nömrələri ilə “Banklar haqqında Azərbaycan Respublikası Qanunun” 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə uyğun olaraq ödəniş təqdim edilmiş rekvizitlər üzrə İddiaçı növbəlilik qaydasında ödəniləcəkdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 16.1.11-6.3-cü maddəsinə əsasən notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən verginin məbləği bu Məcəllədə və ya ona müvafiq olaraq qəbul edilmiş qanunvericilik aktında müvafiq vergi üçün müəyyən edilmiş qaydada hesablanır. Həmin Məcəllənin 82.4-cü maddəsinin tələbinə görə müəyyən edilmiş müddətlərdə ödənilməli olan verginin məbləği vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür). Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Həmin Məcəllənin 99.3.10-cu maddəsinə əsasən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hesabat və məlumat verirlər. Həmin Qanunun 25-ci maddəsinə əsasən vergilər və digər məcburi ödəmələr ödənildikdən sonra notariat hərəkətlərinin aparılmasına görə tutulan haqdan və bu Qanunun 20-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş xidmətlərə görə alınan haqdan qalan pul vəsaitləri xüsusi notariusun sərəncamında qalır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinin tələbinə görə müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: - 82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər. Məhkəmə araşdırıması zamanı müəyyən edilmişdir ki, iddiaçı xüsusi notarius kimi fəaliyyət göstərmiş və onun tərəfindən "xxxx" ASC-yə 28.01.2016-cı il tarixli alqı-saqtı müqaviləsi üzrə notariat əməliyyatları ilə bağlı vergilərin köçürülməsi üçün 08 saylı və 29.01.2016-cı il tarixli, 09 saylı təqdim edilmiş ödəniş tapşırıqları bank tərəfındən qəbul edilsə də 02.02.2016-cı il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunduğu üçün bu ödənişlərin təyinatı üzrə bank tərəfindən köçürülməsi mümkün olmamışdır. Həmin məbləğlər bankın ləğvedicisi tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu sənədlərində əks etdirilərək qəbul edilmiş və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə uyğun olaraq ödəniş təqdim edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən həmin notariat əməliyyatları ilə bağlı iddiaçının vergilər üzrə 23.01.2018-ci il tarixə 1781,65 manat, 29.11.2019-cu il tarixə isə vergilər üzrə 1682,39 manat, maliyyə sanksiyası üzrə 100 manat, faizlər üzrə 615,20 manat borcu olduğundan “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmiş, sonradan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı qeyd olunan məbləğlərin tərəfindən aidiyyəti üzrə banka ödənildiyini, bankın lisenziyası ləğv edildiyi üçün əməliyyatların tam başa çatmadığını, buna görə də ödədiyi məbləğlərlə bağlı onun təkrarən vergiyə cəlb edilməsi ilə bağlı vergi orqanın hərəkətlərinin qanunsuz olduğunu iddia edərək bu hərəkətləri və qərarı məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı notariat əməliyyatları ilə bağlı vergi məbləğini "xxxx" ASC-nin müvafiq hesabına köçürmüş, əməliyyat həyata keçirildikdən sonra "xxxx" ASC-nin lisenziyası ləğv edildiyindən həmin ödəniş məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürülməsi mümkün olmamışdır. Vergi məbləğinin təyinatı üzrə dövlət büdcəsinə köçürülmənin mümkün olmaması iddiaçının iradəsindən asılı olmamaqla təqsirindən baş verməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı Nəstəddin Əzimovun hərəkətlərində vergi qanunvericiliyinin hər hansı müddəasının pozulması halı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bundan başqa cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “iddiaçı mübahisələndirdiyi 16.12.2019-cu il tarixli **********626500 saylı qərarı uzun müddət keçdikdən sonra mübahisələndirmiş, bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir”. Məhkəmə kollegiyası iddianın qaldırılması üçün müddətin ötürülməsi barədə cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin məcəllənin 70.2-1-ci maddəsinin tələblərinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəanın mənasından bəlli olur ki, inzibati orqan inzibati aktı elektron üsulla göndərmək səlahiyyətinə malikdir, lakin mübahisə olduğu halda aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. İşdən görünür ki, iddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16.12.2019-cu il tarixli, **********6226500 №-li qərarını mübahisələndirir, lakin cavabdeh orqan tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya lazımi qaydada çatdırılması müəyyən olunmur. Belə ki, inzibati aktın iddiaçıya hansı tarixdə təqdim edilməsi və ya elan edilməsi, eyni zamanda oxunması faktı müəyyən olunmur və cavabdeh orqan tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 29.11.2019-cu il tarixli vergi borcunun ödənilməsinə dair borc bildirişi iddiaçı tərəfindən 08.06.2020-ci il tarixdə oxunmuş və iddia ərizəsi 09.06.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Belə ki, iddiaçı tərəfindən əməliyyatlar aparılarkən ödəməli olan vergi məbləğləri onun tərəfindən vaxtında ödənilmiş və hərəkətlərində heç bir vergi pozuntusuna yol verilməmişdir. Lakin, bununla yanaşı məhkəmə kollegiyası iş üzrə tərəflərə banka ödənilmiş həmin vergi borcun vergi orqanına ödənilməsi barədə məhkəmə qaydasında bankdan tələb etmək hüququnun olduğunu da izah etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-1085/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3039/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3039/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver