Məhkəmə qərarları › İş №2-1(103)-304/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-304/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-304/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7859/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və almadığı pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: «…xx.xx.1960-cı il təvəllüdlü iddiaçıya xx.xx.1977-ci ildən əmək kitabçası açılmışdır, fasiləsiz 35 il əmək stajı vardır. Hazırda "xxxx" MMC-də asfalt kütləsi bişirən peşəsində işləyir. "xxxx" MMC-də zərərli əmək şəraiti üzrə iş stajı 14 il 2 ay 7 gün təşkil edir. Bu barədə Cəmiyyət tərəfindən 07 saylı 08 fevral 2023-cü il tarixli arayış təqdim edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh onun həmin müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az (1 ay 2 gün (xx.xx.2018-xx.xx.2018) təşkil edir. O, 2023-cü il tarixdə ccavabdehə yenidən müraciət etsə də xx.xx.2023-cü il tarixli cavab məktubu ilə eyni əsaslarla imtina cavabı verilmişdir. İddiaçı hesabedir ki, imtina əsassızdır…» Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli əmək kitabçasında xx.xx.2008-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019 tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-də operator və xx.xx.2019-cu il tarixdən bugünədək isə həmin müəssisədə mühəndis-texnoloq vəzifələrində işlədiyi qeyd edildiyi halda, adıçəkilən müəssisə tərəfindən verilən xx.xx.2023-cü il tarixli 07 nömrəli arayışında həmin dövrlər ərzində asfalt-beton bişirənlər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Qeyd edilən məlumatlarda uyğunsuzluqlar mövcud olduğu üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina olunmuşdur.» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7859/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “Məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçının "xxxx" MMC-də operator və mühəndis– texnoloq vəzifələrində işlədiyi halda, müəssisə tərəfindən verilən arayışda asfalt-beton bişirən kimi əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Odur ki, qeyd edilən məlumatlarda uyğunsuzluqlar mövcud olduğu üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, məhkəmə sorğusuna cavab olaraq verilən qeyrimüəyən arayışa əsaslanaraq iddianı təmin etmişdir. Sözügedən arayışda heç bir əsas olmadan və vəzifə təlimatları göstərilmədən operator peşəsinin mötərizə içərisində asfalt kütləsi bişirən olduğu qeyd edilmişdir. Məhkəmənin həmin dövrləri güzəştli staja daxil etməsi «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanmsı, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1.20-ci bəndinin pozuntusudur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi E.Hüseynov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının 23 noyabr 2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddiaçınn fasiləsiz olaraq 35 il stajı olduğunu, işlədiyi idarələrin çoxunun «Sovet» idarələri olduğunu və bağlandığını, Nazirlər Kabinetinin Siyahısında nəzərədə tutulan asfaltbişirən operatoru işlədiyini və bu barədə məhkəməyə arayış verildiyini bildirərək cavabdehin apellyasiya şikayəti ilə razılaşmamışdır (Hazırkı məhkəmə iclası barədə məlumatı olsa da məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 60 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən onun iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin həmin qərarının əsassız olduğunu qeyd edərək mübahisəlndirir ki, iddiaçının xx.xx.2008-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019 tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-də operator və xx.xx.2019-cu il tarixdən bu günədək isə həmin müəssisədə mühəndis-texnoloq vəzifələrində işlədiyi işlər adıçəkilən müəssisə tərəfindən verilən xx.xx.2023-cü il tarixli 07 nömrəli arayışında asfalt-beton bişirən işi ilə məşğul olduğu göstərilmişdir. Həmin uyğunsuzluğa görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina olunması qeyd olunan «Qaydalara» uyğundur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən 29 iyun 2022-ci il tarixinədək iddiaçının 60 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddia ərizəsinə etirazına və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə əmək kitabçasının qeydlərinə əsasən azı 25 il ümumi iş stajının mövcud olduğu, eyni zamanda onun həmin tarixə tələb olunan pensiya kapitalına malik olması mübahisəlndirilmir. İddia ərizəsinə etirazına və apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən hal, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2008-xx.xx.2018 və xx.xx.2018xx.xx.2019 tarixləri arasındakı dövrlər ərzində iddiaçının "xxxx" MMC-də operator və xx.xx.2019-cu il tarixdən həmin müəssisədə mühəndis-texnoloq vəzifələrində işlədiyi işlər adıçəkilən müəssisə tərəfindən verilən xx.xx.2023-cü il tarixli 07 nömrəli arayışında asfaltbeton bişirən işi ilə məşğul olduğu göstərilməsini uyğunsuzluq kimi qiymətləndirilməsi ilə bağlıdır. Lakin iş materialları və hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlər araşdırıldıqda belə bir uyğunsuzluğun mövcudluğu müəyyən olunmur. İddiaçının işdə olan 01 aprel 2004-cü il tarixdə doldurulmasına başlanılmış İT-İ ******* nömrəli ikinci əmək kitabçasına əsasən o, qeyd olunan müəssisədə 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə kimi çalışdığı işlər aşağıdakı kimidir: - xx.xx.2008- xx.xx.2018-ci illərdə "xxxx" MMC-də operator – 9 il 3 ay ; - xx.xx.2018-xx.xx.2018-ci ildə "xxxx" MMC-də iş icraçısı – 1 a 1 gün; -xx.xx.2018-xx.xx.2019-cu illərdə "xxxx" MMC-də operator –1 il 6 ay 20 gün ; -xx.xx.2019 - xx.xx.2020-ci ilədək (60 yaş tarixb) Həmin idarədə mühəndis-texnoloq - 11 ay 9 gün. Eyni zamanda, adıçəkilən "xxxx" MMC-nin iş materiallarına əlavə edilmiş 08 fevral 2023cü il tarixli 07 nömrəli arayışında İddiaçı həqiqətən: - xx.xx.2008-ci il tarixində (əmr № 29, xx.xx.2008-ci il) "xxxx" MMC-də asfalt kütləsi bişirən peşəsinə işə qəbul edilib və xx.xx.2018-ci il tarixində (əmr № 12, xx.xx.2018-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 il 3 ay (doqquz il üç ay) təşkil edir. - xx.xx.2018-ci il tarixində (əmr № 01, xx.xx.2018-ci il) "xxxx" MMC-də iş icraçısı peşəsinə işə qəbul edilib və xx.xx.2018-ci il tarixində (əmr № 03, xx.xx.2018-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 ay 1 gün (bir ay bir gün) təşkil edir. -xx.xx.2018-ci il tarixində (əmr № 13, xx.xx.2018-ci il) "xxxx" MMC-də asfalt kütləsi bişirən peşəsinə işə qəbul edilib və xx.xx.2019-cu il tarixində (əmr № 14xx.xx.2019-cu il) mühəndis-texnoloq vəzifəsinə keçirilib. Əmək stajı 1 il 6 ay 20 gün (bir il altı ay iyirmi gün) təşkil edir. -xx.xx.2019-cu il tarixində (əmr № 14, xx.xx.2019- cu il) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis-texnoloq vəzifəsinə keçirilib və xx.xx.2021-ci il tarixində (əmr № 07, xx.xx.2021-ci il) asfalt kütləsi bişirən peşəsinə keçirilib. Əmək stajı 1 il 7 ay 3 gün (bir il yeddi ay üç gün) təşkil edir. -xx.xx.2021-ci il tarixində (əmr № 07, xx.xx.2021-ci il) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asfalt kütləsi bişirən peşəsinə keçirilib və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 1 il 8 ay 13 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu bölməsinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən zərərli şəraitdə asfalt kütləsi bişirən peşəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. İddiaçı zərərli əmək şəraiti üzrə iş stajı 14 il 2 ay 7 gün təşkil edir (60 yaşı tamam olan xx.xx.2020-ci il tarixinə 11 il 10 ay 1 gün). Adıçəkilən Siyahının 29-cu bölməsinin “a” bəndinin 2-ci sətrində “asfalt və beton bişirənlər” ”b” bəndinin 2-ci sətrində isə “iş icraçıları” güzəştli pensiya hüququ verən göstəricilər kimi nəzərədə tutulmuşdur. Hazırkı mərəhələdə məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin vəkil sorğusuna ünvanlanmış 03 No-li 31 yanvar 2024-cü il tarixli cavab məktunda MMC-də əmrlər kitabı olmadığı, əmrlərin kağız daşıyıcıda kompüter vasitəsilə tərtib olunduğu və işçiərin şəxsi qovluğunda saxlanıldığı bildirilməklə, həmin əmrlərdən (xx.xx.2018-xi il tarixli 13 No-li, xx.xx.2021-ci il tarixli 07 No-li,) təsdiq olunmuş çıxarışlar və əmək müqaviləsi (xx.xx.2008ci il tarixli) məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışlardan və əmək müqaviləsindən görünür ki, iddiaçının həmin müəssisədə çalışdığı “operator” elə “asfalt bişirən” işini yerinə yetirir. Hətta, hazırkı apellyasiya mərhələsində təqdim olunmuş, "xxxx" ASC-nin vəkil sorğusu ilə əlaqədar, güzəştli arayışından da görünür ki, xx.xx.2004-xx.xx.2007-ci illərdə iddiaçı "xxxx" MMC-də işlədiyi operator (ikinci əmək kitabçasında həmin qeydlər təsbit olunur) işi güzəştli pensiya hüququ verən “asfalt bişirən” göstəricisidir. Tədqiq olunan sənədlərdən göründüyü kimi, iddiaçı əmək kitabçasında Az-İnşaat” MMCdə “operator” kimi, elə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölməsinin “a” bəndinin 2-ci sətrində nəzərdə tutulan “açfalt bişirən” fəhlə işini yerinə yetirmişdir. Ən azından, “asfalt bişərən” fəhlə hər bir halda biləvasitə asfalt kütəlsinin bişirilməsi əməliyyatını idarə edən bir əməliyytçıdır, yəni operatordur. “Operator” sözünün mənası isə “əməliyyatçı” deməkdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin əmək kitabçası ilə arayış arasında uyğunsuzluq olduğunu israrlayan dəlillərini formal xaraktekrli əsassız dəlillər kimi qiymətləndirir Bundan əlavə qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasına əsasən “iş icrasçısı” kimi iş stajı, təkcə, "xxxx" MMC-də deyil, həm də 19 sentyabr 1977-ci il tarixdə doldurulmasına başlanılmış birinci əmək kitbçasının qeydlərinə əsasən: xx.xx.1999-xx.xx.2001-ci illərdə (1 il 7 ay) Suraxanı Yol Təmir-Tikinti İdarəsində xx.xx.2001 - xx.xx.2002-ci illərdə (6 ay 24 gün) isə köçürülmə yolu ilə işlədiyi 3 saylı Tikinti Təmir İdarəsində onun iş icraçısı kimi 2 il 1 ay 24 gün güzəştli pensiya hüququ verən stajı mövcuddur (i.v.13,15 (14-cü vərəqə sonrakı İT-İ ******* əmək kitabçasının 1-ci vərəqi tikilmişdir)). Beləliklə də, “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə 60 yaşından yaşa görə əmək pensiyası təyin olunmasına əsas verən şərtlərin, o cümlədən, 25 il ümumi, və asfaltbişirən və iş icraçısı kimi güzəştli pensiya hüquq verən işlərdə 12 il 6 aydan da çox xüsusi stajının mövcuduğu sübuta yetirilir. Həmin Qanunun 32.1-1-ci maddəsi isə nəzərədə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunmasının əsassız olduğu və onun pensiya hüququnu pozduğu öz təsdiqini tapır. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu və maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7859/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7859/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar