Məhkəmə qərarları › İş №2-1(103)-3040/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3040/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3040/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli qərarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2009-cu il tarixindən ömürlük pensiya təyin edilmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən 3-17-1/3-3-64361/2023, xx.xx.2023-cü il tarixli nömrəli qərarına əsasən hesablama tarixinə qədər iddiaçının pensiya məbləği 1591,83 manat və yenidən hesablama nəticəsində (inventar 50-dən 52-yə çəkilmə səbəbi ilə) 482,61 manat məbləğində müəyyən olunmuşdur.

3. Dövlət Neft Şirkətinin X5 Tresti “Qum adası” X7 İdarəsinin HH-03/15 nömrəli güzəştli arayışına əsasən:

S İşlədiyi tarix İşlədiyi müddət Vəzifəsi, İxtisasın kodu S

xx.xx.1980-ci il 1100000 "a"-14713 qazma qurğularının 1 07 il 09 ay 09 gün xx.xx.1988-ci il motorçuları

xx.xx.1988-ci il 1100000 "a"-13590 qazma qurğularının 2 18 il 11 ay 19 gün xx.xx.2007-ci il maşinistləri

1100000 "a"-13590 qazma qurğularının 3 12.01.2008- ci il 1 il 5 ay 18 gün maşinistləri 09.07.2009- cu il Ümümilikdə : 28 il 02 ay 26 gün

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul olunmuş pensiya məbləğinin yenidən hesablanması barədə qərarın ləğv olunması, həmin qərara əsasən tutulmuş pul məbləğinin geri qaytarılması, ödənilməmiş pensiya məbləğinin ödənilməsinin davam etdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64361/2023 nömrəli qərarının ləğv olunması, əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi” kimi dəyişdirilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF-nin sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2009 il tarixdə 50 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıasi Nazirliyinin Tabeliyndə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilən pensiya məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 536.66 manat təşkil etmişdir. İddiaçı pensiyanın hansı səbəbdən azaldılmasının səbəbi barədə cavabdeh təşkilata rəsmi ərizə ilə müraciət etmiş və həmin-təşkilatdan ona ünvanlanmış 3-17-1/2-A-28393/2024 saylı.xx.xx.2024 il tarixli cavab məktubu ünvanlanmış və həmin cavabda göstərilmişdir ki, ona pensiya təyin olunarkən səhvə yol verilmiş, ona xx.xx.2011-ci il tarixdən 52 yaşı tamam olan vaxt pensiya təyin olunmalı olduğu halda xx.xx.2009-cu il tarixdən 50 yaşı tamam olan tarixdən pensiya təyin olunmuşdur. Qeyd olunan cavab məktubu ilə razılaşmır və ona görə də məhkəməyə müraciət edir. Hesab edir ki, cavab məktubu qanunsuzdur, onun pensiya məbləğinin yenidən hesablanması heç bir qanuna əsaslanmır, düzgün və qanuna müvafiq olaraq 50 yaşı tamam olan tarixdə xx.xx.2009 il tarixdə təyin olunmuşdur. xx.xx.1997-ci il tarixinə kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaş həddi 50 yaş müəyyən olunur və həmin dövrə qanuna uyğun olaraq tələb olunan həm güzəştli, həm də ümumi əmək stajı olmuşdur. Təbidir ki, belə olan halda ona əmək pensiyası təyin olunarkən heç bir səhvə yol verilməmişdir. “Pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun (23 sentyabr 1992.№ 305) 13-cü maddəsinin “a” bəndinə əsasən o, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, 1997-ci ilin 01 avqust tarixə qədər Azərbaycan Nazirlər Kabinetinin 1993 il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına əsasən 10 ildən çox zərərli əmək sahəsində” əmək stajı və 20 ildən artıq ümumi əmək stajı toplamışdır.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1- ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrıayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırkı vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8- ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2009- cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006- cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 29 il 2 ay 8 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,46 manat (29,19 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,44 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8292,96 manat sığorta kapitalına uyğun 57,59 (8292,96:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2011- ci il tarixinə 199,03 (56,44+57,59+85,00) manat məbləğində əmək pensiyası (indeksləşdirilərək xx.xx.2012-ci il tarixinə 208,04 manat) təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq xx.xx.2009-cu il tarixindən 594,65 manat (indeksləşdirilərək xx.xx.2012-ci il tarixinə 716,93 manat)) artıq əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Eyni zamanda Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Bununla əlaqədar, xx.xx.2012-ci il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 901,44 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 (144 ay-72 ay) aya bölünməklə 12,52 manat (901,44:72) qanuni əmək pensiyasının (208,04 manat) üzərinə əlavə edilərək həmin tarixə 220,56 manat (208,04+12,52) (Qanunun 26.4-cü maddəsinində tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 482,61 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 2251,44 manat sığorta kapitalı 72 aya bölünərək 31,27 manat (2251,44:72) düzgün olmayan əmək pensiyasının (716,93 manat) üzərinə əlavə edilməklə 748,20 manat (716,93+31,27) (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1591,83 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 36064,72 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 36064,72 manat pul vəsaitinin iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası xx.xx.2024-cü il tarixindən 536,66 manat təşkil edir. İddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 11 dekabr 2023- cü il tarixədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunub. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-64361/2023 nömrəli qərar qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

11. Göründüyü kimi, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.

12. Həmçinin, məhkəmə qeyd etmişdir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

13. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir.

14. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi.

15. Məhkəmə hesab etmişdir ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümümi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. 46.Beləliklə iddia təmin edilməli, əmək pensiyasının yenidən hesablanması haqqında 3-17- 1/3-3-3470/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, ötən dövr üçün əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləği bərpa edilməlidir.

16. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5230/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə ilə oxşar məzmunda əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 13. a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. Maddə 17. Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Maddə 71. Pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır.

22. “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”

24. “Əmək pensiyaları haqqında” Qanun:

Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Maddə 27.1. bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. (1 yanvar 2006-cı il tarixdə qüvvəyə minmiş redaksiya) Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Maddə 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. (1 yanvar 2010-cü il tarixdə qüvvəyə minmiş redaksiya)

25. “İnzibati icraat haqqında” Qanun:

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

36. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

37. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiya yaş həddinin 50 yaşdan 52 yaşa çəkilməsi faktiki olaraq iddiaçıya təyin olunmuş pensiya məbləğinin azaldılması ilə bağlıdır, yəni pensiya məbləğinin hesablanması iddiaçının 52 yaş dövründə mövcud olan qaydalarla hesablanmasından ibarətdir. Belə ki, iddiaçıya 50 yaşdan pensiya təyinatı həyata keçirilən zaman pensiya məbləği orta aylıq əmək haqqı məbləği əsasında hesablandığı halda, 52 yaşdan pensiya təyinatı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən yalnız sığorta kapitalı əsasında hesablamalıdır ki, göstərilən hal da iddiaçının pensiya məbləğinin aşağı düşməsinə səbəb olur.

38. İlk növbədə qeyd edilməlidir ki, təyin olunmuş pensiya məbləği iddiaçının mülkiyyətidir (iddiaçı artıq 14 ildir həmin hesablama əsasında pensiya alır) və yenidən hesablama həmin mülkiyyətə müdaxilədir. Həmin müdaxilənin isə qanuni əsası yoxdur. Belə ki, müvafiq hesablama vaxtilə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilmişdir, yəni xx.xx.1997-ci il tarixə qədər tələb olunan ümumi (20 il) və əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə (10 il) stajı toplayan şəxs (1 nömrəli siyahıya əsasən) 50 yaşından (nə vaxt tamam olmasından asılı olmayaraq) pensiya hüququna malikdir və pensiyanın hesablanması da məhz pensiya yaşı tamam olan zaman qüvvədə olan qanunvericiliyə uyğun aparılmalıdır.

39. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun hesablama əsasında pensiya məbləğinin yüksək olması onun pensiyasının azaldılmasına əsas ola bilməz.

40. Kollegiya hesab edir ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümümi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz.

41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

42. Qanunun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

43. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

44. Həmin Qaydalara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar.

45. 1992-ci ildə qəbul edilmiş və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər.

46. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

47. İddiaçının xx.xx.1997-ci il tarixədək 20 il ümumi stajı və xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 10 il stajının olması işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.1997-ci il tarixədək ümumi stajı 20 ildən çoxdur, vaxtilə işlədiyi vəzifə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı a) fəhlələr (1100000 "a"-14713) qazma qurğularının motorçuları və (1100000 "a"-13590) qazma qurğularının maşinistləri iddiaçının işlədiyi vəzifələrə uyğun gəlir. Belə ki, təqdim edilən arayışa əsasən xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə 28 il 02 ay 26 gün stajı mövcuddur.

48. Kollegiya qeyd edir ki, mübahisəli hal qanun normasının tətbiqi ilə bağlıdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələr “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndində öz əksini tapmış, həmin peşələr əmək şəraiti zərərli və ağır vəzifələr hesab olunduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmuş, iddiaçıya xx.xx.2011-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq yaşa və staja görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən həmin peşələrdə xx.xx.1997-ci il tarixədək 10 ildən artıq güzəştli stajının olması və ümumilikdə 20 ildən artıq ümumi əmək stajının olması ona xx.xx.2009-cu ildən, yəni 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir.

50. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə, hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir.

51. Əlavə olaraq kollegiya qeyd edir ki, mübahisə predmeti olan qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edilməmişdir. Belə ki, həmin qərarlar əsaslandırılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan qərarı qəbul edərkən bilavasitə inzibati icraat haqqında qanunvericiliyin tələblərini rəhbər tutaraq həmin qanunvericiliyə uyğun inzibati aktı tərtib edilməli olduğu halda buna riayət etmədiyi məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə ki, inzibati orqan tərəfindən pensiyanın yenidən hesablanması ilə bağlı sonuncu qəbul edilmiş inzibati aktda pensiyanın təyinatı ilə bağlı olan əvvəlki inzibati aktın ləğvi və ya qüvvədən düşməsi ilə bağlı hər hansı bənd göstərilməmişdir.

52. Həmçinin kollegiya qeyd edir ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən mübahisə predmeti olan inzibati akt qanunsuz hesab edilsə belə, həmin akt 1 il ərzində ləğv edilə bilər. Lakin inzibati orqan isə 14 ildən sonra mübahisə predmeti olan inzibati aktla pensiya təyinatını müəyyən edən əvvəlki inzibati aktı ləğv etmədən, yəni faktiki olaraq hazırda da qüvvədə olan, lakin onun hüquqi əhəmiyyətini itirən aktı qəbul etməklə inzibati icraat haqında qanunvericilikdə müəyyən edilmiş müddət institutuna da zidd hərəkət etmişdir.

53. Göstərilənlərlə yanaşı kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” AR Qanununun 67.5-ci maddəsində göstərilir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.

54. İndiki, halda iddiaçının əmək pensiyası təyin edilərkən etimad hüququ qorunmuşdur. Yəni, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə pensiya təyin edilməsinə inanmış, etimad göstərmişdir. Belə olan halda ona pensiya təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyası təyin edən komissiyası tərəfindən qəbul edilmiş qərar yuxarıda qeyd edildiyi kimi ən pis halda qanunsuz əlverişli inzibati akt hesab edilə bilər. Qanunun 67.5-ci maddəsi qanunsuz əlverişli inzibati aktın ləğv edilməsini qadağan edir. Həmçinin, Qanunun 67.7-ci maddəsində göstərilir ki, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallar mövcud olduqda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Yəni, yalnız 67.6-cı maddədə göstərilən hallar mövcuddursa, qanunsuz əlverişli inzibati akt ləğv edilər bilər. Həmin hallar isə aşağıdakılardır: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

55. Cavabdeh inzibati orqan tərəfindən “həyata keçirilən” inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara rast gəlindiyinə dair hər hansı dəlilə əsaslanmamış və buna dair məhkəməyə hər hansı sübut da təqdim edilməmişdir.

56. Odur ki, kollegiya belə qənaətə gəlir ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, müvafiq əlverişli inzibati aktın faktiki əhəmiyyətini itirən yeni inzibati aktın qəbul edilməsi, onun icrasının dayandırılması və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz.

57. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən əsaslardan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar