Məhkəmə qərarları › İş №2-1(103)-304/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-304/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-304/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə, Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinə və Cavabdeh3nə qarşı “VÖEN-in, bəyannamələrin, hesabatların ləğv edilməsi və işlə təmin olunma öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinə və Cavabdeh3nə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin üzərinə iddiaçını bu zamana kimi xəbərdar etmədən, yəni 2020-ci ilin aprel ayından Esosial.az-dan gələn cavab mesaj vasitəsi ilə xəbər tutduğu 2018-ci ildən adına əsassız və qərəzli halda aşılmış VÖEN-i ləğv edilmə öhdəliyinin, iddiaçıya VÖEN barəsində xəbərdar etmədən adına açılmış VÖEN-ə görə sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələri, hesabatları ləğv edilmə öhdəliyinin və cavabdehlərin əməlləri sayəsində, əsassız VÖEN sayəsində iddiaçıya dövlətin təyin etdiyi kompensasiyalarından, işsizlik müavinətlərindən və VÖEN-ə görə işdən məhrum olduğu üçün cavabdeh orqanların üzərinə iddiaçını və yoldaşını işlə təmin olunmaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 2020-ci ilin fevral ayından işsizdir, heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşgul olmamış, VÖEN açdırmamışdır. Bu ilin fevral ayından işsiz olduğu üçün işsizliyə görə verilən 190 manat müavinətin alınması üçün müraciət etmiş, 2020-ci ilin aprel ayında ona mesaj gəlmişdir ki, guya onun aktiv VÖEN-ni var. Aprel ayından sonra hər ay yuxarıda qeyd olunan cavebdeh orqanların hər birinə həm rəsmi şəkildə, həm də elektron mail ünvanından şikayətlər ünvanlayaraq əsassız açdıqları VÖEN-nin ləğv olunmasını xahiş etmiş, lakin müraciətlərinə baxılmamışdır. X1 və anası 28.04.2017-ci il tarixində Arazaviz MMC-yə məxsus Binə Ticarət Mərkəzində alış-veriş edərkən valyuta dəyişmə məntəqəsində əməliyyat apararkən qanunsuz əməllər törətmiş şəxslər barəsində heç bir tədbir görülməmişdir. Hesab edir ki, bu səbəbdən Vergilər Nazirliyinin onlara qarşı qərəzli mövqeyi sayəsində iddiaçı və yoldaşı haqqında məlumatları şikayət ərizəsindən əldə edərək adına olmadığı halda əsassız və qanunsuz, qərəzli sahibkarlıq fəaliyyəti barədə VÖEN açılmışdır. İddiaçının adına VÖEN 22 may 2018-ci il tarixdə, yoldaşının adına isə 29 may 2018-ci il tarixində açılmışdır. Yoldaşına xəbərnamələr gəlsə də, iddiaçının özünə heç bir xəbərnamə gəlməmişdir. Hesab edir ki, eyni ayda qərəzli halda ailəsinə açılmış iki VÖEN qanunsuz və əsassızdır, işgüzar nüfuzuna zərbədir. Cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, İddiaçı iddia ərizəsində heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, lakin adına məlumatı olmadan VÖEN açıldığını, bununla da hazırda pandemiyadan irəli gələn karantin rejimi ilə bağlı dövlət tərəfindən işsiz şəxslərə ödənilən birdəfəlik ödəmədən məhrum edildiyini bildirmişdir. Bildirilir ki, vergi orqanının 30.01.2018ci il tarixli **********8184 nömrəli qərarına əsasən operativ vergi nəzarəti keçirilmiş və nəzarət tədbiri nəticəsində bir neçə şəxsin, o cümlədən İddiaçı vergi orqanında qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı araşdırmaya izahat verərək, Lökbatan qəsəbəsi ev 1594-cü keçid ünvanında vergi orqanında qeydiyyatdan keçmədən “Parfümeriya mağazasında” fəaliyyət göstərdiyini bildirmiş, həmçinin tez bir zamanda qeydiyyatdan keçəcəyini qeyd etmişdir. Beləliklə operativ vergi nəzarəti tədbiri nəticəsində 02.05.2018-ci il tarixli 007178 seriyalı “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə Akt” tərtib edilərək tanış olmaq üçün İddiaçı təqdim edilmiş, eləcə də Aktın bir nüsxəsi iddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Həmçinin bildirilir ki, vergi orqanı tərəfindən həyata keçirilmiş operativ nəzarət tədbirləri zamanı iddiaçı barəsində 02.05.2018-ci il tarixli 007178 seriyalı “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə Akt" tərtib edilməsinə və aktda vergi orqanında uçota alınması məqsədilə müvafiq ərizənin aidiyyəti üzrə təqdim edilməsi barədə qeyd aparılmasına baxmayaraq, İddiaçı vergi orqanında uçota alınmamışlar. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Qeyd edilənlərlə əlaqədar olaraq və Vergi Məcəlləsinin 33-cü maddədinə əsasən İddiaçı 22.05.2018-ci il tarixdən məcburi qaydada vergi uçotuna alınması təmin edilmişdir. Yuxarıda sadalananlardan da aydın olduğu kimi İddiaçı iddia ərizəsində qeyd etdiklərinin əksi olaraq onun vergi orqanında vergi ödəyicisi kimi uçota alınması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş və iddiaçının vergi ödəyicisi kimi uçota alınması barədə məlumatı olmuşdur. Həmçinin iddiaçı tərəfindən vergi uçotunun ləğv edilməsi barədə vergi orqanına müraciət edilmiş və müvafiq cavab məktubunda İddiaçı vergi uçotunun ləğv edilməməsinin səbəbi barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırılmışdır, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkünlük şərtlərinə əməl olunmamışdır. Bildirilmişdir ki, iddiaçının “VÖEN-lə əlaqədar bəyannamələrin, hesabatların ləğv edilməsi və vergi orqanlarında işlə təmin edilməsi” barədə iddia tələbi ümumiyyətlə anlaşılan deyildir. Belə ki, bəyannamələr və hesabatlar özlüyündə hüquqi nəticə yaratmadığından və inzibati orqan tərəfindən tərtib edilmədiyindən həmin sənədlərin məhkəmədə mübahisələndirilməsi yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbləri əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10 aydır, məhkəməyə müraciət etmiş, məhkəmə prosesinin vaxtı barədə mesaj göndərilsə də, heç bir proses keçirilməyib. Daha sonra məhkəmə proseslərinin vaxtı bilinmədiyi üçün hakimin köməkçiləri ilə danışaraq niyə məhkəmə proseslərinin keçirlmədiyini soruşmuş, hakimin covid 19 xəstəliyinə tutulduğunu, daha sonra məzuniyyətdə olduğunu bildirərək məhkəmə keçirməmişlər. Hər dəfə ərizə üçün qoyulmuş ünvana məhkəmənin keçirilmə vaxtını göndərməsini, və ya telefona mesaj göndərilməsini xahiş etmiş, lakin bildirməmişlər. Necə olur ki, yoldaşının və onun adına əsassız vöen açılır, 41 aydır dəfələrlə müraciət olunsa da, ləğv olunmur, məhkəməyə müraciət edildikdən sonra vöen ləğv olunmasa da, passivləşdirilir. Amma adındakı əsassız bəyannamələr ləğv olunmur. Onun adına açılmış vöenin nömrəsi Qaraçuxur qəsəbəsi ərazisi üçün açılıb, yoldaşının adına açılan Lökbatan qəsəbəsi ərazisi üçün açılıb, bununla da sübut olunur ki, cavabdehlər onlarla qərəzli mövqe tutur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddianın məzmunundan görünür ki, iddiaçı bir neçə müxtəlif məzmunlu iddia tələblərini irəli sürmüşdür: 1. adına açılmış VÖEN-nin ləğv edilməsi; 2. sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələrin, hesabatların ləğv edilməsi; 3. xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi; 4. iddiaçını və yoldaşını işlə təmin olunması. İddiaçının birinci tələbi- adına açılmış VÖEN-nin ləğv edilməsi tələbinə münasibətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının məcburi qaydada vergi uçotuna alınması ilə baglı oldugu ünvan üzrə vergi orqanına vergi uçotunun ləğvi ilə baglı şıkayət vermək, şikayəti təmin edilmədiyi halda isə məhkəməyə aidiyyəti inzibati orqanı cavabdeh qismində cəlb etməklə (iddiaçını qeydə alan orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi) hərəkətini (hərəkətsizliyini) mübahisələndirmək hüququ var Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Bununla əlaqədar qeyd olunmalıdır ki, işdə olan sənədlərdən müəyyən olunur ki, vergi orqanı tərəfindən İddiaçı 02 may 2018-ci il tarixli aktla vergi orqanında uçota durmağı tövsiyyə olunmuş, həmin tarixli izahatında Lökbatan qəsəbəsində vergi orqanında qeydiyyata durmadan parfümeriya fəaliyyəti ilə məğul olduğunu və tez bir zamanda vöen alacağını bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 27 may 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı Şirin oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda Vergi Məcəlləsinin 33.4 və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya müvafiq məlumatın verilməməsi səbəbindən ********** saylı VÖEN-lə 22.05.2018-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada qeydiyyata alınması və fəaliyyətinin 30.06.2020-ci il tarixdən 30.06.2025-ci il tarixinədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. İddiaçının ikinci tələbi- sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələrin, hesabatların ləğv edilməsi ilə bağlı isə qeyd edilmişdirm ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Lakin hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən “VÖEN-lə əlaqədar bəyannamələrin, hesabatların ləğv edilməsi” inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən həmin sənədlərin məhkəmədə mübahisələndirilməsi yolverilməzdir və belə iddia mümkün sayılmamalıdır. İddiaçının üçüncü tələbi - xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı tələbinə münasibətdə birinci instansiya məhkəməsi AR Nazirlər Kabineti AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarına istinad edərək düzgün olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh inzibati orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinin imtina edilməsi ilə baglı məhkəmədə ayrıca iddia qaldırmaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı hesab etmişdir ki, iddiaçının dördüncü tələbi - iddiaçını və yoldaşını işlə təmin olunması ilə bağlı iddiaçının işsiz və işaxtaran kimi məşğulluq mərkəzində qeydiyyata durmaq qaydası ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin https://www.sosial.gov.az/ishsizveishaxtaran qeydiyyat saytına daxil olub buna müvafiq hərəkətlər etmək hüququ var, hazırki iddia üzrə cavabdehlər isə bu iddiaya cavab verən orqan deyillər. Eyni zamanda, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyri-mümkün hesab edilir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqanlara qarşı konkret tələbi göstərilmədiyindən, eləcə də iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, cavabdehlərə, eləcə də, iddiaçının arzuladığı hala uyğun digər inzibati orqana qarşı əsaslandırılmış tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Bununla əlaqədar, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, lakin, iddiaçı qanunvericiliyə uyğun olaraq iddia tələbini dəqiqləşdirməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar